“Bərk sürən” oğlanlar, qan gölünə çevrilən yollar, ardı-arası kəsilməyən faciələr…

19.07.2019 - 18:18

Masallıda “Mersedes Vito” və yük maşınının toqquşması nəticəsində 3 ailədən 8 nəfərin ölümü və 2 nəfərin ağır yaralanması hadisəsindən 10 gün ötdü. Artıq dəhşətli qəzanın necə baş verdiyinə dair video görüntülər yayılıb, “Mersedes Vito”nun sürücüsü Nizami Mustafayev həbs olunub.

Və o da  məlum olub ki, bu adi qəza, yaxud qəzavü-qədər deyil. Qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, yüksək sürətlə qəzalar törədib onlarla insanın ölümünə səbəb olan sürücülərin rayonlararası yollarda növbəti terrorudur. Hansı ki, qəzadan bir neçə gün əvvəl N.Mustafayev sosial şəbəkədə də “bərk sürən” olduğunu yazıb. Etiraf edib ki, hədəfi sürəti saatda 240 km-a çatdırmaqdır. Həmin gün isə o, içərisi sərnişinlə dolu maşını ən azı 170-180 kilometr sürətlə sürürmüş…

Virtualaz.org  son qanlı qəzadan sonra Bakı Beynəlxalq Avtovağzalının həndəvərində cəmləşən, qeyri-leqal sərnişindaşıma ilə məşğul olan “Mercedes Vito” və “Viano” sürücüləri ilə bağlı araşdırma aparıb. Məlum olub ki, orada hələ də vəziyyət dəyişməyib, “xalturşiklər” əvvəlki qaydada – lisenziyasız-sənədsiz fəaliyyət göstəririlər.

Hadisədir də, olub

Dəhşətli qəzadan sonra mikroavtobus sürücülərinə ərazidən uzaqlaşmağı tapşırıblar. Amma onlar çox da uzağa getməyiblər-küçənin o biri tərəfinə keçiblər. “Vito” sürücülərindən biri yüksək səslə sərnişin çağırandan sonra sualımıza belə cavab verir. Deyir ki, onlar da bu küçədən digərinə keçiblər,  2-3 gün xəlvət fəaliyyət göstəriblər.

“Bakı-Gəncə” marşrutu üzrə işləyən sürücülərdən bizi cəmi 3 saat yarıma Gəncədə çatdıracağımızı vəd edir. Amma jurnalist olduğumuzu bilən kimi sualımızı cavablandırmaq əvəzinə səssizcə ərazidən uzaqlaşmağımızı məsləhət görür: “Qəzadır, heç kim sığortalanmayıb. Kiminsə çörəyinə bais olmayın”.

Sərnişinlərdən biri, cavan qadın söhbətə müdaxilə edir, deyir ki, tez çatmaq üçün onlarla gedir, yoxsa elə avtobusa minərdi. Onsuz da yazmaqla nəyi isə dəyişməyə gücümüz çatmayacaq, “dəyirman yenə də öz bildiyin edəcək”.

Bakı-Qazax marşrutu ilə sərnişin daşıyan digər sürücü isə sualımıza sualla cavab verir: “Polissiz, ya müstəntiq? Lisenziya alıb-almadığımızın hesabatını onlara veririk”. Və şəkil çəkməməyimiz üçün bizi düz avtovağzalın həyətinə kimi izləyir.

“Vito”lardan şikayət… 

Taksi sürücüləri də “Vito”lardan şikayətçidirlər. Amil adlı sürücü deyir ki,  “Mersedes Vito”lar  onların bazarını “öldürüb”, həm də maşını sürətlə sürməyə təhrik edirlər. “Əslində  yüksək sürətlə sürəndə diqqətin yolda olur. Amma yuxusuzsansa xeyri yoxdur, lap 200-lə sür, yenə də ani yuxu tutur”,-Amil əlavə edir.

Sürücülər danışırlar ki, 8 nəfərin ölümünə səbəb olan sürücü yuxusuz olub, sükan arxasında yatıb: “Deyirlər ki, o sürücünün ya qardaşı, ya da əmisi yol qəzasında ölüb. Həmin gün atası ilə eyni vaxtda reysə çıxıblar. Arvadı, bacısı da maşında olub, dəli kimi sürdüyü üçün mübahisə ediblər, çayxanada saxlayıb, onlar arxadakı maşına miniblər”.

Digər sürücü isə and-aman edir ki, “Vito”lar daha yüksək sürət üçün motoru dəyişirlər, bir-biri ilə yarışırlar. Bundan hamı xəbərdardır, amma nə yoxlayan, nə də tədbir görən var.

“Bərkgedən oğlan” qəza törətdi

“Baxın, dayanacaqda gözləyirlər”,-taksi sürücülərindən biri yaxınlıqdakı dayanacağı göstərir, əlavə edir ki, reyd- filan olarsa dayanacaq ən təhlükəsiz yer hesab edilir. Nəzarətçilərə 3-5 manat verirlər, onlar da müştəri yığıb xəbər edirlər.

Sürücülərdən biri danışır ki, bacanağı da Bakı-Bərdə istiqamətinə sərnişin daşıyıb. Dostları ona “bərkgedən oğlan” deyiblərmiş.  Sutkada 2-3 dəfə Bərdəyə gedib-qayıdan “bərkgedən oğlan” Bərdə yaxınlığında qəzaya düşüb, öz atası yaralanıb. Bundan sonra maşını satıb başqa işə keçib.

“Hər dəhşətli qəzanın cəmi 1-2 gün effekti olur, sonra “qismət”  deyib unudurlar. Heç olmasa sərnişinlər etiraz etsinlər, amma onlar da susurlar”,-müsahibizim söyləyir.

Onun da öyrənirik ki, “Mercedes Vito”lar tez-tez yer dəyişirlər. Amma məsələn, cənub bölgəsinə işləyən “Vito”lar əsasən Binə qəsəbəsində dayanırlar. Metronun “Qara Qarayev” stansiyasının yaxınlığından isə aran bölgəsinə maşınlar işləyir.

Qeyd edək ki, hər dəhşətli qəzadan sonra qanunsuz sərnişindaşıma ilə mübarizə aparıldığına dair gözəl açıqlamaların şahidi oluruq, ekspertlər şərhlər verirlər, təkliflər səsləndirilir. Ancaq nə qəza xəbərləri azalır, nə də qurbanların sayı. Və deyəsən bu dəhşətin sonu da görünmür…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930