Hamını öz ağlınızla ölçməyin! – Sabir Rüstəmxanlıdan böhtanlara sətr cavab

16.08.2021 - 14:48

Azad İran Beynəlxalq Konfransına onlayn qatılmağım və çıxışım həm İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və anındaca sosial mediada bu işlərdən çox uzaq olan, lakin  mənə hücum üçün bəhanə gəzən adamların dedi-qodu kompaniyasının ağzı açılıb

İranda son prezident seçkilərinə həsr olunmuş bu konfransı İran Xalq Mücahidləri təşkilatı keçirirdi və 50 mindən çox qatılımçısı var idi.

Bir yandan İran Xarici İşlər nazirliyi Azərbaycan Xarici İşlər nazirliyinə nota göndərib, mənim İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakıma və çıxışıma  etirazını bildirir; bunu İranın daxili işlərinə qarışmaq hesab edir.  Başqa bir yandan da İsveçdə yaşayan köhnə tanışımız Eldar Qaradağlının İranın Xarici İşlər nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən yazılmış statusu yayılır. İstər-istəməz bir sual yaranır: xeyir olsun, bunlar haçandan belə anlaşıblar?

Qaradağlı “Sabir Rüstəmxanlı İran Xalq Mücahidlərindən pulmu alıb?” adlı statusunda yazır: “Rüstəmxanlı danışığında Xalq Mücahidlərinin lideri “Xanım Rəcəvi”ni çoxlu tərif təmcid edib və bu təşkilatı öyüb. O deyib “İran xalqı” çox böyük və tarixi bir xalqdır və Məryəm Rəcəvi 80 milyonluq İran xalqının yükünü tək başına çəkir. O eləcə də Xalq Mücahidlərinin “Təbrizdəki üzvləri” adına Məryəm Rəcəviyə salam göndərib və daha bir çox heyrətləndirən  sözlər.”

Birincisi, mən Xanım Rəcəviyə və təşkilata tərif deməmişəm, konfransın açılışını təbrik etmiş və bu təşkilatın Paris qurultayındakı görüşümüzü xatırlatmışam. Bu, öymək sayılmaz, adi nəzakət qaydasıdır. İkincisi, kim deyir ki, “İran xalqı” ifadəsi ilə biz yalnız farsları nəzərdə tuturuq və başqa xalqları, o cümlədən Azərbaycan türklərini unuduruq. Belə uydurma heç mənim illər uzunu yazdığım yazılardan, o cümlədən İranın  dini rəhbəri ayətulla Seyid Əli Xameneiyə açıq məktubumdan xəbərsizlərin də ağlına gəlməz. Əksinə, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Əhməd Ağaoğlu da daxil olmaqla, bütün böyüklərimiz İran xalqı deyəndə, əsasən İran türklərini nəzərdə tutublar. İran xalqı, İran əhalisi ifadələri oradakı xalqları unutdurmur. Üçüncüsü, konfransın işinə xeyir-dua verməyimi rica edənlərlə danışanda otağımda  Bakıda yaşayan və yanıma başqa xahişlə gələn iki güneyli  dostumuz da var idi. Onların da salamını çatdırmaq “Təbrizin adından” danışmaq demək deyildir. Dördüncüsü, söhbət İrandakı prezident seçkilərindən gedirdi və mən  80 milyon əhalisi olan dövlətin keçmişdə bir çox qətllərdə əli olan birisinə  tapşırılmasının yanlış olduğunu dilə gətirmişəm. Bu, “80 milyonluq İranın yükü Xanım Rəcəvini  çiynindədir”  demək deyildir. Nəhayət “tarixi xalq” kimi əndrəbadi ifadə də Qaradağlının öz leksikonundandır, mən belə söz işlətmərəm.

Çıxışımın əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd etmişəm.

Telefonla görüntülü danışığın farscaya necə çevildiyini, hansı sözümün verilib, hansının ixtisar edildiyini bilmirəm, lakin  azərbaycanca mətn qısaldılsa da, yenə dediklərimi təsdiq edir.

