KİV haqqında köhnəlmiş qanun – hansı yeniliklər lazımdır?

19.09.2020 - 10:16

KİV-lərlə bağlı qanunvericiliyin dəyişdirilməsiylə bağlı təkliflər yenidən aktuallaşıb. Media ekspertləri hesab edirlər ki, qüvvədə olan qanunvericilik müasir dövrün tələblərinə cavab vermir, yeniləşmə zamanın tələbidir. Onların fikrincə, 1999-cu ildə qəbul olunmuş Kütləvi İnformasiya Vasitələri haqqında qanun, bundan əlavə, Televiziya və Radio Verilişləri Haqqında Qanun artıq  köhnəlib, yeni dövrün tələbləri ilə uyğunlaşmır.

Bəs görəsən, dəyişikliklər mətbuata nə vəd edir?

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli mövzu ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirdi ki, KİV haqqında qanunun dəyişməsi son vaxtlar bir ictimai təşəbbüs kimi ortaya çıxıb: “İnformasiya məkanını tənzimləyən qanunvericilikdə yeniliklər edilməsi ilə bağlı təşəbbüslər var, hökumətin buna necə reaksiya verəcəyini deyə bilmərəm. Mətbuat Şurası olaraq biz uzun illərdir ki, dəyişikliklər təklif etmişik. Mahiyyəti isə ondan ibarətdir ki, internet medianın inkişaf etməsindən sonra kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsində müəyyən problemlər ortaya çıxıb. Bu da ilk olaraq, onlayn informasiya resursları ilə bağlıdır. Bu gün kimsə onlayn media orqanı açırsa, bunun  qanunvericiliklə tənzimlənməsində də müəyyən addımlar atılmalıdır.  Ən çox müşahidə olunan məsələlərdən biri müəllif hüquqlarının pozulması ilə bağlıdır. Siz zəhmət çəkib bir media orqanı yaradır, onu inkişaf etdirir, tanıdırsınız. Sabah kimsə həmin adı götürüb bir hərf və ya nöqtə-vergül əlavə etməklə bənzərini yaradır. Sizin illərdir çəkdiyiniz əməyi sui-istifadə edir. Bu, oxucuda da çaşqınlıq yaradır. O baxımdan domen adlarının qeydiyyatı ilə bağlı standartlar  olmalıdır.

İkinci məsələ, xüsusi olaraq KİV haqqında qanunda təsisçilik məsələsinə aydınlıq gətirmək lazımdır. Çap mediasının təsisçiliyində standartlar var. Orada göstərilir ki, qəzet nəyə deyilir. Qəzet ayda ən azı 1 dəfə nəşr olunan, 100 ədəddən çox tirajla yayılan və sair  tələblərə cavab verən media orqanıdır. Televiziya və radio yayımının da qanunvericilikdə təsviri var. İnsanlar həmin standartlara əməl edirlər”.

Müşfiq Ələsgərli: "Kontent tənzimlənməsində problemlərimiz mövcuddur"

Müşfiq Ələsgərli: “Ənənəvi media ilə yanaşı, yeni medianın da standartları məcəllədə yer almalıdır”

M.Ələsgərli bildirdi ki,  onlayn media ilə bağlı belə bir standartlar yoxdur və bizim qanunvericilikdə öz əksini tapmayıb: “Doğrudur, KİV haqqında qanunun 3-cü maddəsində göstərilir ki, internet üzərindən yayılan kütləvi informasiyalar da KİV hesab olunur. Ancaq orada qeyd olunmayıb ki, internet medianın standartı nədir, orada hansı standartlar gözlənilməlidir. Onlar hansı formada xəbər istehsal etməli, yaymalı, öz fəaliyyətini tənzimləməlidir. Bu sahədə çox ciddi boşluqlar var. Hər bir insan sosial şəbəkədə fikirlərini yazıb paylaşa bilər. Ancaq onun bu fəaliyyəti KİV standartına uyğundurmu? Çox təəssüf ki, uyğun gəlmir. Ancaq həmin sosial şəbəkələrdən istifadə edib elə media qurumu yaradırlar ki, bilinmir bu KİV-dir, yoxsa şəxsi hesab. Hər hansı şəxs şəxsi hesab açır, ancaq adını kütləvi informasiya vasitəsi qoyur. Bu, insanlarda çaşqınlıq yaradır. Onlar bilmir ki, bu xəbərdir, yoxsa şəxsi fikirlər. Hazırkı qanunvericilik ənənəvi medianın fəaliyyətini tənzimləsə də, onlayn medianı tənzimləyə bilmir. Bu baxımdan qanunvericilikdə dəyişiklik edilməlidir. 1999-cu ildə qəbul olunan KİV haqqında qanuna dəfələrlə dəyişikliklər edilib. Artıq bu qanun yenidən formalaşdırılmalı və məcəllə formasında olmalıdır. Orada KİV-in təsis edilməsindən tutmuş, jurnalistlərin fəaliyyətinə qədər hər bir sahə ilə bağlı standartlar müəyyən olunmalıdır. Həmçinin ənənəvi media ilə yanaşı, yeni medianın da standartları yeni məcəllədə yer almalıdır”.

