Vətən müharibəsində partiyalar nə edir – YAP və digər təşkilatlardan açıqlamalar…

05.11.2020 - 10:17

Ölkənin siyasi qüvvələri bütün fəaliyyətini Orduya və dövlətə dəstəyə fokuslayıb; iqtidar-müxalifət anlayışı qalmayıb

 

40 günə yaxındır ki, Azərbaycanda siyasi təşkilatlar Vətən müharibəsinə kökləniblər və fəaliyyətləri bu istiqamətdə fokuslanıb.

Ölkənin istər müxalif, istərsə iqtidaryönlü partiyaları siyasi fəaliyyətlərini dondurublar, dövlətin, Ordunun yanında olduqlarını elan ediblər.

 

“Yeni Müsavat” xəbər verir ki, son olaraq Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu məsələyə toxunub.

 

İ.Qəmbər onlayn televiziyalardan birinə verdiyi müsahibəsində xatırladıb ki, sözümüz sözdür, müharibə şəraitində iqtidar-müxalifət rəqabəti, siyasi çəkişmələr müzakirə mövzusu belə ola bilməz.

İsa Qəmbər: "Müsavatda heç vaxt saxta sənəd söhbəti olmayıb, bitdi!", Sual  vaxtı - BBC News Azərbaycanca

 İsa Qəmbər 

Hazırda bütün diqqət hərb meydanına yönəlib, siyasi qüvvələrin də missiyası düşmənə informasiya müharibəsində üstün gəlmək üçün dövlətə dəstək vermək olmalıdır.

Əslində döyüşlərdən əvvəl də siyasi təşkilatlar passiv fəaliyyət göstərirdilər. Pandemiya səbəbindən onların işi məhdudlaşmışdı.

İndi isə müharibə gedir və partiyaların işi hökumətin fəaliyyətini təftiş etmək, toplantılar keçirmək, iqtidarla mübarizə aparmaq olmamalıdır.

Aydın Mirzəzadə: "Prezident istənilən ciddi məsələni daim nəzarətdə  saxlayır və bunun qarşısının alınması üçün addımlar atır" - Sonxeber.net

 Aydın Mirzəzadə

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, siyasi partiyaların müharibə şəraitində fəaliyyətini dondurmasına ehtiyac yoxdur.

Onun fikrincə, siyasi rəqabət aparmaq ayrı məsələdir, lakin partiyaların dövlətə və Orduya dəstək işində iştirakı olmalıdır.

A.Mirzəzadə qeyd etdi ki, hazırda hakim partiya fəaliyyətini davam etdirir, partiyanın lideri, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, onun çıxışlarından irəli gələn müddəaları cəmiyyətin hər üzvünə çatdırmaqda fəallıq göstərir.

YAP funksioneri məlumat verdi ki, partiyanın üzvləri sosial şəbəkələrdə və beynəlxalq aləmdə Dağlıq Qarabağla bağlı dürüst informasiyaların yayılmasında aktiv iştirak edirlər, xüsusən gənclər fəallığı ilə seçilirlər: “Son iki-üç həftədə isə dünyanın 800-dən çox tanınmış ictimai-siyasi xadimlərinə, incəsənət adamlarına elekton məktublar göndərmişik, onları Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırırıq.

Ona görə bu gün iqtidar-müxalifət anlayışı yoxdur, xalq və dövlət var. Bu siyasətin hamı tərəfindən qəbul edilməsində Prezidentin iradəsini qeyd etmək lazımdır”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Əhəd Məmmədli 

AĞ Partiya sədrinin birinci müavini Əhəd Məmmədli da vurğuladı ki, təşkilat müxalif fəaliyyətini dondurub. Onun sözlərinə görə, belə də olmalıydı, müharibə vaxtı iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır: “Hər gün qərargahda oluruq, cəbhə xəttindən xəbərləri izləyirik, fikir mübadiləsi aparırıq, informasiya savaşında dövlətə dəstək veririk.

