Qələbə “twit”i qədər möhtəşəm dərs və həmsədrlərin Qarabağ monopoliyasına son qoyulan gün-12 dekabr

13.12.2020 - 15:30

İki gündür ki, hamı bu mövzudan danışır: Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə verdiyi dərsdən! Ölkə başçısı adını “vasitəçi” qoyub, əslində 28 ildə oyunbazlıqla məşğul olan missiya üzvlərinə ünvanladığı hər kəlməsilə ürəyimizdən tikan çıxartdı.

Düzdür, ötən illər ərzində həmsədrlərin “üçlüyü” dəyişdi, amma onların mövqelərində qəti dəyişiklik olmadı, hamısı tutuquşu kimi eyni sözləri dedi: “Sülh prosesinin alternativi yoxdur, müharibə qəbulolunmazdır”, daha nə nağıllar. Azərbaycan Prezidenti üzbəüz görüşdə xatırlatdı ki, bu sözləri təkcə vasitəçi diplomatlar deməyib, həm də onların liderləri dilə gətirib.

Sitat: “Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.

Güllə hədəfə dəyən kimi ünvanına çatdı bu sərrast fikirlər! O anda həmsədrlərə və “Qarabağ canişini” Anjey Kasprşikə iynə batırsan, qanı çıxmazdı.

Bir çoxumuz həmsədrlərin Bakıya gəlmək niyyətini eşidəndə qəzəblənmişdik, “onlara viza verilməsin”, tipli çağırışlar da səslənirdi. Ancaq dövlət başçımızın dediklərini dinlədikcə, düşündük ki, nə yaxşı gəldilər, üz-üzə oturdular və bu sözləri eşitdilər. Virtual görüş, yaxud telefon söhbəti olsaydı, söylənən həqiqətlər bu qədər effekt verməzdi.

1607512904nocomment_a58e8f975df4a121486a3c4f1eff8570_sg5lqr1o630minh2xuvk-640x336.jpg (27 KB)

Cənab Prezident açıq dedi ki, həmsədrlərlə görüşmək niyyəti yox imiş, buraya gəlmək məhz onların ideyası olub: “Mən Minsk Qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk Qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var…”

Daha sözü necə deyərlər?! Diqqət edin, bu sözlərdən sonra mat vəziyyətinə düşən, matı-mutu quruyan həmsədrlərin deməyə sözü qalmadı, hərəsi sadəcə danışmaq naminə 3-5 kəlmə guya dedilər. Əslində, onlar heç nə demədilər, çünki deməyə sözləri yox idi! Çünki sözlərini vaxtilə demişdilər – işğala məruz qalan Azərbaycanla terrorçu, işğalçı Ermənistan arasında bərabərlik işarəsi qoymaqla…

2018-ci ilin Günnüt əməliyyatından sonra həmsədrlər qəzəbli bəyanat yaymışdılar, Ermənistanın Naxçıvan təxribatına layiqli cavab verib, yüksəklikləri azad edən Azərbaycanı qınamışdılar. Amma bu “vasitəçilər” nə vaxtilə Serj Sərkisyanın, nə də Nikol Paşinyanın Şuşada meymunluq eləmələrinə etiraz etmədilər.

Heç keçmiş baş nazir Karapetyan Sərsəngdə kater sürəndə də bu üçlük demədi ki, “sülh prosesinə xələl gətirən hərəkətlər etməyin!”. Demədilər. Ermənistan Tovuz istiqamətindən hücuma keçəndə də Minsk Qrupu bərabərlik işarəsini ortadan götürmədi. İndi nə üzlə Bakıya gəlmişdilər, nə üzlə onların 28 ildir bacarmadığını 44 günə bacaran Ali Baş Komandanın qarşısında oturmuşdular, cavab tapmaq çətindir. Amma o boyda yolu gələnlər bir yadda qalan söz deyə bilmədilər. Deməli, məqsədləri sadəcə “biz də varıq”, mesajı vermək idi.

