Bakının müharibədən sonrakı xarici siyasəti – nələr dəyişməli…

27.11.2020 - 11:36

Azərbaycanın 44 günlük II Qarabağ savaşından sonra xarici siyasətində nələri dəyişməsi yönündə çoxsaylı müzakirələr gedir. Bu da əsassız deyil. Belə ki, müharibə dövründə və parlaq qələbəmizdən sonra dostlarımızla yanaşı, bədxahlarımız da üzə çıxdı. Məsələn, rəsmi Bakının hər zaman münasibətlərini yaxşı saxlamağa çalışdığı Fransa noyabrın 25-də həyasızlığının pik həddini nümayiş etdirdi. Bu ölkənin senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıdı. Avropa Birliyinin digər ölkələrindən də umduğumuz dəstəyi görmədik. Eyni sözləri beynəlxalq qurumlara da şamil etmək olar. Onlar da bu sınaqdan üzüqara çıxdılar.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələnin üzərinə tez-tez qayıdır. Avropa qurumlarının haqq mübarizəmizdə mövqesizlik nümayiş etdirmələrini haqlı olaraq tənqid edir, sərt şəkildə qınayır. Dövlət başçısı hazırda Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən aksiyalarda iştirakçılara qarşı zorakı üsullardan istifadə olunmasına Qərb dairələrinin susqunluğunu da tez-tez xatırladır.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın öz yolunu davam etdirəcəyini söylədi: “Azərbaycanın xarici siyasəti tərəfdaşlıq və əməkdaşlıq üzərində qurulur. Hansısa ölkələrdə Nijdenin ideologiyası, eləcə də faşizm ideologiyası ilə fəaliyyət göstərən erməni təşkilatlarının təxribatı, korrupsiyaya bulaşmış Avropa siyasətçilərini ələ alması Azərbaycanın xarici siyasətinə öz təsirini göstərməyəcək. Biz əməkdaşlıq etdiyimiz, tərəfdaş olduğumuz ölkələrlə öz əlaqələrimizi davam etdirəcəyik. Fransa senatının qərarına gəlincə, bu zərbə ilk növbədə, Fransanın özünə endirilib. Hamıya məlumdur ki, imperialist xülyalarla yaşayan Fransa Vyetnamda, Əlcazairdə, Afrikanın bir sıra ölkələrində hərbi cinayətlər törədib. O ölkənin daxilində indi anti-İslam, rasizm artdığına görə hamı görür ki, erməni qüvvələri Cənubi Qafqazda yenidən müharibə istəyir. Fransa senatının belə qərarı əslində müharibə istəyidir. Bu da imperialist mifologiyasından irəli gələn qərardır.

Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”

Asim Mollazadə: “Əməkdaşlıq etdiyimiz, tərəfdaş olduğumuz ölkələrlə əlaqələrimizi davam etdirəcəyik”

Azərbaycanın siyasətində hansısa bir dəyişiklik gözləmirəm. Rəsmi Bakı əməkdaşlıq etdiyi, strateji layihələr həyata keçirdiyi istiqamətlərdə öz işlərini davam etdirəcək. Əməkdaşlığa daim hazırıq. Bölgəmizi sülh, əmin-amanlıq bölgəsinə çevirmək Azərbaycanın planıdır. Azərbaycan qardaş ölkələrlə, türk birliyi ilə çox böyük bir strateji sistemin formalaşmasında öz fəaliyyətini davam etdirəcək. Erməni faşizminin bizə olan təxribatlarına gəlincə, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, demək olar ki, Minsk Qrupunun fəaliyyətini yekunlaşdırıb. Bunu da edən Azərbaycanın Müzəffər Silahlı Qüvvələri olub. Senatdakı bu cür təxribatlar Azərbaycanı yolundan döndərə bilməz. Belə qərarların heç bir hüquqi əsası yoxdur. Bunlar beynəlxalq hüquq normalarına ziddir”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin də fikirləri diqqət çəkir: “Azərbaycan bundan sonra daha qətiyyətli və birmənalı xarici siyasət yürütməlidir. Biz çalışırıq ki, bir çox ölkələrlə dost-qardaş olaq və s. Bütün dünya ölkələrinə qarşı bərabər şəkildə xarici siyasət yürütməyə davam etmişik. Amma mənə gəlir ki, son 30 il ərzində xarici dostlarımızı da, düşmənlərimizi də, bizə qarşı rəğbəti olanları da, olmayanları da tanıya bilmişik. Belə bir məsəl var: ”Qozbeli qəbir düzəldər”. Bir ölkə və onun siyasətçiləri Azərbaycana qarşı birmənalı olaraq, qərəzli mövqe sərgiləyirsə, onlara əmək, vəsait, güc, diplomatiya, zaman sərf etməyə dəyməz. Onlara sərf etdiyimiz bütün resursları digər ölkələrə qoyaq ki, onları özümüzə daha da yaxın dost dövlət edək. Hesab edirəm ki, Azərbaycan artıq birmənalı olaraq müstəqilliyimiz əldən gedər, biz müstəqil, suveren dövlətik kimi bəyanatlardan əl çəkməlidir. Biz zatən müstəqil, suveren, güclü dövlətik.

