Nağıla dönən ABŞ demokratiyası – bu, dünya ölkələrinə necə təsir edəcək?

20.01.2021 - 10:12

Yeganə Hacıyeva: “Demokratik və antidemokratik ölkələr arasında xətt itib”

Amerikanın yeni prezidenti Cozef Bayden bu gün and içərək, səlahiyyətlərinin rəsmən icrasına başlayacaq. Onun qələbə qazandığı 3 noyabr seçkilərindən bu günə qədər keçən müddətdə ABŞ demokratiyası gözdəndüşmə mərhələsini yaşayır. Bu mərhələnin ən pik nöqtəsi yanvarın 6-da yaşandı. Həmin gün Baydenin prezident seçkilərində qələbəsini təsdiq edən Konqresdə baş verən qarışıqlıq nəticəsində 5 nəfər həyatını itirdi. Hazırda iki aydan çoxdur ki, Birləşmiş Ştatlarda yaşanan siyasi böhran hələ də davam etməkdədir.

Bu böhran dünyada demokratik inkişafı necə əngəlləyə bilər? Antidemokratik meylləri artıra bilərmi? ABŞ-ın ədalətli orbitr rolunu itirməsi dünyada antidemokratik rejimlərin sayını artıracaqmı?

Politoloq Əhəd Məmmədli ABŞ-da bir siyasi böhran yaşandığının həqiqət olduğunu söylədi: “Ümumiyyətlə, son dörd ildə, yəni Tramp seçiləndən bu ölkədə skandallar bitmir. Düşünürəm ki, yanvarın 20-dən sonra bu ölkədə vəziyyət stabilləşəcək. Yeni prezident Baydenin yaşına uyğun bu ölkə də sakitliyə qərq olacaq. Bayden daxili siyasətdən daha çox, xarici siyasətlə başını qatacaq. Əsas hədəfləri də Çin, Rusiya, Türkiyə olacaq. Dünyada demokratik inkişafa gəldikdə isə demokratiya şüarları altında daha çox xaos yayılacaq. Ola bilsin ki, Rusiyada ara qarışsın. Bu istər-istəməz Azərbaycana da öz təsirini göstərəcək.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Ona görə də Azərbaycan hər gedişata hazır olmalıdır. ABŞ heç vaxt dünyada ədalətli orbitr rolunu oynamayıb. Sadəcə, özünü elə göstərib. Hələlik ABŞ-ı dünya hegemonu kimi dəfn etməyə tələsməyək. Lakin Konqresə hücumu Amerika demokratiyası, həyatı, dünya görüşü üçün sonun əvvəli ola bilər”.

Siyasi şərhçi Yeganə Hacıyeva bildirdi ki, demokratıya və fundamental dəyərlərə sadiqlik ABŞ-ın İkinci Dünya müharıbəsindən sonra beynəlxalq münasibətlərdə özünün formalaşdırdığı, daha sonralar bütün dünyaya yaymağa çalışdığı və bizim bütövlükdə Qərb adlandırdığımız bir sistemin bünövrəsini təşkil edirdi: “ABŞ Dövlət Departamentinin 2017-ci il dərc etdiyi  yeni xarici siyasət strategiyasında demokratik dünyanın formalaşdırılmasından imtinası, məhz  Qərb sistemindən imtınasının təzahürü idi. ABŞ-da keçirilən son prezident seçkiləri demokratiyanın təkcə xarici siyasətdə deyil, həmçinin daxili siyasətdə də prioritet olmamasını sübut etdi. Son prezident seçkiləri təkcə  ABŞ-ın deyil, ümumilikdə dünyada demokratikləşmə hərəkatının və ənənəvi Qərb sisteminin  üstündən xətt çəkdi. Səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlığa yol verildiyi, yüz minlərlə seçki saxtakarlığı mövcudluğu haqda  fikirlər paylaşan Trampın mediaya çıxış imkanı filtirləndi, sosial media hesabları qapandı. ABŞ-ın legitim prezidentinin və administrasiyasının sosial media hesabları bağlandı, impiçment edilməmiş ABŞ prezidentinin ifadə azadlığına və  səlahiyyətlərinə qəsd edildi.

Yeganə Hacıyeva: “Selektiv abortların səbəbləri müxtəlifdir”

Etirazçılara güc tətbiqi fundamental insan haqları, vətəndaşların seçim haqqının pozulması ilə bərabər, seçki sonrası  ölkədə siyasi mühitin silah hesabına formalaşdırılması təəssüratını bağışladı. Bu tək ABŞ-da deyil, həmçinin Fransada da baş verdi, məsələn, parlamentin qəbul etdiyi  “Qlobal təhlükəsizlik haqqında” Qanuna görə, vətəndaşın polisi telefonla görüntüyə alması qadağan edildi. Kütləvi tədbirlər, mitinq, nümayiş və etirazlar zamanı polisin şəklini, videosunu çəkmək qadağan olundu. Polisin dağıtdığı nümayişlərdən canlı yayım etmək cinayət hesab olunur.