Məhz onların fəaliyyətsizliyi nəticəsində erməni işğalı bu qədər davam edib, minlərlə şəhid vermişik, şəhər və kəndlərimiz darmadağın edilib. Ancaq bu adamların birinin cəsarəti çatmadı ki, günahını etiraf etsin, üzr istəsin. Qarabağdakı terrorçu rejimin əvvəlki və indiki başçılarının qudurmasına səbəbkar həm də həmsədrlərdir. Hər dəfə Bakı və İrəvandan sonra Xankəndinə səfər edirdilər, qondarma rejimin əski parçasının qarşısında terrorçubaşı ilə görüş keçirirdilər, onun danışıqlar prosesində iştirakına cəhd göstərirdilər.

üe.jpg (122 KB)

Araik Arutyunyan bu il iki “seçki” oyunu keçirtdi, həmsədrlər heç nə olmamış kimi davrandılar, bu, alçaq cani “parlamenti Şuşaya köçürəcəyik” deyəndə də onlardan səs çıxmadı. Münaqişəni həll etmək istəyən əsla belə davranmamalıydı. Ona görə də Prezident qəzəbliydi, hər sözündən od saçılırdı. Qəzəbin bir səbəbi də bu idi ki, Ali Baş Komandanın 3 minədək hərbçisi, 100 mülki vətəndaşı həlak oldu son müharibədə! Ancaq qarşısında oturanlar heç nə olmamış kimi davranırdılar o günlərdə…
Heç Paşinyan Azərbaycan torpağında “Qarabağ Ermənistandır”, sayıqlamasını edəndən sonra da həmsədrlərdən səs çıxmamışdı. Bu təlxək baş nazir Azərbaycana qarşı 7 şərt irəli sürəndə də vasitəçilər onun başına ağıl qoymaq istəmədilər.

Hətta Ermənistan Bakını kapitulyasiyaya vadar edəcəkləri, Mingəçevir SES-i vuracaqları, Gəncəni işğal edəcəkləri, Sərsəngin suyunu buraxıb Azərbaycanı su altında qoyacaqları ilə hədələyəndə də bu turist diplomatlar özlərini karlığa vurdular. Azərbaycanın humanizmindən sui-istifadə edən düşmən Kəlbəcər, Ağdam, Laçındakı olan-qalan tikililəri yandıranda, əmlakımızı məhv edəndə, ekoloji fəlakət törədəndə, Gəncə, Bərdə, Tərtəri ballistik raketlərlə vuranda da həmsədrlər lal-kor olmuşdular. İndi ayılıblar, “hamımız anlayırıq və etiraf edirik ki, indi qarşımızda yeni reallıqdır”, deyirlər…Nə tez ayılmısınız? Bəlkə bir az da yatardınız, deyən gərək…

Belələrinin cavabı verilməliydi, verildi də! Və bu yerdə Prezidentdən növbəti nöqtəli zərbə: “Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk Qrupu yox!”

Prezident İlham Əliyevin həmsədrlərlə 12 dekabr görüşündəki çıxışı 44 günlük müharibədə xalqa müraciəti, qələbə “twit”i qədər möhtəşəm idi. Savaş günlərində yeni ərazilərin işğaldan azad edilməsinin xoş müjdəsi verilirdisə, bu görüşdəki çıxışda Qarabağ məsələsinin birdəfəlik Minsk Qrupunun monopoliyasından azad edildiyi açıq şəkildə bəyan olundu, özü də monopolistlərin birbaşa özlərinə! Bu görüş həmsədrlərin+Kasprşikin kapitulyasiyası sayıla bilər.

