Azərbaycan diplomatik savaşı da uğurla aparır – deputatdan açıqlama

17.11.2020 - 10:16

Hikmət Babaoğlu: “Diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edilir ki…”

Azərbaycan Qarabağın azad olunması üçün apardığı mübarizənin hərbi əməliyyatlar fazasında qalib gəldi. Müzəffər Ordumuz hərb meydanında düşmənin belini qırdı. Noyarın 10-da imzalanan məlum bəyannamədən sonra isə siyasi, diplomatik savaş mərhələsi başlayıb. Bəs Azərbaycan savaşda necə döyüşür?

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibə Azərbaycanın qəti və tam qələbəsi ilə  başa çatıb: “Ermənistan məğlubiyyət aktına qol çəkib və əldə olunan üçütərəfli razılaşmaya əsasən təsdiq edilmiş qrafikə uyğun olaraq Azərbaycanın ərazilərindən hərbi birləşmələrini geri çəkib, əraziləri 1 dekabradək təhvil verməlidir. Əvvəlcədən razılaşdırılmış qrafikdə Rusiya Federasiyası Prezidentinin xahişi ilə Kəlbəcərə aid hissədə dəyişiklik edildi və ermənilərə Kəlbəcərlə bağlı əlavə 10 günlük vaxt verildi. Bu, hər şeydən öncə məsələnin həllində yaranmış texniki problemlər və real vəziyyətlə əlaqədardır. Çünki Kəlbəcər- Basarkeçər(Vardenis) yolunun yükgötürmə qabiliyyəti məhduddur və torpaqlarımızdan çıxmaq məcbiriyyətində qalan düşmənlərimizin əvvəlcə razılaşdırılan müddətdə ərazilərimizi tərk etməsini mümkün etmir. Belə olan halda bizim iki yolumuz var idi. Ya düşmənlərimizin və işğalçı erməni ordusunun məğlub əsgərlərininin qalanlarının ərazilərimizi tərk etmələri üçün əlavə vaxt verməli idik, ya da müzəffər ordu birliklərimiz vasitəsilə yolu bağlamalıydıq. Bu, diplomatik savaşda bizə zərər vura bilərdi. Bizim məqsədimiz düşmən qüvvələri ölkəmizi tərk etməyə məcbur etmək olduğu üçün onlara bir qədər daha vaxt verdik.

Hikmət Babaoğlu: "Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər  hər iki tərəf üçün strateji xarakterli münasibətlərdir"

Hikmət Babaoğlu

Əks təqdirdə, ya onları məhv etməli, ya da girov saxlamalı idik ki, bu da Azərbaycanın məqsədləri içərisində deyildi. Çünki Azərbaycan böyük və məsuliyyətli dövlətdir, böyük qalibiyyət əldə edibdir və bu qalibiyyətə humanitar kontekstə kölkə salamaq və və beləliklə də informasiya müharibəsində ermənilər və onların havadarlarına əleyhimiz arqumentlər vermək bizim maraqlarımıza zidd idi. Unutmaq olmaz ki, müharibə döyüş meydanında başa çatsa da diplomatik, informativ və siyasi müstəvidə hələ də davam edir. Hər kəsə aydındır ki, birinci Qarabağ savaşında erməni vandalları və terrorçuları bizim dinc sakinlərimizə qarşı əsl terrorçu kimi davranaraq onlara qarşı ən alçaq addımlar atmış, cəmisi 10 saat ərzində öz doğma yurdlarından çıxmaları üçün tələb qoymuşdular. Biz bunu əsla unutmadıq və unutmağa da haqqımız yox idi. İkinci, Qarabağ savaşında bizə qarşı törədilən bütün cinayətlərin, o cümlədən Kəlbəcərimizdə törədilən cinayətlərin hamısının qisasını döyüş meydanında artıqlaması ilə aldıq. Düşmənə qan uddurduq”.

Deputat qeyd etdi ki, döyüş meydanında qələbə diplomatik savaşda döyüşümüz üçün çox böyük imkanlar açıb. Odur ki, Azərbaycan diplomatik savaşda da məharətlə döyüşür, mübarizəsini aparır: “Döyüş meydanında və diplomatiyada düşmənə elə dərs verdik ki, bu, tarix boyu unudulmayacaq. Hazırda siyasi diplomatik müstəvidə müharibə davam etməkdədir. Azərbaycan diplomatiya tarixinə düşəcək elə strateji qərarlar qəbul edir ki, bu uğurlar təkcə Azərbaycanın statusunu deyil, bütövlükdə regionumuzun geostrateji mənzərəsini kardinal şəkildə dəyişir. Bu bizim tarixi zəfərimiz, tarixi uğurumuz, ermənilərin isə sözün əsl mənasında tarixi məğlubiyyətləridir. Ona görə də hazırda regionda yaratdığımız yeni geosiyasi reallığı düşkün oxumalı, yeni siyasi tablonu bütöv görməyi bacarmalıyıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930