Elxan Şahinoğlu: “Hərbi qələbəmizdən sonra Rusiya-Ermənistan müttəfiqliyində çat böyüyəcək”

07.11.2020 - 11:05

“Paşinyan hakimiyyətdə qala bilsə, üzünü Qərbə çevirməyə və rus hərbi bazalarını ölkədən çıxarmağa çalışacaq”

Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəni qələbə ilə başa çatdırdıqdan və Ermənistan 30 ildir işğalda saxladığı torpaqları itirdikdən sonra düşmən ölkənin Rusiya ilə münasibətlərinin sərinləşəcəyi və hərbi müttəfiqliyinin sıfırlanacağı gözlənilir. Çünki yanlış siyasəti ilə nəinki Qarabağı, eləcə də ölkəsinin hərbi imkanlarını, canlı qüvvəsini itirən, iqtisadiyyatı məhv edən Paşinyan hakimiyyətdə qalmaq üçün baş verənlərdə Rusiyanı günahkar göstərməyə çalışır.

Məsələ ondadır ki, nə 1997-ci ildə Rusiya ilə  Ermənistan arasında imzalanmış 50 illik hərbi müttəfiqlik müqaviləsi, nə də KTMT-yə üzvlük bu savaşda Ermənistanı qoruya bilmədi. Belə olan halda, hakimiyyətə gəldiyi ilk gündən Rusiyadan ayrılmağa çalışan və Qərbə can atan Paşinyan və onun komandası rəsmi Moskva ilə ittifaqı bitirə, KTMT-dən çıxa bilərmi?

Erməni politoloqlar da bildirir ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Qarabağ məsələsində dəstəkləməkdən imtina edib. Çünki Rusiya Paşinyanın dəstək çağırışına cavab olaraq bildirmişdi ki, əgər Ermənistanın ərazi bütövlüyünə hər hansı təhlükə yaranarsa, hərbi dəstək verə bilər. İndiki halda isə Azərbaycan müharibəni öz torpaqlarında aparır və işğaldan azad edir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın qələbəsindən sonra Rusiya-Ermənistan münasibətlərində çat böyüyəcək: “Paşinyanın inqilab yolu ilə hakimiyyətə gəlməsi və ermənilərin Paşinyana, onun partiyasına səs verməsi elə ondan xəbər verirdi ki, ermənilər Rusiyanın siyasətindən narazıdırlar. Rusiyanın Ermənistanda hərbi bazalarının olmasına, bu ölkənin Türkiyə və İranla sərhədlərini qorumasına, ucuz qaz satmasına, fabrik və zavodlarını özəlləşdirməsinə baxmayaraq, ermənilər hər zaman narazı idilər. Narazılığın səbəbi isə Rusiyanın Azərbaycana silah və hərbi texnika satması idi. Bu, onları hər zaman narazı salıb. Paşinyan hakimiyyətə gələndən sonra çalışdı ki, Qərbə yaxınlaşsın. Rusiyaya bağlı olan siyasətçiləri ya həbs etdi, ya da tamamilə uzaqlaşdırdı. Bu da Rusiyada narazılıq doğurdu. Rusiyanın Paşinyana münasibət belədir ki, o qərbpərəst və Sorosdan asılı bir fiqurdur. Sorosu da Rusiyanın ən qatı düşmənlərindən biri hesab edirlər. Rusiyada da Paşinyana qarşı narazılıq artdı. Paşinyan öz siyasətində  vəzifələrə təyinatla bağlı xarici fondların nümayəndələrinə üstünlük verdi. İndi də Azərbaycan Qarabağ məsələsini müharibə yolu ilə  həll edərkən, ermənilər gördü ki, Rusiya prosesə qarışmaq istəmir. Bu erməni siyasətçilərini narazı salır, ancaq bunu açıq-aşkar deyə bilmirlər. Dağlıq Qarabağ məsələsini biz öz xeyrimizə tam həll etdikdən sonra, əlbəttə ki, Rusiya-Ermənistan münasibətləri daha böyük çat verəcək. Paşinyan üzünü Qərbə çevirməyə çalışacaq və Rusiyanın hərbi bazalarının çıxarılmasını gündəmə gətirəcək”.

