Azərbaycanda varlanan “nankor” xarici şirkətlər…

04.11.2020 - 10:40

Əkrəm Həsənov: “Ölkəmizdə fəaliyyət göstərən bütün xarici qurumlar, biznes obyektləri öz internet saytlarında mütləq  ”Qarabağ Azərbaycandır!“ ifadəsini yaysınlar“

Azərbaycan 1 aydan artıqdır ki, böyük bir uğurla Vətən savaşı aparır, 30 ildir dünyanın susduğu ədaləti bərpa edir, özünün ərazi bütövlüyünü təmin edir. Ölkədə hər kəs bir yumruq kimi birləşib, hərbçilərimiz ön cəbhədə savaşda, xalqımız arxa cəbhədə onlar üçün əlindən gələni etməkdə, gənclərimiz informasiya cəbhəsində iş başında, dövlət rəhbərliyi diplomatik əlaqələri , savaşın taleyini həll edəcək siyasi görüşləri uğurlar icra etməkdədir. Yerdə qalır bu ölkədə fəaliyyət göstərən, bu xalqdan qazanan, milyonlar əldə edən yerli və xarici kommersiya qurumları, xidmət sektorunun öndə gedənləri və banklar…

İnsafən qeyd edək ki, bəzi şirkətlər artıq ictimai müzakirələr genişləndikdən sonra koorporativ sosial məsuliyyətini və Azərbaycan dövləti qarşısında borcunu nəzərə alaraq müəyyən addımlar atdılar. Cəbhədə savaşan işçilərinin əmək haqlarının ödənilməsi, şəhid olan əməkdaşlarının ailələrinə birdəfəlik yardım, cəbhədə savaşanların kredit borcunun ertələnməsi və sair kimi…   Mərkəzi Bankın bu istiqamətdə kommersiya banklarına tövsiyəsi oldu. Tövsiyədə qeyd olunur ki, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin və düşmən təxribatı nəticəsində həyatını itirən mülki vətəndaşlarımızın banka olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək. Həmçinin hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banka olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq. Bir neçə bank bu tövsiyəyə qoşulduğunu açıqlasa da, tövsiyə xarakterli sənədə bütünlükdə bank sektorunun əməl edəcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Onu da qeyd edək ki, bəzi iri şirkətlər Silahlı Qüvvələrə Yardım  Fonduna müəyyən məbləğdə köçürmələr ediblər.

McDonald's”, “KingBurger” və “Papa John's” Azərbaycana dəstək postlarını  sildi - Həmin şirkətlərə boykot tələb edilir

Lakin Azərbaycana qarşı bu dövrdə ən böyük xəyanət “McDonalds”, “KingBurger” və “Papa John’s” şirkətlərindən gəldi. Belə ki, Qarabağ savaşı başlanan gündən sosial şəbəkə səhifələrində yazdıqları dəstək mesajlarını silən bu şirkətlərdən , ən çox “McDonalds” irəli gedərək “Qarabağ Azərbaycandır ” mesajını silib. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və ölkəmizin ərazi bütövlüyünün tanınmasını əxz edən bu cümlənin silinməsi həm də şirkətin ərazi bütövlüyümüzü tanımaqdan imtina etməsi deməkdir. Böyük etirazlara və boykota səbəb olan bu məsələ hələ də cəmiyyətdə müzakirə edilməkdədir.