Qaradağlı iddia edir ki, mənim sözlərim Güney Azərbaycan  milli mübarizəsi ilə tanış olan hər kəsi heyrətə salıb. O boyda yazısında bircə bunu düz deyir. Amma baxaq mənim sözlərim kimi necə heyrətə salıb?

Bu çıxışdan sonra Təbrizdən, Türkiyədən, Avropadan- tanıdığım-tanımadığım adamlardan elektron məktublar aldım. Görək çoxdan İsveçdə yaşayan Eldardan fərqli olaraq  təbrizli qardaşımız mənim çıxışım haqqında nə yazır:

“Əziz qardaşım, əziz ustad! Toplantıda iştirak etdiyinizə və mükəmməl nitqinizə görə sizə təşəkkür etmək istədim.   Çıxışınız fars. ərəb, ingilis dilləri daxil olmaqla bir neçə dilə tərcümə edildi və İran xalqı Azərbaycan dilindəki orijinalını eşitdi.”

Başqa bir göndəridə yazılır:“ Cənab Sabir! Sizi tənqid etdilər. Bu, İranın dini rejimi ilə bütün kompromislərin metodudur. Təbrizlilər sizin yaxın dostlarınızdır. Döyüşçü olduğunuzu sübut etdiniz. Sizi dəstəkləyirik və bizim arxamızda olmağınıza ehtiyacımız var.“

Təbriz adından danışan bunlardır… Lakin hər gün qapımı döyən və məndən yardım uman güneylilər adından danışmaq həm də mənim boynuma düşür. On illərdir onların köməyinə çatıram, onlar üçün qeyri-rəsmi konsulluq işi görürəm,  amma günün birində Qaradağlıkimilər deyirlər ki, bizim adımızdan danışma.  Unutmayıbsa, Eldarın özü də müəyyən işləri üçün mənə müraciət edənlərdən biridir. Bəs o zaman niyə demirdi “kim sənə ixtiyar verib Təbriz adından danışasan?” Görəsən təmənnasız gördüyüm bu işlərə görə mənə “sağ ol” demək əvəzinə əlimizi işdən soyutmağa çalışanların məqsədi nədir? Güneyi onlar çox istəyir, yoxsa biz?  Höteborqlu Güneyə yaxındır, yoxsa evi Savalanla üz-üzə olan?

Qaradağlının atdığı ən ağır və əslində tam gülünc böhtan yazısının başlığıdır. O gərək  bu böhtanı dilinə gətirəndə xəcalət çəkəydi. Məni illərlə tanıyan, yaşlı-başlı bir adamın  belə yalan  danışmaq cəsarətinə heyrətləndim. Bu nə ağıl, nə təfəkkür, nə qarayaxma ehtirasıdır, anlamaq olmur. Millət  yoluna könül verən insan pul-para düşünməz! Nə qədər sadəlövh və dünyadan xəbərsiz olmalısan ki, mücahidlərin ABŞ konqresmenlərinə münasibətləri ilə bizlərə münasibətini eyniləşdirəsən. Bu böhtan mollaların tərbiyəsinə bağlı, tamam ayrı bir əxlaqdan və həyat tərzindən gəlir, bizə yapışmaz.

Onu və onun kimiləri yaxşı tanıyan təbrizlilər bu böhtana da dəqiq cavab veriblər:

“Azad İran Beynəlxalq Konfransına qatıldığınız üçün sizə təşəkkür etmək istərdim, yaxşı işlərin, cəsarətli mövqelərin və haqqın müdafiəçisinin daima tənqidlərlə müşaiyət olunduğunu bilirik. Bu işə laqeyd yanaşanların çoxu qorxudan və ya  iqtisadi maraqları naminə susan , mollaların sakitləşdirdiyi adamlardır, özlərini tənqid etmək əvəzinə, öz mənfəətləri və maraqları üçün sizi tənqid edirlər. Buna görə də Azərbaycanda apardığınız  mübarizə tarixi bütün qəhrəman Azərbaycan xalqı üçün qürur yeridir.”

Təşəkkür edirəm, bu sözləri yazan güneyli qardaşıma! Məsələnin mahiyyətini və Qaradağlının böhtanının məqsədini gözəl şərh edib.

