Azərbaycanda boşanma ilə bağlı rekord statistika: ekspertlər SOS deyir

15.06.2024 - 12:28

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13 min 859 nikah qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, həmin dövrdə 6 min 933 boşanma qeydə alınıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb”. Qeyd edək ki, hər il açıqlanan statistikaya nəzər saldıqda görürük ki, boşanmaların sayı ildən-ilə daha artır. Ekspertlər qeyd edirlər ki, belə davam etsə, Azərbaycanda ailə institutu tamamilə dağılacaq.

Sosioloq Sahib Altay bizimlə söhbətdə qeyd edib ki, boşanmaların müxtəlif səbəbləri var: “Əsas səbəblərdən biri də budur ki, qadınlarda özgüvən duyğusu həm maddi, həm də mənəvi baxımdan artmağa başlayıb. Əvvəllər bir kişi bir qadına xəyanət edirdi. Qadın dözürdü, çünki ayrılıb, gedəcək yeri yox idi. Kasıb atanın qızının gedəcəyi yeganə yer ər evidir. Atası-anası qazandığından bir qaşıq azalsın deyə onu ərə verib. İndi bu qız kasıb atanın qızı da olsa, boşanmalar artdıqca adiləşir və asan boşanma qərarı verə bilir. Haradasa kirayə tutub, bir restoranda, kafedə qab yuyub, sürünə-sürünə özünü dolandıra bilir. Ancaq hal-hazırda da bunu hamı edə bilmir. Və ya qadın hüquqlarının praktiki tərəfi aktuallaşıb. Boşanan qadın öz evi olan ərdən övladları üçün ev payı ala bilir. Aliment var və sairə.  Göründüyü kimi, hər şey gücə bağlıdır. Gücsüzlük asılılıq yaradır, asılılıq isə köləlik”.

İlahiyyatçı Fərid Abdulla da mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqladı: “Cari ilin ilk dörd ayı ərzində ölkədə 13 min 859 nikah qeydə alınıb. 6 min 933 boşanma qeydə alınıb. Demək olar ki, yarısı boşanıb. Çox güman yarıdan artmağa doğru gedir. Mən son dövrlərdə boşanacağını heç güman etmədiyim adamların boşandığını eşitmişəm. Ən yaxşılar boşanıbsa, geridə qalanlar heç. Uzun illər birlikdə yaşamış nənə-babadan soruşdular. Uzunillik evliliyinizin sirri nədir? Dedi, ay bala, bizim vaxtımızda zədələnmiş şeyi dərhal atmır, təmir edirdilər. Son illər fikir versəniz, insanlar təmirə də meyilli deyillər. Əvvəl ayaqqabını ustaya verirdik. İndi atırıq. Təzəsini alırıq. İnsanlar da bu cür olub. Məncə insanlar evlənməmişdən əvvəl yüz ölçüb bir biçməyə doğru gedirlər. Əslində, bu, nə qədər anormal olsa da, normaldır. Ailə dəyəri möhkəmlənməlidir ki, mən ailə qurmalıyam. “Vaxt keçir, uşağım olsun, camaat nə deyər” ilə yox, ailə qurmalıyam. Özümə yol yoldaşı tapmaqda diqqətli olmalıyam. Keçən dəfə danışırdıq ki, niyə əsgərlik 18 yaşındadır? Cavab belə oldu ki, 30-35 yaşlı insan heç vaxt əsgərlikdə olanlara dözməz, buna getməz. Evlilik də belədir. Yaş gənc olduqda adam can atır. Yaşa dolduqda çox az adam olur ki, “yenə olsa, yenə bu adamla evlənərdim” desin”.

Hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov mövzu ilə bağlı bu  fikirləri  dedi: Dəfələrlə ailə münaqişəsi, boşanmalar səbəbindən sahibsiz qalan uşaqlar barədə fikir bildirmişəm: “Bir neçə dəfə, hətta aidiyyəti qurumları hərəkətə keçməyə, tədbir görməyə çağırmışam. Çalışdığım məktəbin timsalında deyə bilərəm ki, elə gün yoxdur ki, boşanan ailələrin uşaqlarının faciələri ilə üzə-üzə gəlməyim. Bir  baba gəlib deyir ki, 2-ci sinifdə təhsil alan nəvəsini anası atıb Türkiyəyə qaçıb, atası isə başqası ilə ailə qurub və uşaq babanın üstündə qalıb. Mənə məlumat verilən kimi, dərhal aşağı düşdüm və ağsaqqalla özüm söhbət etmək qərarına gəldim. Babanın aztəminatlı olduğunu nəzərə alıb məsləhət gördüm ki, uşağı internata versin, yeməyini, içməyini, paltarını dövlət himayəsinə keçirsin. Səhəri gün məlumat verildi ki, baba internat tipli məktəbə gedib danışıb, lakin xüsusi təyinatlı məktəbin rəhbərliyi valideynlərin uşaqdan imtina etmələri barədə rəsmi sənədin olmaması səbəbindən uşağı götürməyib. Sığınacaqlar da dövlət balansında deyil, özəl şəxslərin, sponsorların və ya QHT-lərin təşəbbüsü ilə fəaliyyət göstərirlər, tələbatı ödəmirlər və müvafiq şəraitə, təchizata, pedaqoji kadr resursuna malik deyillər. Qeyri-rəsmi məlumatlara görə boşanmalarla bağlı rəqəmlər açıqlanan rəsmi rəqəmlərdən qat-qat çoxdur. Belə olan halda xüsusi təyinatlı məktəblərin (internatların) artırılmasına və müasir tipli, tam təchiz olunmuş sığınacaqların inşasına, həmin müəssisələrə qəbul qaydalarının sadələşdirilməsinə  böyük ehtiyac yaranır. Ümumiyyətlə, uşaq hüquqlarının qorunması haqqında dövlət strategiyasına və bu hüquqları qoruyan Uşaq Ombudsmanı təsisatına çoxdan böyük zərurət yaranıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201445

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031