Ölkədə onlayn dərslər nə dərəcə keyfiyyətlidir?

20.11.2020 - 10:42

Kamran Əsədov: “İbtidai siniflərdə təhsil alanlar üçün bu daha çətin təhsil formasına çevrilib”

Dünyada tüğyan edən koronavirus bəlası ucbatından artıq bu ilin mart ayından etibarən Azərbaycanda da tədris onlayn formaya keçirilib. Doğrudur, sentyabr ayından müəyyən qisim şagirdlər həftədə 2 və yaxud 3 dəfə olmaqla ənənəvi dərslərə qoşula bildilər. Lakin sonrakı koronavirusla bağlı mövcud vəziyyət, eyni zamanda Vətən müharibəsinin başlanması yenidən distant təhsili zəruri etdi. Artıq noyabrın 2-dən etibarən ölkədə dərslər onlayn olaraq həyata keçirilir.

Bəs şagirdlər onlayn təhsildən nə qədər yararlana bilirlər? Ölkədə distant təhsil nə qədər keyfiyyətlidir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Sentyabr ayından etibarən təhsilin birbaşa onlayn qaydada olması xüsusən də ibtidai sinifdə təhsil alan şagirdlərə ciddi problem yaratdı. Çünki ibtidai siniflərdə təhsil alan şagirdlər üçün oxuma-yazma, hərfləri tanımaq, parta arxasında oturmaq vərdişlərinin formalaşdırılmasına mənfi təsir göstərdi”.

İki övladı şagird olan Kamran Əsədov valideyn kimi də onlayn dərslərdən narazı qaldığını deyib: “Mənim də iki övladım şagirdir. Onlarında biri 1-ci, digəri isə 3-cü sinifdə təhsil alır. Etiraf edim ki, hazırkı mənzərə o qədər də qənaətbəxş deyil. Çünki 1-ci sinif şagirdi olan övladım birmənalı şəkildə onlayn qaydada tədrisi mənimsəməkdə çətinlik çəkir. Çünki onun hərflərlə tanışlığının bu proseslə həyata keçməsi mümkün deyil. Ona görə də biz fərdi olaraq repetitora müraciət etmişik və repetitorlar orta məktəbdə almalı olduğu bilgiləri övladımda formalaşdırmağa çalışırlar. Ona görə də düşünürəm ki, ibtidai siniflərdə təhsil alanlar üçün bu daha çətin təhsil formasına çevrilib. 3-cü sinifdə oxuyan qızım da onlayın tədris prosesinə qoşulur. Lakin xüsusən də riyaziyyat fənni üzrə onlayn qaydada tədris prosesində iştirak etmək onun üçün çətindir”.

Kamran Əsədov: DİM-ə qarşı məhkəmə iddiası qaldıracağam

Kamran Əsədov qeyd edib ki, ümumiyyətlə, ölkəmizdə onlayn resursların olmaması, hüquqi bazanın, məktəbdaxili qiymətləndirmənin həyata keçirilməməsi müəyyən qədər şagirdlərin həm bilik əldə etməsinə, eyni zamanda biliklərə yiyiələnməsinə ciddi şəkildə mane olur: “Hesab edirəm ki, ölkədə yaranmış boşluğu aradan qaldırmaq üçün Təhsil Nazirliyi müvafiq proqram təminatı həyata keçirməlidir ki, bizim şagirdlərimiz orta təhsil müəssisələrində minimum bilikləri əldə edə bilsinlər. Hazırda konkret rəqəmlərə baxsaq, internetin və avadanlıqların daha çox olduğu Bakı, Sumqayıt, Abşeron rayonu ərazisində yaşayan şagirdlərin yalnız 75 faizi onlayn dərslərdə iştirak edirlər. Etiraf edək ki, bu qədər texniki imkanı olan ərazilər üçün 75 faiz göstərici o qədər böyük deyil. Nəzərə alsaq ki, regionlarda şagirdlərin internetə çıxış imkanları, avadanlıqları yoxdur, bu o deməkdir ki, bölgələrdə vəziyyət qənaətbəxş deyil. Ümumiyyətlə, şagirdlər onlayn tədrisdən faydalana bilmirlər. Əgər bizdə bu vaxta qədər vizuallaşmış virtual dərslər hazırlansaydı, elektron materiallar, dərslər, müəllimin köməkliyi olmadan istifadə edilə biləcək səviyyəyə salınsaydı, istənilən şagird proqramları mənsimsəməyə bilərdi”.

Təhsil eksperti bu il həyata keçiriləcək buraxılış və qəbul imtahanları ilə bağlı təkliflərini də bildirib: “Nəzərə alsaq ki, bizi 2021-ci ildə 9-11-ci sinifdən buraxılış imtahanları, orta ixtisas, ali təhsil müəssislərinə qəbul imtahanları gözləyir, deməli, yaxşı nəticə olmayacaq. Şagirdlərə vermədiyimiz hansı biliyi yoxlamaq hüququna malikik? Hazırda orta təhsil müəsissələrində təhsil alan 1,6 milyon şagird üçün onlayn dərslər tam əlçatan olmayıb. Heç də bütün şagirdlərin hamısının maddi imkanı yoxdur ki, repetitor və ya hazırlıq kurslarına müraciət etsinlər. Bu baxımdan düşünürəm ki, müəyyən qədər qəbul və buraxılış imtahanları proqramının keçirilmə üsulları indidən hazırlanmalıdır.

Təklif edirəm ki, 2021-ci ildə buraxılış imtahanlarını keçirməyə ehtiyac yoxdur. Orta ümumtəhsil müəssisələrini bitirən hər bir məzuna attestat vermək lazımdır. 11-ci sinifdən ali və 9-cu sinifdən kolleclərə sənəd verən abituriyentlərə isə şərait yaratmaq lazımdır ki, qəbul imtahanları iki dəfə keçirilsin. Çünki 2020-ci ilin qəbul imtahanlarının nəticəsi onu göstərdi ki, qəbul imthanlarının 1 dəfə  keçirilməsi şagirdlərdə müəyyən qədər nəticənin aşağı olmasına gətirib çıxarır. Çünki pandemiya ilə əlaqədar olaraq  şagirdlər tam olaraq proqramı mənimsəyə bilmədilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157518

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930