Xarici İşlər Nazirliyində qalmaqal: Məmmədyarov mövqe savaşında

28.02.2019 - 01:28

Diplomatik mənbələrdən Azərbaycanın xarici işlər nazirliyi daxilində gedən son proseslərlə bağlı cumhuriyyet.az-a yeni məlumatlar daxil olub. Bildirilir ki, XİN-i nəzarətə götürmək uğrunda klanlararası çəkişmə son həddə çatıb. 1997-ci ildən nazir müavini olan Xələf Xələfov XİN-dən uzaqlaşıdırlaraq nazirlər kabinetinin aparat rəhbəri vəzifəsinə göndərilib.
Baş verənlərlə bağlı cumhuriyyet.az-ın elektron poçtuna yazan mənbə bildirir ki, digər nazir müavini, hakimiyyətdəki başqa bir rəqib qruplaşmanın kadrı Nadir Hüseynovun da səlahiyyətləri azaldılıb. Uzun müddət onun tabeçiliyində olan, XİN-in kadlrar idarəsi ilə yanaşı digər əsas korrupsiya yuvası sayılan konsulluq idarəsi Hüseynovdan alınıb. Bundan əvvəl isə konsulluq idarəsinin rəhbər şəxslərinin vəzifələrindən kənarlaşdırılaraq Nadiq Hüseynovun nəzarətindəki şəxslərdən təmizləndiyi barədə xəbər verilmişdi. Huseynovun rəhbərliyi altındakı informasiya idarəsinin də ləğv edilərək XİN-in mətbuat xidmətinə birləşdiriləcəyi də gələn xəbərlər sırasındadır. Bu idarənin rəisinin Nadir Hüseynovun qaynı Cavanşir Məmmədov olduğu bildirilir. Beləliklə əvvəllər geniş səlahiyyətləri, nazirlikdə iki kabineti olan Nadir Hüseynovun əlində heç bir əhəmiyyəti olmayan tərcümə, arxiv kimi idarələr saxlanılır.
Konsulluq idarəsi isə xüsusi tapşırıqlar üzrə səfirlərdən birinin kurasiyasına verilib. Həmin şəxsin Azərbaycanın Misirdə və Türkiyədə səfiri olmuş Faiq Bağırov olduğu bildirilir. İddialara əsasən bu şəxsin nazir Elmar Məmmədyarova yaxın olduğu, onun 2005-ci ildə Misirə səfir göndərilməsinə də nazirin kömək etdiyi bildirilir. Hər iki şəxsin Rusiya ilə bağlılğı da iddialar sırasındadır. Bu arada cumhuriyyet.az olaraq xatırladaq ki, mediada Azərbaycanın xarici işlər nazirliyinin keçmiş sovet və Rusiya hakimiyyət orqanları ilə bağlı çox sayda şəxslışərin nəzarətində olması haqqında məlumatlar, iddialar səsləndirilmişdi. İndiki nazir Elmar Məmmədyarovun Rusiyaya ilə yaxın münasibətləri, Azərbaycanın BMT-dəki keçmiş nümayəndəsi Eldar Quliyevin rəhbərliyi altında nümayəndəlikdə birinci katib vəzifəsi tutması, qardaşının Rusiya vətəndaşı olması faktları da mövcuddur.
Başqa bir xəbərə görə uzun illər nazirliyin kadrlar idarəsinin rəisi olmuş Elmira Sarıcalinskya yaşı ilə bağlı təqaüdə göndərilib. Xatırladaq ki, Sarıcalinskaya xarici işlər nazirliyində korrupsiya qalmaqallarında adı ən çox hallandırılan şəxslərdən biridir. O, 90-cı illərdən, Həsən Həsənovun Azərbaycanın xarici işlər olduğu vaxtdan bu vəzifəni tuturdu. Üst-üstə üç naziri-Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyevi “yola salmış” Elmira Sarıcalinskaya XİN-də işə qəbulun, vəzifə təyinatlarının əsas təşkilatçılarından və icraçılarından olub. Onun hakimiyyətdə yüksək vəzifə tutan şəxslərlə qohumluq əlaqələri uzun müddət XİN-də rüşvət, qiymətli hədiyyələr və digər təminatlar müqabilində işə götürmə, vəzifələrə irəli çəkmə və yerdəyişmə kimi qanunsuz əməlləri cəzasız törətməsinə imkan verib. 79 yaşlı Sarıcalinskayanın həyat yoldaşı Tofiq Sarıcalinski baş nazirin köməkçisi vəzfəsindədir. Qudası Oqtay Şahbazov isə president administrasiyası işlər idarəsinin müdiridir. Onun oğlu, yəni Sarıcalinskayanın kürəkəni Pərviz Şahbazov əvvəllər Azərbaycanın Almaniyadakı səfiri olub. Hazırda isə Azərbaycanın energetika naziri vəzifəsini daşıyır. Digər kürəkəni Fərid Abdinbəyov bu yaxınlara qədər Azərbaycanın Rumıniyadakı səfiri idi. Mətbuatda Fərid Abdinbəyovun Xocalı faciəsinin ildönümü günü Rumıniyada mərasim tədbirində iştirak etmək əvəzinə yerli bir vətəndaşla avtomobil qəzası keçirdiyi barədə məlumatlar yayılmışdı. Beləliklə, Sarıcalinskyanın kifayət qədər yüksək postlar tutan şəxslərlə qohumluq əlaqələri tam aydın olur. Məhz bu qohumluqlar sayəsində o, nəinki 30 ilə yaxın qanunsuz işlərlə məşğul olduğu vəzifəsində duruş gətirib, həmçinin öz kürəkənlərinin də səfir olmalarını təmin edib.
