Tramp Əsədi öldürmək istəyib – Pentaqonun keçmiş rəhbəri planı niyə icra etməyib?

17.09.2020 - 10:21

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Suriya lideri Bəşər Əsədi məhv etmək planını dəstəkləyib.

Lakin müdafiə naziri bu planı həyata keçirmək istəməyib. “Yeni Müsavat” xəbər verir ki, Tramp bu haqda “Fox” telekanalına müsahibəsində danışıb.

O, Pentaqonun keçmiş rəhbəri, “quduz köpək” ləqəbli əfsanəvi general Ceyms Mettisi tənqid edərək deyib ki, müdafiə naziri Əsədin məhv edilməsi planının həyata keçirilməsinə mane olub.

Mettis son aylar Trampı tənqid edir və onun yenidən seçilməsinə qarşı çıxır. Ola bilsin ki, seçkiqabağı ABŞ prezidentinin onu hədəfə alması da bu məqsədi güdür.

“Mən Əsədi aradan götürməyə üstünlük verirdim. Məndə hər şey hazır idi. Mettis bunu eləmək istəmədi”, – Tramp deyib. Və keçmiş müdafiə nazirini “həddən artıq şişirdilmiş general” adlandırıb.

Ağ Ev rəhbərinin sözlərindən belə çıxır ki, Bəşəri Əsədi Liviyanın üsyançılar tərəfindən öldürülən keçmiş lideri Müəmmar Qəddafi və İraqın edam edilən sabiq prezidenti Səddam Hüseynin gününə salmaq istəyiblər.

Ceyms Mettis:

Ceyms Mettis

Amma bundan sonra Suriyadakı hadisələr hansı istiqamətdə cərəyan edəcəkdi, onu proqnozlaşdırmaq çətindir. Liviya və İraqdan fərqli olaraq, bu ərəb ölkəsində İran, Rusiya, Türkiyə, ABŞ mübarizə aparır, habelə PKK/YPG qüvvələri, Azad Suriya ordusu və başqa silahlı müxalif birləşmələr döyüşürlər.

Hazırda döyüşlər xeyli dərəcədə səngiyib və hökumət qüvvələri, Suriya ordusu ərazilərə nəzarəti götürüb, Hələb, Dəməşq kimi böyük şəhərlər silahlı üsyançılardan geri alınıb. Amma 2011-ci ildən başlayan müharibə 9 ildir davam edir və Suriya böhranı həllini tapmır, sabitlik yaranmır.

Bununla belə, Əsədin Rusiya və İranın xüsusi dəstəyi sayəsində hakimiyyəti qoruyub saxladığını, şəhərləri silahlılara təslim etmədiyi, bir geri dönüşə nail olduğu göz qabağındadır. Əgər Trampın istəyi reallaşsaydı, bu gün başqa Suriya olacaqdı.

Hərbi ekspert, politoloq Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Trampın bir dediyi ilə o biri sözü düz gəlmir.

“İki il əvvəl demişdi ki, Əsədi məhv etməyi heç fikirləşmirik. İndi isə onu öldürmək planını dəstəklədiyini açıqlayır. Deməli, özü-özünü təkzib edib. İndi 2 il əvvəl dediyi yalandır, yoxsa indi söylədiyi, onu bilmirik. Amma Əsədi öldürməklə Suriyada ciddi dəyişikliklər olmaya bilərdi.

Söhbət 2018-ci ildən gedirsə, rus hərbi bazaları orada idi və hansısa generalı Əsədin yerinə prezident elan edib hakimiyyəti saxlayacaqdılar”, – deyə analitik qeyd etdi.

Azad İsazadə: “İnsanlar rəqəmləri eşitmək istəmirlər”

Azad İsazadə: “Rus hərbi bazaları orada idi və hansısa generalı Əsədin yerinə prezident elan edib hakimiyyəti saxlayacaqdılar”

A.İsazadə hesab edir ki, Qəddafi və Səddam hakimiyyəti itirdikdən sonra öldürülüblər: “Burada Əsəd hakimiyyətdə olduğu vaxtda məhvindən danışılır.

