Seçici və səs problemi olmayan, amma…

07.01.2020 - 12:11
İqbal Ağazadənin özü və deputatlığa namizədliyi haqqında 
İlk dəfədir ki, kiminsə portretini işləyəndə maksimum etikalı, kifayət qədər “rəhmli”, hədsiz dərəcədə arqumental, əndazəsiz miqyasda aristokrat olmağa çalışıram – həmişə “gömrüksüz, konstitusiyasız” hirslə yazı yazmağa başladığım halda… bu dəfə yazıda işlətdiyim hər sözü, monopolistlərdən xəbərsiz ölkəyə mal gətirən sahibkarlar kimi, özüm özümlə dil tapmağa çalışıram, özüm özümü razı salmağa qan-tər tökürəm, bizim məhkəmə hakimlərinin əlində girinc qalmasın deyə günahsız adamları polis və prokurorluğun ədalətli müstəntiqləri, təhqiqatçıları, lap elə rəisləri kimi, fikirlərimin ayağına düşürəm, yarısını geri çevirirəm, yarısının üz-gözünü abıra salıram, “suç dolu” iddialarıma xitam verirəm…
Etirafımın biri də bu: İqbal Ağazdəyə qarşı BUNDAN DA ARTIQ HAQSIZLIQ edilməsin deyə, iqtidarı qıcıqlandıracaq ifadələrin başını İŞİD kafir başı kəsən kimi kəsirəm!
İqbal Ağazadəylə alternativlik eşqinə düşənləri sivil rəqabət qaydalarına-prinsiplərinə uyğun olaraq yerdən yerlə, göydən yerlə bir etməmək üçün (oxusanız yazını axıracan, niyəsinin açmasını görəcəksiniz)… sadəcə, arqumentləri sadalamaqla kifayətlənəcəm.
Əslində, indiki iqtidarın apardığı siyasət nəticəsində Azərbaycanda elə bir analoqsuz sabit durum yaranıb ki, bu gün ölüb yüz ildən sonra dirilsən, həmin Azərbaycanı görəcəksən: 99 faizi müti xalq, 99 faizi saxtakar məmur ordusu, 99 faizi saxta MSK. Xilas faizi və xilas ümidi cəmi 1 faizə bərabər olan ölkənin jurnalisti olaraq, it hürən tərəfdən qaçıb işıq gələn tərəfdə olmağı bu vətən, bu xalq və söz qarşısında son borcum bildim. Bilə-bilə ki… bu seçki Azərbaycan və dünya seçki tarixinə ən abırsız və ən həyasız seçki kimi düşəcək! 125, əslində isə cəmi 25 nəfərin (qalan 100 yer bronlanıb – təyinat seçimi özlərinə bəllidi artıq, sadəcə, fevralın 9-u gözlənilir ki, bəyan edilsin) seçki yolu ilə seçiləcəyi bu marafonda mən bir neçə namizəd var ki, təbliğat kampaniyasında komandasında təmənnasız olmağı şərəf sayıram. Və bu mənim tərəfində olduğum İqbal Ağazadə haqqında ilk yazım olsa da, gecikmiş sayıram… üzrlü səbəblərdən.
Hər şey ondan başladı ki, məlum özünüburaxmadan sonra İqbal Ağazadə həmişə namizədliyini verdiyi,seçildiyi dairəyə bir də bağlılığını bəyan etdi və hətta Araz Əlizadə (haqq etdiyi təşbehləri və layiq olduğu təyinləri yazmıram)… keçən dəfəki haqsızlığı təkrarlamaq üçün alternativliyə rəva görülmədi – bu iqtidar nə qədər qəddar olsa da, nə qədər qaydasız oynasa da, rəqibi dəyərləndirməyi bacarır!
Yaxşı ki, alternativlərlə bağlı tərəflərin “perepalka”sının “palka”sı tapıldı: kişili-dişili təhqiramiz iddiaların bitib-tükənməyən sonluğuna son qoyuldu – Pənah Hüseyn coşan ehtirasları səngitdi, razılıq əldə olundu!
