“DİQLAS”IN TÜSTÜSÜ KİMİN TƏPƏSİNDƏN ÇIXMALIDIR?

28.03.2019 - 23:44

Ötən ilin 25 mart tarixində Rusiyanın Kemerovo şəhərində yerləşən “Zimnyaya Vişnya” adlı Ticarət Mərkəzində böyük yanğın baş vermişdi. Həmin yanğında insan tələfatı da qeydə alınmışdı. Bu hadisə ilə əlaqədar 14 nəfər dərhal, 1 nəfər – ticarət mərkəzinin sahibi isə 3 gün əvvəl Polşada həbs olunaraq, Rusiyaya ekstradisiya edildi.

Həmin 15 nəfərin arasında obyektin sahibi ilə yanaşı, yerli icra orqanlarının rəhbərlərindən tutmuş, Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinin rəisinə qədər, bir çox məmurların adı keçir. Onlar vəzifə səhlənkarlığı, yanğından mühafizə, tikinti qaydalarına riayət edilməməsi da daxil olmaqla, bir sıra maddələr üzrə ittiham olunurlar.

Demək olar ki, bu hadisəni Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından fərqləndirən yeganə cəhət (şükürlər olsun-red.) insan tələfatının olmamasıdır. Bunun da səbəbi yanğının səhər saatlarında, mağazaların hələ fəaliyyətə başlamadığı vaxt baş verməsidir. Qalan əksər məqamlar və nöqsanlar Kemerovadakı ticarət mərkəzilə eynilik təşkil edir.

“Bunlara dövlət tərəfindən kompensasiya verilməsi qanunla düzgün şey deyil…”

Elə vaxtında yanğından mühafizə tədbirlərinin görülməməsi və yanğının söndürülməsi prosesindəki çatışmazlıqlar da Kemerovadakı hadisə ilə oxşarlıq təşkil edir. Orada da ticarət mərkəzində çalışanlar və həlak olanların yaxınları FHN-in fəaliyyətinin yarıtmaz olduğunu bildirirdilər. Ancaq fərqli cəhətlər də var ki, bunlardan biri də bizim fövqəladə hallar nazirimizin yanğın zamanı özünü hadisə yerinə çatdırmasıdır. Təbii ki, Rusiya böyük əraziyə malik olduğu üçün onların nazirinin qısa müddətdə minlərlə kilometri qət etməsi mümkünsüz idi. Kəmaləddin Heydərov isə özünü “vosmoy kilometr”ə tezliklə çatdıra bilmişdi və onun belə tələsik gəlməsi geyimindən də bəlli idi.

trend_kamaladdin_heydarov_260319_2

Ümumiyyətlə, son zamanlar məmurların hansısa hadisə yerinə qeyri-rəsmi geyimdə gəlməsi bir növ dəb halını alıb – yəni ki, “işləyirik”, “eşidən kimi durub qaçdıq” və sair kimi iş görüntüsü yaradılır… Əlbəttə ki, bunlar bəlkə də fikir verilməyəsi xırda detallardır, ancaq real işin həddindən artıq zəif və qeyri-peşəkar səviyyədə aparılması bu görüntüləri izləyənlərdə təbii qıcıq hissi yaradır. Həmçinin, jurnalist vəsiqəsi daşıyan birinin hörmətli nazirə heç bur aidiyyatı olmayan kompensasiya ilə bağlı sualına K.Heydərovun cavabını da birmənalı qarşılamaq çətindir. Nazir deyir: “Bunlara (sahibkarlara-red.) dövlət tərəfindən kompensasiya verilməsi qanunla düzgün şey deyil…”


Yaxşı, sual yaranır – şəhərin əhalinin sıx məskunlaşmış ərazilərindən birində yerləşən, kifayət qədər böyük sahəyə malik, mindən çox kiçik sahibkarın evinə çörək pulu qazandığı və gündə on minlərlə insanın (onların arasında sözsüz ki, uşaqlar da var) girib-çıxdığı bir ticarət mərkəzinin yanğından mühafizə sisteminin bərbad vəziyyətdə olması, bəlkə də ümumiyyətlə belə bir sistemin olmaması qanunla düzgündürmü?

Əgər Azərbaycan doğrudan da hüquqi dövlət və məhkəmələr müstəqil olsaydı, qanunlar işləsəydi, ilk olaraq cinayət məsuliyyətinə elə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yetkililəri cəlb edilməli deyildimi? Və nə vaxta qədər qanun yetim-yesirə çatanda yada düşəcək və işləyəcək?

Hadisə şahidləri deyirlər ki, əvvəl kiçik dönərxanadan başlayan yanğını söndürmək üçün iki yanğınsöndürən maşın gəlib. Onlar demək olar ki, yanğını söndürüblərmiş, lakin su qurtardığından geri qayıdıblar və ikinci briqada gələnə qədər yanğın yenidən güclənib və yayılıb.

