Parlamentdə Qarabağ, şəhid ailələri müzakirələri, cərimələrə etiraz

19.12.2020 - 11:27

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cəzalar sərtləşdirildi; Fazil Mustafa: “Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”

Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilib.

Cari məsələlərlə bağlı çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub: “Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”. Komitə sədri bildirib ki, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdır:”Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artrılması, qiymətlərin tənzimlənməs vacibdir”. Musa Quliyev həmçinin qeyd edib ki, 190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır.

Sabir Rüstəmxanlı şəhid ailələri və qazilərlə bağlı məsələlərdən bəhs edib: “Son günlər şəhid ailələrinin, qazilərin incidilməsi halları ortaya çıxır. Siqnallar gəlir ki, şəhid və qazi ailələrini incidənlər var. Onlara xidməti yüksək səviyyədə həyata keçirmək vacibdir”. O qeyd edib ki, belə bir məsələyə qətiyyən yol vermək olmaz: “Prezidentin həmin ailələrə qayğısı bəzən xırda məmurlar tərəfindən yerinə yetirilmir”.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışa reaksiyasında bildirib deyib ki, şəhid və qazi ailələrinə problem yaradanların adlarını açıqlamaq lazımdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc azad olunmuş Qarabağla bağlı maraqlı fikirlər ifadə  edib: “İndi düzgün idarəetmənin ən böyük ünvanı Qarabağ və xilas edilmiş torpaqlarımız olmalıdır. Qarabağın hər yerində təmiz, peşəkar, vətənpərvər, eləcə də güclü siyasi təfəkkürə və dərin intellektə malik şəxslərin hakimiyyət orqanlarında təmsil olunması, şəffaf və dürüst idarəçiliyin nümunəyə çevrilməsi keçmişdə işğala səbəb olan tarixi səhvlərin bir daha təkrarlanmamasının zəmanətidir. Biz şəhid qanları üzərində Vətənin yenidən qurulduğunu heç vaxt unutmamalıyıq!”

O bildirib ki, azad olunan torpaqlara bütün dövlət strukturları ilə birgə qayıdırıq: “Bəli, torpaq, xalq və hakimiyyət həmişə bir yerdə olmağı tələb edir. Artıq ilk quruculuq işlərinə-Yeni Yolun inşasına başlanılıb. Biz inanırıq ki, Qarabağa gedən yolların iki dəfə daha uzunömürlü, iki dəfə daha abad və  halal olması üçün hər kəs can-dildən çalışacaq. Bizi Qələbəyə aparan yolları elə qurmalıyıq ki,  ”Laçın dəhlizi” ifadəsi yox olsun, içimizdə yeni sərhəd, təmas xətti yaratmaq və bir neçə gün əvvəl olduğu kimi təzədən döyüş meydanı yaratmaq istəyənlərin planı iflasa uğrasın  və Qarabağın bütün arteriyaları yenidən Azərbaycanla  birləşsin! Biz yüz minlərlə soydaşımızı Qarabağın təhsil həyatına cəlb edərək o müqəddəs məkanda ən güclü məktəblərimizi-universitetlərimizi qurmalı, qabaqcıl alim və ziyallarımızı ora toplamlayıq ki, Qarabağ elmi cəhətdən güclü regiona çevrilsin, heç bir ordunun keçə bilməyəcəyi qoruyucu sipərimiz olsun!”

Z.Orucun sözlərinə görə, biz elə etməlyik ki, bütün millətlər orada yaşaya bilsin: “Aqarunovun canını fəda etdiyi torpaqlarda yəhudilər də, Solntsevin həyatını qurban verdiyi məqsədlər naminə ruslar da, mənən yanımızda olan gürcülər, ukraynalılar, belaruslar da etnik-milli-dini bir harmoniyada xalqımızla birgə o məkanda qurub yaratsınlar. Azərbaycanda evə-eşiyə ehtiyacı olanların hamısına şərait yaratmalıyıq ki, qoy gedib Qarabagda özlərinə isti ocaq qursunlar. Biz  təkcə  köçkünlərimizi deyil, bəlkə 1.5, 2 milyon vətəndaşımızı ”Böyük qayıdış” proqramı ilə azad ərazilərimzə aparmalıyıq!”

Millət vəkili vurğulayıb ki, ordumuz “Ohanyan xətti”ni dagıdıb qalib gəldi, lakin bizim keçilməz sədlərimiz elə olmalıdır ki, 270 yaşlı Şuşa Qarabağın inzibati-siyasi-idarəetmə mərkəzinə çevrilsin: “Xatırlatmaq istərdim ki, düz 170 il ərzində məhz belə olub.Şuşa Qarabağ rayonunun inzibati mərkəzi olmalıdır! Almaniya 90-cı ildə birləşəndən sonra etdiyini kiçik miqyasda təkrarlamalıyıq… Vətən müharibəsində verdiyimiz 2783 nəfər itkimizi və yaralıları da nəzərə alaraq, Qarabağda qurulan gənc ailələrə və doğulan hər körpəyə görə dövlət yardımları sayəsində bütün xilas edilmş ərazilərdə məskunlaşma ən yüksək səviyyəyə çatmalı, milyardlarla manat xərc çəkilib salınan yeni şəhər, qəsəbə və kəndlərimizdə daim həyat qaynamalıdır. Biz orada qədim tariximizi təkcə muzeylərə yığmaqla yox, eləcə də onu böyüyən milyonlarla gəncin beyninə, ruhuna yerləşdirməyin yollarını tapmalıyıq. Qarabağ özü boyda kitab evinə çevrilməlidir!”