Onu da deyim ki, mənim və həmsədri olduğum Dünya Azərbaycanlıları Konresinin mücahidlərlə heç bir anlaşması, əməkdaşlıq öhtəliyi, iş birliyi yoxdur. Ancaq onun  İranın indiki molla rejiminə müxalif olan, bu rejimlə mübarizə aparan və kifayət qədər gücü olan, təşkilatlanmış bir qurum olduğunu bilirik.  DAK İranın digər xalqlarının müxalif təşkilatları ilə maraqlananda və onlarla görüşlər ayarlayanda mücahidlərin  Paris ətrafında keçirilən bir qurultaylarına dəvət almışdım və  İdarə Heyəti ilə məsləhətləşib o qurultaya getmişdim. Həmin səfərdə mücahidləri az-çox tanımaq imkanım oldu.  Təşkilatda Azərbaycan türklərinin mövqeyi, nüfuzu mənə xoş gəldi,  Vətənlərinin şimalından gəlmiş bir millət vəkilinin hər sözünü, hər hərəkətini necə diqqətlə izlədikləri də gözümdən yayınmadı.  Xalq Mücahidlərinin lideri, əslən Qacar nəslindən olan Xanım Rəcəvinin iştirakı ilə keçirilən bir görüşdə həm DAK-ın, həm öz mövqeyimi açıq dedim: “İran çoxmillətli ölkədir, hakimiyyətə kim gəlir gəlsin, İran xalqlarının , o cümlədən İranın ən böyük xalqı olan türklərin haqqı tanınmalıdır. İranda hakimiyyət iddiasında olan hər bir qurum bunu bilməlidir. Başqa cür düşünənlərin, farsçılıq siyasəti aparanların ilk düşməni mənəm və bu məclisdə oturmuşam”  Bununla demək istəyirəm ki, hər hansı məclisdə iştirak etmək öz mövqeyini dəyişmək deyil.

Güneyli dostlarımdan biri  məlumat üçün   mücahidlərin liderinin çıxışından aşğıdakı sözləri də göndərmişdi mənə: “ Velayet-e  Feqihin dini diktaturası devrilməlidir. Bizim öhdəliyimiz- din və dövlətin ayrılması, kişilərlə qadınlar arasında bərabərlik, məzlum millətlərin muxtariyyəti və nüvə olmayacaq azad bir  İran, demokratik bir respublika!”

Təbii ki, hər şüara inanmaq olmaz, lakin bu gün bu şüarları dildə də olsa dünyaya bəyan edən, rejimə qarşı mübarizə aparan, güclü dövlətlərdə lobbiçilik fəaliyyəti quran, İran hakimiyətinin əsas alternativlərindən biri kimi tanınan bir təşkilatın konfransını təbrikə mənasız quyruqlar qoşmaq hərəkatdan kənarda öz balaca gölməçəsində çabalamaqdan başqa  bir şey deyildir.

Güney Azərbaycanın gələcəyini düşünən, bu yolda mübarizə aparan adam ölkənin başqa müxalifçilərindən xəbərsiz, onlardan təcrid olunaraq necə çalışa bilər? Özün ciddi bir təşkilat qurma, xalqına aydın bir yol göstərmə, gələcəklə bağlı heç bir proqramın olmasın, başqalarını da bəyənmə, heç kimlə dialoq qurma, onda sən nə istəyirsən və işinin adı nədir?

Mücahidlər irançıdır deyə onların iclasına qatılmaqla mən də İran xalqlarının haqlarını, Güney Azərbaycanı unutdummu?  Yolumuz fərqli olsa da hər halda heç kimin varlığını danmaq olmaz. Sən  bir müstəqil  Azərbaycan təşkiatı kimi ortada olmasan, olanları da parçalamağa can atsan, bəyəndin-bəyənmədin, İran kökənli başqa təşkilatlarla  danışmasan, heç kimin mövqeyinə münasibət bildirməsən, çeşidli kürsülərindən çıxış eləyib sözünü deməsən, onlara  Güney Azərbaycanlıların haqlarını və istəyini çatdırmasan onda sənin “milli fəal”lığın harda qalır  və gələcəkdə  öz xalqının haqqını, torpağını, dilini necə qoruyacaqsan?  Mücahidlərin məclisində mən bunu eləmişəm. Öz evində sıxılıb qalmaq günahdır, yoxsa rəqib meydançasından çəkinmədən oyuna girmək? Hətta düşmən saydığınla da dialoqa girmək olar. Əsas sənin öz mövqeyini qorumağın və  çatdıra bilməyindir. Mən DAK həmsədri olaraq 20 ildən artıqdır bu işlə məşğulam və görüşlərimin qitələri və beynəlxalq qurumları əhatə edən geniş coğrafiyasını da bilənlər çoxdur.