Amma onun aradan götürülməsi ilə Suriyada vəziyyət daha da gərginləşəcəkdi, hakimiyyətyönlü qüvvələr arasında da mübarizə pisləşəcəkdi”.

Hərbi ekspert Suriya böhranının tezliklə yekunlaşacağını gözləmir: “Hansısa böyük oyunçu oradan çıxmalıdır. Türkiyə, İran və Rusiya oradadır.

Hətta İranla Rusiya, ABŞ-la Türkiyənin Suriyanın gələcəyi haqda fkirləri ziddiyyətlidir. Ona görə bu regionda siyasi böhran davam edəcək”.

Ramiyə Məmmədova: “Avropanın ikili oyunları pozulmuş oldu”

Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Trampın Əsədi öldürmək planı haqda şayiələr 2018-ci ildə yayılmışdı:

“O vaxt Tramp demişdi ki, belə plan heç vaxt müzakirə olunmayıb. İndi nə oldu ki, amerikalı prezident etiraf edir?

Mənə elə gəlir ki, Mettisin tənqidlərinə cavab üçün seçkiqabağı daxili auditoriyaya hesablanmış açıqlamadır.

Suriya böhranı elə bir labirintdir ki, Əsədin qətli ilə həllini tapmayacaq. Çünki oradakı proseslər böyük güclərin oyununa və qarşıdurmasına çevrilib. Əsəd isə tərəfdir və hadisələrə təsir imkanı azalıb”.

Ekspertin fikrincə, Əsədin məhvi Suriyanın parçalanması prosesini sürətləndirəcəkdi: “Qəddafidən sonra biz iki Liviya görürük. Biri marşal Haftarın nəzarətində olan ərazilərdir, Rusiya onu dəstəkləyir, digəri isə Sərrac hökumətidir, ABŞ və Türkiyə onu tanıyır.

Yəni vahid Liviya, sabiq ölkə yoxdur, ölkənin nefti İtaliya və digər dövlətlər tərəfindən dədə malı kimi daşınır, siyasi böhran həllini tapmayıb.  Suriyada da analoji proses baş verəcəkdi.

Türkiyə və Qərbin dəstəklədiyi qüvvələr, İran və Rusiyanın tanıdığı hökumət… nəticədə ölkə ikiyə bölünəcəkdi. Üstəlik, kürdlərin İraqda olduğu kimi Suriyada da öz muxtar hökumətini qurması sürətlənəcəkdi.

Əsəd isə diktator olsa belə, indiki halda suveren və vahid Suriyanın qarantı kimi görünür.

Bir rejimin süqutu ərazilərin itirilməsi, parçalanması, xarici qüvvələrin dövlətin sərvətlərinə sahib çıxması bahasına başa gələcəksə, bu təhlükəni görmək lazımdır”.

Qeyd edək ki, ABŞ, Rusiya və Misir Suriya Demokratik Qüvvələrini (SDQ) Cenevrədəki iclasda masaya oturtmaq istəyir.

Bunu Suriya Müxalif və İnqilabi Qüvvələr Regional Koalisiyasının (SMDK) Türkiyə təmsilçisi Nəzir Həkim deyib.

“Misir, Rusiya və Əsəd rejiminin PKK-nın qolu sayılan SDQ arasında anlaşma olduğunu hiss edirik. Moskva ilə SDQ arasında yaxın əlaqələrin olduğu aydındır. Misir, Rusiya və Əsəd rejimi bacardıqları qədər SDQ-dən istifadə edir.

Bunu yaxşı bilməlidirlər ki, terror təşkilatları Türkiyənin qırmızı xəttidir. Terrorçuların o masada oturmasına heç vaxt icazə verməyəcəyik. Cenevrə masasında yer alan qruplarda kimlərin olduğunu incə detalına kimi araşdırırıq”, – N.Həkim bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154408

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930