“Hansı ölkənin vaksininin daha yaxşı olduğunu demək çətindir” – doktor Zülfüqar Yusifov

26.12.2020 - 10:32

Koronavirus bütün dünyada tüğyan etməkdədir. Bu günə qədər dünyada 80 milyon civarında insan koronavirusa yoluxub, 1,7 milyondan çox insan isə bu virusdan dünyasını dəyişib. Üstəlik, virusun mutasiyaya uğraması ilə bağlı yeni narahatlıqlar da yaranıb.

Xatırladaq ki, bir müddətdir koronavirusun mutasiyaya uğrayaraq, daha təhlükəli ştampının ortaya çıxdığı iddia edilir. Virusun yeni, ingilis ştampının 70 faizə qədər daha yoluxucu olduğu deyilir. Bu səbəbdən bir çox ölkələr, o cümlədən İtaliya, Niderland, Fransadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya İngiltərəyə uçuşları müəyyən vaxtlaradək təxirə salıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.

Bütün bunlarla yanaşı, indi dünyanın bir çox ölkələri sanki vaksin hazırlamaq üçün yarışa çıxıb. Artıq Rusiya, Çin, ABŞ öz vaksinlərini bazara çıxarmağa çalışır. Lakin bu vaksinlərin hansı daha effektli, keyfiyyətlidir? Vaksinlər mutasiyaya uğramış koronavirus üçün də keçərli ola biləcəkmi? İndi hər kəsi daha çox bu suallar düşündürür.

Ümümiyyətlə, vaksin nədir?  Qeyd edək ki, vaksinlər – orqanizmi törədici ilə tanış edən və ona bu törədiciyə qarşı immun cavab reaksiyası formalaşdırmağı öyrədən bioloji preparatlardır. Törədici həm virus, həm də bakterial mənşəli ola bilər. Vaksinlərin təsiri nəticəsində törədici ilə qarşılaşan orqanizm ya ümumiyyətlə xəstələnmir, ya da yoluxma baş versə də, xəstəlik çox yüngül keçir.

Dünyada istehsal olunan vaksinlərə gəldikdə, Rusiya artıq istehsal etdiyi “Sputnik-V” vaksinini dekabrın 21-dən tətbiq etməyə başlayıb. Məlumata görə bu vaksin 92 faiz təsirlidir.

Rusiyadan “Sputnik-V” vaksinini alan ölkələrdən biri Qazaxıstandır. Ölkə rəsmilərinin açıqlamalarına görə Qazaxıstanda “Sputnik-V” vaksini ilə kütləvi vaksinasiya 2021-ci ilin fevralında başladılacaq.

ABŞ isə bu günə qədər bir neçə vaksin təqdim edib ki, onların da bir çoxu sınaqlardan effektli çıxmayıb. Son olaraq ABŞ-ın “Pfizer” şirkətilə birlikdə hazırladığı “BioNTech” vaksininin effektiv olduğu bildirilir. Məlumata görə bu vaksin Britaniya, ABŞ və AB daxil olmaqla 45-dən çox ölkədə istifadəyə təsdiqlənib. Yüzminlərlə insana dozalar vurulub.

Türkiyə isə tətbiqinə başladığı vaksini Avropadan alıb.

Azərbayacana gəldikdə isə məlumata görə ölkəmiz Çində istehsal olunan “CoronaVac” vaksinindən alacaq. Qeyd edək ki, bu vaksinin 95-97 faiz effektiv, daha təhlükəsiz olduğu iddia edilir. Vaksin ölü virus hissəciklərinin təhlükə törətməyəcək şəkildə bədənə yeridilməsi və bu yolla virusa qarşı immunitet müqaviməti yaratmağa əsaslanır. Bu vaksinin digərlərindən əsas fərqi quduzluğa qarşı istifadə olunan daha ənənəvi bir metodun tətbiqi ilə istehsal edilməsidir.

“CoronaVac”ın digər vaksin nümunələri ilə müqayisədə daha bir sıra üstün cəhətləri ortaya çıxıb. Belə ki, “Moderna” şirkətinin peyvəndi mənfi 20, “Pfizer” peyvəndi isə mənfi 70 dərəcədə saxlanmalıdır. Bu vaksin isə adi soyuducuda saxlana bilər. Vaksin bu halda keyfiyyətini qoruya bilir. Deməli, aşağı temperaturlarda çox miqdarda vaksin saxlaya bilməyəcək inkişaf etməkdə olan ölkələr üçün “CoronaVac” daha faydalıdır. Bu vaksini saxlamaq üçün xüsusi soyuducular tikməyə ehtiyac qalmayacaq.

