MM-də məhbus qadınların azadlığa buraxılması çağırışı edildi

31.12.2020 - 09:55

Parlamentdə ilk dəfə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” dinlənildi; deputatlar dünya azərbaycanlılarına, ölkə Prezidentinə və Birinci vitse-prezidentə Həmrəylik və Yeni il təbriki ünvanladılar

Dekabrın 30-da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul olundu.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş)  barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. Dəyişikliklə məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur. Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi.

“Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Səməd Seyidov layihəni təqdim edərkən bildirdi ki, bu yaxınlarda dövlət başçımız Əfqanıstanın Azərbaycandakı səfirini qəbul edərkən iki dövlət və iki xalqın yüksək səviyyəli əlaqələrindən bəhs edib.  Bu mənada S.Seyidov Azərbaycanın Əfqanıstanda səfirlik açmasını çox vaxtında atılmış addım kimi xarakterizə etdi.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov  isə səfirliyin yaradılması ilə paralel şəkildə iki ölkə parlamentlərinin dostluq qruplarının yaradılmasını da zəruri saydı. “Mən çox böyük məmnuniyyətlə həmin dostluq qrupuna rəhbərlik edərəm”, deyən S.Novruzov bununla vaxtilə Əfqanıstanda xidmət etdiyinə işarə vurdu. Bundan sonra S.Novruzov tənqidi fikirlər söylədi: “Həmrəylik günü ərəfəsində bir məsələni də demək istəyirəm. Bəzi partiya sədrləri var ki, onların adlarını çəkməyi Milli Məclisə yaraşdırmıram. Onlar deyir ki, Şuşa əhalisi ora qayıtmaq istəmir. Bu qədər yalan danışmaq olarmı? Özü əlində avtomat tutmayan, hərbi xidmətdə olmayan adam gəlir belə şeylər danışır. Özü əlində bir dəfə tapança, tüfəng, avtomat tutmayan adam gəlib belə şeylərdən danışır. Guya ki, Türkiyənin burada mövcudluğuna qarşı olanlar var. Biz müharibə günlərində Türkiyənin nə qədər qardaşlığını, dəstəyini gördük. Elə gün olmadı ki, Türkiyənin prezidenti, XİN rəhbəri, müdafiə naziri Bakıya zəng etməsin. Əgər bundan fərqli hansısa məlumatın varsa, yazılı şəkildə cənab Prezidentə, DTX-ya göndər. Osmanqızının kanalında çıxış edib xalqı niyə çaşdırırsan? Həmrəylik günü olsa da, gərək bunları deyək. Çıxış edirlər ki, parlament niyə buna reaksiya vermir? Parlament gecə-gündüz mövqeyi nümayiş etdirib, ictimaiyyət də efirdən izləyir. Bir tezisi ortaya atıblar. Şərqi Avropadan da rus ordusunu Elçibəy çıxarıb? Ukraynadan da rus ordusunu AXC-Musavat hakimiyyəti çıxartdı? Pribaltika ölkələrindən Elçibəy hakimiyyəti çıxartdı rus ordusunu? Bizim həmkarlarımızın hər biri bu məsələlərə münasibət bildirməlidir. Qondarma Dağlıq Qarabağdakı saxta hakimiyyətlə Azərbaycanda Əli Kərimli və Milli Şura bu qələbənin üzərinə kölgə sala bilməz”.

Deputat Fəzail Ağamalı Əfqanıstanda səfirliyimizin açılmasını yüksək qiymətləndirməklə yanaşı, İsraillə əlaqələrin daha da gücləndirilməsini də zəruri saydı.

Milli Məclisdə - İSLAHAT BAŞLADI - FED.az

Deputat Qüdrət Həsənquliyev Əfqanıstanda səfirlik açılması ilə bağlı bir məqama diqqət çəkdi: “Biz Əfqanıstanda səfirlik açmaqla diplomatlarımızı və onların ailə üzvlərini də risk altında qoyacağıq. Amma əgər hökumət belə hesab edirsə, mən bu qanun layihəsinə səs verəcəyəm”.

Daha sonra Q.Həsənquliyev həmkarı Fəzail Ağamalının Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirlərini dəstəklədi. Bildirdi ki, biz qonşu ölkə olan İranla İsrail arasında öz vasitəçilik missiyamızı təklif etməliyik, necə ki, İran Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək  istəyirdi. Deputat bildirdi ki, Azərbaycanın İsraildə səfirlik açmasına da çox ciddi ehtiyac var. “İsrail Azərbaycana dost ölkədir. Sahibə xanım, ümid edirəm ki, siz də bizim fikirlərimizi icra hakimiyyəti orqanlarına çatdıracaqsınız. Ümid edirəm ki, biz 2021-ci ildə İsraildə səfirliyimizin açılmasına nail olacağıq”, -Q.Həsənquliyev bildirdi.

