“Bu, dünya miqyasında təkrarı olmayan bir qələbədir” – Fəzail Ağamalı

03.12.2020 - 10:49

“Böyük hərbi maşın Almaniyanı məğlub etmək üçün iki ildən artıq zaman sərf etdi, biz isə…”

“Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı Vətən müharibəsinin beynəlxalq səviyyədə analoqu yoxdur”. Bunu “Yeni Müsavat”a açıqlamasında Ana Vətən Partiyasının sədri, tarixçi deputat Fəzail Ağamalı dedi.

O, “elə bir fakt yoxdur ki, bununla müqayisə olunsun”, – deyə qeyd etdi: ”Xüsusi olaraq, bu özünü həm də onda ifadə edir ki, Azərbaycanın torpaqları 27-28 il öncə işğal olunub. Faktiki olaraq, Azərbaycan öz torpaqlarının xeyli hissəsini itirmişdi. Bizim burada üstünlüyümüzü beynəlxalq hüquq səviyyəsində təmin edən başlıca şərt BMT-nin dörd qətnaməsi və ulu öndərimiz Heydər Əliyevin mahir, uzaqgörən gedişləri ilə bu işğalın öndə olması idi. Yəni onun əbədiləşdirilməsinə, Ermənistanın işğal etdiyi torpaqların ona birləşdirilməsinə imkan verilmədi. Sonrakı illərdə, xüsusi olaraq, cənab Prezidentin 2003-ci ildə hakimiyyətə gəlişindən sonra ulu öndərimiz tərəfindən əsası qoyulan bu ciddi təməl ölkə başçımız tərəfindən daha da gücləndirildi. Cənab Prezident dörd qətnamə ilə kifayətlənmədi, eyni zamanda ayrı-ayrı beynəlxalq təşkilatlarda, Avropada fəaliyyət göstərən müxtəlif parlamentlərdə, Avropa İttifaqı ilə imzalanmış olan sənədlərdə, xüsusilə dünya səviyyəli çoxsaylı dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında Ermənistanın torpaqlarımızı işğal etməsi təsbit olundu. İşğala məruz qalmış torpaqlarımız Azərbaycan əraziləri kimi birmənalı şəkildə ifadə edildi. Bütün dövlətlərlə aparılan ikitərəfli danışıqlarda və imzalanan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü qeyd olundu. Bunlarla BMT qətnamələri ciddi, əsaslı, hüquqi üstünlük qazandı. Ulu öndərimizin dövründən başlayaraq, 27 sentyabra qədər bir gün də olsun işğal altındakı torpaqlarımız unudulmadı. Daxili və beynəlxalq auditoriya üçün təcavüzə məruz qalmış ərazilərimiz daim gündəmdə saxlanıldı. Digər vacib məqam o idi ki, iqtisadiyyatımızın gücləndirilməsi hər zaman öndə saxlanıldı. Eyni zamanda ordu quruculuğuna cənab Prezident çox böyük əhəmiyyət verdi. Onun modernləşməsi, peşəkar olması ilə demək olar ki, hər gün məşğul olmağa başladı. Dövlət büdcəsindən hər il Müdafiə Nazirliyinə xeyli vəsait ayrıldı. Ən müasir silahlarla ordumuz təmin olundu. Ölkə başçısının qətiyyətini güclü edən xalqımızın iradəsi oldu. Cənab Prezident öz vətənpərvərliyi, qətiyyəti, ardıcıllığı ilə hər kəsə nümunə oldu. Sentyabrın 27-dən sonra ölkə daxilində bu vətənpərvərlik hər kəsdə özünü göstərdi. Biz I Qarabağ savaşında hərb meydanında döyüşə-döyüşə uduzduq. Amma müharibədə uduzmamışdıq. Bu, sadəcə, müharibənin birinci mərhələsi idi. II savaşda qısa müddətdə, 44 gün ərzində hərb tarixinə qızıl hərflərlə yazılan görüntülərlə, strateji taktika ilə ərazilərimizi azad etdik. Ermənistan 44 günə diz çökdü, sındırıldı, hərbi sistemi darmadağın edildi. 10 noyabr bəyanatında Ermənistanın kapitulyasiyası tam mənada ifadə edildi. Azərbaycanın işğal altındakı Kəlbəcər, Ağdam, Laçın kimi əraziləri bir şəhid vermədən azad olundu. Bu, dünya miqyasında təkrarı olmayan bir qələbədir. 80-cı illərin sonu 90-cı illərin əvvəllərində Ermənistanın beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə ərazilərimizi işğal edib, “Dağlıq Qarabağ Respublikası” yaratmaq cəhdləri də alt-üst edildi. Hətta onlar adi muxtariyyət əldə etmək şanslarını da itirdilər. İndi yeddi rayonumuz və xüsusi olaraq, Şuşa Azərbaycana qaytarılıb. Vaxtilə qondarma rejimin tərkibində olan Hadrut, Xocalı və Ağdərənin bir sıra kəndləri ordumuz tərəfindən azad edildi. Çox böyük uğur qazanmışıq. Cənab Prezident dediyi kimi, biz təkcə torpaqlarımızı azad etmədik, regionu və dünyanı erməni faşizmindən xilas etdik. Ölkə başçısı Azərbaycan tarixinə xilaskar bir prezident kimi daxil oldu. Artıq biz qalib xalqıq”.

Tarixçi alim II Qarabağ savaşının sonunda Ermənistanın imzaladığı kapitulyasiya aktının Almaniya ilə müqayisə edilməsinin əleyhinədir: “Vətən müharibəmiz XX əsrin ən dəhşətli savaşı olan II Dünya müharibəsi yaxud Böyük Vətən müharibəsi ilə müqayisəolunmaz dərəcədə üstün keyfiyyətlərə, amillərə malikdir. 1943-cü ilə qədər faşist Almaniyası Avropanın və Sovet İttifaqının böyük bir hissəsini işğal etmişdi. Sonradan sovet qoşunlarının hücumlarından sonra iki il ərzində davam edən şiddətli döyüşlərin nəticəsi Almaniyanın kapitulyasiyası ilə nəticələndi. Amma 44 gün ərzində təpədən-dırnağa qədər silahlanmış Ermənistan ordusu müzəffər ordumuz tərəfindən darmadağın edildi. Biz sovet Rusiyasının hərbi texnikasını, insan resurslarını, potensialını unutmamalıyıq. Eyni zamanda SSRİ-yə dünyanın qabaqcıl ölkələri böyük yardım göstərirdilər. Amma bununla belə, böyük hərbi maşın Almaniyanı məğlub etmək üçün iki ildən artıq zaman sərf etdi. Ancaq bunun qədər olmasa da, özünün maştabına görə böyük sayılacaq müttəfiqlərinin belə pərdəarxası dəstəklərinə baxmayaraq, 44 gün ərzində biz zəfər qazandıq. Ermənistan beynəlxalq səviyyədə ciddi şəkildə müdafiə olunurdu. Amma bizim yanımızda kim var idi? Qardaş Türkiyə və birmənalı şəkildə Pakistan. Gürcüstan hava məkanını bağlamışdı, son vaxtlar da İran. Bəzi ölkələr, sadəcə, bəyanatlarla Azərbaycanın haqq işini müdafiə edirdilər. Azərbaycan öz potensialı, gücü ilə faktiki dünya ermənilərinə, erməniliyə, onları müdafiə edənlərə qarşı hərb meydanında, diplomatik müstəvidə möhtəşəm qələbə qazandı. Bizim bu qələbənin bir daha deyirəm ki, analoqu yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157964

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930