Türkiyə Cənubi Qafqazda möhkəmlənir – yenidən şəkillənən regionda Qərbin və Rusiyanın yeri…

26.12.2020 - 10:34

Son illərdə Qərb Cənubi Qafqazda bütün mövqelərini itirmiş durumda görünür. Xüsusilə, bu, özünü sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən II Qarabağ savaşında daha çox büruzə verdi. Bunun müqabilində, əksinə olaraq, şimal qonşumuz Rusiya bu regionda mövqelərini daha da gücləndirib. Kremlin 44 günlük Vətən müharibəsində oynadığı rol, müharibənin sonunda razılaşmanın əldə olunmasında vasitəçi olması onu Cənubi Qafqazın əsas ölkəsinə çevirib.

Burada əsas bir məsələ də diqqət çəkir. Bu da qardaş Türkiyə ilə bağlıdır. Rəsmi Ankara Azərbaycanın yaxından istəyi və dəstəyi ilə II Qarabağ savaşında proseslərə birbaşa müdaxilə etdi, bir sözlə ölkəmizin qələbə qazanmasında, bunu masa üzərinə yatırmasında əsas rollardan birini oynadı. Hətta deyərdik ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründən keçən yüz illik müddətdən sonra qardaş ölkə belə bir imkan qazandı. Bir sözlə, öz ordusunu Azərbaycan ərazilərinə yerləşdirməklə burada qalıcı bir prosesə nail olmaq imkanları qazandı.

Bütün bunlar da bir məsələ ətrafında geniş müzakirələr açıb. Bu da gələcəkdə Cənubi Qafqazda Türkiyə-Rusiya əməkdaşlığını, yoxsa qarşıdurmasını gözləməyimizlə bağlıdır. Sirr deyil ki, rəsmi Moskva Ankaranın bölgədə bu qədər möhkəmlənməsinə sıcaq baxmır. Eyni zamanda, Cənubi Qafqazın digər ölkəsi Gürcüstana da Türkiyənin təsirlərinin nə qədər yüksək olduğunu yaxşı görür. Onu da yaxşı bilir ki, sərhədləri açacağı təqdirdə Rusiyaya nisbətən qardaş ölkənin Ermənistana, onun iqtisadiyyatına və bazarlarına girmək imkanları daha yüksək olacaq. Azərbaycanı isə ifadə etməyə heç gərək yoxdur. Dünyada Türkiyə-Azərbaycan qardaşlığı qədər ikinci bir nümunə yoxdur. Ölkəmiz Türkiyəyə tam açıq və səmimi əməkdaşlıq içərisindədir.

O zaman belə bir mənzərə sual yaradır – Rusiya yaxın gələcəkdə Güney Qafqazın harasında olacaq? Biz yalnız rus texnikasını, əsgərlərini görəcəyik, yoxsa, yumşaq rus gücü regiona hansısa şəkildə daxil ola biləcək?

