“Böyük 10-lar”dan biri Türkiyə: ox yaydan artıq çıxıb!..

06.09.2020 - 16:27

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda əsas hədəfin ölkəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirmək olduğunu söyləyib. “Əvvəlcə 2023-cü illə bağlı hədəfimizi gerçəkləşdirəcəyik, daha sonra övladlarımıza 2053 və 2071-in Türkiyəsini miras qoyacağıq. Ox yaydan çıxıb və mütləq öz hədəfinə çatacaq” – Ərdoğan deyib.

Türkiyə Cümhuriyyətinin 100 illiyinə (2023) qardaş məmləkətin böyük güclərin “Qızıl onluğu”nda olacağına zərrəcə şübhəmiz yoxdur. Bu hədəfə çatmaqdan ötrü onun iqtisadi, intellektual, texnoloji, insani potensialı yetərincədir. Hərbi potensialı isə Türkiyənin yerini çoxdan ilk 10-luqda edib. Ölkə rəhbərliyinin siyasi iradəsi də ki öz yerində. Ərdoğan iqtidarı olmasa belə, bu kursun davam etdiriləcəyi şəksizdir.

Türkiyə hazırda “Böyük iyirmilər”dən biridir. Ancaq qardaş dövlətin “10-lardan”, hətta “Böyük səkkiizlər”dən birinə çevriləcəyi gün uzaqda deyil. Buna əminik. Türkiyə artıq 10 il öncəki deyil. İki il öncəki də deyil. O, indi öz hərbi mövcudluğunu ölkə sərhədlərindən kənarda uğurla bərqərar edən, Suriyada, İraqda, Liviyada, Qətərdə hərbi bazalar saxlayan qüdrətli bir dövlətdir. Pandemiyanın yaratdığı çətinliklərə rəğmən, öz müvazinətini itirməyən, dinamik inkişafını qoruyub saxlayan, silah alıcısından sürətlə silah satıcısına çevrilməkdə olan modern dövlətdir.

Türkiyənin öz hərbi-iqtisadi qüdrətini artırması isə yüzdə yüz onun öz təsir coğrafiyasını genişləndirməsi deməkdir – o cümlədən Güney Qafqazda.

Bu da Azərbaycana unikal üstünlüklər vəd edir. İşğalçı Ermənistanı cilovlamaq və cəzalandırmaq, ona qarşı hərbi koalisiya yaratmaq, eləcə də təcavüzkarın əsas havadarı olan Rusiyaya qarşı effektli dirəniş mexanizmi formalaşdırmaq baxımından mühüm fürsətlər verir.

Düşmən Ermənistanı son vaxtlar ən çox təlaşlandıran məhz budur. İşğalçı tərəf yaxşı fərqindədir ki, qardaş ölkənin hesablaşılan qüdrəti bölgədə bizim manevr imkanlarımızı əhəmiyyətli şəkildə artırır, Qarabağ probleminin ədalətli həlli yönündə gücümüzə əlavə güc qatır. İrəvanın ən böyük təlaşı isə odur ki, Türkiyə Cənubi Qafqazda möhkəmləndikcə, Bakı-Ankara ittifaqı bütün istiqamətlərdə gücləndikcə ərazilərimizin işğalını rəsmiləşdirmək, Azərbaycanı təkləmək mümkün olmayacaq.

Bu yerdə xeyrimizə işləyən çox mühüm bir gerçəyi qeyd etməyə dəyər.

Bəllidir ki, Azərbaycan torpaqları əsasən SSRİ tərkibində olarkən qoparılaraq Ermənistana verilib – nə vaxt ki, səsimizi çıxara bilməmişik. Ancaq Sovet İttifaqı 29 ildir yoxdur. Moskvanın Bakı üzərində hansısa diktəsi, iradəsi də mövcud deyil. Əlimiz üstdə hər hansı əl yox. Azərbaycan BMT üzvü olan müstəqil, suveren dövlətdir. Ermənilərin bəxti də bax, elə bunda gətirməyib. O anlamda ki, daha sovet dövründəki kimi Moskva və ya hansısa başqa bir paytaxt ərazimizin hansısa hissəsini qoparıb Ermənistana peşkəş edə bilməz. Odur ki, hətta Kremlin Dağlıq Qarabağdakı oyuncaq rejimi tanıması da vəziyyəti İrəvanın xeyrinə dəyişməyəcək.

Əksinə, SSRİ dönəmindən fərqli olaraq, indi Azərbaycanın mövqeyini, əlini gücləndirən Türkiyə amili var. Türkiyə burada, bölgədə, yanımızdadır və günbəgün, aybaay öz mövcudluğunu bir az daha qabarıq şəkildə büruzə verir. Bu faktor isə İrəvanla yanaşı, Moskvanı da Qarabağla bağlı yeni və məkrli planlardan çəkindirir, çəkindirəcək.

Ayrı sözlə, bundan sonra Azərbaycanla bağlı məsələdə Moskva Ankaranın mövqeyini də ciddiyə almalı, istəsə də, istəməsə də iki dəfə düşünməli olacaq. Rusiya və vassalı daha bölgədə Türkiyə amilini görməzlikdən gələ bilməz. Ermənistanın Tovuz təxribatından sonra bu, istisnadır. Ankara həmin təxribatla bağlı ən yüksək səviyyədə öz sərt xəbərdarlığını edib və bişəkk, Rusiya da öz “pay”ını götürüb.

Qarabağ savaşında Türkiyə bizə hətta birbaşa hərbi dəstək verməsə belə, onun regionda adicə varlığı, iki qardaş ölkənin təbii və sarsılmaz müttəfiqliyi işğala qarşı, süni İrəvan-Moskva müttəfiqliyinə qarşı olduqca sanballı, tarazlaşdırıcı amil rolu oynayacaq. Enində-sonunda ərazilərimizin azadlığına gətirəcək. Ərdoğanın təbirincə desək, ox artıq yaydan çıxıb və hədəfinə mütləq çatacaq…

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=153689

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930