Şənlik ehtirasına məğlub olan ölüm qorxusu

01.09.2020 - 10:19

Belə anlaşılır ki, heç bir pandemiya, epidemiya, labüd ölüm təhlükəsi, eləcə də yasaqlar insanları tam olaraq hüzr və şənlik məclisləri keçirməyə cəhd etməkdən çəkindirmir.

Pandemiya barədə xəbərlər nə qədər qorxunc, qadağalar nə qədər sərt olur-olsun, mütləq bir dəstə adam tapılır ki, yasağı pozmağa, beynindəki planı həyata keçirməyə çalışır.

Partizanlığı baş tutmayan, cəzalandırılan, divara söykədilmiş halda çəkilən şəkilləri dünyaya yayılan adamların ardınca, elə ertəsi gün yeni bir qrup “bizə bir şey olmaz” fikri ilə bənzər təşəbbüsə qol qoyur. Ardınca başqa bir qrup, sonra yenisi… Beləcə, proses sürüb gedir.

Bu, təkcə məsuliyyətsizliyin göstəricisi deyil, eyni zamanda insanların illərlə qanunlardan yan ötərək yaşamağa vərdiş etmələrinin nəticəsidir.

Adamlar lap uşaqlıqdan rüşvət verə-verə qanunsuz sənədlər (sürücülük vəsiqəsi, texnikum, universitet diplomu, “kupça”, əlillik vəsiqəsi və sair və ilaxır) əldə edə-edə yaşlanıblar və təbii olaraq düşünürlər ki, qanun-qaydaları həmişə pozmaq, onlara məhəl qoymamaq olar.

Ölkədəki bütün ictimai-siyasi sektorlarda, bütün strukturlarda kütləvi şəkildə əyintilərə, pozuntulara, neqativ hallara yol verildiyi mühitdə yalnız və yalnız karantin rejiminə total şəkildə riayət ediləcəyini gözləmək absurddur.

Göründüyü kimi, karantin rejiminin ilk günlərindən ta bu saata qədər hər gün rejim qaydalarını pozanlar, yaxalanıb cərimə edilənlərin 3 qatı qədər də yaxalanmayanlar, yaxud üzgörənlik imtiyazından yararlananlar olub.

Məhz sonuncu kateqoriyadan olanlar digərlərini qanunları pozmağa təşviq edir. Adamlar düşünür ki, tanıdığı şəxslər pozuntu edib cərimələnməyiblərsə, demək, hər şey mümkündür.

Budur, ölkədə yüzlərlə nişanlı gənc 6 aydan bəri oturub toy yasağının aradan qaldırılmasını gözlədiyi halda, bu yasaqlara məhəl qoymayaraq şənlik təşkil edən onlarla cütlük var. Biz onlardan yalnız birinin ətrafında yaranan qalmaqaldan xəbərdarıq, yerdə qalanları haqqında mətbuatda xəbərlər yoxdur.

Bunlar özlərini qanunların fövqündə sayan, karantin rejiminin “qara camaat”a aid olduğunu düşünən və dilə gətirən, imtiyazlı təbəqədən olan “ağ adamlar”dır.

Ancaq karantin rejimini pozanların bir xeylisi də başqa kateqoriyaya aiddir. Bu kateqoriyanın adı şərti olaraq, “vəfalı pozucular” qoya bilərik.

Onların içində çoxlu məsuliyyətli adamlar var, bilirlər ki, etdikləri qayda pozuntusudur, amma yaxın-uzaq qohumlarının, keçmiş və hazırkı qonşularının, vaxtilə və hazırda bir kollektivdə işlədikləri adamların hüzr məclisində iştirak etməyə bilmirlər, bunu özlərinin vəfa borcu hesab edirlər.

Məsələn, 3 gün öncə gənc yaşında vəfat etmiş meyxanaçı Vüqarın dəfnində onun sənət yoldaşları iştirak ediblər, daha sonra cərimələniblər. Onların başqa variantı olmayıb, cəriməyə görə yas yerindən qala, sonra bu ağır yükü boyunlarında daşıya bilməyəcəklərini düşünüblər.

Yaxud Kərbəla şəhidlərinin qətlini anma mərasimi keçirmək istəyənlər kütləvi şəkildə cərimələniblər. Onlar da bilirdilər ki, karantin rejimində kütləvi toplaşmaq yasaqdır, amma bu qadağa onları meydanlara çıxmaqdan saxlaya bilmədi.

Bu il eyni təziyə mərasimləri İranda belə əvvəlki qələbəlik və izdihamla keçirilmədi. Çünki dini və mülki hakimiyyət məhdudlaşdırıcı yasaqlar qoymuşdu və təziyə mərasiminə qatılanlar ara məsafəsi saxlayaraq, maska taxaraq, ayinləri yerinə yetirdilər.

Təziyə mərasimləri təşkil etmək üçün bir rayondan o birinə getməyə çalışan din məmurlarının hərəkəti isə artıq başqa kateqoriyaya aiddir. Burada insanları qoyulmuş qaydaları pozmağa təşviq etmək niyyəti var. Sanki bunlar olmasa həmin rayonda din-iman əldən gedəcəkmiş.

Müşahidə olunur ki, ölkədə yüz minlərlə insan koronavirus pandemiyasının təhlükəsini ciddiyə almır. Belə olmasaydı, bulaq başında yeyib-içmək ehtirası, “vəfa borcu”nu ödəmək niyyəti, növbəti dəfə özünü “ağ adam” saymaq hissini yaşamaq arzusu xəstələnib ölmək qorxusuna məğlub olardı.

Adamlarda belə qorxu yoxdur deyə kütləvi halda bir yerə toplaşmaqdan, yaxın təmaslar qurmaqdan çəkinmirlər.  Sona qədər də belə olacaq, qayda pozanlar tükənməyəcək. Yalnız ona çalışmaq lazımdır ki, bu kütləvi hal almasın.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153294

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930