Siyasi ekspert onu da qeyd etdi ki, demokratiya, demokratik adət-ənənə xalqların, cəmiyyətlərin şüuraltı vərdişlərindən, genetik kodunda əksini tapan xüsusiyyətlərdən formalaşır və demokratik idarə etmələr bunun əsasında formalaşır: “Son illər bütün dünyada qəbul edilən demokratiya uğrunda mübarizənin üsulları qüsurlu idi. Çünki  demokratik dəyərlər uğrunda mübarizə küçələrdə deyil, beyinlərdə və düşüncələrdə getməli idi. Demokratiya və demokratik dəyərlər uğrunda mübarizə bu dəyərlərə hörmət edən nəslin formalaşması yolunda maarifçilik fəaliyyəti kimi olmalı idi.  Bu isə uşaqlara ailədə tərbiyə, kiçik yaşlarda məktəblərdə tədrislə, gənclər sahəsində təlim və seminarlarla, siyasətdə isə demokratik təsisatların formalaşdırılması və demokratik dəyərlərə sədaqət nümunəsini nümayiş etdirməklə mümkündür.

Son illər qlobal siyasi müstəvidə “demokratiya”, “insan haqları” mövzularının ölkələrə qarşı kənar təsir vasitələri kimi geniş istifadə olunması bütün dünyada demokratikləşmə prosesini gözdən saldı. Məsələn, hər hansı bir hərbi, enerji, ticari rəqabətdən doğan narazılıqlar beynəlxalq təşkilatlarda lobbi qrupları vasitəsilə  ölkələrin daxilində demokratiyanın vəziyyətinin pisləşməsini  qabartmaqla, məhz bunun üzərindən təzyiq və təsir alətləri formalaşdırılırdı. Bu mövzular enerji, iqtisadi və təhlükəsizlik narazılıqlarından başqa, strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olundu. Bu onunla nəticələndi ki, son bir neçə ildə beynəlxalq münasibətlərdə qarşılıqlı əməkdaşlığın prioritet mövzularına demokratiya və insan haqları mövzuları əlavə edilmədi.

Amma heç şübhəsiz ki, demokratiyanın əleyhinə ən böyük arqument məhz radikal qrupların demokratik şərtlərdə artması, bütün dünyada radikal hakimiyyətlərin bu şərtlərdən istifadə edib hakimiyyətə  gəlməsi oldu.  ABŞ dövlət sistemində güc, nüfuz  siyasi qruplara bağlı ənənəvi iqtisadi dairələrin silah, enerji, maliyyə, mədən sənayesi, turizm və əyləncə industriyasının əlində  cəmlənib.

Son iki seçkidə isə  siyasi proseslərə təsir imkanına malik yeni nəsil iqtisadi qruplar meydana çıxdı. Newtech adlanan bu texnoloji qiqantların əlində  yeni siyasi alətlər, təbliğat vasitələri mövcuddur.

ABŞ-da hazırda bu qrupların kəskin daxili mübarizəsi müşahidə olunur, irəlidəki bir neçə ildə bu qrupların mübarizəsinin davam və nəhayət, yekunlaşması ilə  ABŞ dövlətinin  ənənəvi forma və təzahürünü dəyişəcək. Yeni reallıqda isə demokratiya yoxdur.

ABŞ-ın orbitr rolunu itirməsi haqqında onu deyə bilərəm ki,  ABŞ dövləti qlobal nüfuzlu brend kimi bu mərhələdə vazkeçilməzdir. ABŞ-ın milli maraqları naminə qlobal səviyyədə planetin maddi-mənəvi resurslarının bölüşdürülməsinə nəzarəti mütləq saxlayacaq, sadəcə, ABŞ-a  bu qədər xərclər hesabına başa gələn geosiyasi addımlarında mexanizmlər, alətlər dəyişəcək və birmənalı olaraq yeni şərtlər əvvəlkilərdən daha sərt olacaq.

Bu proses antidemokratik ölkələrin sayını artıracaqmı sualına gəlsək, hazırkı reallıqda demokratik ölkələr və antidemokratik ölkələr arasında xətt itib. Bu mövzu ümumiyyətlə siyasi aktuallığını itirib. Qurulmasını müşahidə etdiyimiz  yeni konfiqurasiyada əsas hərəkətverici meyar güc və nüfuzdur. Bu konfiqurasiyada   ən böyük güc-təsiredici alət informasiyadır. İnformasiya məkanına nəzarət edən, proseslərə nəzarət, informasiyanı idarə edən prosesləri idarə edir. İdarəçilik informasiyanın emalı və ona nəzarət etməklə prosesləri yönəltmək anlayışına dayaq tapır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160057

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930