Qulu Məhərrəmli: “Dilçiliklə məşğul olan qara fəhləyik” - MÜSAHİBƏ -  modern.az

Qulu Məhərrəmli: “Yeni qəbul olunacaq qanun saytların fəaliyyətini hansısa formada  məhdudlaşdıracaqsa, bu, acınacaqlı nəticələr verəcək”

Professor, teleaparıcı Qulu Məhərrəmli də “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, dəyişikliklər medianın fəaliyyətini məhdudlaşdırmamalıdır: “Bu barədə müzakirələr genişlənir, KİV haqqında qanuna dəyişikliklər barədə danışılır. Burada bir neçə məqam var. Qanunda zaman-zaman dəyişikliklər edilib və bu da çox zaman məhdudiyyətləri artırıb. Bizim KİV-in, o cümlədən televiziya və radionun qanunvericiliyi kifayət qədər mötəbərdir, çox yaxşı qanunlardır. Bu qanunlar birbaşa Avropa təcrübəsinə əsaslanıb, beynəlxalq təşkilatların ekspertizasından keçib. O qanunların hazırlanmasında iştirak edən bir adam kimi deyirəm ki, bu qanunlar Azərbaycan mediasının sərbəst fəaliyyəti üçün  kifayət qədər etibarlı baza rolunu oynaya bilir. Bu gün məsələ qanunların dəyişdirilməsində, yeni şəraitə uyğunlaşdırılmasında deyil. Çox ideal qanun qəbul etmək olar , amma o reallıqda işləməz. Yaxşı qanunlar var, ancaq onların tətbiqi ilə bağlı ciddi problemlər var. Əsas məsələ mediaya düzgün yanaşmadır. Hakimiyyət medianı tənzimləmək işinə bu qədər həvəslə girişdiyi məqamda, medianı öz reysindən çıxarıblar”.

Q.Məhərrəmlinin sözlərinə görə, son 10-15 ildə aparılan media siyasəti hərtərəfli böhrana gətirib çıxartdı: “Onun nə kifayət qədər azadlığı var, nə də iqtisadi problemləri həll olunub. Peşəkarlıq aşağı düşüb, daxili senzura güclənib. Bu gün cəmiyyətdə nüfuzlu media qurumları həddindən artıq azalıb. Bizim beynəlxalq media üçün istinad yerinə çevrilə bilən media qurumlarımız, informasiya agentliklərimiz, demək olar ki, yoxdur. Ona görə ki, hökumət onları təbliğat alətinə çevirib. Medianın əsas fəlsəfəsi odur ki, cəmiyyətdə xalqın adından hakimiyyət üzərində ictimai nəzarətçi olur, cəmiyyəti doğru-dürüst məlumatlandırır, nöqsanları tənqid edir. Bununla həm hakimiyyətə kömək etmiş olur, həm də cəmiyyətdə dövlətin dayaqlarını  gücləndirir. Bizdə bir sıra hallarda media ayrı-ayrı məmurların nüfuz dairəsinə düşüb, onların güc vasitəsinə çevrilib. Yeni qəbul olunacaq qanun əgər yeni medianın, saytların fəaliyyətini hansısa formada  məhdudlaşdıracaqsa, bu, acınacaqlı nəticələr verəcək. Medianın azadlığı təmin olunmalıdır, qanunvericilikdə göstərildiyi kimi, onun müstəqilliyinə xələl gəlməməlidir. Keyfiyyətli media hazırlamaq üçün Azərbaycan cəmiyyətinin böyük imkanları var, yaxşı kadr bazası var. Çalışmaq lazımdır ki, media  qurumları normal reklam ala bilsin, qəzetlər satıla bilsin. Saytlar reklam ala bilsin”. Professorun sözlərinə görə, keyfiyyətli medianı yetişdirmək üçün yeni şərait yaradılmalıdır, yeni yanaşma olmalıdır: “KİVDF-nin konsepsiyasına yenidən baxmaq lazımdır ki, biz Azərbaycanda keyfiyyətli media yarada bilək. Vaxtilə Cənubi Qafqazda ən güclü media qurumlarına malik olan Azərbaycan bu gün Ermənistandan, Gürcüstandan geridə qalır. Pul ayrılır, milyonlarla vəsait xərclənir, ancaq nəticə odur ki, bu gün ölkədə ictimai rəyə təsir edəcək media orqanlarının sayı barmaqla sayılacaq qədərdir. Medianın iqtisadi dayaqları möhkəmləndirilməlidir ki, biz keyfiyyətli media xidməti ala bilək. Dövlət bu qədər vəsait ayırır, ancaq auditoriya parçalanmış vəziyyətdədir, sosial şəbəkələr üstünlüyü ələ alır, yalançı xəbərlər yayılır, orada söyüş platforması özünə dayaqlar tapır. Biz keyfiyyətli media yaratmalıyıq, qanun da, yanaşma  da, ictimai fikir də, maddi resurslar da buna xidmət etməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154531

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930