“Bayden administrasiyası Qarabağ zəfərimizi şübhə altına ala bilər” iddiasına Bakıdan cavab

23.01.2021 - 10:51

Ceyhun Məmmədov: “Ölkəmiz üçün təhdid yarada biləcək hər bir məsələni diqqətdə saxlamalıyıq”

 

 

ABŞ-dakı hakimiyyət dəyişikliyi, Co Baydenin Ağ Evə sahiblənməsindən sonra bu dəyişikliyin dünya düzəninə təsirsiz ötüşməyəcəyi barədə çoxsaylı fikirlər mövcuddur. Paralel olaraq Demokratlar Partiyasının təmsilçisinin ötən illərdə ermənipərəst  mövqe sərgiləməsi, üstəlik də komandasında iki amerikalı erməniyə vəzifə verməsi də düşmənlərimizi, həmçinin onların havadarlarını ümidləndirib.

 

Rusiyalı politoloq Stanislav Tarasov “Regnum”dakı müəllif məqaləsində yazıb ki, Bayden hökuməti Qarabağ məsələsində təşəbbüsü ABŞ-ın əlinə alması üçün Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini legitim saymaya, yəni tanımaya bilər – Bakının problemi güc yolu ilə həll etməsinə etiraz olaraq. Onu da yazıb ki, Bayden öz ətrafına kifayət qədər qafqazşünas yığıb.

Əslində S.Tarasov ermənipərəst politoloq kimi tanınır və onun Azərbaycanın xeyrinə nə isə deməsi təəccüblü olardı. Xatırladaq ki, Tarasov ötən illərdə dəfələrlə Qarabağın “müstəqilliyi”nin ilk olaraq Ermənistan tərəfindən tanınmasının vacibliyini qeyd edirdi. “Əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, onda Rusiya və digər dövlətlərin də bu addımı atmağına şərait yaranar. Ermənistan dövlətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırıram” fikrinin müəllifindən başqa hansı mövqe gözləmək olar ki?

Digər tərəfdən, Azərbaycanı ABŞ-la “qorxudan” Tarasov özü də yaxşı bilir ki, faktiki olaraq Qafqazda söz sahibi ABŞ deyil, Rusiyadır, o da hazırkı durumda Azərbaycanın yanındadır. Moskva hətta hərbi müttəfiqi Ermənistanın haray-həşirinə baxmayaraq, Azərbaycanla əlaqələrə xələl gətirə biləcək addımlara getmədi, birmənalı şəkildə ərazi bütövlüyümüzə dəstək verdi. Digər tərəfdən, bu bölgədə ikinci söz və nüfuz sahibi Türkiyədir, o da yanımızda, arxamızda. Belə olan təqdirdə ABŞ-ın Qarabağ məsələsində hökm verməyə hansı resursu var? Ağ Ev istəsə belə, bunu bacararmı? ABŞ-ın yeni prezidenti bizim halal və qanuni qələbəmizi niyə qısqansın və ya şübhə altına alsın ki?

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi

Elçin Mirzəbəyli: “Belə bir iddia erməni konyakından dumanlanan ağla gələ bilər”

