Rusiya və Türkiyənin Qarabağda birgə fəaliyyəti ABŞ-la Fransanı niyə narahat edib?

19.11.2020 - 10:48

Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğalda qalmasına dözənlər ordumuzun 44 günlük zəfərini sinirə bilmirlər; millət vəkili: “Moskva görüşlərində Qərbə aydın olmayan bir sıra suallara da cavab axtarılacaq”

Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etmək üçün əks-hücum əməliyyatına başladığı ilk günlərdən Ermənistanın “böyük bacısı” Fransa işğalçı ölkənin yanında dayanıb. Əslində əvvəlki dönəmlərdə də rəsmi Parisin işğalçı Ermənistana hər cür dəstək verməsini müşahidə etmişik, ancaq Makronun Fransasından uşaq qatillərinə verilən dəstək bir başqa oldu.

Qarabağdakı terrorçu-işğalçı rejimə, Ermənistanın işğalçı ordusuna qarşı Azərbaycanın sarsıdıcı zərbələr vurmasını sinirə bilməyən Fransa prezidenti hətta o qədər uzağa getdi ki, BMT tərəfindən tanınmış sərhədlərimiz daxilində həyata keçirilən əməliyyatlara qarşı çıxaraq Azərbaycanın özünü “işğalçı” kimi təqdim etmək cəhdində bulundu. Təbii ki, bu, işğalçıya stimul verməklə yanaşı, həm də Fransa dövlətinin rəsmi siyasətinə də öz təsirini göstərən mövqe oldu. Azərbaycana səfər edib dinc sakinlərimizə raket zərbələrinin endirilməsi nəticəsində baş verən dəhşətləri öz gözləri ilə görən fransızlar isə görünür, dövlətlərinin siyasətinə təsir edə bilmədilər. Ermənilər və onların himayəçiis olan fransızlar hətta fransalı jurnalistin ədalətli mövqe sərgiləyərək baş verənləri olduğu kimi təqdim etməsinin qarşılığında ona qarşı hücumlara başladılar. Bütün bunlar özünü “demokrat” adlandıran Makronun ölkəsində baş verdi.

İndi bu ölkə Azərbaycan ərazilərində erməni terrorçuların kökünün kəsilməsindən, torpaqlarımızda bayrağımızın ucalmasından rəncidə olaraq özünün “dismətini” təklif etmək niyyətindədir. Məlumata görə, Fransa və ABŞ diplomatları 10 noyabr bəyanatını Putinlə müzakirə etmək üçün Moskvaya gəlirlər. ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəkdilər. APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”yə məlumat verib. O bildirib ki, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək. Qeyd edək ki, bundan əvvəl də Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Parisin mövqeyinə Bakıdan kəskin reaksiya verilmişdi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Fransa xarici işlər nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatına dair açıqlama yaymışdı. “Fransanın Avropa və xarici işlər üzrə naziri J. İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır. Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa xarici işlər nazirinin digər həmsədr ölkələrin adından çıxış etmək səlahiyyəti yoxdur”, rəsmi Bakı bəyan etmişdi.

Ancaq qərəzli mövqe sahibi Fransa həmsədrlik prinsiplərinə zidd davranışlarına görə üzrxahlıq etmək əvəzinə, prosesdə aktiv rol oynamaq iştahını nümayiş etdirməkdən vaz keçmir.

Putin və Makron Dağlıq Qarabağı müzakirə etdilər

Noyabrın 16-da Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon söhbəti olub. Kremlin mətbuat xidməti xəbər verir ki, tərəflər Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər. Mətbuat xidməti qeyd edib ki, Rusiya və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri olması nəzərə alınmaqla Dağlıq Qarabağ ətrafında vəziyyət hərtərəfli müzakirə edilib. Kremlin mətbuat xidmətinin məlumatında deyilir: “RF Prezidenti həmkarını Rusiya tərəfinin qan tökülməsinə son qoymağa imkan verən fəal vasitəçilik səyləri, həmçinin münaqişə zonasında Rusiyanın sülhməramlı kontingentinin yerləşdirilməsi barədə məlumatlandırıb”. Qeyd edilib ki, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatı yerinə yetirilir, bütövlükdə regionda vəziyyət sabitləşib.