Ölkə başçısı danışdıqca baş verənlər kino lenti kimi gözlərimiz önündən ötüb keçdi, Ermənistanın müharibə cinayətləri, həmsədrlərin fəaliyyətsizliyi, onların təmsil olunduğu ölkələrin liderlərinin ədalətsiz davranışları… Prezidentin çıxışında həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq, aydın və mövcud vəziyyətə adekvat mesajlar var. Prezidentin viran qoyulmuş Azərbaycan ərazilərilə bağlı sadaladığı faktlardan sonra həmsədrlər özlərində güc tapıb “bayraq asmağa bir salamat bina olmayan” – ifadə dövlət başçısına məxsusdur – Fizuliyə, Cəbrayıla, Zəngilana, ermənilərin “müşahidə məntəqəsi” (?!) kimi istifadə etdikləri üçün saxladıqları məsciddən başqa, darmadağın etdikləri Ağdama getməliydilər, ədalət hissləri olsaydı…Ancaq onlar İrəvana yol aldılar, təlxəyi dinləməyə.

a5g.jpg (163 KB)

Prezident Əliyev dolaylısı ilə həmsədrlərin nəzərinə çatdırdı ki, bu səfər mənasızdır. Təkcə ona görə yox ki, Azərbaycan 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib, Minsk Qrupunun həmsədrlərinin edə bilmədiklərini, yaxud etmək istəmədiklərini reallaşdırıb. Ölkəmizin başçısı nəzərə çatdırdı ki, Paşinyanla danışmağın heç bir mənası yoxdur. Çünki: “Ermənistan hakimiyyəti yenə də öz ictimaiyyətini aldadır. Dağlıq Qarabağda yaşayan ermənilər və muzdlular barədə itkilər hələ də gizlədilir. Müharibəyə və onun nəticələrinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Müharibəyə görə bütün məsuliyyət N.Paşinyan rejiminin üzərinə düşür. Məhz Paşinyan hakimiyyətinin təxribatçı hərəkətləri, bəyanatları danışıqlar prosesini məhv etdi və müharibənin başlanmasına səbəb oldu”.

Belə olan halda həmsədrlər təlxək, qeyri-ciddi, diplomatiyadan bixəbər, öz xalqını fəlakətə sürükləmiş birisilə görüşüb də “nə möcüzə icad edəcəklər” bundan sonra?

Azərbaycan Prezidenti Ermənistan daxilində baş verənlərə də ustalıqla münasibət bildirdi. Bəzi qüvvələr Paşinyanın devrilməsi şəraitində yenə də Qarabağ klanının təmsilçilərinə “stavka” etmək istəyirlər. Amma dövlət başçısı xatırlatdı ki, “Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq Paşinyan heç kimdir, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik, təcrübəsi, beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur”.

Yəni ölkəmizin rəhbəri nəzərə çatdırdı ki, kimlərsə Paşinyanı Sarkisyan, ya Köçəryanla əvəzləmək niyyətinə düşməsin! Reallıq budur ki, Azərbaycan Ermənistan daxilindəki proseslərə də ciddi şəkildə təsir etmək iqtidarındadır. Biz bunu 2016-cı ilin aprel məğlubiyyətini yaşayan Serj Sərkisyanın hakimiyyətdən biabırçı şəkildə uzaqlaşdırılması zamanı da görmüşük.

Bu görüşdə status ifadəsi səslənmədi və yeri də yox idi. Çünki dövlət başçısının bəyan etdiyi kimi, “status cəhənnəmə getdi”. Dövlət başçısı aydın və qəti şəkildə bəyan etdi ki, Azərbaycan erməni xalqı ilə deyil, işğalçılar, əraziləri zəbt edən cinayətkarlarla müharibə apardı. “Qarşıdan gələn dövrdə ermənilər hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq. Onlar səfalətdən, zordan, qul kimi yaşamaqdan qurtulacaqlar”.