Mən qarşılıqlı ittihamların və barışıq söhbətinin nədənini bilmirəm, amma nəticə məni qane edir: İqbal Ağazadə yüzdəyüz qalib olacaq – mənasız və yersiz ittihamlara özü və komandası cavab verməyəcək ki, bunun özü də yüzdəyüz qələbənin qazanılması üçün əsas amilləərdən biridir!
Xətaidən İqbal Ağazadənin seçici və səs problemi yoxdur, olmayıb, olmayacaq da! Stalin demiş, baxır Məzahir Pənahova kimin adını dedirdəcəklər.
Niyə İqbal Ağazadəni qalib hesab edirəm və nəyə görə?
İndiki durumumda mənə Lənkəranda oturmaq sərfəli olardı, doğma rayonumdan deputat olacaq namizədlərin kimliyi, təbliğatı və sairlə maraqlanardım, yazardım, fəqət… Lənkəranda bu, mənasız bir çaba olardı həm də! Prezidentə belə… bir iclasın görüntülərini xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əməkdaşlarının əliylə ötürüb aldadan Taleh Qaraşov, “məni xalq seçib ki, xalqın problemini həll edim” deyən Hadı Rəcəbli, axtarsan, vicdanın nə olduğunu bilmədiyini etiraf edən Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin hətta az qala adam öldürdüyü də bəlli olacağı halda, onların düzüb-qoşduğu işlərə vaxt sərf etmək axmaqlıq sayılar! Üstəlik də Lənkəran 1993-cü ildən itirilib! Və bu iqtidarın haqqı var Lənkəranla belə davranmağa!
Hər misalın arxasında konkret olay və iddia var, diqqətli olmağınızı xahiş edirəm.
SÖZARASI: Komitə sədrlərindən biri yekəxanalığından latayır danışır qadın hüzurunda: “Xətaidə kişi yoxdur!”. Həmkarımız olan qadın nə təhər cumur yumruğu tutuzdurursa adamın ağzından, dişi qırılır və tələb edir ki, həmən desin: “Aydın”dan (ərinin adı) başqa!
Bəli, Xətaidə seçicilər, qadınlar belə söz deməyi, öz sözünü yedirtməyi bacarır!
Mən əminəm və Xətai seçiciləriylə söhbətlərim zamanı yekdilliklə İqbal Ağazadənin deputatlığa layiq olduğunu etiraf ediblər, İqbal Ağazadənin seçkidən-seçkiyə yox, hər zaman onların yanında olduğunu təsdiqləyiblər. İqbal Ağazadə deputat olduğu dönəmdə nəinki Xətai seçicilərinin, ölkənin təəssübünü, silahdaşlarının təəssübünü, hətta rəqib və küsülü olduğu həmkarlarının təəssübünü belə çəkib!
İqbal Ağazadədən danışarkən həmişə rəhmətlik Əbülfəz Elçibəyin danışdığı bir hədisi xatırlayıram!
Rəhmətlik Əbülfəz Elçibəyin danışdığı hədis budur:
– Bir qəbilə olur, onu heç cür məğlub edə bilmirlər! Qonşu qəbilə bu məğlubedilməzliyin sirrini öyrənmək üçün kəşfiyyata adam göndərir. Uzun axtarışdan sonra məlum olur ki, bu qəbilədə adamlar həddən artıq təmizkardır. Silahını belə özü kimi təmiz saxlayır. Növbəti döyüş ərəfəsində gecəylə qəbilənin istifadə etdiyi bütün silahları nəcislə murdarlayırlar və hücuma keçib qələbə qazanıırlar.
Bəli, İqbal Ağazadə qəbiləsinə dəfələrlə o cür “kəşfiyyatçılar” göndərilsə də, şükür ki, hələ məğlub etmək qədərincə murdarlaya bilməyiblər. Son dəfə Araz Əlizadəni açıq-aşkar qalib etməklə özlərinin murdar iş prinsiplərini sərgilədilər “qəbilə rəqibləri”. Bu dəfə kimi bəyan edəcəklər? Ya doğrudan da, iqtidar 35 saylı Xətai üçüncü seçki dairəsini eksperiment meydanına çevirəcək?