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

AĞ Partiya başqanının birinci müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Rusiya-Türkiyə yaxınlığı hər zaman Azərbaycanın maraqlarına tam cavab verir: “SSRİ süquta uğrayandan sonra Rusiya regionda mövqelərini itirməyə və Qərb bu regionda möhkəmlənməyə başladı. NATO və Avropa Birliyi Rusiya sərhədlərinə çatdı. Rusiya Avropa qapısı Ukraynanı, özü kimi ortadoks Gürcüstanı itirdi. Azərbaycan neft kontraktlarını Qərb şirkətləri ilə bağladı. İndi isə 102 ildən sonra Türkiyə Cənubi Qafqaza girdi. 30 il bundan əvvəl Avrasiyanın sahibi Rusiya indi Qarabağın 15%-nə sülhməramlı göndərməklə kifayətlənir. Görün bu ölkə haradan-haraya gəldi çıxdı. Ona görə düşünmürəm ki, Rusiya qazanır, əksinə, itirə-itirə gedir. Krımın anneksiyası, Abxaziya, Cənubi Osetiyanın işğalı, Dnesteryanın dolayısı işğalı, Qarabağın 15% ərazisinə sülhməramlılarının yeridilməsini Rusiyanın itirdiyi nüfuzu ilə müqayisə etsək bunu qətiyyən uğur saymaq olmaz. Türkiyə-Rusiya münasibətlərinə gəldikdə isə bu iki ölkənin yaxınlaşması Azərbaycanın milli maraqlarına cavab verir. Tarixə nəzər yetirsək, 100 il bundan əvvəl Türkiyə-Rusiya yaxınlaşmasının hesabına Qarabağla Naxçıvan Azərbaycanın tərkibində qaldı. 100 ildən sonra Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana işğaldakı ərazilərinin 85 faizini tam azad etməyə müvəffəq oldu. Türkiyə-Rusiya nə qədər yaxın olsa, bu Azərbaycanın maraqlarına uyğundur. Situasiya bu cür davam etsə, biz yaxın gələcəkdə Cənubi Qafqazda ümumiyyətlə, Rusiyanı görməyəcəyik. Bu ölkədə mərkəzləşdirmiş hakimiyyət zəifləyən kimi regionda olduğu olan-qalan ərazilərdən də getməyə məcbur olacaqlar. Necə ki, ötən əsrin 90-larında getdilər. Hələ mən Rusiya Federasiyasının özündə ola biləcək növbəti kataklizmləri demirəm. Bu təkrarlansa Moskva Şimali Qafqazda növbəti münaqişələrlə üz-üzə gələ bilər. Rusiyanın daxilində bu münaqişələr küləyi Başqırqıstan, Tatarstan, Uzaq Şərqi də əhatə edə bilər. Zatən Rusiya tarixi bunu yaşayıb və bundan yenə də sığortalanmayıblar. Kremldə unutmasınlar ki, Bakının 1, onların isə 20 potensial Qarabağ kimi münaqişə ocaqları var”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə: “Azərbaycanın Qarabağı azad etməsi regionda yeni bir mərhələnin başlanmasının əsasını qoydu. Bura əsasən, Türkiyənin Cənubi Qafqazda aktiv rolunun artmasına gətirib çıxardı. Hesab edirəm ki, Türkiyənin Qafqazda rolu gələcək strategiyada Moskvanın bu istiqamətdə artan rolunu alacaq. Türkiyənin Gürcüstanla əlaqələri, Azərbaycanla siyasi-hərbi ittifaqı və bu istiqamətdən Mərkəzi Asiyaya açılması yeni bir siyasi nizamı formalaşdıracaq və bu da Rusiya üçün arzuolunan deyil. Artıq Rusiya mediasında da Türkiyənin Turan yolunda olduğu qeyd edilir. Məlum üçtərəfli bəyannamə və Ermənistanla mümkün əlaqələrin normallaşması Ankaranın da bu ölkədə aktiv iqtisadi qüdrətini stimullaşdıracaq. Hesab edirəm ki, bu gün Rusiya yalnız hərbi sahədə öz mövqeyini qoruya bilir. Bir müddətdən sonra Rusiyaya qarşı iqtisadi sanksiyalar bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq və Türkiyə ilə ortaq çalışdığı regionlara mövqeyi zəifləyəcək. Məhz Cənubi Qafqazda da bu belə olacaq. Türkiyə aktiv şəkildə regionda hərbi və iqtisadi-siyasi cəhətdən var. Rusiya da bununla barışmaq məcburiyyətində olub. Rusiyanın destruktiv və güc dilində danışması onun yumşaq gücə uduzmasına gətirib çıxaracaq. Türkiyə Ermənistanı və Gürcüstanı yumşaq güc ilə ram etdikdən sonra Rusiya regionda daha da zəifləyəcək. Kiçik bir ərazidə – Xankəndində sülhməramlı fəaliyyəti onun regionda nüfuzunu qorumayacaq. Daha da zəiflədəcək. Fikir versək, Rusiya burada strateji səhvlərə yol verir. Amma Türkiyə rəhbərliyi altılıq formatını ortaya qoyur. Sülh və əməkdaşlıq iqtisadi format ortaya qoyur. Rusiya isə burada Ermənistan və Azərbaycanla mümkün əlaqələrin qurulmasına mane olur. Göründüyü kimi Türkiyənin təklif etdiyi format və siyasət yumşaq gücə əsaslanır və bu da regionda qəbul edilir. Rusiya isə güc dilində danışır və bu da qəbuledilməz bir prosesə gətirib çıxaracaq. Həm Ermənistanda, həm də Azərbaycanda bu mövqe qəbul edilməyəcək. Bu gün Ermənistan da Türkiyə ilə əlaqələrdə maraqlıdır. Ümumiyyətlə, region Türkiyə üçün daha da açıqdır və qəbulediləndir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158867

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930