Dollardan “ayrılan” rubl…-“Rus pulu” Çin Kommunist Partiyasının qərarlarından asılı olacaq

14.06.2024 - 15:41

Artıq xəbər verildiyi kimi, iyunun 12-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Bu dəfəki sanksiyalar çərçivəsində Moskva birjasına məhdudiyyətlər qoyuldu və bununla da onun dollar və avro ilə ticarət imkanları qapadıldı. Bu isə Rusiyanın valyuta bazarında ajiotaj yaradaraq, ABŞ dollarının və avronun kəskin bahalaşmasına səbəb oldu. Hazırda məzənnənin nisbətən sabitləşdiyi bildirilsə də, açıq qalan xeyli suallar var…

Əksər mütəxəssislər əmindirlər ki, Rusiya Mərkəzi Bankı vəziyyəti düzəltməyə nail olacaq. Lakin bunun özünü iqtisadiyyatdakı müxtəlif proseslərin qeyri-sabitliyində ifadə edəcəyi heç bir şübhə doğurmur. Həmçinin, bu baş verənlər rublun konvertasiyası sahəsində böyük bir geriyə addım sayılır. Beləliklə də Rusiya iqtisadiyyatında, maliyyə bazarlarında bir növ 1990-cı illərə qayıdış və eyni zamanda da, müasir İranın vəziyyətinə doğru daha bir “sıçrayış” baş verir.

Məlum məsələdir ki, hazırkı ajiotaja rəğmən, yaxın gələcəkdə rublun məzənnəsi sabitləşəcək, çünki Rusiya Mərkəzi Bankının bunun üçün kifayət qədər alətləri var. Qismən bu, artıq baş verib – Rusiya Bankının iyunun 13-də rəsmi məzənnənin hesablanmasının yeni metodu ilə bağlı bəyanatı fonunda rubl qismən də olsa əvvəlki mövqelərinə qayıdıb.

Mərkəzi Bank qeyd edib ki, Rusiyada dollar və avro ilə birjadankənar ticarət davam edib və ən böyük bankların gündəlik hesabatlarına əsasən, Mərkəzi Bank “sabah üçün” orta məzənnəni təyin edəcək.

 

Lakin yeni sanksiyaların ciddi geosiyasi nəticəsi də var. Bu, ondan ibarətdir ki, Rusiyanın Çindən asılılığı daha da artdı. Rusiya Mərkəzi Bankı rəsmən elan etdi ki, valyuta bazarı iştirakçıları üçün əsas istinad nöqtəsi Çin yuanının məzənnəsi olacaq! Təsadüfi deyil ki, artıq yuanın Moskva birja ticarətindəki payı 54% təşkil edib.

Yaxın gələcəkdə bu rəqəmin 75%-ə yüksələcəyi proqnozlaşdırılır. Lakin bu gedişat Çin bankları üçün də təhlükə yaradır. Ona görə də iri Çin banklarının bu cür əməliyyatlarda iştirak edəcəyi şübhəli görünür. Çin tərəfi bu sxemdə ikiqat sanksiyalar zamanı qurban verilə biləcək kiçik banklardan istifadə etməyə məcbur qalacaq.

İstənilən halda, əsrlər boyu ədəbiyyatından elminə, incəsənətindən iqtisadiyyatına qədər Avropaya köklənən Rusiya üzünü tamamilə əks istiqamətə, əks sivilizasiyaya tutmaq məcburiyyətində qalıb. Bu məcburiyyət artıq tam asılılıq şəklini almaqdadır. Statistika budur ki, müharibə başlayanda Rusiyada yuanla ixrac ümumi ixracın 0,5 faizini təşkil edirdisə, indi hələ yeni sanksiyalardan əvvəl bu rəqəm 40,5 faiz təşkil edib. Aydındır ki, tezliklə daha da yüksək olacaq.