Alternativlərə toxunmamaq məqsədim olduğuna görə, sadəcə, İqbal Ağazadəni seçməyimin də nədənini deyim.
Bu mənim həyat prinsipim olub, 18 il qabaq “Elçi” qəzetində yazmışam 35 yaşım olanda. İndi  İqbal Ağazadənin deputatlıq fəaliyyətinə və həyat prinsiplərinə son bir ildə yaxından bələd olduğum üçün nəzərə çatdırıram 35 saylı Xətai üçüncü seçki dairəsinin seçicilərinin:
Dost dostun işinə tamah salmamalıdır! – dostu yıxıb yerinə keçənin evinə apardığı artıq çörək deyil, sadəcə… nəcisdir! Elə dostun çörəyini tapdayarlar!
Dost dostun məşuqəsinə tamah salmamalıdır! – adamın evində gözəl anası, bacısı, qızı var, məşuqə kişinin sahib olduğu ən axırıncı və dəyərsiz varlıqdır. Dostun dəyərsiz olanına tamah salanın bakirə qızı belə halaldır!
Dost dostun toyunda iştirak etməyə bilər, amma yasında-hüzründə mütləq iştirak etməlidir! – dost dostun hüzründə yoxdursa, onun ölməyən dədəsinin olmayan gorunu söymək halaldır!
Taleyin qismətindən bu ölkədə heç bir klanın, tayfanın, qrupun yanında olmamışam və bu hesaba da fəaliyyətimə görə şəxsimə düşmənçilik edəcək kimsə yoxdur adidən aliyədək. Fəqət mən… bu üç prinsipi pozan tanışımmı, dostummu, hər kimsəmi, oldusa, özümə düşmən bildim və öz düşmənçiliyimi bəyan etdim!
İqbal Ağazadə böyük milli-əxlaqi dəyərlərin təmsilçisidir – bunu faktlarla sübuta ehtiyac yoxdur!
Əminliklə deyirəm: əgər o Milli Məclisdə Əli Kərimli, İsa Qəmbər təhqir olunacaqsa onlar orada olmaya-olmaya, yenə biz İqbal Ağazadənin etiraz səsini eşidəcəyik, başqasının yox!
Əgər o Milli Məclisdə ölkəyə təslimçilik siyasəti, məğlubiyyət və acizlik peyvəndi vurulmağa cəhd ediləcəksə, yenə də orada biz İqbal Ağazadənin fəryadını eşidəcəyik!
İstənilən halda… İqbal Ağazadə Milli Məclisdə ölkənin-xalqın, həyatda seçicilərinin yanında olacaq.
Bir kimsə bunun əksinin olacağını iddia edə bilməz.
Son olaraq demirəm “seçin”, deyirəm ki, Xətai seçiciləri ABIRLI VƏ HƏYALI, həqiqət tərəfdarı olanı seçəcəklər! Çünki onlar da mənim kimi əmindirlər: bu Milli Məclisdə Araz Əlizadə olmasa da, ondan da beşqat betəri… çox  olacaq!İqbal Ağazadə həm də ÜMİD(imiz)DİR… – bu iqtidarın, heç olmasa, bir neçə dairədə doğrudan da xalqın seçdiyini etiraf etməklə demokrat imici formalaşdırması üçün!
Zamanımız az olsa da, əminliyimiz çoxdur: qalib biz olacağıq, etiraf iqtidarın vicdanına qalsa da!
Var-gücümüzlə çalışmalıyıq ki, İqbal Ağazadə bu parlamentdə təmsil olunsun: təmsilçiliklə təslimçiliyin qarşısı alınsın, yoxsa qərarlar yekdilliklə təsdiqlənəndə tarix bizi bağışlamaz! Ki… bir nəfər də olsa etiraz edən olmayıb. Mən tarix üçün istəyirəm və tarixə görə İqbal Ağazadənin yanındayam!