Deputat Tahir Rzayev koronavirusun yaratdığı problemlərdən bəhs edib: “Deputat həmkarlarımız, Milli Məclisin Aparatının əməkdaşları və texniki işçilər arasında çoxlu yoluxma halları var”.  O, konkret təkliflə çıxış edib: “Parlamentin iclasında gündəlik ətrafında məsələlərin müzakirəsi səsvermə ilə olmalıdır. Çoxluq təşkil edərsə, biz bu müzakirələri aparaq. Ölkədə pandemiyadır. Biz hamıya deyirik, bir yerə yığışmasın”.

Sədr Sahibə Qafarova deyib ki, bu məsələ  komitə sədrlərinin iclasında müzakirə edilib: “Hər zaman səsə qoyurduq. Bundan sonra da səsə qoyulacaq”.

İclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, birinci oxunuşda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılması öz əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik müzakirəyə təqdim edilib. Qüvvədə olan qanuna görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Təklif olunan dəyişikliyə əsasən, epiddemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə edilir.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə  fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə  vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.

Hazırda həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh verməhaqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Deputat Fazil Mustafa çıxışında cərimələrin artırılmasına qarşı çıxıb: “Epidemiya əleyhinə rejimin pozulması ilə bağlı cərimələrin artırılmasının hüquqi və vəzifəli şəxslərə çox təsir edəcəyini düşünmürəm”. Millət vəkili bildirib ki, bu şəxslərin çoxu iflas vəziyyətindədir: “Belə etdikcə onlar bütün iş yerlərini bağlamağa məcbur olacaqlar. Artıq Türkiyədə və digər ölkələrdə kirayə haqlarının ödənilməsinə kömək göstərirlər. Biz bu cərimələri artırmaqla əhalinin xeyli həssas hissəsinin narazılığını artırmış olacağıq. Cəriməni artırmaq əvəzinə nəzarəti artırmaq lazımdır”.

Deputat Razi Nurullayev isə qeyd edib ki, vəzifəli və hüquqi şəxslər üçün cərimələrin artırılması müsbət hal deyil: “Qaydanı pozanlar adətən arxalı və imkanlı adamlar olur. Hansısa çayxana işlədənə o qədər cərimə yazmaq onun evini yıxmaq anlamına gəlir. Biz əvvəlcə belə şəxslərə xəbərdarlıq etməliyik. Vətəndaşlardan xahiş edirəm ki, qaydalara əməl etsinlər”.

Parlamentin plenar iclasında çıxış edən vitse-spiker Fəzail İbrahimli vacib məsələlərə diqqət çəkib: “Bir tərəfdə koronavirus dayanıb və yapışıb insanların sinəsindən, onları öldürür. Digər tərəfdə isə qanun. Biz indi hansının tərəfində dayanaq?!” Vitse-spiker qeyd edib ki, bəzi sahibkarlar qanunları pozur: “Kafe işlədir, insanları bir yerə toplayır. İndi biz insanları ölümə sürükləyən şəxslərə qarşı susaq?! Bu necə vəzifəli şəxsdir ki, kafe işlədir?! Biz koronavirusun yanında olmalıyıq, yoxsa qanunların?! Hesab edirəm ki, bu məsələdə diqqətli olmalıyıq”.

Spiker Sahibə Qafarova isə deyib ki, ciddi xəbərdarlıqla bunun qarşısını almaq olmaz: “Gərək heç kim qaydaları pozmasın”.

Qanun layihəsi  birinci oxunuşda qəbul edilib.

İclasda Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha 1 il artırılır. Beləlkilə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq.

Komitə sədri Musa Quliyev deyib ki, biz səhiyyənin maliyyələşdirilməsi ilə bağlı qanuna yenidən baxmalıyıq. Deputat Rəşad Mahmudov isə bildirib ki, Azərbaycanda səhiyyə sisteminin fəaliyyətinə ən böyük əngəl yaradan koronavirusdur: “Xəstəxanaların ödədiyi vergilər arasında bu qədər fərqin olması gələcəkdə səhiyyə sisteminə əngəl yaradan amillərdən biri olacaq. Bu gün təkcə dövlət deyil, özəl xəstəxanaların da tibb personalı koronavirusla mübarizəyə cəlb edilib”.

İclasın sonunda parlamentin sədri Sahibə Qafarova deyib ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası 22 dekabrda keçiriləcək. Spiker bildirib ki, gündəliklə bağlı əlavə məlumat veriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930