Radikal müxalifətlə dialoqu mümkünsüz edən səbəblər

17.09.2020 - 10:44

Hakim partiya funksioneri: “Onlar uzanan əli sıxmadı”

Radikal müxalifət partiyaları ilə hakimiyyət arasında münasibətlər dəyişməz qalır. İllərdir müşahidə olunan gərginlik, qarşılıqlı ittihamlar hələ də davam edir. Ölkədə son zamanlar siyasi münasibətlər sistemində ciddi müsbət addımların atıldığı fonunda nədən radikal müxalif partiyalarla da münasibətlərin normal məcraya yönəldilməməsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr açılır. Suallar verilir ki, hökumət inkarçı və radikal hesab elədiyi müxalifətlə rəftarın başqa variantlarını niyə sınaqdan çıxarmır? İqtidar özünü haqlı, güclü, siyasi rəqibini haqsız və gücsüz bilirsə, nədən onlarla debata, dialoqa getmir? Həbsdən, təqibdənsə, debata çıxıb qarşı tərəfin haqsız olduğunu isbatlamaq daha məqbul yol deyilmi?  Həbs edəndə iqtidarın üzərinə daha çox təzyiq gəlir. Bu ənənəvi yoldan niyə imtina edilmir?

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, Azərbaycanda siyasi partiyalarla, müxalifətlə iqtidar arasında dialoq mühiti mövcuddur. Bu ilin əvvəllərindən isə dialoq mühiti daha da dərinləşib: “Ölkə Prezidenti elan edib ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşır. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə siyasi partiyaların görüşləri keçirilir. Bu görüşlərdə heç bir partiyaya ayrı-seçkilik edilmədiyi bəllidir. Həmin görüşlərə sizin qeyd etdiyiniz radikal müxalifət partiyalarının rəhbərləri də rəsmi dəvət edilmişdilər. Lakin onlar bu görüşlərdə iştirak etmədilər. Göründüyü kimi, məhz onlar hakimiyyətdən onlara tərəf uzanan əli tutmaqdan yayınırlar. İqtidar tərəfi dəfələrlə xoş məram göstərib, lakin radikal düşərgə ənənəvi ziyanlı mövqedən imtina etmir. Yəni ənənəvi davranışı məhz radikal müxalifət davam etdirir. Azərbaycanın iqtidarı, Yeni Azərbaycan Partiyası isə dialoqa həmişə açıqdır.

Həbslər və təqib məsələsinə gəlincə, Azərbaycanda kifayət qədər demokratik mühit var və siyasi mövqeyinə görə kimsə həbs edilmir, təqib olunmur. Hansısa siyasi partiya mənsubiyyəti olan şəxslər isə konkret inzibati hüquq pozuntularına və cinayət əməllərinə görə məsuliyyətə cəlb olunurlar. Azərbaycan hüquqi dövlətdir, siyasi mənsubiyyətinin olub-olmamasından, müxalifət partiyasında və ya başqa partiyada olub-olmamasından asılı olmayaraq hər kəs qanunlar çərçivəsində hərəkət etməlidir. Müxalifət partiyasının üzvü olmaq qanunları pozmaq, yol verdiyin cinayət əməlinin yaratdığı məsuliyyətdən kənarda qalmaq hüquqi vermir”.

Hikmət Babaoğlu: "Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da  artıracaq"