Bundan humanist yanaşma nə ola bilər? Hələ Azərbaycanın şəhidlərinin qanı qurumayıb, amma dövlət başçısının böyük ürəyinə baxın ki, yenə də ölkəmizə qənim kəsilən millətin təmsilçilərinə vətəndaşlıq hüququnu tanıyır, onları adam kimi yaşamağa dəvət edir. Nikol Paşinyan nə vaxtsa deyibmi ki, Ermənistandan qovulan 300 min azərbaycanlını geri qayıtmağa, bizimlə birgə normal yaşamağa dəvət edirəm? Azərbaycan dövləti Qarabağda girov olan sadə ermənilərə xoş gələcək vəd edir! Bundan sonra gərək bütün söhbətlər bitsin, heç kəs Azərbaycanın daxili işlərinə burun soxmasın!

Amma cinayətlər cəzasız qalmayacaq. Bunu da İlham Əliyev açıq şəkildə bildirdi: “Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı – Ermənistanın törətdiyi hərbi cinayətlər hazırda sənədləşdirilir. Azərbaycan artıq törədilən cinayətkar əməllərlə bağlı hüquqi prosedurlara başlayıb. Mülki əhali, infrastruktur, dini və mədəni abidələrə dəymiş ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və bu cür şəraitə uyğun olaraq zəruri addımlar atılacaq. Ermənilərin muzdlulardan istifadə etməsinə dair çoxsaylı faktlar var – pasportlar, həbsxanalarda əcnəbilər və sair”.
Sonuncu fikir həm də Azərbaycanı muzdlular gətirməkdə ittiham edənlərə ünvanlandı. Muzdlular hansı tərəfdə döyüşüb, ortada əlahəzrət fakt var!!!

Dövlət başçısı onu da xatırlatdı ki, Minsk Qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil edib.

Sitat: “Həmsədrlər işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin – yaşayış məntəqələrinin tam dağıdılmasının, qeyri-qanuni məskunlaşmanın şahidi olmuşlar”.

Yəni nələr baş verib, siz yaxşı bilirsiniz, amma həqiqəti dilə gətirməmisiniz illər boyu.
Nəhayət, Prezident İrəvana və işğalçının dəstəkçilərinə növbəti xəbərdarlığını etdi. “Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir. Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, bu dəfə tamamilə darmadağın ediləcəklər; – Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək!”

Dövlətimizin başçısı müharibədən bir neçə gün əvvəl BMT tribunasından xəbərdarlıq etmişdi, nəzərə almamışdılar. Nəticə ortada. İndi baxsınlar vəziyyətə.

Prezident sülhyaratma prosesində Rusiya liderinin, həmçinin qardaş Türkiyənin oynadığı rolu xüsusi vurğulamaqla həm də digər həmsədr ölkələrə ciddi mesaj vermiş oldu. Yəni “artıq yeni format var – 2+2 formatı, siz gedə bilərsiniz!”

Ölkə başçısı bildirdi ki, sülhməramlıların missiyası qüvvədədir: “Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır, Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir”. Cənab Prezidentin fikirlərindən aydın görsənir ki, artıq sülhməramlılıq konsepsiyasının konturları formalaşıb və bu, hər iki tərəf 10 noyabr bəyanatında təsdiq olunan formatı məqbul hesab edib.

Qısası, məsələ bitmişdir. Qarabağ Azərbaycandır və Nida!

Deməli, həmsədrlərin bir daha özlərinə əziyyət verib, pandemiya dövründə bölgəyə gəlmələrinə ehtiyac yoxdur. Onlar gıəlməyəndə daha yaxşı olur. Necə ki, Bakıya son dəfə keçən il gəlmişdilər, baxın, hər şey yaxşılığa doğru dəyişdi.

Diqqətimizdən yayınmadı, həmsədrlər nə həlak olanlarımıza görə başsağlığı verdilər, nə də qələbəmizə görə təbrik etdilər. Onlara status-kvo lazım idi, o da yoxdur artıq. Dövlət başçısının bu çıxışından sonra Bakıya bir də gəlməyə üzləri və sözləri olacaqmı? Amma Xankəndinə yolları birdəfəlik kəsildi, buna şübhə yox…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=158379

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31