Politoloq hesab etmir ki, Putin  Paşinyana Ermənistanın Rusiyadan qopmasını sürətləndirməyə imkan versin: “Rusiya çox asanlıqla Paşinyanı devirə də bilər. Sadəcə, qazın qiymətini qaldırar və Ermənistan iqtisadiyyatı çökər. Paşinyanı müxtəlif yollarla hakimiyyətdən uzaqlaşdırmaq üçün Rusiyanın əlində kifayət qədər rıçaqlar var. Rusiya Ermənistanı əldən verməməyə çalışacaq. Çünki Cənubi Qafqazda yeganə forpostu Ermənistandır, orada hərbi bazaları var. Ümumilikdə isə anlamaq mümkün deyil, Ermənistana hərbi dəstək verməklə Rusiya nə qazanır.  O zaman hərbi bazalar ona görə lazım idi ki, Ermənistana hansısa problem yaransa, Türkiyəyə qarşı hərbi bazalardan istifadə edilsin. Ancaq Rusiyanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var, Türkiyə ilə də münasibətləri normaldır. Ermənistan Rusiyadan ayrılsa belə, bu çox böyük itki sayılmayacaq”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

Elxan Şahinoğlu

E.Şahinoğlunun fikrincə, indi əsas suallardan biri odur ki,  müharibədən sonra Paşinyan özü hakimiyyətdə qala biləcəkmi: “Onu hərbçilər də devirə bilər. Hakimiyyətə yeni gələn şəxs isə Qərbə deyil, Rusiya ilə münasibətlərə üstünlük verəcək. Ancaq əgər Paşinyan və onun tərəfdarları hakimiyyətdə qala biləcəksə, özlərini sğortalamaq üçün bu məsələni də gündəmə gətirə bilərlər ki, Rusiya  ilə hərbi ittifaq Ermənistanın nəyinə lazımdır. O zaman  erməni siyasətçilər də sual verəcək ki, Rusiyadan imtina etdikdən sonra bizi kim qoruyacaq? Amerika, yoxsa Fransa? Bu məsələ də gündəmdə olacaq. Ermənilər nə qədər Rusiyadan narazı qalsalar da, Azərbaycan və Türkiyə qarşısında özlərini təhlükəli vəziyyətdə hiss etdikləri üçün yenə də seçimləri Rusiya olacaq”.

Elxan Şahinoğlu vurğuladı ki, KTMT üzvü olmağın da bu savaşda Ermənistana heç bir faydası olmadı: “Onlar gözləyirdilər ki, KTMT guya Dağlıq Qarabağın işğalını uzada bilər, onları qoruya bilər. Ancaq mən dəfələrlə qeyd etmişəm ki, KTMT sadəcə, Rusiya-Ermənistan hərbi ittifaqından ibarətdir. Belarusun, Qazaxıstanın, Qırğızıstanın orada varlığı nominal xarakter daşıyır. Nə Belarus, nə Qazaxıstanın, nə də Qırğızıstan Ermənistana görə Azərbaycanla düşmən olmaz. Çünki bu dövlətlər Azərbaycanla daha sıx əməkdaşlığa malikdir. Bunu ermənilər də anlayırlar. Əgər Rusiya-Ermənistan hərbi ittifaqı Qarabağın işğalını uzatmırsa, Ermənistanı Azərbaycanın uğurlu hərbi əməliyyatlarından qorumursa, KTMT nə edə bilər? Ermənistanda KTMT-dən çıxmaq məsələsi də qaldırıla bilər. Ancaq onların alternativi nədir? NATO heç vaxt Ermənistanı qəbul etməz, Amerika da gəlib Ermənistanda hərbi baza yaradası deyil. Bu mənada Ermənistanda boşluq yaranacaq və Ermənistan Azərbaycanla Türkiyə qarşısında özünü daha aciz hiss edəcək. Pislə ən pis arasında qalıb pisi seçəcəklər. Pis variant isə elə Rusiya ilə hərbi ittifaqı davam etdirməkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156977

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30