Aqiyə Naxçıvanlı: “Müqəddəs dinimizin ənənələri Azərbaycanda bütün dövrlərdə xalqın iradəsilə qorunub və yaşadılıb”

13.07.2021 - 12:15

 

“Qurban kəsmə mərasimi islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə sahibdir. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. O cümlədən Azərbaycan müstəqillik əldə etdikdən sonra bu mübarək bayram ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir. Lakin bunu da qeyd etmək lazımdır ki, öz dininə, tarixinə, milli ənənələrinə hər zaman sadiq olan Azərbaycan xalqı hətta sovet dönəmində də Qurban bayramını müxtəlif formatlarda qeyd edib və ən əsası, xalqımız bu bayramın ruhunu, fəlsəfəsini bu günümüzə qədər yaşadıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili ilk növbədə bildirib ki, əsrlərdən gələn dini bayramlarımızı qoruyub yaşatmaqla Azərbaycan xalqı öz milli və dini ənənələrinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirir: “Ümumiyyətlə Azərbaycan xalqı həm dininə, həm tarixinə, həm mədəni irsinə hər zaman hörmətlə yanaşıb və sadiq olub. O cümlədən humanizm, bərabərlik və qardaşlıq prinsiplərini təbliğ edən müqəddəs dinimizin ənənələri də Azərbaycanda bütün dövrlərdə xalqın iradəsilə yaşayıb, qorunub. Hətta bütün dini mərasim və ayinlərə qarşı ciddi mübarizə aparan sovet ideologiyasının ən sərt qanun və qadağaları belə xalqımızı öz dininə dönük çıxmağa məcbur edə bilməyib. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Həmçinin bunu da qeyd etmək lazımdır ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə yenidən qoşulduqdan sonra ölkəmiz və xalqımız sadəcə daxildə dini ənənələrimizi yaşatmaqla kifayətlənməmişdir. Müstəqillik illərində Azərbaycan artıq bütün dünyada İslam mədəniyyətinin inkişafına böyük töhfələr verməyə başlamışdır. Ölkəmiz müsəlman dünyasının ayrılmaz parçası kimi bu gün də İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etməkdə davam edir.”

Daha sonra Aqiyə Naxçıvanlı məhz Azərbaycanda qeyd olunan Qurban bayramının ölkəmizdə tolerantlığın təntənəsinə çevrildiyini vurğulayaraq bunları demişdir: “Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin nəticəsi olaraq Azərbaycan bu gün bütün dünyada tolerantlıq və multikulturalizmin beşiyi hesab olunur. Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Demək lazımdır ki, ölkəmizin buna həm tarixi-mənəvi haqqı var, həm də belə bir qlobal təşəbbüslə çıxış etmək üçün Azərbaycan kifayət qədər yüksək beynəlxalq nüfuza və gələcəyə yönəlik planlara sahibdir. Təkcə bunu demək kifayətdir ki, son illər ərzində Azərbaycan dövləti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində çox sayda beynəlxalq tədbirlər həyata keçirib. Ölkəmiz son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. O cümlədən Qurban bayramı da Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Bu gün Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları mehriban ailə kimi yaşayırlar. Ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır.”

Həmçinin Aqiyə Naxçıvanlı ölkəmizdə dini bayramların keçirilməsi məsələsinə ulu öndər Heydər Əliyev tərəfindən hər zaman xüsusi həssaslıqla yanaşıldığını və bu ənənənin hal-hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini də xüsusi vurğulamışdır: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqının milli və dini irsinə sonsuz hörmətlə, böyük həssaslıqla yanaşmanın ən bariz nümunəsi olmuşdur. Təsadüfi deyil ki, ümummilli liderimiz hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Dini bayramlarımıza bu münasibət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sərgilənməkdədir. Hər il dövlət başçımızın Azərbaycan xalqına bayram təbriki ünvanlanır, xoş arzuları çatdırılır. Xüsusi olaraq bir faktı da qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər zamanı Azərbaycan Prezidentinin ilk növbədə həmin ərazilərdə olan məscidlərimizi ziyarət etməsi, erməni vandalları tərəfindən dağıdılmış müqəddəs məkanlarımızın ilk növbədə və dərhal bərpa olunması ilə bağlı göstəriş verməsi də Ölkə Prezidenti cənab İlham Əliyevin dini və milli irsimizə olan sevgi və ehtiramının ən bariz göstərisidir. Son dərəcə mühüm bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Vətən müharibəsinin gedişində ümummilli səviyyədə sərgilədiyi davranış tərzi də öz mahiyyətində məhz Qurban bayramı, Qurban ayini fəlsəfəsini ehtiva edirdi. Belə ki, Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə hər an hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi.”

AİA.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031