19 yanvar mitinqi: icra başçılarının Prezidentə sədaqət və xəyanət sınağı

28.01.2019 - 09:10

19 yanvar mitinqi bütün gözləntiləri üstələyərək 2005-ci ildən bu günə qədər keçirilmiş aksiyalrın ən kütləvisi oldu. Belə kəskin sıçrayışlı kəmiyyət artımı cəmiyyətdə artan sosial-siyasi narazılığın miqyasını üzə çıxarmaqla yanaşı, həm də siyasi mübarizə prosesində yeni bir mərhlənin başlamaqda olduğunu göstərir. Öıkədə yaxın zaman üçün rəsmən hər hansı seçki elan olunmasa da siyasi aktivlik seçki mühiti qədər yüksəkdir. Son mitinqdən sonra proseslərə təsir gücü və gündəmi yaratmaq baxımdan müxalifətin estafeti göturdüyü aşkardır. Amma o da bəllidir ki, ən yaxın tariximizdə dəfələrlə belə hallar yaşanıb və müxalifətin bundan da yüksək pik nöqtəsindən düşməsi an məsələsi olub. Güman ki, indi də iqtidar texnoloqları eyni əks həmlə üzərində işləyir və bir müddət sonra bunun işartılarını görəcəyik. Ancaq bu mitinqlə bağlı diqqət çəkən başqa bir məqam da var ki, bunun üzərində hakim komandanın rəhbərliyi ciddi düşünməlidir. Söhbət narazılığın birdən birə bu şəkildə ifadə olunmasından, hətta gündəlik dolanışığında maddi problemlər yaşayan insanların yol xərci çəkərək rayondan Bakıya mitinqə gəlməsidir.
Son aylar prezident İlham Əliyev keçirdiyi müşavirələrdə bir neçə dəfə hakimiyyət komandasındakı problemlərə toxunaraq ayrı-ayrı məmurların özbaşınalığından, dövlət əmlakının mənimsənilməsindən danışıb və sərt cəza tədbirlərinin görüləcəyini deyib. Uzun müddətdir ki, prezidentin öz komandasında ciddi dəyişiklik edəcəyi ilə bağlı mediada müxtəlif səpkidə müzakirələr getsə də, bu dəfə situasiya fərqlidir. Əvvəla, ona görə ki, komandada kadr dəyişikliyinin zəruriliyi barədə indi birinci şəxsin özü anons edir və bu, artıq hansısa mənbənin iddiası deyil. Prezident ayrı-ayrı məmurların rəhbərlik etdiyi nazirliklərin fəaliyyətindən narazılığını açıq dilə gətirir ki, bu da səbəbsiz deyil. Uzun illərdir ki, daxili faktorlar ciddi kadr dəyişikliklərini tormazlayırdı. İqtidarda üst mövqe tutanların “bizə dəysələr, müxalifət hakimiyyəti ələ keçirəcək” kimi arqumentləri daha keçərli deyil. Son müddətdə “ən toxunulmaz” sayılan bir çox nazirlər və icra başçıları bir sərəncamla postundan kənarlaşıb. Son mitinqin kütləviliyində və narazılığın bu şəkildə ifadəsində həmin uğursuz kadrların əməyi kifayət qədərdir. Amma son kadr dəyişiklikləri komandanın tam təmizlənməsi anlamına gəlmir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, 19 yanvar aksiyasında Bakıdan kənar rayonların hər birindən nə qədər şəxs iştirak etdiyi ayrıca təhlil olunub. Məsələn, ilk sıralarda yer alan rayonlardan birinin Salyan rayonu olduğu bəllidir. Yerdə vətəndaşların narazılıqlarını həll etmək, onları dinləmək əvəzinə yenə də problemin üstünü komik üsullarla pərdələyirlər və illərlə general rütbəsi daşıyan, bu gün ölkənin Ali Qanunverici orqanında təmsil olunan, Salyan deputatı Əliağa Hüseynov deyir: “Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Mən bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur, hamı cənab Prezidentin siyasətini dəstəkləyir. Salyan camaatı həmin adamları özləri döyüb qovurlar”. Mitinqdə Salyan rayonundan olan etirazçıların çoxluğu hakimiyyətə nə qədər zərbədirsə, olaya bu təfəkkürlə yanaşmaq ikiqat zərbədir.
Ancaq ortada başqa örnək də var. Məsələn, cumhuriyyet.az-a daxil olan məlumata görə mitinqdə sakinləri minimal şəkildə iştirak edən rayonlar da var ki, bu sırada Bərdə və İsmayıllı rayonları xüsusi seçilir. Bu heç də adı çəkilən rayonların paytaxtdan uzaqda yerləşməsi ilə bağlı deyil. Çünki məlumata görə hər iki rayınla qonşu olan Ağdam və Göyçay rayonlarından mitinqdə iştirak göstəricisi yüksək olub. Demək məsələ məsafədə və bütün ölkə boyu narazılıqda deyil. Yerlərdə təyin olunan icra başçılarının idarəçiliyi və vətəndaşlarla ünsiyyəti mühüm rol oynayır. Bir vaxtlar ölkənin üsyan rayonu kimi tanınan İsmayıllıda icra başçısı Mirdamət Sadıqovun , bölgənin ərazi və əhalicə ən böyük rayonu olan Bərdədə Vidadi İsayevin idarəçiliyi indiki məqamda buna örnəkdir. Bütün bunlar isə heç şübhəsiz yuxarı dairələrdə təhlil olunur. Narazılıqları əvvəlki kimi yönəldəcək müxalifət olmasa da, iqtidardakı düşünən başlar yaxşı anlayır ki, bu sakitlik günlərin birində elə bil kortəbii sosial partlayışla nəticələnə bilər ki, bunun fəsadları çox ağır olar. Bu səbəbdən də illərdir ertələnən ciddi kadr islahatları mütləq həyata keçirilməlidir. Prezidentin son çıxışları da sübut edir ki, dövlət başçısı dəyişikliklərin labüdlüyünü hamıdan yaxşı başa düşür və bunları reallaşdırmağa çalışacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126514

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930