Bəs görəsən, Azərbaycan hüdudları çərçivəsində iş qurub qazanc əldə edən yerli və ya transmilli xarici şirkətlərin dövlətin belə bir həssas günündə borcu, hüquqi vəzifəsi və sosial məsuliyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən istənilən xarici qurum, şirkət birmənalı şəkildə işğal olunmuş ərazilərin Azərbaycan əraziləri olduğunu tanımalıdır: “Ermənistan da daxil olmaqla,  dünyada elə bir dövlət yoxdur ki, həmin ərazilərin Azərbaycan ərazisi olmasını tanımasın. Hansısa qurum Dağlıq Qarabağın Azərbaycan  ərazisi olduğunu tanımırsa, o, Azərbaycanda hansısa bizneslə məşğul ola bilməz. Söhbət konkret olaraq ”McDonalds”dan gedirsə,  bu şirkətin hərəkətləri nə qanunvericiliyə, nə də normal münasibətlərə sığır. “McDonalds”ın əvvəlcə “Qarabağ Azərbaycandır” deməsi, sonra o bəyanatı öz səhifəsindən silməsi nə deməkdir? O deməkdir ki, həmin ərazi Azərbaycan deyil? Bu şirkətlər fəaliyyət göstərdikləri ölkənin ərazi bütövlüyünü tanımırlar. İddia edirlər ki, guya xarici ofisdən onlara təzyiq olub. Kim edib o təzyiqi? Hansısa ikinci dövlət edib? Yox. Hətta Ermənistan da belə bir təzyiq edə bilməz, çünki formal da olsa, Azərbaycanın ərazi bütövlüyünü  tanıyır.  Sadəcə, onu iddia edir ki, guya Dağlıq Qarabağdakı ermənilər bizdən ayrılmaq istəyirlər. Bu baxımdan hətta sərt bir ictimai təşəbbüs də irəli sürək ki, ölkəmizdə fəaliyyət göstərən bütün xarici qurumlar, biznes obyektləri öz internet saytlarında mütləq  “Qarabağ Azərbaycandır!” ifadəsini yaysınlar. Mən demirəm ki, onlar Azərbaycana savaşda qələbə arzulasınlar və sair. Ancaq qanunvericiliyə uyğun olaraq, Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etsinlər. Qanunvericilik deyir ki, hərbi vəziyyət çərçivəsində orduya səfərbər edilən işçilərin əmək haqqını şirkətlər verməyə davam etməlidirlər. Bu bizim qanunla tənzimlənir. Bunu etmirlərsə, kobud qanun pozuntusudur”.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Əkrəm Həsənov

Hüquqşünasın sözlərinə görə, bu iki məsələ xaricində digər məqamlar sosial məsuliyyət məsələsinə aiddir: “Məsələn, əgər cəbhədə döyüşənlərdən kiminsə özünün və ya ailə üzvlərinin borcu varsa, ona güzəşt etməlidirlər, gözləməlidirlər. Bunu etmirlərsə, belə çıxır ki, onlar Azərbaycan Ordusuna, dövlətinə qarşıdırlar. Rusiyanın dövlət bankı olan ”Bank VTB”, hansı ki, həm Azərbaycanda, həm də Ermənistanda fəaliyyət göstərir, 2016-cı ilin aprel döyüşləri zamanı bizim məhv etdiyimiz erməni əsgər və zabitlərinin borcunu bağışlamış, ailələrinə kömək etmişdi. Mən o zaman bu məsələni qaldırdım, nə qədər danışdıqsa, bank heç bir açıqlama vermədi. Bu məsələ bizim üçün həm də ona görə vacib idi ki, “Bank VTB”nin səhmdarlarından biri Azərbaycan Neft Fondudur. İndi bizim tam haqqımız var ki, deyək ki, biz sənin səhmdarlarından biriyik, bu gün ordumuzun əsgərləri şəhid olur, o şəhidlərin istehlak kreditlərini bağışla. “Bank VTB” əsasən istehlak kreditləri ilə məşğuldur, ancaq bu günə kimi hansısa şəhid ailəsinin borcunu bağışlayıbmı? Sosial məsuliyyəti kommersiya şirkətləri bu şəkildə göstərməlidirlər”.

Mərkəzi Bankın banklara göndərdiyi kredit güzəştləri ilə bağlı sənədə gəlincə, Ə.Həsənov bildirdi ki, bu sənəd tövsiyə xarakterli idi və orada yalnız həlak olanlar və yaralananlardan söhbət gedir: “Hazırda döyüşdə iştirak edənlərin ailəsinin borcu varsa, onlara nə üçün güzəşt edilməsin? Bundan başqa, Mərkəzi Bankın kredit borcları ilə bağlı tövsiyə ancaq banklara aiddir. Ancaq vətəndaşların borcları, sadəcə, banklara deyil axı. Ticarət şəbəkələri, elektronika mağazaları və sair var. Sosial məsuliyyətlə bağlı həm yerli biznes, həm də xarici biznes ölkədə təkcə pul qazanmaqla məşğul olmamalıdır, eyni zamanda insanlarımıza kömək etməlidirlər. Xeyli qurumlar var ki, ordumuzun fonduna  pul köçürdülər, ancaq onların sırasında xarici şirkətləri görmədik. Orduya kömək etməyə çəkinən xarici şirkətləri anlamaq olar, sabah onları ittiham edə bilərlər. Ancaq orduya  yox, onların ailələrinə kömək edə bilərlər”.

Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təkcə korporativ sosial məsuliyyət deyil, burada vətənpərvərlik nümunələri də ortaya qoymaq lazımdır: “Bu Azərbaycan üçün elə bir dönəmdir ki, siyasi mənsubiyyətindən, ictimai mövqeyindən, ölkəyə baxışlarından asılı olmayaraq, hər kəs bir araya gəlib. Ötən əsrin 80-ci illərinin sonunda da belə bir milli birlik mövcud idi, hazırda ondan da yüksək səviyyədə ruh yüksəkliyi mövcuddur. 30 ildir həsrətlə gözlədiyimiz, yuxularımızda gördüyümüz bir məqamı bu gün bizə Azərbaycan Ordusu, dövlət başçısı yaşadır. Yanımızda Türkiyə kimi bir qardaşımız dayanıb. Müharibədə qazandığımız möhtəşəm uğurlar var, bizim arzularımız, xəyallarımız gerçəkləşir. Belə bir məqamda kimsə maddi mənafeləri haqqında düşünməməlidir. Cəbhə bölgəsində evini itirən kasıb vətəndaşımız da deyir ki, yüz belə evim əsgərlərimizə qurban olsun. Vətəndaşımız bu ruhdadırsa, biznes müəssisələrimiz, kommersiya qurumlarımız da belə olmalıdır. Övladları, özləri cəbhədə olanların kreditləri silinməlidir, mümkün olan hər bir kömək edilməlidir. Mən üzümü banklara, kommersiya qurumlarına tuturam: Vətənin bu günündə övladı müharibədə olan və ya şəhid olan, yaralanan vətəndaşımıza kredit borcu ilə bağlı mesaj göndərirsinizsə, sizinlə erməninin nə fərqi olacaq? Bu gün pul yığmaq vaxtı deyil, Vətən üçün önəmli gündür. Cəbhədə canını, övladını Vətənə fəda edən  insanlardan fərqiniz yoxdur, siz də onlar kimi vətəndaşsınız. O, cəbhədə canını fəda edirsə, biznes də bir müddət qazancının azalması ilə barışmalıdır”.

Yusifov onu da vurğuladı ki, xarici şirkətlər də illərdir bu dövlətin, bu məmləkətin çörəyini yeyirlər, ona görə öz dəstəklərini ortaya qoymalıdırlar: “Onlara bu dövlətdə fəaliyyət üçün şərait yaradılır, ölkəyə etdikləri investisiyalara görə nə qədər güzəştlər edilir. Hər bir ölkədə belə bir dönəm olur, bu məqamda xarici şirkətlər də öz mövqeyini, dəstəyini ortaya qoymalıdırlar ki, sabah dinc şərait yarananda insanların gözünün içinə baxa bilsinlər. Ranqından, mülkiyyət formasından asılı olmayaraq, istər neft sektorunda, istərsə də qeyri-neft sektorunda çalışan müəssisələrə, xüsusən də banklara müraciət edirəm ki, illərdir bu xalqın qanını sorursunuz, bu dövlətdən çox öz cibinizə xidmət edirsiniz, heç olmasa bu məqamda vicdanınız olsun, xalqa kömək edin. Çıxın açıqlama verin ki, cəbhədə döyüşən vətəndaşlardan 10 nəfərinin borcunu sildim. Bu gün hər kəs əlindən gələni cəbhə üçün edir. İnsanlarımız ərzaq, geyim tədarük edib cəbhəyə göndərirlər. Bu halda biznes, bank fərqli  nə münasibət sərgiləyə bilər?”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156873

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930