Qarabağ və Mayot adasının tale ortaqlığı

30.07.2020 - 08:49

Azərbaycanın ərazi bütövlüyü problemi 30 ildən çoxdur öz həllini tapa bilmir. Səbəblər haqda zaman-zaman yazmışıq. O sırada dünyanın ən mötəbər təşkilatı sayılan BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağa aid 4 məlum qətnaməsinin hələ də kağız üzərində qalması ilə bağlı istər rəsmi Bakının, istərsə də Azərbaycana dost-müttəfiq və tərəfdaş olan onlarla ölkənin sərt tənqid və iradları səslənib. Amma nəticə yoxdur.

Aşağıda təqdim etdiyimiz faktlar qonşu Ermənistanın Azərbaycana əsassız ərazi iddiasından doğan Dağlıq Qarabağ məsələsi də daxil, qlobal miqyasda etnik-ərazi konfliktlərinin nədən illər boyu öz ədalətli həllini tapa bilməməsinin, işğalçıların şirniklənməsinin səbəblərinə bir daha işıq salır. Bu – bəzi fövqəlgüclərin, aparıcı dövlətlərin öz imzaları ilə təsdiqlədikləri beynəlxalq hüquqa deyil, “ikili standart” yanaşmasına üstünlük verməsidir…

***

2019-cu ilin oktyabrından Azərbaycan 120-dən çox ölkəni birləşdirən Qoşulamama Hərəkatında 3 il müddətinə sədrliyi öz üzərinə götürüb. Keçən əsrin ortalarında yaranmağa başlamış Qoşulmama Hərəkatı Afrika, Asiya, Latın Amerikası və dünyanın digər bölgələrində soyuq müharibədən, müstəmləkə sistemindən əziyyət çəkən, azadlıq və müstəqillik əldə etməyə can atan xalqların mübarizə əzminin ifadəsidir.

Təşkilatın qayəsində ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, bərabərlik, başqa dövlətin daxili işlərinə qarışmamaq, münaqişələrin danışıqlar yolu ilə həll olunması, hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz və güc tətbiqetmə hərəkətlərindən imtina, dövlətlər və xalqlar arasında qarşılıqlı maraqların qorunması, qarşılıqlı əməkdaşlıq prinsipləri durur ki, onlar indi də öz aktuallığını qoruyub saxlayır.

Dünyanın üçüncü qütbü: Qoşulmama Hərəkatı

Bu xüsusda Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə başlayarkən dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, dayanıqlı inkişafa və ədalətin təmin olunmasına töhfələr verməyi öz üzərinə götürüb. Eyni zamanda, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş XVIII Zirvə Görüşünün nəticəsi olaraq qəbul edilmiş Bakı Bəyannaməsində quruma üzv dövlətlərin üzləşdiyi müxtəlif problemlər və onların həlli yolunda atılmalı addımlar öz əksini tapıb.

Təəssüflər olsun ki, təşkilata üzv dövlətlərin bəziləri hələ də tarixən üzləşdikləri köhnə müstəmləkəçilik siyasətin nəticələrindən əziyyət çəkir. Bu cür ölkələrdən biri də Qəmər Adaları İttifaqıdır. Bakı Bəyannaməsində də qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq edir və 2009-cu ilin 29 martında burada keçirilən referendumu və Qəmər adası olan Mayotun Fransanın 101-ci departamentinə çevrilmə prosesini qınayır və etibarsız sayır. Eyni zamanda, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Fransa hökumətini qanunsuz olan, Qəmər adalarının əhalisinin Mayot adasına girişini ciddi şəkildə məhdudlaşdıran, çox sayda insan itkisinə və itkin düşmələrə səbəb olan “Balladur Visa”sını ləğv etməyə çağırır.

Qəmər adaları

Bəs Qəmər Adaları İttifaqına məxsus Mayot adası ilə bağlı problem nədir?

Qeyd edək ki, adanın statusu ətrafında cərəyan edən hadisələr beynəlxalq hüququn “ikili standart” üzrə tətbiqinin ən qabarıq nümunəsindən biridir. Məsələ ondadır ki, Mayot adası Qəmər adaları arxipelaqının tərkib hissəsidir. Mərcan qayaları ilə əhatə olunmuş təbiətin incisi sayılan bu ada Madaqaskar və Afrika qitəsi arasında yerləşir. Hind okeanında yerləşən və 374 kv km əraziyə malik olan bu ada gözəlliyi və təbiəti baxımından Maldiv adalarından heç də geri qalmır.

