Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinə 180 minlik maşın yaraşır? – FOTOFAKT

28.01.2019 - 21:47

Bugünlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün az qala heç bir məna kəsb etməyən qurumlar var. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi Üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC-yə 140 min manat (!) qiyməti olan 1 ədəd “Toyota Land Kruiser” avtomobili alınıb. Hələ 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı…
Təəssüf ki, bu israfçılıq və dəbdəbə yarışına qoşulanlar sırasında Azərbaycanın Qarbağ və Qərbi Azərbaycan kimi böyük dərdlərinin əsəri olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də var. Komitəyə ötən il 179 min 444 manat qiymətində bir ədəd “BMW 740 Lİ” markalı xidməti avtomobil alınıb. Əslində, bu faktı şərh etməyin özü utancvericidir. Cumhuriyyet.az xatırladır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də faktı rəsmən təsdiqləyib və bildirib ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib və Dövlət Komitəsinə yeni sədr təyin edilib. Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb. İlk baxışda hər şey qaydasındadır.
Xatırladaq ki, ötən il “Qaçqınkom”un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərlik edən Əli Həsənov isə bu komitədə yaratdığı korrupsiya bataqlığı və nəvəsinin təxminən 200 min civarında qiyməti olan maşını ilə şəhərin mərkəzində qaçhaqov oynayanda törətdiyi ağır qəza ilə yadda qaldı. Və hamı da bu maşının alışında “qaçqın pullarının” payı ilə maraqlandı. Əli Həsənovun əvəzinə sədr postuna gətirilən Rövşən Rzayev isə daha çox islahatçı komandanın nümayəndəsi kimi tanınır. Ancaq bu bahalı lüks avtomobildən istifadə edilməsi onun “islahatçı” imicini kölgə altına almış olmurmu? Axı islahat və israfçılıq sözləri zahirən bir-birinə oxşasalar da, mahiyyətcə tamamilə fərqli və bir yerə sığmayan anlayışlardır. Xüsusilə də “Qaçqınkom” kimi missiyası bəlli bir qurumda dəbdəbə, komfort və lüks anlayışları öndə gələ bilərmi? Görəsən, hələ də bir xeyli hissəsi antisanitariyanın tüğyan etdiyi, adi məişət şəraitinin olmadığı yataqxanalarda ağır sosial vəziyyətdə yaşayan insanlarla işləyən bir qurumun rəhbəri az qala 200 min manat qiyməti olan maşına oturmağı özünə necə rəva bilir? Bu avtomobili uzaqdan görən qaçqının ağlına gələn birinci söz “toxun acdan nə xəbəri” deyilmi? Görəsən, ümumiyyətlə “od qiymətinə” olan bu lüks maşının pəncərəsindən əyin-başı və daxmasındakı “var-dövləti” heç onun bir təkərinin qiyməti qədər olmayan qaçqın, həmin qaçqının dərd-səri necə görünür? Axı 180 minlik “BMW” “Qaçqınkom”un nəyinə, harasına yaraşır? Bir sözlə, hamı bilir və “Qaçqınkom”a rəhbərlik edənlər də bilməmiş deyillər ki, bu qurum kefdən yox, əlacsızlıqdan yaradılıb – el-obasından, ev-eşiyindən didərgin düşənlərin dərdinə az da olsa əlac etmək üçün, kimlərəsə lüks həyat tərzi təmin etmək üçün yox…
Prezident seçkilərdən dərhal sonra hakimiyyət sosial sektorlarda dəyişikliklərə getdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Vətəndaşların ən çox narazılıq elədiyi, şikayətlər göndərdiyi, məmur-vətəndaş təmasının tez-tez olduğu sahələrdə islahatlara başlandı. Bu qurumlar Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi idi. Çünki elə gün, həftə olmurdu bu nazirliklərdən prezidentə və mətbuata şikayətlər gəlməsin. Ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklərə getməli oldu. Yeni kadrların fəaliyyət keyfiyyəti haqda danışmaq çətindir.
Bildirək ki, R.Rzayev bu vaxtadək Milli Məclisin deputatı olub. Onun deputat fəaliyyəti boyu da bir çox qalmaqallarda adı hallanıb. ABŞ-a sanksiya müəllifliyindən tutmuş, Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” fikrinədək R.Rzayev bəzi müəmmalı addımlara imza atıb. Yeni “Qaçqınkom” rəhbəri ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda daha bir maraqlı məqama rast gəldik. Milli Məclisin deputatı Rövşən Rzayevin Ermənistan prezidenti Serj Sarqisyanla görüş fotosu yayılıb. Sosial şəbəkələrdə yayılan fotoda R.Rzayev Sarqisyanla əllə görüşür, acınacaqlı hal isə odur ki, düşmən dövlətin prezidenti ilə görüşərkən deputatımız baş əyir. Foto sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb və deputatın ünvanına sərt tənqidlər səsləndirilib.


Fotodan da göründüyü kimi Sarkisyanla görüşdə Azərbaycanın Rusiyadakı səfiri Poald Bülbüloğlu, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi də iştirak edir. Bildiririk ki, fotonun nə zaman, hansı şəraitdə çəkildiyinə, ümumiyyətlə, bu görüşün hansı zəmində baş tutması ilə bağlı suallara, eləcə də düşmən ölkənin prezidentinə baş əyərək görüşmək məsələsinə yalnız R.Rzayevin özü aydınlıq gətirə bilər. O ki qaldı P.Bülbüloğluna.., xatırladaq ki, səfirimiz ermənipərəst mövqeyi ilə mütəmadi olaraq gündəmi zəbt etməkdə davam edir. Xatırladaq ki, R.Rzayev həm də Qarabağ döyüşçüsüdür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930