Ölkəmizdə vaksinasiyanın hansı tarixdə tətbiq ediləcəyi ilə bağlı məsələyə gəldikdə isə, məlumata görə bu proses yaxın 3 ayda mümkün ola biləcək.

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Hansı vaksin daha effektlidir?” sualımıza bu cür cavab verdi:
“Hansı vaksinin daha keyfiyyətli, yaxşı olduğunu demək çətindir. Hər halda dünyanın bir sıra qabaqcıl şirkətləri var, hansı ki, onların vaksinlə bağlı təcrübələri, ümumiyyətlə farmokoloji prosesləri daha dərindən aparmaq imkanları böyükdür. Bu baxımdan həm də həmin şrikətlərin apardığı tədqiqatlar öz etibarlılığı ilə seçilir. Çünki qeyd etdiyim kimi, həmin şirkətlərin bundan əvvəl mövcud olmuş xəstəliklərin vaksinləri ilə bağlı təcrübələri var. Bunun üçün də Avropada, Amerikada istehsal olunan vaksinlərə inam daha böyükdür.

İkinci bir tərəfdən, “hansı vaksin daha yaxşıdır” sualının cavabını zaman özü verəcək. Vaksinlər bir sıra göstəriciləri ilə özlərini doğruldurlar. Əlbəttə ki, xəstəliyə yoluxmanı ciddi şəkildə azaltmaq və yaxud tamamilə qurtarmaqla, həm də bununla yanaşı vaksin insan orqanizmi üçün zərərsiz, əlavə təsirləri olmaması məsələsi də vacibdir. Məsələn, bu yaxınlarda bir sıra sınaqlarda əlavə təsirlərin olduğunu müşahidə etdik. Hətta mətbuatda və digər mənbələrdə bunu gördük.

Artıq vaksinlərlə bağlı sınaqlar yaxın zamana söykənir. Tədqiqatlar orta hesabla 6 ayı əhatə edir və hansı müddətə qədər yoluxmadan insanları qoruyacaq, yan təsirlər nə qədər olacaq, bunlar da maraqlı məsələdir. Məsələ təkcə sağlam insanları koronavirusdan qorunmasından getmir, həm də yanaşı xəstəlikləri, allergiyalara meylli olan, immun sistemi zəif olan insanlar var, həmin insanlara vaksin necə təsir edəcək, bunun özü də bir tədqiqat məsələsidir. Yəqin ki, vaksinlər tətbiq olunduqdan sonra onun təsirləri barədə tədqiqatlar hələ davam edəcək. Yalnız yaxın bir il ərzində bazara çıxarılan vaksinlərin hansının daha faydalı, keyfiyyətli olduğu barədə məlumatlara dəqiq cavab verə biləcəyik”.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə vaksinlər istehsal olunduqda mutasiyaya uğrayan virusun bütün ştampları nəzərə alınır:

“Virus tez-tez mutasiyaya uğrayır, yəni bu, davamlı prosesdir. Hər halda, vaksinlər virusun mutasiyaya uğradıqdan sonra əmələ gələn ştampları nəzərə alınaraq hazırlanır. Bununla belə, işin gedişi boyu vaksinlərin öz təsirini necə saxlaya bilməsini zaman göstərəcək. Digər tərəfdən, yeni mutasiyaya uğramış növlərlə bağlı hələlik ümumi məlumatlar var və bununla bağlı ciddi araşdırmalar gedir. Həmçinin onun genomunda hansı gen quruluşu dəyişiklikləri baş verdiyi dəqiq araşdırıldıqdan sonra İngiltərə alimləri və ÜST məlumat verəcək. Yalnız bundan sonra proqnoz veriləcək”.

Xatırladaq ki, Azərbaycanda koronavirus vaksini vurulacaq şəxslərlə bağlı elektron sistem mövcud olacaq. İnsanlara vaksinin iki dozası vurulacaq. Birinci dozanı vurduran şəxslərə ikinci dozanı vurdurmaları üçün sistemdən xəbərdarlıq gələcək.
Həmçinin hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158865

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031