Qaradağlı hansı səlahiyyətlə, hansı haqla mənə sual verib cavab istəyir? Güya mən haradasa çıxış eləyəndə ondan icazəmi almalı idim?! Deyək ki, DAK İdarə Heyətinin köhnə bir üzvü kimi, tanış kimi mənə ərk edir, bu hadisəylə maraqlanır, onda hansı haqla yalan danışır və böhtan atır?

Nəhayət onu da deyim ki. biz həmişə  İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olmuşuq.   Azərbaycan dövlətinin rəsmi siyasəti  İranın daxili işlərinə qarışmamaqdır.  Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə “şiə qardaş” deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist reşiminin siyasi alətindən başqa bir şey deyildir. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda Türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağılamaq , haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?

İndi mən İranın Xarici İşlər nazirliyindən soruşuram: Qırx milyom türkü assimlə etmək, dilsiz, məktəbsiz, hüquqsuz qoymaq İranın daxili işidir? Biz onları müqaviləylə farslara girov verməmişik.   Min illər boyu  yanaşı yaşayırlar, niyə Türkün olan hər şey farsın adına çıxılmalıdır? Bu məsələlər İranın daxili işidir?

Mən şəxsən İrana  qonşu kimi yox, neçə min ildən bəri, farslardan da öncə, türklərə vətən olmuş öz yurdum. öz dövlətim kimi baxıram, Əfqanıstanın, İraqın, Liviynın, Suriyanın acı taleyini görəndən  sonra heç vaxt İranın müharibə meydanına çeyrilməsini, qonşuluğumuzda demokratiya adına qanlı toqquşmaların baş verməsini istəməmişəm.  Buna baxmayaraq İran  dəyişilməlidir. Dövlət bunu bacarmasa xalq bacaracaq!  Ancaq bu məsələ ayrı bir yazının mövzusudur.

Vətəndə və Avropada yaşayan Güneyli dostlarım çox yaxşı bilirlər ki, təşkilatlana bilməməyimizə tənqidi yanaşmağım hərəkatımıza olan bağlılığımdan, onlara olan sevgimdəndir.  Özümü heç vaxt güneydən ayırmamışam.

Xaricdə yaşayan və otuz ildən bəri tanıdığım hörmətli güneyli dostlarım  illər uzunu bir-birini ittiham edə-edə normal bir təşkilat qura bilməyiblər. Bu gün yığışıb sabah dağılılar. Güney Azərbaycanın bir müdrik ağsaqqalına bu barədə gileylənəndə mənə, “onlara qoşulma, heyifsən, çürüdərlər səni, sən öz işini gör!” demişdi. Söz yox  bunu deyəndə təşkilatlanmaq iddiasında olan, yaxşı tanıdığı  bir qrup adamı nəzərdə tuturdu.  Allah ona rəhmət eləsin! Sözünə baxmadım. “Bu milli mübarizdir, mən bu yola ayrı-ayrı adamlara  görə yox, xalqımıza, Vətənimizə görə qatılmışam!”-demişdim.

İndi bu yazını yazarkən yenə o ağsaqqalın sözü yadıma düşür. Təəssüf ki, qarşıllıqlı inamsızlıq, biri-birini çürütmək az qala bir milli xəstəliyə çevrilib və  bu, millətimizin gələcəyi naminə  təşkilatlanmağımıza, bir araya gəlməyimizə, yolumuzu aydın bəlirləməyimizə mane olur…Tarixdən dərs almaq vaxtıdır.

Sabir Rüstəmxanlı

Millət vəkili, Xalq şairi

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166041

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930