Suyun qabağındakı əjdahalar

02.02.2021 - 10:31

Hökumətin, Tarif Şurasının, “Azərsu”nun qeyri-peşəkarlığı özünü göstərdi. Yoxsa camaat suyun qiymətinin qalxmasına narazı olmazdı. Bir şey ki, onsuz su qiymətinədir… Budur, artıq parlament ayağa qalxıbdır, deputatlar suyun qiymətinə etiraz edir. Sabah seçicilər, məsələn, Məzahir müəllim seçki qutularını su ilə doldurub, protokolları, türkün sözü, islatsa, nə edəcəksiniz?

Halbuki çıxış yolu var idi, özü də neçə dənə istəsən. Birincisi, suyu benzindən dərhal sonra bahalaşdırmaq lazım idi. O zaman zəhmətkeşlərin başı benzin temasında mırıldanmağa qarışıq idi, su bu alovu həm yatızdırar, həm təzə dərd olaraq başımızı qatardı. Atalar sözündə deyilən kimi, təzə gəldi bazardan, köhnə düşdü nəzərdən. Bir dənə yaxşı ata sözü də yadıma düşdü, bura yazıram, feyziyab olun: “Hamamdan çıxanın əri olasan, bazardan gələnin arvadı”. Düzdür, bunun su və yanacaq temasına çox dəxli yoxdur, ancaq kim bilir?.. Elə dövrdə yaşayırıq hər şeyin hər şeyə dəxli vardır. Qloballaşmadır. Çində biri burnunu çəkəndə İtaliyanın yarısı ölür. Amerikada zəncini döyürlər, Yasamalda bizim günümüz qaralır.

Özü də daha bir səhv suyu qaldıran kimi dayanmaq oldu. Niyə durursan? Davam eləməlisən. Dərhal qazın qiymətinə baxmaq lazım idi. Səbəbini uzaqda axtarmağa ehtiyac da yox idi, suyun qiyməti qalxanda əhali qazdan səmərəsiz istifadə etməyə başlayıbdır. Məsələn, bizdə dəqiq məlumat var ki, bəzi adamlar çimmək əvəzinə özünü qazla ütür. Bir çox adamlar isə təbii qazdan su almağa çalışırlar! Bəli, bəli! Səhv oxumadınız. Hüquq-mühafizə orqanlarımız Xırdalanda hətta kustar qaz-krekinq qurğusu aşkar edərək götürmüşdür. Ümumiyyətlə, bizim evdə istifadə elədiyimiz təbii qazın tərkibində metan və propanın olduğu məlumdur, metanın bir molekulunda isə 4 hidrogen atomu vardır. Hələ bu nədir ki? Təbii qazdakı butan maddəsində 10 hidrogen atomu olur! Dəhşətdir. Əməlli maxinasiya mənbəyidir. O cümlədən təbii qazın tərkibində karbon-dioksid qazı vardır. Bəs buradan hansı nəticə hasil olur? Ay sağ ol: hidrogen və oksigeni birləşdirib su almaq mümkündür! Buna görə qaz gərək bahalaşsın. Artıq siqnallar alırıq, qaz oğurluğu artır.

Qaz qalxdı, sonra işığa keçirsən. İşığın təzə qiymətinə öyrəşməyə imkan tapmamış, bu dəfə zibili baha elə. Onsuz hamı görür prosesin zibili çıxıb, narazı qalan olmaz. Zibildən sonra təzədən benzinə qayıtmaq olar. Dövrə vuraraq.

Yoxsa “optimallaşma aparılır”, “səmərə artsın”, “iqtisadiyyatımız inkişaf edir”-zad… Nəyə lazım bu ucuz bəhanələr? Xalqı inandırmaq üçün ən kəskin səbəblər açıqlanmalıdır. Düzdür, indi bizim Qarabağ dərdimiz yoxdur, ancaq başqa təhlükələr qalır. Mən bir dövlət sirrini açmaq istəyirəm, güman edirəm, buna görə məni tutmazlar: bizdə su borularının qabağını kəsən yeddi başlı əjdahalar var. Hərəsi bir borunun üstündə oturub. Kür, Ceyranbatan, Oğuz-Qəbələ, Şollar əjdahaları olaraq təsnifata bölünürlər. Bu əjdahaların ağzına cavan uşaqlar atmasan, şəhərə su buraxmırlar. Öldürmək də mümkün deyil, bir başını kəsirsən, yerindən ikisi çıxır. Əjdahanın biri vaxtilə parlamentin müdiri vəzifəsinə yüksəlməyi bacarmışdı. Düzdür, rəyasət heyətində bir az passivləşdi, ağzının alovu azaldı, axırda işdən qovdular. Ancaq villası-zadı qalır, Xırdalan yolunda, elə şəhərə gələn su borularının üstündədir.

Sonda görək Füzuli burada mövzu haqda nə yazmışdır: “Nihan eşqimi məlum etsə aləm, dudi-ahimdən, Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görgəc”. Şair burada demək istəyir ki, siz adıma olan rayonda aləm üçün aeroport tikirsiniz, lakin problemlər tüstüsünü ağzımdan çıxartsam, elə bilərsiniz əjdəha alov püskürür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160456

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930