Razi Nurullayev Baş Prokurorluğa çağırıldı - SƏBƏB

Razi Nurullayev: “Bəzi məsələlərdə qətiyyətsizlik sindromundan azad olmalıyıq”

Bunları tez-tez təkrar etməyə ehtiyac görmürəm. Mən düşünürəm ki, Fransa dövlətinin, senatının üzvləri heç zaman demirlər ki, Fransa müstəqil dövlətdir, bizə təhlükə var. Onlar artıq bunu qəbul ediblər. Biz də gücümüzü döyüş meydanında göstərdik. Azərbaycanın müstəqilliyi, suverenliyi dönməzdir. Bundan sonra biz özümüzü güclü, qətiyyətli, sözü bütöv, tərəfdaşını, dostunu, rəğbəti olanları tanıyan bir ölkə kimi göstərməliyik. Başqa yolumuz da yoxdur. Qiyməti artıq özümüz-özümüzə verməliyik. Birmənalı olaraq, bəzi məsələlərdə qətiyyətsizlik sindromundan azad olmalıyıq. Bütün ölkələr bizə hansı münasibətləri göstərəcəksə, biz də qanunların, beynəlxalq hüququn, diplomatik qaydaların imkan verdiyi tərzdə onlara eyni tərzdə münasibət göstərək. Bizə pis deyirsə, biz də pis deyək. Bir diplomatımıza qarşı yaramaz hərəkət etdilərsə, biz də onların bir diplomatına qarşı bunu edək. Dünyanın özündən razı ölkələri hansı addımları atırsa, çəkinmədən buna uyğun şəkildə addımlarımızı ataq. O zaman bizə daha çox hörmət qoyacaqlar”.

İqtisadi problemlər dərinləşdikcə Ermənistanda növbəti qarşıdurma  yaranacaq” - Elxan Şahinoğlu

Elxan Şahinoğlu: “Xarici siyasətdə dəyişikliklər etmək məcburiyyətindəyik”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Hesab edirəm ki, bəli, xarici siyasətdə dəyişikliklər etmək məcburiyyətindəyik, etməliyik də. Türkiyə ilə birbaşa strateji müttəfiqliyi gücləndirməliyik. Bu, Avropada kimlərinsə xoşuna gəlib-gəlməyə bilər. Amma bu bizi narahat etməməlidir. Türkiyə müharibədə bizə siyasi və mənəvi yöndə kifayət qədər dəstək verdi. Satdığı müasir silahlar ermənilərə çox güclü zərbələr endirdi. Türk ordusu Azərbaycanda yerləşməlidir. Xarici siyasətimiz bu yöndə müəyyənləşməlidir. Bu, əlbəttə, Avropada Fransa, Almaniya kimi dövlətlərin xoşuna gəlməyəcək. Bizə təzyiq etməyə, ermənilərin xeyrinə müəyyən sənədlər qəbul etməyə çalışacaqlar. Amma bu, bizi narahat etməməlidir. Onlar bizə hörmət etməlidir. Hansı əsaslarla Fransa deyir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdən çıxmalıdır. Belə vəziyyətdə Fransa ilə münasibətləri davam etdirə bilmərik. Fransanın hakim dairələri ermənipərəst mövqedən çıxış etməyə davam edirlər. Fransanın ardınca bəzi dövlətlər də gedə bilər. Amma hesab edirəm ki, Azərbaycan öz hədəflərinə çatdıqdan sonra bu ölkələr xarici siyasətlərində redaktələr etməyə məcbur olacaqlar. Görəcəklər ki, bölgənin əsas açar dövləti Azərbaycandır. Bir müddətdən sonra ölkəmizlə əməkdaşlığın onlar üçün necə faydalı olduğunu anlayacaqlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157783

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930