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Tarasovun və “Regnum”un mövqeyi aydındır: “Həm adıçəkilən şəxs, həm də agentlik müstəqil deyil, Rusiyadakı ermənipərəst dairələrin informasiya siyasətini yürüdürlər. Ümumiyyətlə isə, Rusiya politoloq və ekspertlərinin, həmçinin rus mediasının 95-96%-dən obyektiv təhlil, müstəqil mövqe gözləmək lazım deyil. Rusiyada analitika yalnız hakimiyyətin məxfi araşdırma mərkəzlərindədir və onların da hesabatları, təhlil və araşdırmaları bir qayda olaraq açıqlanmır. Tarasovun məqaləsi isə təhlil deyil, təbliğatdır və məqsəd də Azərbaycanın ictimai rəyinə təsir göstərməkdən ibarətdir. Yəni demək istəyir ki, Azərbaycanın Ermənistan üzərində qələbəsinin legitimliyi Rusiyadan asılıdır və rəsmi Bakı mövcud üstünlüyünü yalnız Rusiyanın dəstəyilə qoruyub saxlaya bilər. Əks təqdirdə, ABŞ prezidentinin mövqeyi ciddi problemlərə yol aça bilər. Amma bu taxtabaş unudur ki, Azərbaycanın öz əraziləri üzərində suveren hüquqları beynəlxalq səviyyədə tanınıb və bütün dövlətlər, o cümlədən ABŞ Dağlıq Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin Azərbaycana məxsusluğunu istisnasız olaraq qəbul edir. Azərbaycanın da hərbi qələbəsi ölkənin öz ərazilərinə nəzarətinin bərpa olunması ilə nəticələnib. Bu baxımdan da ”hərbi qələbənin legitimliyinin tanınmaması” kimi absurd və heç bir perspektivi olmayan iddia erməni konyakından dumanlanan ağla gələ bilər. Əgər bu “ekspert” Baydenin etnik erməni azlığının hüquqları ilə bağlı hansısa fikirlər səsləndirə biləcəyini desəydi, o zaman yenə də başa düşmək olardı”.

E.Mirzəbəyli Ağ Evin yeni sahibinin mövqeyi və sərgiləyəcəyi xarici siyasətlə bağlı da maraqlı fikirlər söylədi: “Baydenin ermənipərəst siyasət yürüdəcəyi ilə bağlı proqnozlar, daha çox onun Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin həmmüəllifi olmasından, Barak Obamanın prezidentliyi dönəmində vitse-prezident vəzifəsini daşımasından, bu vəzifədə olduğu zaman ”Türkiyə-Ermənistan protokolları”nın ideya müəllifi olmasından, komandasında erməni əsilli şəxslərin təmsilçiliyindən qaynaqlanır”.

Siyasi şərhçi xatırlatdı ki, artıq 2 erməni əsilli ABŞ vətəndaşı Bayden administrasiyasında təmsilçilik hüququ qazanıb: “Onlardan biri Hayk Hacınazaryan Ağ Evin regional kommunikasiya departamentinin rəhbəri təyin edilib və bu vəzifə regional əhəmiyyətli olduğu və daha çox texniki xarakter daşıdığı üçün elə də önəmli deyil. Bayden administrasiyasında təmsil olunan cinsi azlıqların nümayəndəsi Ceff Marutyan isə İqlim Tədqiqatları Agentliyi aparatının rəhbərinin köməkçisi təyin edilib. Marutyan Obama və Baydenin 2012-ci ildəki seçki kampaniyasında Demokrat Partiyasının cinsi azlıqlar üzrə komitəsinin direktoru olub. Və təbii ki, Marutyanın nə daşıdığı vəzifənin, nə də digər prioritetlərinin ABŞ-ın xarici siyasət kursu ilə heç bir əlaqəsi yoxdur”.