Deputat  Aqil Abbas söz alaraq, S.Novruzovun toxunduğu məsələləri dəstəklədi. O, bəzi media orqanlarında Qarabağa qayıdışla bağlı yanlış təbliğatın aparılmasından bəhs etdi. Bu mənada millət vəkili Şuşadan olan bir nəfərin geri qayıtmayacağı barədə fikirlərinin geniş təbliğ olunmasını məqsədli saydı: “Adamlar öz torpağına getmək üçün ölür, biri də mən. Buradakı Bəxtiyarlar, Qubadlıdan Ülvi, hər kəs. İnşallah, hamı öz evlərinə qayıdacaq! Biz qarabağlılar ruhdan düşən deyilik, nə qədər istəyirlər, desinlər!”

Sədr Sahibə Qafarova bildirdi ki, belə şayiələr olacaq, Azərbaycan xalqı müdrik xalqdır. “Əlbəttə, insanlarımız öz yurdlarına qayıdacaqlar”, sədr əlavə etdi.

Deputat Məlahət İbrahimqızı isə dedi ki, xalqımız Azərbaycan tarixinin heç bir səhifəsində belə qələbəyə imza atmayıb: “Ancaq bu gün bəzi trollar Azərbaycan Ordusuna, müzəffər Ali Baş Komandana qarşı qarayaxma kampaniyasına başlayıb”.

Bundan sonra “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı” dinlənildi. Parlament tarixində bir ilk olan bu məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı Komitənin sədri Bahar Muradova təqdim etdi. Komitə sədri bildirdi ki, 2005-ci il üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisində qadınlar 14 nəfər (11,2 faiz) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisində 22 nəfər (18,2 faiz) təşkil edir və Milli Məclisin Sədri qadın seçilib. Bundan əlavə, 1 nəfər nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib. Hazırda 3 səfir, 1 konsul qadındır. Məhkəmə hakimiyyətində hakim qadınların sayı 78 nəfərdir ki, bu da 14 faiz təşkil edir. Prokurorluq orqanlarında rütbə nəzərdə tutan vəzifələrdə çalışan qadınların sayı 81 nəfərdir, bu da prokurorluq işçilərinin 7 faizi deməkdir. Yerli icra hakimiyyətlərində də qadınların təmsilçilik faizi əvvəlki dövrlə müqayisədə artıb. Həmçinin məktəb direktorları və müavinləri arasında qadınların sayı artırılıb.

Komitə sədri bildirdi ki, müşahidə edilən problemlərdən biri də cinsi balansın pozulmasıdır: “Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan təşkil edir. Aparılmış sorğular nəticəsində hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir”. B.Muradova problemlərdən də bəhs edərək dedi ki, 15-17 yaş həddində olan qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir.

Mustafa Şentop Milli Məclisdə - YENİLƏNİB

Məruzəni yüksək qiymətləndirən komitə sədri Siyavuş Novruzov Qarabağ zəfərindən sonra həbsxanadakı qadınların azadlığa buraxılmasına çağırış etdi. Bildirdi ki, əfv və amnistiya ilə bağlı işlərin aparılması bir az uzun davam edən məsələdir. Ona görə də S.Novruzov ölkə rəhbərliyindən, Ombudsman Aparatının rəhbərliyindən, əlaqədar təşkilatlardan xahiş etdi ki, qadınların həbsxanalardan buraxılması istiqamətində humanist addım atılması istiqamətində addımlar atılsın: “Bizim möhtərəm Prezidentimiz həmişə unikal addımlar atıb. Çox istərdik ki, Azərbaycanda qələbə münasibətilə həbsxanada qadın qalmasın. Bu yaxınlarda bir verilişə baxdım, balaca uşaqlardır, həbsxanada anası ilə birgədirlər. Onların günahı nədir?”

Vitse-spiker Fəzail İbrahimli bildirdi ki, gender bərabərliyi qadınlara Tanrı tərəfindən verilib, bəzi qadınların haray salmasına ehtiyac yoxdur: “Deyək ki, bir qızı 5 oğlan istəyir, qız seçim edir, yoxsa 5 oğlanı? Təbii ki, burada seçimi edən qadın, qız tərəfdir. Bu hüquq Tanrı tərəfindən qadına verilib. İslamda belə bir qayda var idi ki, qadının xətrinə dəyən kişi onunla barışmaq üçün bir neçə dəvə verməliydi. Bundan böyük gender bərabərliyi varmı?” F.İbrahimli əlavə etdi ki, gender bərabərliyi süni şəkildə yaradıla bilməz: “Seçkili orqanlara demək olmaz ki, sən qadını seç, kişini seçmə! Yaxud ali təhsil sahəsində gender bərabərliyini süni şəkildə tətbiq etmək olmaz. Kimin savadı var, aspiranturaya daxil olur. Gender siyasətində əsas mübahisə bunun üstündə getməlidir ki, 13 yaşlı qız məcburi şəkildə ərə verilir, 15 yaşlı qızı götürüb qaçırlar. Yoxsa kişilərin sinəsindən itələ, geri at, de ki, ”bu, siyasətdir”, mən razı deyiləm”.