Zahirən belə görünə bilər ki, Fransa sabitləşmədə maraqlıdır. Ancaq hansı sabitləşmədə-Azərbaycan ərazilərinin işğalına son qoyulmasından sonrakındamı? Əsla! Əgər belə olsaydı, Paris meriyası Azərbaycanı qondarma, terrorçu Dağlıq Qarabağ rejimini tanımaqla təhdid etməzdi. Bu mövqe nəinki demokratiyanın təməl prinsiplərinə ziddir, hətta insanlıq cinayətidir.

Tanınma məsələsinə gəldikdə, bu, yenilik deyil. Son illərdə Fransanın şəhərləri Qarabağdakı terrorçu qurum təmsilçiləri ilə əməkdaşlıq edirdilər, sonra da Fransa məhkəmələri guya onların səhvlərini düzəldirdi. Ancaq kimlərsə cəzasını almırdı bu bəşəri cinayətə görə. Son olaraq Fransanın Lion İnzibati Məhkəməsi Sent-Etyen və Desin-Şarpyö şəhərləri ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış iki xartiyanı ləğv etmişdi. Bildirilirdi ki, 2018-ci il oktyabrın 21-də Sent-Etyen və Şuşa, eləcə də 2017-ci il sentyabrın 25-də Desin-Şarpyö və Çartar şəhərləri arasında imzalanmış “dostluq xartiyaları” Luar (Loire) və Ron (Rhone) prefekturaları tərəfindən ləğv olunub.

Bu “dostluq”ların nəticəsidir ki, Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxlaya bildi. Məsuliyyəti həm də “ilana zəhər verən kərtənkələlər” daşıyır. Onlarsa “prosesə töhfə vermək” adı ilə işğalı, terroru stimullaşdırmaq üçün canfəşanlıq edirlər.

Görünür, Rusiya prezidentinin son günlər sərgilədiyi mövqe, Moskva-Ankara-Bakı formatında fəaliyyət, üstəlik, Türkiyə dövlətinin Qarabağa hərbi kontingent göndərilməsi barədə ən yüksək səviyyədə qərar verməsi qərbdəkiləri narahat edib və hərəkətə keçiblər. Vladimir Putin öz növbəsində deyib ki, bu məsələ Türkiyə ilə Rusiya arasında çözülməlidir. Bu, Azərbaycanın xeyrinə olan vəziyyəti mənfiyə dəyişdirə bilərmi? Amerikanın və Fransanın proseslərə müdaxilə imkanları varmı indiki şəraitdə?

Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa  bilməz

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bu barədə açağıdakıları söylədi: “Məlum olan odur ki, təşəbbüs Rusiya tərəfinindir. Görüşün formatı da göstərir ki, bu, ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində keçirilən görüşdür. Yəni Rusiya əgər sülməramlı missiyanı öz üzərinə götürübsə, bunun legitimliyi üçün ATƏT-lə də müzakirələr aparılmalıdır. Həm də Türkiyə Minsk Qrupunun üzvüdür. Baxmayaraq ki, Türkiyə həmsədr ölkə deyil, dövlət və tərəf kimi bu münaqişənin həllində ciddi bir fiqurdur. Təbii ki, Fransa öz maraqlarından çıxış edir, bu bir ölkənin mövqeyi ola bilər. Lakin həmsədrlərin ümumi mövqeyi olmamalıdır. İnandırıcı deyil ki, onlar prosesə bizim ziyanımıza yönəlik müdaxilə etsinlər”.

