“Sağ-salamat dönsünlər, onların ayağı dəyən torpaqları öpəcəm” – iki oğlu cəbhədə olan jurnalist FOTOLAR

02.12.2020 - 10:48

“Qardaşım döyüşə gedibsə, mən də gedəcəm. O harada, mən də orada”.

Alıyev Vasif və Rasif qardaşları Vətən Müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanırlar. Torpaqlarımızın alınmasında, Azərbaycana qələbə sevincini yaşadanların arasında onların da adı var. Azərbaycanın Ordu sıralarında təmsil olunan bu igidlər hazırda Vətənin keşiyindədirlər.

“Yeni Müsavat”a onlar haqqında qürurla bəhs edən, hərbçilərin anası (bibisi), tanınmış jurnalist Züleyxa Nadir deyib.

Vasifə kiçik yaşlarından analıq etdiyini deyən jurnalist onun qayıdacağı günü səbirsizliklə gözlədiyini deyib:

“Vasiflə Rasifin atası onlar hələ uşaq ikən rəhmətə gedib. Məndən böyük olan qardaşımın övladlarıdır. Vasif ilk olduğuna görə onu hamıdan çox istəyirdim. O anadan olanda mən gənc idim, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdim. Özümüz Tovuz rayonundanıq. Elə təyinatla Tovuzda işləməyə göndərdilər. Vasifə görə mən ailə qurmurdum, çox deyirdilər ailə qur, deyirdim yox, mənim oğlum var. Bəlkə də, ona görə mən gec ailə qurdum…

Vasifi uşaqlıqdan böyütdüm, məktəbə getdi, əsgərliyə getdi. Sonra hərbi sahəyə yönəldi, indi gizirdi. Özümün də bir oğlum var. Amma Vasifi ondan çox istəyirəm. O mənim ilk övladımdır ona görə. Müharibənin ilk günündən Vasif getdi, kiçik qardaşı gördü, böyük qardaşı gedib, dedi, mən də getməliyəm. “Qardaşım harda mən də orda”. Düz, bir həftə Hərbi Kommisarlığa getdi, gəldi. Nəhayət könüllü olaraq döyüşə yollandı. Hər iki qardaş hazırda ordadılar, dönməyiblər…”

Gözü yolda qalan ananın bir arzusu var:

“Onlar müharibəyə gedəndə özümə söz vermişdim ki, uşaqlarım döyüşsün, sağ-salamat dönsünlər onların ayağı dəyən torpaqları öpəcəm. Vasif indi Qubadlıdadır, Rasif isə Şuşada. O gün danışanda deyirəm ki, Rasif, ayağınız dəyən yerləri öpəcəm. Deyir mama, “Füzulidən Laçına qədər ayaq izlərim çoxdur”. Dedim, hamısını öpəcəm. Hər bir azərbaycanlı anası kimi necə qürurlanıram, necə fəxr edirəm! Mən özümü döyüşçü anası sayıram. Bətnimdə gəzdirməsəm belə. Övladlarımla fəxr edirəm. Vasif olduqca nizam –intizamlıdı. Rasif qoçaqdı. Hər ikisi tankçıdırlar. Vasif Azərbaycan Ordusuna xidmət edir, Təlim Tədris Mərkəzində işləyir.

Müharibədən sonra Rasif də qardaşı kimi hərbi sahədə xidməti davam etdirmək istəyir. Döyüşün ilk vaxtlarında Rasif ermənilərdən qalan tankları təmir edirmiş, həmin tankları döyüşə göndərirdilər. Amma o, narazılığını bildirib. Döyüşmək istədiyini deyib və döyüşlərə qatılıb. Rasif çox qoçaqdır.

Havalar xoş olanda Vasifdən soruşurdum, harada yatırsız? “Əsgər harda yatmalıdır? Yastığımız daşdır, yorğanımız da buludlar. Səngərdə yatırıq”, deyirdilər. Onlar şəhidlikdən qorxmurlar. “Biz hamımız bura gələndə döyüşməyə gəlmişik, şəhid olmağı da alnımıza yazmışıq. Şəhid olmaqdan qorxmaq yox, onun üstünə getməliyik”, deyirlər. Biz bir zamanlar filmlərdə görürdük, indi realdır, oğullarımız vətən uğrunda şəhid olurlar. Öz oğullarımdan görürəm ki, şəhid olmaq onlar üçün fəxrdi, müqəddəs bir hissdir”.

Kövrək olduğunu deyən Züleyxa xanım 44 gün ərzində olmazın həyəcanlar keçirib:

“Qardaşım 10 ildir ki, rəhmətə gedib, oğullarının bu gününü görmədi. Bu 44 gündə mənim göz yaşlarım qurumayıb. Hamısı sevinc göz yaşlarıdır. Şəhidlərə baxanda göz yaşlarına hakim ola bilmirsən. Amma bir qarış torpaq alınanda sevincimizin həddi-hüdudu olmurdu. 1-2 gün Vasif telefona cavab verməyəndə dəli olurdum, Rasifə zəng vurudum o da cavab vermirdi. İlahi nə hiss edirdim, bir Allah bilir. Uşaqlarımdan xəbər gəlməyəndə keçirdiyim hisslərlə bərabər, onları itirmək qorxusu ilə bərabər bir qürur hissi həmişə məni müşayiət edib. Hər bir əsgər bizim üçün doğmadır, amma qanı qanımdan olan Vasiflə Rasif mənim üçün artıq müqəddəsdirlər, bir tabudurlar. Həsrətlə gözləyirəm ki, gəlsinlər. Öz-özümə ssenarilər də qurmuşam, gələndə belə deyəcəm, bunu edəcəm… Hər ikisinin iki oğlu var. Atası döyüsə gedəndə nəvəm Nihat demişdi ki, “Ata, 15, ya da 25 əsgər öldürüb gələrsən”. Dünən də telefonda danışarkən atasına tapşırıq verib ki, gələndə erməni bayraği gətirməyi unutmasın. Əvvəlcə ayağının altına sərəcək, sonra isə yandıracaq. İndi uşaqlar atalarının yolunu gözləyirlər…”.

Jurnalist oğlu Məcidin də könüllü olaraq döyüşlərə yollanmaq istədiyini deyib:

“Hətta Tovuzda döyüşlər başlayanda gedib könüllü yazılmışdı. Bilirdim, qəbul etməyəcəklər. Oğlumun 3 yaşında həyat yoldaşım rəhmətə gedib, oğlumla mən hazırda ikimiz yaşayırıq. Hərbi Komissarlığa nə qədər getdisə, onu aparmadılar. Amma məndən də çox qürurludur, hər gün danışır qardaşları ilə. Deyir Vasiflə Rasifə paxıllığım tutur, Şuşaya qədər getdilər, mən kənarda qaldım”.

Züleyxa xanımın sözlərinə görə, uşaqlarının vətənpərvər böyüməsi üçün əlindən gələni edib:

“Uşaqlarım gözlərini açandan analarını yazı yazan, işləyən görüblər. Onları vətənpərvər ruhda böyütdüm, pafosla demirəm. Bu illər ərzində əldə etdiyim budur… İndi də ürəyim döyüş bölgəsindədir. Müharibə bitsə də, ürəyimin bir küncündə narahatlıq var, tam ordan gəlməyincə rahat ola bilmirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930