Sədr Sahibə Qafarova isə həmkarının fikirləri ilə razılaşmayaraq bildirdi ki, gender siyasəti Azərbaycanda yüksək səviyyədə həyata keçirilir.

Məhkum qadınlar aclığa başladı - Güney Azərbaycanda

Deputat Fəzail Ağamalı da dedi ki, qələbə ilinin yekununda həbsxanadakı qadınlarımızın azad olunması çox yaxşı addım olardı: “Mən də Siyavuş Novruzovun təklifini dəstəkləyirəm”.

Deputat bildirdi ki, rəsmi nigahları olmayan qadınların boşanmalar zamanı çölə atılması ilə bağlı da ciddi rəqəmlər var. Odur ki, müvafiq qurumlar bütün fəaliyyətlərini ona yönəltməlidirlər ki, qızlarımız 4-cü sinfə qədər deyil, 10-cu sinfə qədər təhsillərini davam etdirsinlər. Çünki qızlarımız gələcəyin anasıdır.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, erkən evliliklər məsələsində təhsil qanununun da mənfi rolu var: “Faktiki bizdə orta təhsil məcburi idi. Amma sonradan biz başqa qanun qəbul etdik. İndi kənd yerlərində qız uşaqları sanki ailəyə maddi yük hesab olunur, təhsildən yayındırılır. Hesab edirəm ki, komitə sədri Bahar Muradova orta təhsilin icbari olması ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmalıdır”.

Deputat Razi Nurullayev gender bərabərliyindən sui-istifadə hallarına yol verilməsindən bəhs etdi. Qeyd etdi ki, gender bərabərliyi əxlaqsızlığın təbliği deyil: “Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz”.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc gender bərabərliyi ilə bağlı müzakirələrdə komitə sədri Bahar Muradovaya sanballı məruzə hazırladığı üçün təşəkkür etdi. Bildirdi ki, parlament məktəbi öz yerini göstərir. Gələcəkdə komitəyə ayrılan büdcə vəsaitinə yenidən baxılmasını da zəruri saydı. Həmçinin komitənin adında “problem” ifadəsinin olmasından təəccübünü də ifadə etdi. Bildirdi ki, istənilən nazirliyin adına bu ifadəni əlavə etmək olar. Ona görə də Z.Oruc qurumun adında bu sözün yerinə, məsələlər sözünü əlavə etməyi doğru saydı.

Z.Oruc bildirdi ki, bu gün qadınların icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində və s. rolu artırılmalıdır: “Bizim məhkəmə sistemində boşanma prosesinə münasibət dəyişməlidir. Müxtəlif dövlətlərdə ailə məhkəmələri var. Ailə institutu son dərəcə müqəddəs fenomendir. Bir neçə saat ərzində bu institutu dağıtmaq olmaz”.

B.Muradova səslənən fikir və təkliflərə münasibət bildirdikdən sonra deputatların yüksək qiymətləndirdiyi illik məlumat səsə qoyularaq qəbul edildi.

Bundan sonra Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciət etdi. Müraciəti  deputat Elnur Allahverdiyev tribunadan oxudu. Qələbə ruhlu müraciət səsə qoyularaq qəbul edildi.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının son iclasında yekun çıxışını etdi. Bildirdi ki, payız sessiyasının mühüm bir dövrü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qarabağı işğaldan azad etdiyi dövrə təsadüf edib: “Azərbaycan parlamenti də qəlbən döyüş meydanında idi”. Sədr bildirdi ki, bu günlərdə xarici ölkə parlamentlərinə, ayrı-ayrı qurumlara 500-dək məktub göndərib, deputatlar xalqımızın haqq işini müdafiə etmək üçün hər bir imkandan istifadə edib. S.Qafarova bildirdi ki, payız sessiyasında 19 iclas keçirilib, 86 qanun və qərar qəbul olunub. Spiker qeyd etdi ki, şəhid ailələri və yaralılara dəstək məqsədilə Prezident tərəfindən yaradılmış YAŞAT Fonduna Milli Məclisin deputatları, aparat işçiləri tərəfindən 108,2 min manat vəsait köçürülüb. S.Qafarova çıxışdan sonra sessiyanı bağlı elan etdi. Qarşıdakı bayramlar münasibətilə təbriklərini çatdırdı. Təklif etdi ki, Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq. Deputatlar alqışlarla bu təklifə dəstək verdilər. Dövlət himninin oxunması ilə sessiya işini yekunlaşdırdı və deputatlar qış tətilinə getdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930