Bununla belə, A.Nağıyev ikili standartların olduğunu vurğuladı: “Paris meriyasının statusla bağlı son bəyanatları da təəssüf doğurur və hətta qəbul edilsə belə, heç bir hüquqi qüvvəsi olmayan sənəd olacaq. Dekabrın 10-da hətta Fransa senatında bu məsələyə baxmaq istəyirlər. Yəqin Rusiyada onları başa salacaqlar ki, bu baş versə, ilk növbədə ancaq ermənilərə ziyan gətirəcək və sülhün bərqərar olmasına ancaq maneçilik törədəcək”. Millət vəkilinin sözlərinə görə, verilən anonslardan belə məlum olur ki, Moskva görüşlərində Qərbə aydın olmayan bir sıra suallara da cavab axtarılacaq: “Bir müddət əvvəl ABŞ Dövlət Departamenti də NATO üzvü olan Türkiyənin Rusiya ilə imzaladığı memorandumla bağlı və Türkiyənin rolu ilə bağlı Fransa və ABŞ-ın sualları olmasını bildirmişdi. Baxmayaraq ki, son 10 gündə Rusiya və Fransa prezidentləri iki dəfə bununla bağlı danışıblar. Zənnimcə, öz missiyasını başa çatdıra bilməyən Minsk Qrupunun həmsədrləri yeni bir revanş götürmək istəyirlər, Azərbaycan isə artıq o missiyanı başa çatdırıb”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Politoloq Məhəmməd Əsədullazadə isə “Yeni Müsavat”a dedi ki, Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10 -da imzalanan atəşkəs bəyannaməsi kapitulyasiya idi və burada Minsk Qrupunun digər iki həmsədri kənar qaldı: “Çünki bu proses artıq Rusiya və Türkiyə arasında başlamışdı. Fransa ilk gündən Ermənistanın mövqeyini müdafiə edərək, beynəlxalq hüquqa uyğun olmayan bir siyasət ortaya qoydu. Ona görə də belə bir dövlətin prosesdə yer almasına Azərbaycan imkan verə bilməzdi. ABŞ rəhbərliyinin başı seçkilərə qarışdığı üçün, həmçinin neytrallığını qoruyaraq bu prosesə qarışmadı. Hazırda görürük ki, ABŞ-ın mövqeyi burada zəifləyir. Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda təktərəfli yerləşməsi onun regionda maraqlarına mənfi təsir edib. Ona görə də ABŞ və Fransa diplomatları Moskvada bir araya gəlib bu məsələdə öz maraqları kontekstində çalışacaqlar ki, prosesdə iştirak etsinlər”. Politoloq qeyd etdi ki, Azərbaycan üçün Minsk formatı bitib: “Putin artıq bu məsələnin Rusiya və Türkiyə arasında müzakirə olunduğunu bəyan etməklə iki Qərb ölkəsinin iştirakına qarşı olduğunu nümayiş etdirmiş oldu. Amma burada ABŞ-ın olması müəyyən dərəcədə Azərbaycan üçün önəmli ola bilər. Yəni sülhməramlı məsələsinin BMT səviyyəsində həll olunması ilə bağlı mövqeyini ortaya qoyaraq, təkcə Rusiyanın iştirakına imkan verməsin. Təbii ki, Rusiya burada maraqlı deyil, ona görə də etiraz edir. Fransa da burada yalnız Türkiyəni neytrallaşdırmağa çalışır. Hesab edirəm ki, Fransanın iştirakı və mövqeyi işğalçı ölkəyə dəstəyə əsaslanır. Ona görə də Paris Qarabağın statusunu qabardır. Düşünürəm ki, hazırkı görüş və müzakirə Fransanın mövqeyi səbəbindən əleyhimizədir. Təbii ki, Rusiyanın da burada dəyişən siyasəti var. Bu da bizim üçün qəbuledilən deyil. Bütövlükdə bu məsələlər Azərbaycan, Türkiyə və Rusiya arasında həll edilməli və ABŞ-ın da mövqeyi nəzərə alınmalıdır. Çünki ABŞ Azərbaycanın ərazi bütövlüyünə dəstək verir və regionda Rusiyanın güclənməsinin əleyhinədir. Ona görə də hələ ki Moskvada görüş bizim üçün məqbul deyil. Bu, Minsk Qrupunun yenidən fəaliyyətinə hesablanır ki, hər ölkə öz maraqları prizmasından məsələyə yanaşsın. Nəticədə hadisələr dramatikləşə bilər. Ona görə də Ankara-Moskva-Bakı formatı hələ ki ən ideal bir variant olaraq qalır”.

Beləcə, Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğalda qalmasına dözənlər ordumuzun 44 günlük zəfərini sinirə bilmirlər. Digər həmsədr ölkə, ABŞ da əlini Qarabağ ermənilərinin üstündən çəkmək istəmir. Budur, ABŞ Dağlıq Qarabağ münaqişəsində zərər çəkən əhaliyə yardım məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) 5 milyon dollar ayırıb. Bunu Tiflisdə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo deyib. Azərbaycan dövlətinə asi olan, cinayət törədənlərə 30 il ərzində azı 2 milyardlıq yardım edib ABŞ… Bu, dolayısı ilə terrorun, separatçılığın himayə olunması demək deyilmi?..

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157442

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930