YAZIYA SÖZARDI: Rauf Arifoğlunun namizədliyini eyni dairədən irəli sürməsi ilə seçki marafonuna rəng qatılması və qarşılıqlı ittihamlar üstündə ajiotaj yaradılması İqbal Ağazadəyə mənəvi zərbə olsa da, psixoloji, əxlaqi-etik sarsıntılar yaşatsa da, digər tərəfdən qələbəsinə yardımçı oldu: Pənah Hüseynin və digərlərinin də Rauf Arifoğlunun yanında olmalarını bəyan etməsi həqiqətdə hamını İqbal Ağazadənin ətrafında birləşdirdi – Pənah Hüseyn məğlubiyyətin simvoludur Azərbaycan seçicisinin düşüncəsində. Mən həmkar olaraq Rauf Arifoğlunun əleyhinə yazmayacam – bu, birmənalıdır! Əminəm də ki, hətta onun təbliğat kampaniyasına qoşulsam belə, bu dəstək ona qalib gəlməyə bəs etməyəcək! Bu hakimiyyət hər dəfə eyni qaydayla oynamır – Aynur Camalqızına tanınan şans Rauf Arifoğluna tanınmaz, üstəlik də Rauf Arifoğlu dostu və qardaşı İqbal Ağazadəyə qarşı ikinci yanlışı yapmaz: siyasət çirkin işdir, amma dostluq və kişilik təmizliyi sevir!
İqbal Ağazadə… xüsusi göstəriş olmadığı halda… birmənalı qalibdir!
Əslində bunu da deməyi özümə borc bilirəm: Adil Əliyevə Nərimanovda qalib gəlmək mümkün olmadığı kimi, İqbal Ağazadəyə də Xətaidə qalib gəlmək mümkün deyil!
Mənim Müsavatdan olan dostlarım niyə belə siyasi yanlışlıqlar yapdılar, bilmədim!
İqbal Ağazadə heç zaman bunu yapmazdı: o, dostlarıyla qalib gəlməyi sevən insandır, dostlarına qalib gəlməyi xoşlayan deyil ki! Bu minnəti İqbal Ağazadənin boynuna hər kim qoydusa, babalı öz boynuna!
Həm də… Pənah Hüseynə təşəkkürlər: Rauf Arifoğlunun alternativ namizəd olmasıyla bağlı qalxan tozanaq iqtidarın nəzərdə tutduğu nəticəyə gətirib çıxarmadı.
Mən “siyasi partiya rəhbəri, yoxsa həmkar?” təəssübkeşliyində üstünlüyü siyasətçiyə verirəm, siyasiləşmiş həmkara yox: bu ölkədə açıq-aşkardır ki, siyasiləşmiş həmkarların heç biri diri çıxmayıb – nə Aynur Camal, nə Sahib Alıyev, nə də adlarını çəkmədiyim başqaları… başda Bəxtiyar Sadıqov olmaqla!
Hərçənd Rauf bəyin məğlub olacağı təqdirdə xətri xoş olsun deyə, onun da portretini ayrıca işləyəcəm ki, sonra “günahkar” olmayaq – həmkar olaraq yanında deyiliksə də, qarşısında da deyilik!
p.s. 2100-dən artıq namizəd qeydə alınıb! O 2100-ün içində 210 demirəm, 21 həqiqi deputatlığa layiq namizəd olsaydı İqbal Ağazadə kimi… heç Milli Məclisin üzvü-deputatı-millət vəkili olmağa ehtiyac olmazdı! Bu ölkədə Azərbaycan tam fərqli bir həyat yaşayardı! Bilirəm unutqanlığımızı, onçun xatırladıram ötən əsrin 80-ci illərin sonlarındakı, 90-cı illərin əvvəlindəki istiqlalçı deputatları…
p.p.s. Mənim daha iki namizədim var… gələn yazılarımda təqdim edəcəm!
Aydın Canıyev
https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=140190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031