ŞİRKƏTLƏR, TİKİNTİ FİRMALARI, BAĞLAR, BANK VƏ DAHA NƏLƏR… – Ramiz Mehdiyevin ailəsinin bizneslərinə aid siyahı dərc edildi

04.09.2020 - 10:25

AMEA Prezidenti Ramiz Mehdiyevin ətrafında baş verən məlum hadisələr ölkədəki əsas gündəm mövzularından biri olaraq qalır. Bu dəfə Prezident Administrasiyasının sabiq rəhbərinin malik olduğu mal-mülkün, obyektlərin, bizneslərin bir qisminin siyahısı dərc edilib.

“AzPolitika.info” xəbər verir ki, R.Mehdiyevə məxsus olduğu iddia edilən biznes və obyektlər barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb və onların necəəldə olunduğunu açıqlayıb: “Ramiz Mehdiyevin rayonlara icra başçıları göndərdiyi, hətta Milli Məclisdə deputat kimi oturmaq üçün bir çoxundan çamadanla pul aldığını deyirlər. Gəzən söhbətlərə deyil, faktlara müraciət edək.

Ramiz Mehdiyevin Novxanıda böyük villası var. Akademik əsasən bu evdə qalmağı xoşlayır. Amma onun Novxanıda daha başqatan əyləncəsi var. Ucsuz-bucaqsız üzüm tənəkləri. Üzüm bağları həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Bundan başqa, qızı Kamilə, oğlu Teymurun mülkiyyətində olan hektarlarla bağlar var…

Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb.  Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.

Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqları hektarlarladır. Ananın mülkiyyətində 892 sot, onun qızının isə 240 sot torpağı var.

Hazırda bu ailənin plantasiyaları nə qədərdir, ictimaiyyətə məlum deyil. Kənd Təsərrüfatı Nazirliyi bu məlumatların açıqlanmasını dayandırıb…

Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb.

“Palitra” qəzetinin redaktoru hələ dünənədək (qeyri-müəyyən ifadədir, Vaxt dəqiq yazılsın) Anar Barat oğlu Miriyev idi. Anar Miriyev həm də “Azprice” MMC qiymətləndirmə şirkətinin direktorudur. Bu şirkət bu ilin iyul ayında Əmlak Məsələləri Dövlət Xidməti ilə obyektlərin qiymətləndirilməsi üzə 200 min manatlıq sifariş alıb. Bu yaxınlarda qəzetin redaktoru dəyişib. İndi Nigar Mehdiyevanın qəzetinə Esmira Azayeva rəhbərlik edir.

“Palitra” qəzetinin qeydiyyatdan keçdiyi mənzildə (Mikayıl Müşfiq küçəsi, ev 8 B, mənzil 43) başqa bir şirkət – “Professional İ.T.” MMC də dövlət qeydiyyatına alınıb. 2007-ci ildə yaradılan şirkət informasiya texnologiyaları sahəsində Təlim Mərkəzi kimi fəaliyyət göstərir.

Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. Bu şirkət “Medya FM” radiosunun sahibidir…

“Mediamaster” şirkəti Azəbaycan telekanallarında yayımlanan teleserialların çəkilişləri ilə məşğuldur. Prezident İlham Əliyevin təkcə iki sərəncamı ilə 2011-ci və 2013-cü illərdə serialların çəkilməsi üçün şirkət dövlət büdcəsindən 11 milyon manat pul alıb. “Mediamaster” şirkətinin baş direktoru Rüstəm Əliyevdir. Şirkətin çəkdiyi seriallar ATV, ARB və İTV tekenalallarında yayımlanır.

Rüstəm Əliyevlə Nigar Mehdiyevanın bir başqa ortaq sirkəti də var. Onlar “Abşeron Bio-Texnoloji” MMC-ni 2011-ci ildə yaradıblar. 

Bu şirkət innovativ bio-texnologiyalar sahəsində fəaliyyət göstərir vəəsasən sənaye üsulu ilə bio-humus və bio-orqanik gübrə istehsal edir. Şirkətin istifadəsində Masazır gölünün yaxınlığında 30 hektar əkin sahəsi var.

Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin – “İnfonet” MMC və “Kaspian Telekom” MMC-nin hüquqi ünvanıdır. Yəni, bu şirkətlər yaradılanda qeydiyyat orqanına ünvan sənədi kimi Kamilə Əliyevanın mənzilinin mülkiyyət sənədi təqdim olunub. Birinci şirkət 2004-cü ildə yaradılıb, amma nə işlə məşğul olduğu məlum deyil.

“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb.

Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. “Ailə NET” internet xidmətindən Bakı şəhəri ilə yanaşı, Xırdalan və Gəncə şəhərlərinin sakinləri də istifadə edir. “Caspian Telekom” MMC eyni zamanda provayder şirkəti olaraq, korporativ şəbəkə xidmətləri də göstərir.

“Skay Maks” MMC 6 mart 2007-ci il tarixində qeydiyyata alınıb. Bu şirkətin təsisçisi Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Şirkətin qeydiyyat ünvanı: Bakı şəhəri, Landau küçəsi, ev 6-dır. Yaradılandan bir ay sonra, aprel ayının 17-də şirkətə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

“Skay Maks” MMC şirkəti Azərbaycanda informasiya texnologiyaları sahəsində dinamik inkişaf fazasını yaşayan şirkətlərdən biridir. Şirkət fiber optik texnologiya bazasında Ailə TV brendi altında kabel televiziyası yayımını, “Ailə NET” brendi altında internet xidmətlərini, “A Media” brendi altında reklam xidmətlərini Bakı və Gəncə şəhərlərindəəhaliyə təqdim edir. Şirkət korporativ müştərilərə şəbəkə xidmətləri göstərən “Caspian Telecom” şirkətinə də sahibdir.

20 noyabr 2014-cü il tarixdən “Caspian Telekom” MMC «Skay Maks» MMC-nin hüquqi varisi olub. MTRŞ-nın 15 yanvar 2015-cü il tarixli qərarı ilə “Skay Maks” MMC-nin adına verilmiş kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) sənədi “Kaspian Telekom” MMC-nin adına rəsmiləşdirilib.

Bank, nəşriyyat, tikinti, daşınmaz əmlak şirkətləri

“Caspian Telekom” MMC-nin baş ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir. “Skay Maks” şirkəti birləşmədən sonra ləğv olunmayıb. O da DilarəƏliyeva küçəsi, 251A ünvanındadır.

Bu binada Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. 

Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur.

“Astoriya” Tibb Mərkəzi hazırda “German Hospital” adı altında fəaliyyət göstərir.

“Gandezza” ticarət mərkəzi Bakıda, Torqovi adlanan ərazidəki 4-mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.

“Servis” Mənzil-Tikinti Kooperativi ilə eyni hüquqi ünvanda, yəni Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani, 22 nömrəli evdə “Transmit Ltd” MMC də qeydiyyata alınıb. Bu şirkətin dörd təsisçisi arasında Kamilə Ramiz qızı Əliyeva da var. Digər payçılar Aidə Ağaqulu qızı Ağayeva, Əlirza Atamoğlan oğlu Haxverdiyev və Adil Güloğlan oğlu Aldostovdur.

“Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub. Fikrət Əliyev keçmiş deputat – İlham Əli Səftər oğlu Əliyevin qardaşıdır.

İlham Əliyev Ramiz Mehdiyevin kürəkənidir. Fikrət Əliyevin iki oğlu var – Orxan və Səftər. Onlar da biznesmendir. Səftər Əliyev – “Topaz” MTK-nın, Orxan Əliyev “NLT” MTK-nın sədridir. Rəsmi məlumatlara görə, Orxan Əliyev “Dry İce Tech” MMC-nin təsisçisi, Səftər Əliyev isə “E & S” MMC və “Aqua Safe” MMC-nin həmtəsisçisidir. Hazırda “Dry Tech” şirkətinə, eləcə də “Aqua Safe H2O” MMC-yə eyni şəxs – Mehman Hacı oğlu Əliyev rəhbərlik edir…

Ramiz Mehdiyevin gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.

Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyatı da Ramiz Mehdiyevin nəzarətinə keçib. 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilib. 

Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamentivə mətbəə fəaliyyət göstərir. 2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir.

Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib.

Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib.

“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.”

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153583

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930