600@0

Telekanalların birinin ilk dəqiqələrdə yanğın yerindən yayımladığı canlı görüntələri izləyəndə də açıq görünürdü ki, buraya cəlb olunan qüvvələr yanğının gücünə və ərazisinə adekvat deyil. Borulardan vurulan suyun təzyiqinin gah artıb, gah da azalması isə yayda Bakının əksər ərazilərinə içməli suyun necə verilməsini xatırladırdı. Əlbəttə ki, yanğının söndürülməsində zəhməti olan, həyatını riskə atan sıravi yanğınsöndürənlərin əziyyətini itirmək haqsızlıq olar. Ancaq bu işin, xüsusilə yanğının söndürülməsi zamanı təşkilatçılığın və idarəçiliyin peşəkarlıq baxımından aşağı səviyyədə olduğu aşkar görünürdü. Bunu aşağıdakı videokadrda da görə bilərsiniz, bəzən insanlar özləri boruları götürüb, yanğını söndürməyə çalışırdılar. Əməliyyata çox gec cəlb edilən helikopterlərdən biri isə suyu yanğın yerindən xeyli aralı boşaldırdı.

FHN yetkililərindən biri açıqlamasında deyir ki, maşınların yanğın başlayan vaxt hadisə yerinə az sayda və gec gəlməsi yoldakı tıxacla bağlı olub. Xatırladaq ki, bu əraziyə bir neçə istiqamətdən avtomobil yolu var və hadisə qeyri-iş günündə, özü də səhər saatlarında baş verib – belədə hansı tıxacdan söhbət gedə bilər?

Bütün yuxarıda qeyd edilənlər peşəkarlığın lazımi səviyyədə olmamasından və vaxtında yanğın təhlükəsizliyini təmin etməli olan nazirliyin öz işinin öhdəsindən gələ bilməməsindən xəbər vermirmi?

“Diqlas”ın sahibi, yoxsa sahibləri…

Bu hadisə daha bir maraqlı reallığı üzə çıxardı. Bir daha təsdiqləndi ki, ölkədəki hansı iri və gəlirli sahəni, yaxud obyekti tərpətsən, arxasından hansısa məmur çıxır. Əvvəlcə mətbuat yazdı ki, “Diqlas” Eldar Mahmudovundur. Sonradan məlum oldu ki, obyektin iki idarəçisi var. Deməli, məntiqlə sahibi də iki nəfərdir və onlardan biri E.Mahmudovdur, bəs digəri kimdir?

 

1553690087

Digər anormallıq isə budur ki, həmin bu sahibkar həzrətləri ortalığa çıxmırlar – icra başçısı danışır, söz verir, Prezident Aparatının sözçüsü danışır, o da söz verir, obyektin gerçək sahibləri isə zəhmət çəkib üz-araya da çıxmaq istəmirlər, camaatın qarşısına idarəçilərini, yəni öz işçilərini göndərirlər.

Deməli bunlar icra başçısından və Prezident Aparatı yetkilisindən də “iri kalibrli” biriləridir…

Ümumiyyətlə, bu hadisədə yeganə günahsız tərəf “Diqlas”da alverlə başını girələyən kiçik sahibkardır. Kim nə istəyib, onu da verib bu adamlar. Onlara bir yeri bir neçə dəfə satıblar, vergi ödətdiriblər, icarə haqqı alıblar və s. Özü də bu ödənişlərin böyük qismi qeyri-rəsmi şəkildə həyata keçirilib, yəni vergidən, dövlətdən yayındırılıb. Vergi orqanı başda olmaqla, hamı da bunu çox yaxşı bilib. Onları mallarını sığortalamamaqda günahlandıracaq qədər abırsızlıq edənlər isə bilməmiş deyillər ki, bu binəvalarla heç düz-əməlli icarə müqaviləsi də bağlanmayıb. Bağlanıbsa da, orada real rəqəmlər göstərilməyib. Alıb-satdıqları malların isə ciddi vergi sənədləri təbii ki, yoxdur, yəni rəsmi qeydiyyatları mövcud deyil.

Belədə bu bədbəxtlər istəsəydilərsə də belə, hansı sığorta şirkətilə və hansı sənəd əsasında müqavilə bağlaya bilərdilər? Bu dərəbəyliyin günahkarı isə təbii ki, kiçik sahibkar yox, obyektin sahibləri, eləcə də gömrük və vergi orqanları da daxil olmaqla, bütün bu çürümüş məmur-oliqarx sistemidir. O sistem ki, “qoca qurdlar” onun qalması və yenilənməməsi üçün əllərindən gələni edirlər…

_AZpressAZ_Eldar_Mahmuov

Heyrət doğuran məqamlardan biri də odur ki, ətrafındakıların və onun əmrlərini yerinə yetirən əlaltılarının bir çoxu ağır cinayətlərdən həbsdə yatan, uzun illər ölkənin milyardlarının talanmasında birbaşa iştirakı şübhə doğurmayan, lakin bütün bunlara baxmayaraq, öz rahat həyatını yaşayan Eldar Mahmudovun hələ də bu ölkədə biznesi, obyektləri var! Belə bir məmləkətin hələ yaxşı ki, hansısa ticarət mərkəzi yanır, özü yox! Bunun tüstüsü isə əsl günahkarların deyil, “qara camaatın” təpəsindən çıxır…

Cəlal Məmmədov
AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127714

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2019
BE ÇA Ç CA C Ş B
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930