Nazirlik daxilində baş verənlər haqda cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, kadrlar idarəsinin rəisi vəzifəsinə, Elmira Sarıcalinskayanın yerinə isə Azərbyacanın Yaponiyadakı keçmiş səfiri, əvvəllər E.Məmmədyarovun köməkçisi vəzifəsini tutmuş Gürsel İsmayılzadə təyin olunub. Onun xaraktercə zəif, yeni təyin edildiyi vəzifə üçün isə təcrübəsiz bir şəxs olduğu deyilir. Bu səbələrdən də İsmayılzadənin kadrlar idarəsində Sarıcalinskayadan qalma, uzun illər kök atmış korrupsiya ənənəsini aradan qaldıra biləcəyi real hesab edilmir. Təyinatın sadəcə kadr məsələsinin Elmar Məmmədyarovun birbaşa səlahiyyətinə keçirilərək nəzarətinin güclənidirilməsi məqsədi daşıdığı hesab edilir. Formal səbəb olaraq yaş həddi göstərilsə də, Elmira Sarıcalinskayanın XİN daxilində səlahiyyət və güc davası nəticəsində vəzifəsindən kənarlaşdırıldığı bildirilir. Hesab edilir ki, hakimiyyətdəki bir qruplaşma XİN-də nəzarəti tam ələ keçirmək üçün süni şəkildə indiki xarici işlər naziri Elmar Məmmədyarovun mövqelərini gücləndirir.
Adının çəkilməsini istəməyən diplomatlardan birinin mövqeyinə görə Dağlıq Qarabağ münaqişəsi və digər həyati dərəcədə vacib xarici siyasət məsələlərinin həlli üzrə fəaliyyət göstərməli olan XİN-i vəzifəyə təyin edildiyi 15 il ərzində yerlə-yeksan edərək Rusiya XİN-in bir idarəsi səviyyəsinə gətirib çixaran Elmar Məmmədyarov digər klanlarla mübarizədə qələbə çaldığını düşünə bilər. Lakin üzdə xeyrinə görünən bu kadr dəyişikliklərinə baxmayaraq uzun müddətdir ki, XİN-i korrupsiya və qalmaqallar bataqlığına salmış bu şəxsin də vəzifəsində bundan sonra çox qalacağı ehtimal edilmir. Bəzi müşahidəçilər hakimiyyətdəki qruplaşmanın birinin onun əli ilə nazirliyi özü üçün arzuolunmaz elementlərdən təmizlədikdən sonra xarici işlər naziri postuna başqa bir şəxsi gətirməyi hədəflədiyini düşünürlər.
İstənilən halda, XİN-in artıq bir neçə ildir qalmaqallardan, korrupsiya ittihamlarından və daxili çəkişmələrdən yaxa qurtara bilmədiyi ortadadır. Vəziyyət o həddədir ki, nazirlikdəki rəqib qruplaşmaların bir-birlərindən mətbuata xəbər ötürmələri adi hal alıb. Sonuncu dəfə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun şərab biznesi ilə bağlı atası Abel Məhərrəmovun XİN-ə gələrək narazılıq etməsi ilə bağlı məlumat nazirlik daxilindən birbaşa Meydan TV-yə göndərilmişdi. Sonuncu qalmaqal isə başqa bir XİN diplomatı Elşad İskəndərovun Türkiyəyə buraxılmaması ilə bağlı türk mediasında ortaya çıxdı. XİN-in mətbuat xidməti bunu təkzib etsə də ortada ciddi suallar qalmaqdadır.
Ən son verilən məlumatda isə XİN-lə bağlı daha bir qalmaqallı məsələ barədə media araşdırması getməkdədir. Bununla bağlı yaxın vaxtlarda geniş yazının dərc ediləcəyi gözlənilir. Ümumilikdə hadisələrin gedişi dövlətin ən həssas, strateji qurumlarından sayılan, xarici işlər nazirliyinin neçə illərdir davam edən böhran vəziyyətindən çıxacağı vaxtın tezliklə gəlməyəcəyini göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031