E.Mirzəbəyli bildirdi ki, Baydenlə bağlı ehtimallar irəli sürərkən onun münaqişələrin həlli prosesinə yanaşma üslubuna diqqət çəkilməsini vacib hesab edir: “Məsələn, düşünürəm ki, Co Baydenin İraqın unitar dövlət quruluşunun dəyişdirilərək sünni, şiə və kürd muxtar regionlarından ibarət federasiyaya çevrilməsi ideyasının və bununla bağlı ABŞ Senatının 26 sentyabr 2007-ci il tarixdə qəbul etdiyi qanun layihəsinin müəllifi olduğunu da nəzərə almaq lazımdır. Fikrimcə, Baydenin problemlərin həllinə gələcək üçün ”minalar basdırmaqla” nail olmaq strategiyası diqqətdən qaçırılmamalıdır. Azərbaycanla münasibətlərə gəldikdə isə, ABŞ-ın maraqları ilə bağlı məsələlərdə, o cümlədən enerji layihələrinə yanaşmada prioritetlərin dəyişməyəcəyi qənaətindəyəm. Türkiyəyə münasibətdə də ritorikanın yumşalacağı qənaətindəyəm. Bayden Türkiyənin Rusiya ilə yaxınlaşmasını əngəlləmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək və daha çox münasibətlərin tənzimlənməsinə çalışacaq. Çünki NATO-nun ikinci hərbi gücünün itirilməsi ABŞ-ın maraqlarına qətiyyən uyğun deyil və ola bilsin ki, “F-35″-lərlə bağlı məsələdə Bayden daha yumşaq mövqe nümayiş etdirsin”.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra tənzimlənmə prosesinə gəldikdə isə, politoloq hesab edir ki, Bayden administrasiyasının bu prosesdə ermənilərin mövqelərinin güclənməsi üçün müəyyən mesajlar verəcəyi, Azərbaycan ərazilərindəki etnik ermənilərin hansısa formada siyasi mövcudluqlarının təmin olunmasına çalışacağını gözləyir: “Amma prosesin bundan o yana inkişaf edəcəyi inandırıcı deyil. Bayden də regionda yaranmış yeni reallıqlara uyğun olaraq, ölkəsinin maraqlarının uzlaşdırılmasını əsas götürəcək və daha çox Ermənistanın Rusiyadan qopardılması istiqamətində addımlar atmağa çalışacaq. Amma bütün bunlardan öncə, COVİD-19 pandemiyasını tarixin arxivinə göndərmək, ölkənin iqtisadi və sosial problemlərini həll etmək, ABŞ cəmiyyətini bürüyən böhranı, o cümlədən irqçilik, ksenofobiya, dini ayrı-seçkilik problemlərini çözmək, ABŞ demokratiyasının üzərindəki çoxsaylı və çoxillik ”ləkələri” təmizləmək, ölkənin alt-üst olmuş beynəlxalq nüfuzunu bərpa etmək, ABŞ-a olan total etimadsızlığı qismən də olsa aradan qaldırmaq lazımdır. Buna Baydenin vaxtının çatıb-çatmayacağını isə zaman göstərəcək”.

“İlk öncə qeyd etmək lazımdır ki, böyük dövlətlərin siyasətində öncə dövlət maraqları əsas götürülür. Dünyanın ayrı-ayrı yerlərində bir sıra hallarda erməni əsilli şəxslər vəzifəyə təyin olunduqda dövlət siyasətinə müəyyən təsir cəhdlərini müşahidə etsək də, sonda dövlət marağı əsas götürülür”.

Rektor Ceyhun Məmmədov: Məqsədimiz dərin dini və dünyəvi biliklərə malik  kadrların hazırlanmasıdır - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Bu fikirləri isə deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında söylədi. Ancaq millət vəkili əlavə etdi ki, müəyyən təsirlər bütün hallarda istisna olunmur: “Burada bir necə məqamı nəzərə almaq lazımdır”.

ABŞ-ın yeni administrasiyasının Qarabağ məsələsinə təsir imkanlarına gəldikdə, C.Məmmədov qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində bu gün bölgədə digər dövlətlərin proseslərə təsir imkanları ciddi zəifləyib: “Münaqişənin tənzimlənməsində əsas rolu hazırda Türkiyə və Rusiya oynayır. ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri prosesdə aktiv iştirak etmirlər. Digər mühüm məqam Azərbaycanın bir çox məsələlərdə Türkiyə ilə birlikdə hərəkət etməsidir. Bu da Azərbaycana xaricdən təzyiq cəhdlərini neytrallaşdırmaq üçün əlavə imkanlar yaradır. Azərbaycan gələcəkdə də xarici siyasətində bu xətt üzrə fəaliyyəti davam etdirəcək. Digər mühüm məsələ münaqişənin tənzimlənməsində Rusiyanın siyasi və iqtisadi maraqlarıdır. Rusiya çalışır ki, gələcəkdə münaqişə kənar təsirləri azaltmaq və prosesləri nəzarətdə saxlamağa çalışır. Burada Rusiyanın ciddi iqtisadi maraqları da var. Hazırda bu layihələr Rusiya üçün xüsusi önəm daşıyır. Söhbət xüsusilə yeni avtomobil və dəmir yolları xəttlərindən gedir. Rusiya bununla yeni marşrutlar yaradaraq iqtisadi təhlükəsizliyini və maraqlarını təmin etməyə çalışır”.