Afrika qitəsinin Avropa dövlətləri tərəfində məruz qaldığı müstəmləkəçilik siyasətindən kənarda qalmayan Qəmər adaları keçən əsrin ortalarında Fransaın əsarətindən azad olmaq tələbi ilə çıxış etmişdi. Müstəqilliklə bağlı referendum keçirilməmişdən əvvəl, 1973-cü ilin 15 iyun tarixində rəsmi Paris və Moroni arasında imzalanmış sazişdə 1974-cü ilin dekabrında keçirməli referendumun nəticələrinin “ada-ada deyil, qlobal məzmunda” qəbul olunacağına dair bənd yer almışdı. Yəni referendumun nəticələri adalarda yaşayan ümumi çoxluğun iradəsini ifadə etməli idi.

Fransadan ayrılmaq və müstəqillik uğrunda 1974-cü ilin dekabrında keçirilmiş referendumun nəticələrinə əsasən Qəmər adaları arxipelaqına daxil olan 4 adadan 3-ü Fransadan ayrılmağa və müstəqilliyə, Mayot adasındakı xristian əhali isə bunun əleyhinə səs verdi. Fransa bunu əsas tutaraq referendumdan əvvəl imzalanmış saziş üzrə öhdəliyini “yaddan çıxarmağa” üstünlük verdi və Mayot adası üzərində müstəmləkəsini saxlayaraq ayrılımasına imkan vermədi.

Komor adaları - Uşaq Bilik Portalı

Referendumdan sonra 1975-ci ildə müstəqil Qəmər Adaları Respublikası yarandı və tərkibindəki 4 ada ilə (Mayot da daxil olmaqla) BMT-nin tamhüquqlu üzvü oldu. Keçirilmiş referendumun nəticələrinə əsasən, BMT Baş Məclisi bütün 4 ada üzərində (Qrand-Komor, Anjuan, Moxeli və Mayot) Qəmər Adaları Respublikasının suverenliyini tanıdı və Fransanı həmin adaları tərk etməyə çağırdı. Lakin Fransa BMT-nin tələbinə məhəl qoymadı.

1976-cı ildə Qəmər adaları hökuməti yenidən BMT-dən dövlətin ərazi bütövlüyünün qorunması üçün tədbirlər görməsini tələb etdi. Bu dəfə Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasından istifadə edərək qətnaməyə veto qoydu. BMT Baş Məclisi 12 dekabr 1979-cu il 34/69 qətnaməsi ilə yenidən Qəmər adalarının Mayot adası üzərində hüquqları tanındı və Fransadan müstəqil bir dövlətin ərazisini tərk etməsini bir daha tələb etdi.

1981-ci ilin mayında Fransada hakimiyyətə sosialist Fransua Mitteranın gəlməsilə Qəmər adaları Respublikasına Mayotla bağlı yeni ümid bəxş etdi. Belə ki, sosialistlər Mayotun Qəmər adalarından ayrılmasının həmişə əleyhdarları olublar. Lakin qurulan yeni sosialist hökumət seçkidən əvvəlki vədlərini unudaraq Fransanın ənənəvi anneksionist siyasətini davam etdirdi. Ölkənin Konstitusiya Şurası isə beynəlxalq hüquq normalarının milli hüquq normaları üzərindəki üstünlüyünü birdən-birə “unudaraq” Fransanın Mayot üzərindəki qanunsuz əsarətini “xalqların öz müqəddəratını təyin etmək” adı ilə təsdiq etdi.

Hint Okyanusu'nda Bir Ada Mayot (Mayotte) - AFAM - Afrika Araştırmacıları  Derneği

Mayot adası

Bu günə qədər Fransa Mayot adası üzərində Qəmər adaları İttifaqının suverenliyini tanımır və BMT Baş Assambleyanın bu mövzuda qəbul etdiyi çoxsaylı qətnamələrə baxmayaraq, Mayotu qanunsuz yolla saxlamaqda davam edir. Ada üzərində müstəmləkəsinin saxlamasını Fransa “xalqların öz müqəddəratını təyin etmək” prinsipi ilə əsaslandırır. Beynəlxalq hüququn əsas prinsipi olan dövlətin ərazi toxunulmazlığı prinsipini heçə sayan Fransanın Mayot kimi kiçik bir adada yaşayan əhalinin “xalq” adlandırması, bütöv qəmər xalqının isə səsini saymaması riyakar bir yanaşmanın təzahürüdür. Çünki beynəlxalq hüquq “xalqların öz müqəddəratını təyin etmək” prinsipindən separatçılıq məqsədilə istifadə olunmasını qəbul etmir və bu prinsipin tətbiqi müstəqil dövlətin parçalanmasına əsas ola bilməz.