Fəaliyyətimiz yalnız Ordunun yanında olmaqdan ibarətdir və torpaqlarımız düşmən tapdağından tamamilə azad edilməlidir.

Eyni zamanda partiya olaraq hərbçilərimizə yardımlar çatdırmışıq, zəruri ehtiyaclar olan – corab, papaq və sair ləvazimatlar yollamışıq.

Hər bir azərbaycanlının gözü cəbhədədir və Ordumuzdan şad xəbərlər eşitmək istəyirik. Belə vəziyyətdə hər hansı siyasi fəaliyyət ola bilməz”.

Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi FOTO -  Azinforum.az İnformasiya Portalı

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, müharibənin aktiv fazaya daxil olduğu 27 sentyabrda Siyasi Şura təcili toplanıb, partiya daxilində fövqəladə vəziyyətə keçirilməsi qərara alınıb.

A.Əlizadə qeyd etdi ki, yerli təşkilatlara da bu haqda məlumat verilib, ayıq-sayıq olmaları, hər hansı şübhəli şəxs gördükdə, təxribat hiss etdikdə dövlət orqanlarına məlumat vermələri tövsiyə edilib.

AMİP sədri bildirdi ki, partiya bəyanatla çıxış edib, Orduya və dövlətə dəstək olacağını, fəaliyyətini bu istiqamətdə quracağını elan edib. Onun fikrincə, hazırkı şəraitdə digər siyasi fəaliyyət məqbul deyil:

“Biz cəbhə xəttinə yaxın bölgələrdəki yerli təşkilatlarımıza tapşırıq vermişik, Orduya, cəbhəyanı ərazilərdə yaşayan insanlara nə kömək lazımdırsa bizə bildirsinlər. Eyni zamanda partiyamızdan Ordumuzda sıravi döyüşçülər də var”.

AMİP sədri söylədi ki, beynəlxalq əlaqələri işə salaraq əməkdaşlıq etdikləri ölkələrin siyasi təşkilatlarına müharibə haqda məlumat verirlər:

“Avropa Xalq Partiyasına və başqa aparıcı təşkilatlara BMT qətnamələrinin icra olunmaması barədə məlumatlar göndəririk.

Həmçinin cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərimizin, mülki obyektlərin, uşaqların, yaşlıların hədəfə alınması barədə məsələləri gündəmə gətiririk. Onlara çağırış edirik ki, təmsil olunduqları ölkələrin hökumətlərinə bu məlumatları çatdırsınlar, Ermənistana təzyiq göstərilməsinə nail olsunlar”.

Xəzər Teyyublu da İctimai Palatanın zamanının bitdiyini deyir

Xəzər Teyyublu

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu partiyanın fəaliyyətinin Vətən müharibəsinə dəstəkdən ibarət olduğunu açıqladı.

Onun sözlərinə görə, həftədə bir dəfə toplantı olur: “İdarə Heyətində müzakirələr aparılır, müharibə ilə bağlı dəyərləndirmələr olur.

Pandemiya səbəbindən karantin şərtlərini nəzərə alaraq, geniş iclaslar, kütləvi yığıncaqlar təşkil etmirik. Sadəcə, İdarə Heyəti səviyyəsində müzakirələrimiz olur”.

X.Teyyublu Ordudan daha böyük müjdələr gözlədiklərini əlavə etdi: “Partiyamızın bütün fəaliyyəti Orduya dəstəyə yönəlikdir.

Tezliklə Şuşa və Xankəndindən şad xəbərlər gözləyirik. Hamımız üçün siyasət də, mübarizə də, savaş da Vətən müharibəsidir”.

KXCP funksioneri qeyd etdi ki, partiya üzvləri informasiya müharibəsində dəstəyini əsirgəmir, xarici dil bilən cəbhəçilər Qarabağ həqiqətlərini yazırlar:

“Siyasi partiyalar mövqeyindən asılı olmayaraq bu gün Azərbaycanın qəhrəman Ordusunun və dövlətin yanında olmalıdır”.

Qeyd edək ki, 50 siyasi partiya rəhbərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilmişdi.

Siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156890

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30