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, bütün hallarda hakimiyyət siyasi sistemin iştirakçılarının hər biri ilə dialoqda olmaqda maraqlıdır: “Ölkəmizdə həyata keçirilən islahatlar kontekstində bu daha da aktualdır. Çünki cəmiyyətin inkişafı və milli maraqların təmin olunması ictimai-siyasi həmrəylikdən və milli enerjinin milli maraqlar ətrafında səfərbər  edilməsindən keçir. Hazırkı mürəkkəb tarixi mərhələdə bu daha vacib əhəmiyyət kəsb edir. Ona görə də inkarçılar dedikdə məhz mövcud vəziyyətdə bu reallıqları qiymətləndirmək istəməyən, ümumi maraqlar naminə ortaq təmas nöqtələrini qəbul etməyən, ideya, fikir, yaxud lap elə əməlləri ilə dövləti maraqlarımıza töhfə verməyənlər, tam əksinə, əldə edilən uğurları görməzlikdən gələnlər nəzərdə tutulur. Radikallar isə ucdantutma heç bir rasional işi və əməli qəbul etməyənlər, ən kəskin üsullar və vasitələrlə hakimiyyəti tənqid edərək bütün hallarda ona qarşı çıxanlardır. Ancaq buna baxmayaraq cəmiyyətdə dialoq və effektiv ictimai  ünsiyyət mühitinin mövcud olması məsuliyyətinin ən çox ona aid olduğunu dərk edən hakimiyyət ən müxtəlif üsullarla bunu təmin etməyə çalışır. Bəri başdan deməliyəm ki, xeyli böyük miqyasda da əslində buna nail olur. Əks təqdirdə, biz ictimai harmoniya və ahəngdarlıqdan danışa bilmərik. Bunların isə ölkəmizdə mövcud olması olduqca mühüm əhəmiyyətli faktor olmaqla həm də milli inkişafımız üçün təminat yaradır. Ona görə də radikal müxalifətlə ünsiyyət yaratmaq məsələsində ən müxtəlif variantlara əl atır. Ən son hadisələrə diqqət etsək görəcəyik ki, Prezident Admnistrasiyasında hətta siyasi partiyalarla iş aparmaq üçün ayrıca şöbə belə yaradılıbdır. Düşünürəm ki, sualınızın bir cavabı da elə buradadır. Yəni həm də daha yeni variantlarla dialoq mühitini daha da genişləndirmək məqsədilə yaradıldı bu yeni struktur. Yaranar-yaranmaz da olduqca uğurlu addımlar atmağı bacardı, ali siyasi iradənin siyasi məqsədlərini realizə etmə yolunda intensiv və effektiv işlər gördü. Şöbə müdiri Ədalət Vəliyev az qala hər gün siyasi sistemimizin ən müxtəlif iştirakçıları ilə görüşlər keçirdi, pandemiya şəraitində yaşamağımıza baxmayaraq bu görüşlər hələ də davam etdirilir. Mən əminəm ki, biz bunun necə müsbət nəticələr verəcəyini bir qədər sonra siyasi sistemimizin real mənzərəsində görəcəyik. Bütün bunları yeni variant kimi nəzərdən keçirə bilərsiniz. Ancaq onu də nəzərə almaq lazımdır ki, bu görüşlərə getməkdən kimlər imtina etdi. Yaxud ön şərtlər qoyaraq əslində uzanan dialoq əlini geri çevirdi. Bu isə əlbəttə ictimai diqqətdən yayınmadı və beləliklə həmin ictimai məsuliyyət yenə də həmin inkarçıların üzərində qaldı. Ancaq şübhəsiz ki , demokratik cəmiyyətdə belə təşəbbüslər daima davam etdirilir və etdiriləcəkdir və bu prosesdə mümkün yeni variantlar da, əlbəttə, yenə ortaya çıxacaq”.

Debatlara, ictimai müzakirələrə gəldikdə, deputat dedi ki, bu da demokratik cəmiyyətin əsas atributlarından biridir və geniş ictimai auditoriya tərəfindən olduqca rəğbətlə qarşılanır. Çünki nəticə etibarilə hər bir vətəndaş müxalif fikirlərin, yaxud  iqtidar-müxalifət mövqeyinin hansının doğru olduğuna belə müzakirələrdə səsləndirilən fikirlər və arqumentlər əsasında qərar verir. Ona görə də belə effektiv sosial alətdən mütləq istifadə etmək lazımdır: “Çünki nəticə etibarilə rəqabət mühitində inandırıcı vasitələrlə həm də təmsil etdiyin siyasi partiyanı təbliğ etmək üçün göydəndüşmə fürsət əldə edirsən. İqtidar partiyası da vaxtaşırı belə debat və müzakirələrdə əsasən iştirak edir. Əgər bu prosesdə hələ üstəlik bir haqsız arqumenti zərərsizləşdirərək ictimai müzakirələrdən çıxara bilirsənsə,  deməli, təkcə mənsub olduğun siyasi təşkilatın deyil, həm də obyektiv ictimai münasibətlərin formalaşmasının da təminatçısına çevrilirsən ki, bu da ümumi mənafelərimiz baxımından çox əhəmiyyətlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930