Aydındır ki, keçən əsrin 60-ci illərində Afrikada böyük ərazili müstəmləkələrini itirmiş Fransa üçün Hind okeanında heç olmasa bir adanın saxlanılması həm strateji maraqları nəzər nöqtəsindən, həm də keçmiş müstəmləkəçinin “qürur”unu sakitləşdirmək baxımından vacib idi. Maraqlısı odur ki, 1975-ci ildən Mayot adasını özününkü sayan Fransa ona tamhüquqlu ərazi vahidi statusunu verməyə tələsmirdi. Yalnız 2009-cu ildə Mayot adasında keçirilmiş seçkilərdən sonra 2011-ci ildə ada rəsmi olaraq Fransanın 101-ci departamenti statusunu aldı.

Fransa'da Kovid-19 nedeniyle hayatını kaybedenlerin sayısı yükseldi - tg  mobile

Bu günə qədər Qəmər Adaları İttifaqı Fransanı müstəmləkə siyasətini aparmaqda və Qəmər xalqının vahid dövlətini yaratmaq imkanından məhrum etməkdə ittiham edir. Fransa parlamentinin deputatı Jan-Pol Lökok dediyi kimi “Beynəlxalq hüquqa görə, Mayot Fransaya məxsus bir ərazi deyil. Bu, xarici güc tərəfindən qanunsuz olaraq zəbt edilmiş Qəmər diyarıdır”

***

Qarabağla Mayot adasının tale ortaqlığı yəqin ki, fərq edildi. Dağlıq Qarabağa münasibətdə də biz illərdir qlobal güclərin, o cümlədən Fransanın eyni, “ikili standart” yanaşmasına, gizli xristian təəssübkeşliyinə şahidlik etməkdəyik. Amma Fransa Qarabağ münaqişəsinin həllində vasitəçi dövlət qismindədir, ATƏT-in Minsk Qrupunun həmsədridir. Di gəl ki, rəsmi Paris qərəzsiz vasitəçi olmaq əvəzinə, illərdir özünü işğalçı Ermənistanın müttəfiqi kimi aparır, Fransa liderləri təcavüzkar ölkəni “kiçik bacı” adlandırırlar. Parisdə erməni separatçıları illərdir özlərinə qanunsuz şəkildə “nümayəndəlik” belə açıblar.

Diqqət edildi yəqin ki, Fransa Mayot adasının ilhaqı üçün öz müqəddəratı təyinetmə kimi bəhanədən istifadə edir və adadakı xristian əhalini “xalq” olaraq qələmə verir. Eynən işğalçı Ermənistan kimi. O da Azərbaycan ərazisinin işğalını legitimləşdirmək üçün Dağlıq Qarabağın bir ovuc erməni əhalisini “Dağlıq Qarabağ xalqı” kimi dünyaya sırımağa və ona öz müqəddəratını təyinetmə haqqı almağa çalışır. Halbuki erməni xalqı isə öz müqəddəratını çoxdan müəyyən edib – Ermənistan dövləti şəklində və üstəlik, tarixi Azərbaycan torpaqlarında.

Qarabağın tarixi - Uşaq Bilik Portalı

Əgər Qarabağ məsələsində vasitəçi dövlət olan, BMT TŞ-nin 5 daimi üzvündən biri Fransa özünün qəbul etdiyi qətnamələrə məhəl qoymursa, yeri gələndə öz veto hüququndan və qlobal güc olmasından sui-istifadə edərək suveren bir ölkənin ərazisini özünün 101-ci departamenti elan edirsə, o zaman Paris onun yolunu gedən Ermənistandan ölkəmizə qarşı necə ədalətli, beynəlxalq hüquqa sayğılı davranmağı və işğala son qoymağı tələb edə bilər? Heç tələb etmir də. Siz heç indiyədək Fransa rəsmilərinin dilindən bircə dəfə olsun, “Ermənistan işğalçıdır” bəyanatını eşitmisinizmi? Eləcə də digər iki həmsədr dövlət olan Rusiya və ABŞ.

Beləcə, dünyada “ikili standart” siyasəti, “güclü həmişə haqlıdır” yanaşması qaldıqca və beynəlxalq hüquqdan üstün tutulduqca, konfliktlərin dinc və ədalətli həlli də müşkül olaraq qalacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu xüsusda vurğuladığı kimi: “Müasir dünyada haqlı olmaq yetərli deyil, həm də gərək güclü olasan”.

Güclü olmalıyıq. İqtisadi, hərbi, diplomatik – hər cəhətcə…

 

Siyasət şöbəsi,
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151292

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930