Taksi qiymətlərinin artmasının səbəbləri – ekspertdən maraqlı rəylər

16.09.2020 - 10:43

“Taksi üçün vahid tarif tətbiq olunanda…”

Son günlər taksi qiymətlərinin qismən də olsa artdığı müşahidə olunur. Əvvəllər qiymət artımı həftəsonu nəzərə çarpırdısa, sərnişinlər indi adi günlərdə də eyni vəziyyətlə qarşılaşırlar. Məsələn, hansısa taksi şirkəti müəyyən məsafə üçün 5 manat təklif edirdisə, indi eyni məkan üçün 6-7 manat tələb edir.

Xatırladaq ki, paytaxt Bakıda əsasən “Bolt”, “189″, ”Uber” kimi taksi xidmətləri populyardır. Bəzi ekspertlər bildirir ki, taksi xidmətlərində nəzərə çarpan qiymət artımı tələbatın çox olması ilə bağlıdır. Belə ki, pik saatlarda tələbat təklifi üstələyir, nəticədə taksi qıtlığı yaranır və qiymətlər artır.

Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Təbii ki, standart qiymət yoxdur. Yəni şirkətlər qiymət tərtib etməkdə azaddırlar. Amma hər halda, şirkətlərin təklif etdikləri qiymətlər 50-60 qəpik arasında dəyişə bilir. Məlum olduğu kimi, qiymətləri əsasən operatorlar müəyyənləşdirir. Sistemlə məsafəyə görə qiymət təklif edilir və sifarişçilər də digər şirkətlərin təklif etdiyi qiymətləri müqayisə edərək seçim edir.

Beləliklə, ilk baxışdan burada hansısa nizam-intizam olduğu görünsə də amma bilirik ki, reallıqda belə deyil. Taksi xidmətləri ilə bağlı biz çoxlu sayda xoşagəlməz hadisələrlə rastlaşırıq. Məsələn, şəxsən dəfələrlə özüm də şahidi olmuşam ki, taksi sifariş etmişəm, amma taksi deyilən ünvana çatmayıb və bu sifariş az qala operatorlar arasında “ötür-ötür oyunu”na çevrilib. Və bu cür xoşagəlməz olaylara görə də heç kəs məsuliyyət daşımayıb. Bir sərnişin kimi bizim hüququmuz var ki, bu barədə müvafiq olaraq şikayət edək. Amma şikayət edən varmı? Əlbəttə ki, yox. Nəticədə həmin taksi sürücüsü və yaxud taksi şirkətinin davranışları məsuliyyətdən kənar qalır. Onlar demək olar ki, heç bir məsuliyyət hiss eləmirlər. Amma vacibdir ki, bu məsələ ilə bağlı işləyən bir sistem, mexanizm qurulsun”.

Ekspert qeyd etdi ki, son zamanlar taksi xidməti qiymətlərinin nəzərəçarpacaq dərəcədə artmasının bir neçə səbəbi var: “Bir neçə gün öncə taksilər ətrafında gedən ajiotaj xarakterli söhbətlər, taksi şirkətlərinin qiymətləri artırdığı barədə fikirlər dolaşdığını görüb şirkətlər bəribaşdan qiyməti artırmaq niyyətinə düşə bilərlər. Və yaxud kimsə yaranmış vəziyyətdən, qeyri-müəyyənlikdən istifadə etməyə çalışır, nisbətən artıq qiymət müəyyənləşdirmək istəyir. Digər səbəb isə taksiyə olan tələbatın artması ola bilər. Məlum olduğu kimi, karantin rejimində yumşaldılmalar oldu, bölgələrə gediş-gəlişə icazə verildi, taksilərə tələbat artdı və bu da taksi qıtlığına səbəb oldu. Üstəlik, məktəblərin, iş yerlərinin açılması da bu məsələyə təsir etdi. Doğrudur, artıq Bakı metropoliteni də fəaliyyətə başlayıb. Lakin ona qədər ictimai nəqliyyatda ancaq avtobuslardan istifadə olunurdu. Lakin məlum səbəblərdən avtobusların tez-tez gecikməsi və yaxud avtobuslarda sosial məsafənin gözlənilməməsi, virusun yayılma riskinin daha çox olması səbəbi ilə sərnişinlər taksilərə üz tuturdu. Bu da taksilərə olan tələbatı artırmış oldu. Ola bilsin ki, bu gün bazarın özü qiymətləri müəyyənləşdirir. Bu qiymətlər də ”üzən qiymətlərdir”.

Azər Allahverənov: “Digər nəqliyyat vasitələrindən istifadə edənlərin sayı  azala bilər”

Azər Allahverənov

Azər Allahverənov qeyd etdi ki, hazırda taksi xidmətləri üçün vahid tarif qiymətlərinin müəyyən edilməsi məsələsi gündəmdədir: “Yeni bir konsepsiya hazırlanır və taksi xidmətlərində keyfiyyətin artırılması ilə bağlı da işlərin görülməsi nəzərdə tutulur. Düşünürəm ki, taksi üçün vahid tarif tətbiq olunanda qiymətin yüksək həddi müəyyən ediləcək. Şirkətlər yüksək həddə qədər özləri öz qiymətlərini müəyyənləşdirə bilər. Beləliklə, hesab edirəm ki, yüksək hədd müəyyən olunduqdan sonra taksi şirkətləri rəqabətə girərək, daha az qiymət təklif edəcək və daha keyfiyyətli fəaliyyət göstərəcək”.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=154341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930