Dövlətin şəhid ailələri və yaralılarla bağlı planı – rəsmilərdən açıqlamalar

10.12.2020 - 10:38

Deputat: “Vətən uğrunda canından keçmiş igid oğullarımızın ailələrinin və qazilərimizin, döyüşçülərimizin sosial problemlərinin həllində dövlət hər zaman onların yanında olacaq”

30 ilə yaxın düşmən əsarətində qalan torpaqlarımız 44 gün ərzində müzəffər Ordumuz tərəfindən işğaldan azad edildi.

Vətən müharibəsində 2783 şəhid verdik, yaralanmış 1245 hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunmaqdadır.

İqtisadçı, millət vəkili Azər Badamov “Yeni Müasavat”a bildirib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daima dövlət qayğısı ilə əhatə olunub: “Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb. 2020-ci ilə qədər olan şəhid ailələrinə birdəfəlik yardım 11000 manat ödənilib, şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Təkcə 2020-ci ildə həmin kateqoriyadan olan insanlara 1500 mənzil və fərdi evin, 400 avtomobilin təqdim olunması nəzərdə tutulub.

Vətən müharibəsində 2783 şəhid vermişik, yaralanmış 1245 hərbi qulluqçumuz tibb müsəsisələrində müalicə olunmaqdadır. Bütün şəhid ailələrinə 11000 manat vəsait ödəniləcək, aylıq 300 manat təqaüdlə təmin olunacaqlar, şəhid ailələri və müharibəsi əlilləri mənzil və ya fərdi evlə təmin olunacaq, əlillik qazanmış qazilər əlillik qrupundan asılı olaraq pensiya ilə təmin olunacaqlar.

Azər Badamov: "Deputat öz dairəsinə heç baş çəkmir"

Vətən müharibəsi əlillərinə avtomobillərlə, müharibədə yaralanmış qazilərin müalicəsi dövlət tərəfindən həyata keçiriləcək, istifadəyə verilmiş reabilitasiya mərkəzlərində əllillərin reabilitasiya olunması, protezlərlə təmin edilməsi və digər məsələlər dövlət hesabına həyata keçiriləcək. Bu kateqoriyadan olan şəxslərin övladlarının təhsil haqqı da dövlət hesabına ödəniləcək. Ümumiyyətlə, Vətən uğrunda canından keçmiş igid oğullarımızın ailələri və qazilərimiz, döyüşçülərimizin sosial problemlərinin həllində dövlət hər zaman onların yanında olacaqdır”.

Fazil Talıbov: "Adında 49 mənzil olan vətəndaşın 190 manata ehtiyacı ola  bilər?!"

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov da danışıb: “Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. İlk növbədə şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat), dəfn xərci (3 min manat) verilir. Həmçinin müharibə əlilləri sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ilə təmin olunurlar.

Həm şəhid ailələri, həm müharibə əlilləri Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət formasında ayda orta hesabla 700 manat məbləğində sosial ödənişlə təmin olunurlar.

Yəni onlara Prezidentin aylıq təqaüdü (müharibə əlilləri üçün 1-ci, 2-ci və 3-cü əlillik dərəcələri üzrə aylıq 210-230-250 manat, şəhid ailələrinə 300 manat) və bu təqaüdlə yanaşı, əmək stajından asılı olaraq pensiya və ya müavinət (orta məbləğ 400 manat) ödənilir. Onu da bildirim ki, onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) də hesablanır.

Eyni zamanda şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə, həmçinin müharibə əlilləri protez və reabilitasiya vasitələri ilə pulsuz təmin edilirlər. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub”.

Qurum rəsmisi onu da bildirib ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər təqdim edilir: “Bu proses ildən-ilə geniş vüsət alır. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Bu il isə dövlət başçısının tapşırığına əsasən bu göstərici rekord səviyyəyə- azı 1500-ə çatdırılır və onlardan artıq 1050-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev verilib. Bu proqram hazırda uğurla davam etdirilir.

Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 ədəd, 2019-cu ildə isə 600 avtomobil verilib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə isə nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 7000-dən çox minik avtomobili ilə təminatı həyata keçirilib”.

F.Talıbov onu da əlavə edib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri, müharibə əlillərinə sosial dəstək üzrə bir sıra istiqamətlər nəzərdə tutulub: “Birincisi, onlar qanunvericlikdə nəzərdə tutulan və bir qədər öncə qeyd etdiyim sosial təminatla, yəni pensiya, müavinət, təqaüdlə təmin edilirlər. Özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işlər daha da genişləndirilir.

Həmçinin ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və bu proqramla əhatə olunmaları üçün bütün müvafiq dəstəyin təmin olunması, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının növbədənkənar cəlb edilməsi, şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün iş yerləri yaradan işəgötürənlər üçün həmin iş yerləri üzrə əməkhaqqının 100%-dək maliyyələşdirilməsi layihəsinin hazırlanması və icrası da dəstək istiqamətləri sırasındadır”.

Nəzərə çatdıraq ki, dekabrın 8-də şəhid ailələri, qazilər və döyüşçülərin sosial problemlərinin, müalicələrinin həllinə dəstək üçün YAŞAT Fondu da yaradılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158269

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930