Siyasət yanlışı sevmir

08.09.2020 - 15:29

Üzü payıza siyasi proseslərin sürətlənəcəyi yazdan danışılırdı. 9 fevral parlement seçkisində baş verənlərdən sonra ölkədə hakimiyyətdaxili mübarizənin getdikcə güclənəcəyi, siyasi səhnədə yeni qüvvələrin daha üstün mövqe tutacağı şübhəsiz idi. “Qatar” artıq yola çıxdığından onu heç COVİD-19 pandemiyası da durdura bilmədi.

Hələlik ölkədəki durum bu haqda açıq danışmağa, yazmağa imkan vermir. Çünki seçkini sabotaj edənlərin təmizlənməsi hələ başa çatmayıb. Mövqeləri ciddi şəkildə sarsılsa da, maska dəyişib siyasi səhnədə qalmaqda israrlıdırlar. Üzdə timsah göz yaşı tökməkləri görüntüdür… Qanunları yenə də üstələmək, illərlə qurduqları şəbəkələri saxlamaq naminə var güclərini səfərbər ediblər.

Nəvəsinin ailə qurması ilə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mediyevin hakimiyyətdən uzaqlaşdırılması böyük ehtimalla Azərbaycanın siyasi tarixinə “toy çevrilişi” kimi düşəcək. Ona biət edənləri nəvəsinin toyuna toplayıb güc göstərmək istəyəndə, şəninə ayaq üstə sağlıqlar dedirdəndə yüzdə yüz ağlından belə keçmirdi ki, günlər sonra 50 il “qazana” tökdükləri qaşığına çıxacaq, mandat verib siyasətə calaq eləmək istəsə də, kef məclislərindən ayıra bilmədiyi kürəkəninin qoluna qandal vurulacaq, “müdafiə qalasını” 15 günlük həbsə dözməyib 15 yaşlı qız kimi ağlayan kürəkən Əliyevin göz yaşı yuyub aparacaq. Bütün ömürlərini kef içərisində yaşayanların 2 həftəlik məhbəsə gücləri çatmazmış… “Toy”da bunu da öyrəndik.

Siyasi avantüralar ustadının belə açıq verməsini onun yaşlılığına bağlayanlar çoxdur. Ancaq bu yaşlılıq deyil. Bu, uzun illər siyasi hakimiyyətdəki mövqeyini kompramatlarla qorumağın, onların sayəsində qanunları istədiyi zaman, istədiyi formada heç bir məsuliyyət daşımadan çeynəməyin arxayınlığı idi. Bu arxayınlıq ona addımlarını düzgün hesablamağa mane olmuşdu.

Siyasət isə qəddardır ki, yanlışı düzəltməyə, demək olar, şans vermir.

Bir yanlış yeni yanlışlıqlara yol açır, sən səhvlərini düzəltmək istərkən rəqibini gücləndirirsən. Hətta rəqibin çox zəif olsa belə, yenidən toparlanmaq, imajı bərpa etmək, hürkmüş komandanı dağılmaqdan, səf dəyişməkdən qorumaq, paralel olaraq kürəyini yerə vuran qüvvənin nəfəsini kəsməsinə imkan verməmək, onu “üzərindən atmaq” üçün illər gərəkdir. Ramiz Mehdiyevin o qədər zamanı yoxdur.

Çəliyinə söykənib komandasını sarsılmış onurğasına almağa çalışan Ramiz Mehdiyevə bundan sonra çox çətin olacaq. Yerlə bir edilmiş nüfuzu, uzun illər onun çöküşünü gözləyənlərin üzərinə yeriməsi, nifrətini qazandığı xalqın onu və tərəfdarlarını bir daha hakimiyyətdə görməmək arzusu Mehdiyevin çəlikdən qurtulub yenidən əmin addımlar atmasına imkan verməz.

Bir də ölkədə uzun illərdir heçə sayılan xalq faktoru var. İndiki məqamda onun önəmini iqtidar mənsubları çox gözəl dərk edirlər. Sosial problemlər içəsində çabalayan vətəndaşa “vurulan”ları məhz talançı obrazında təqdim etmək bunun sübutudur. Asiləri onların özbaşınalıqlarından bezən xalqın ayaqları altına atmaq yetərlidir – “tikə”ləri ələ gəlməyəcək.

Baş verənlər həm də onu sübut edir ki, iqtidarlar komandalarına deyil, yalnız və yalnız vətəndaşa, xalqa söykənəndə güclü ola bilirlər. Xalqı iqnor edib komandaya söykənmək, özünü və xalqını deyil, komandanı gücləndirmək, dolayısı ilə özünü arxadan vurulan zərbələr üçün hədəfə çevirməkdir. Bu qədər sadə…

Aygün Muradxanlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153862

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930