Deputat bir mühüm məqamı da xüsusi vurğuladı: “Onu da nəzərə almalıyıq ki, Azərbaycan vətən müharibəsinə başlamamışdan əvvəl qələbəni təmin etmək üçün diplomatik müstəvidə də uğurlu siyasət aparıb. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq müstəvidə tanınır. Haqq və ədalət Azərbaycanın tərəfindədir. Ancaq bu bizi arxayınlaşdırmamalıdır. Son dövrlər bir sıra ölkələrdə ermənilərin müəyyən cəhdlərini müşahidə etdik və gələcəkdə də bu kimi hallar təkrarlana bilər. Onu da qeyd edək ki, postkonflikt dövründə daha diqqətli olmalıyıq. Ölkəmiz üçün təhdid yarada biləcək hər bir məsələni diqqətdə saxlamalıyıq. İndidən diqqətli təhlillər aparmalıyıq. Hər bir fors-major halına hazır olmalıyıq. Proseslər göstərir ki, hələ də Ermənistanda revanşist qüvvələr vara və onlar hələ də Azərbaycana qarşı müəyyən iddia və bəyanatlarla çıxış edirlər. Bu kimi məsələlər mütləq xüsusi diqqətdə saxlanılmalıdır”.

Deputat onu da bildirdi ki, hazırda Ermənistanda vəziyyət gərgin olaraq qalır: “Ölkədə parlament seçkisinə getməklə bağlı çağırışlar səslənir. Amerikada seçkisonrası baş verən hadisələr də ondan xəbər verir ki, okeanın o tayında vəziyyət tezliklə öz axarına düşməyəcək. Yeni seçilən prezident diqqətini daha çox daxili proseslərə yönəldəcək. Deməli, hər iki ölkədə vəziyyət bir müddət gərgin olaraq qalacaq”. Millət vəkili qeyd etdi ki, Azərbaycan və Türkiyənin qarşısında postkonflikt dövründə daha böyük vəzifələr durur: “Əməkdaşlığı daha da gücləndirmək. Vaxtaşırı Türkiyəyə qarşı müəyyən sanksiyalardan söhbət gedir. Ancaq Türkiyə güclü dövlət kimi bu vəziyyətdən də çıxacaq. Ermənistanda isə vəziyyətin daha da ağırlaşacağı gözlənilir. Həm siyasi, həm də iqtisadi baxımdan bu ölkədə çöküş gözlənir”.

Qeyd edək ki, erməni mediası ABŞ dövlət katibi Entoni Blinkonun ermənipərəst mövqeyini tirajlayıb. İddia olunur ki, Amerika rəsmisi Bayden administrasiyasının təhlükəsizlik sferasında Azərbaycanla münasibətlərinə yenidən baxa biləcəyini bildirib. O da iddia olunur ki, Ağ Ev yenidən 907-ci düzəlişi tətbiq edə bilər. ABŞ Konqresi 2020-ci ilin iyulunda Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Belə olan təqdirdə Bayden administrasiyasının erməni lobbisinin avantürasına imza ataraq bölgənin aparıcı dövləti olan Azərbaycanla əlaqələrinə xələl gətirəcəyi o qədər də inandırıcı görünmür. Amma istənilən halda arxayın olmamalıyıq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031