Beləliklə, Rusiya Mərkəzi Bankı rəsmən elan edir ki, Rusiya rublunun məzənnəsi yuana bağlı olacaq. Yəni, yuanın dollara nisbətdə məzənnəsi əsas götürüləcək, rublun da həmin məzənnəyə uyğun olaraq dollar və avro məzənnəsi müəyyənləşəcək. Ancaq yuan tam konvertasiya olunan valyuta deyil və onun məzənnəsi sərbəst deyil. Buna görə də, ümumiyyətlə sərbəst üzən rublu qeyri-azad yuana bağlamaq müəyyən mənada “qeyri-ənənəvi əlaqədir”…

Ancaq əsas məsələ odur ki, yuanın dollara məzənnəsini dünya valyuta bazarı deyil, Çin Kommunist Partiyası müəyyən edir! Yəni, bundan sonra rublun məzənnəsini dolayısı ilə Çin Kommunist Partiyası təyin edəcək! Yəqin ki, Putin Ukraynadakı müharibə ilə bağlı “hər şey plan üzrə gedir” deyərkən, bunu da nəzərdə tuturmuş...

Bir məsələ də var ki, bununla da rublun dollardan asılılığı qətiyyən aradan qalxmır. Belə ki, sonradan əməliyyatların xüsusilə də Rusiya tərəfindən olan iştirakçıları, məsələn, Qırğızıstan Bankı vasitəsilə yuanı dollara çevirəcəklər. Çünki dollar daha etibarlı valyutadır. Ancaq sanksiyaların gücləndirilməsi ilə bağlı xəbərlər fonunda Qırğızıstanda bir neçə bank artıq Rusiyadan pul köçürmə sistemləri ilə işləməyi dayandırıb. Çin banklarının Rusiya filialları da eyni cür davranırlar və onlar da Rusiya-Çin ticarətində dollar və avro ilə hesablaşmaları dayandırdılar.Heç kim dollar və avro ilə bağlı sanksiya risklərini öz üzərinə götürmək istəmir…

Bu vəziyyətin Rusiyada inflyasiyanı, bahalaşmanı sürətləndirəcəyi gözlənilir. Belə ki, sözügedən sanksiyalardan sonra Rusiyada ticarət əməliyyatları iştirakçılarının xərcləri artacaq və idxalçılar üçün daxili bazarda xarici valyuta tapmaq asan olmayacaq. İdxal olunan mallar bahalaşmaqda davam edəcək. Təcrübədən göründüyü kimi, əgər qiymətlər artıbsa, çox nadir hallarda əvvəlki yerlərinə qayıdırlar.

Russia dropping US dollar for Chinese yuan - and fast - Geopolitical  Economy Report

Dollar əməliyyatlarına yeni məhdudiyyətlər idxal xərclərini artırmaqla yanaşı, ixrac gəlirlərini də azaldacaq. Buna bənzər mənzərə SSRİ-nin son illərində müşahidə olunurdu…

Bəli, Rusiya Mərkəzi Bankı fors-major vəziyyət yarandıqda, məsələn, sanksiyaların artması səbəbindən valyuta qıtlığı yaranarsa, inzibati resurslardan istifadə edib məzənnəni saxlaya bilər. Çünki ölkənin xammal ixracı hesabına əldə etdiyi valyuta gəlirləri hələ ki, yüksəkdir. Lakin strateji baxımdan bu durum Rusiya iqtisadiyyatını inkişafdan, gələcəkdən məhrum edilmiş əyalət iqtisadiyyatına çevirir. Deməli, çoxlarının “bəyənmədiyi” və əhəmiyyətini kiçiltdiyi sanksiyalar Rusiya iqtisadiyyatını sadəcə, daha da qeyri-stabil edir və onun çöküşünü səssiz, “ağrısız” və “həzin” məcraya salır.

 

 

Qərb isə özünü olduqca komfortlu hiss edir – Ukraynanı ölməməsi üçün necə kiçik dozalarla, tədricən silahla, pulla təmin edirsə, Rusiyanı və onun iqtisadiyyatını da bu cür kiçik dozalarla, tədricən tükəndirir və “öldürür”…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=201419

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031