“Dərin dövlət”in sirləri

08.01.2021 - 10:34

Obamanın ABŞ prezidentliyinə namizəd olduğu vaxtlar idi, uzaq qohumlardan birinin hüzr məclisində gendən-genə tanıdığım bir adam müsəllət oldu, gəlib üzbəüz oturdu və biz asta səslə siyasətdən danışası olduq. Adam sualı belə qoydu: “Səncə, Obama seçkidə qələbə qazansa, ABŞ-ın qoca qurdları hakimiyyəti bu qara gədəyə verəcəklər?”

(Bəri başdan deyim ki, “qara gədə” ifadəsi elə təxminən Obama rəngdə olan həmsöhbətimə məxsusdur, yoxsa mən özüm həmişə irqçi ifadələrdən uzaq olmuşam, üstəlik, Obamaya xüsusi hörmətim var).

Belə adamlar var, adama nəsə qəliz bir sual verərlər, sonra sifətlərində bic bir təbəssüm, ağıllı-ağıılı qulaq asarlar, sən yarım saat danışarsan, bildiklərini, eşitdiklərini toparlayıb mövzunu xırdalayar, şərh edərsən, axırda həmin adam böyük əminliklə deyər: “Elə döyül, məllim”. Ardınca da özü şərh verər: “Bunların hamısı qlobal güclərin (dərin dövlətin, masonların) oyunudur”. Di get, qal yana-yana, yarım saat çənə yormağına hayıf.

O vaxt uzaq qohumlardan birinin hüzr məclisində mənə Obamanın siyasi taleyi haqqında sual verən və təxminən “onun şansı 50:50-yədir, seçilə də bilər, seçilməyə də” cavabı alan şəxs mənə ağıllı-ağıllı baxa-baxa və özünü Valentin Zorin saya-saya öz verdiktini elan etdi: “O qara gədə seçilsə də, ona hakimiyyət verməyəcəklər. Prezident Makkeyn olacaq” (əminəm ki, “Makkeyn prezident olacaq” proqnozunu mən versəydim, o, əksini söyləyəcəkdi).

Açığı, o vaxt mən özüm də senator Con Makkeynin prezident olmasını istəyirdim, amma olub-olmayacağını dəqiq bilmirdim. Üstəlik, Obama xalqdan səs alacaqdısa, Makkeyn necə prezident olacaqdı – bunun mexanizmi aydın deyildi.

Amma təxminən 1 aydan sonra elə oldu ki, Obama 52 faiz səslə Makkeynə qalib gəldi, ABŞ-ın “qoca qurdları” hakimiyyəti ona verdilər, adam prezident oldu, Yaponiya imperatorunun, Səudiyyə kralının önündə baş əyə-əyə işlədi, hələ dörd ildən sonra yenidən seçildi, axıra kimi də vəzifəsində qaldı.

Obama seçiləndən sonra həmin ağıllı, yerin altını-üstünü bilən, ABŞ-ın “dərin dövləti”nin gizli fəaliyyətindən və iş prinsiplərindən xəbərdar olan adamı bir daha görmədim. Görsəydim, bircə kəlmə soruşacaqdım ki, əmoğlu, hazırda ABŞ-ın prezidenti kimdir. O da özünü o yerə qoymadan “Barak Obama” deyə cavab versə, deyəcəkdim: “Hansı Obama, o qara gədə?”

Təəssüf ki, bu qisas aktını həyata keçirmək mənə müyəssər olmadı. Heç bilmirəm onun özü başqalarına necə şərh verib. Adətən bu cür adamlar özlərini elə aparırlar ki, elə bil, hər hansı proqnoz verməyiblər. Sübut etmək üçün gərək dediklərini diktofona yazasan, yazdıqlarını da skrinşot edəsən.

Hərçənd sonradan başqa şərhçilərin Obamanın seçilməsinə belə bir şərh vermələrini eşitmişəm: “Dərin dövlət belə məsləhət bildi ki, bu dəfə prezident qaradərili olsun”. Trampla Hillari Klintonun alternativ namizədlər olduqları vaxt həmin adamların şərhləri bu cür idi: “Dərin dövlət məsləhət bilir ki, ABŞ-ın prezidenti qadın olsun, xanım Klinton seçiləcək”.

Onlar bu sözü elə əminliklə deyirdilər ki, adam “ABŞ-ın dərin dövləti”nin şəxsi heyətinə daxil olan 10 nəfərin azı beşinin bizdən olduğunu güman edərdi. Nədən ki, biizmkilər o gizli birliyin bütün addımlarını, qərarlarını anındaca bilirdilər.

Amma Allah göydən baxır, Tramp 4 il öncə vəzifəsinin icrasına başlayanda şəxsən mən özüm dostlara onun impiçment olunacağı barədə proqnoz verdim. (Bildiyiniz kimi, belə bir təşəbbüs oldu, amma uğursuz alındı). Fəqət ABŞ siyasətini izləyən həmkarlar dedilər, nə danışırsan, bu adam hakimiyyəti heç kəsə verməz, hətta gələn dəfə uduzsa da, çığallıq edəcək ki, özüm udmuşam, hələ sən qorx ki, Tramp ABŞ-ı diktatura ölkəsinə döndərsin. Budur, onlar deyən olub.

4 il öncəni bilmirəm, indi bizim ictimaiyyət Trampa daha rəğbətlə yanaşır. Çünki adam “öz vəzifəsini” qorumaq istəyir, heç kəsə vermək istəmir. Əsas məsələ budur.

P.S. “Dərin dövlət” işini bilənlər çıxıb “bu işlərin axırı necə olacaq” sualına cavab versəydilər, xatircəm olardıq. Yoxsa çox narahatıq, dünya demokratiyası sınağa çəkilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159464

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930