Aqiyə Naxçıvanlı: “Qalib Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısıdır”

21.09.2021 - 13:58

Aqiyə Naxçıvanlı: “Qalib Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısıdır”

“Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən irimiqyaslı islahatlar sayəsində peşəkar, yüksək döyüş qabiliyyətinə malik və ən müasir silahlarla silahlanmış ordu formalaşıb. Ölkə Prezidenti cənab İlham Əliyevin inamla yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar ölkəmizə belə bir ordu yaratmaq imkanı verdi və bu, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni təmin edən əsas amillərdən biri oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili xüsusi olaraq qeyd edib ki, ordumuzun döyüş qabiliyyətinin bundan sonra da artırılması Cənubi Qafqazda sülhün qorunması üçün böyük əhəmiyyət kəsb edən ən vacib amildir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti durmadan yüksəlir, maddi-texniki bazası möhkəmləndirilir. Bu gün artıq ölkənin Müdafiə Sənayesi müəssisələrində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindən biri kimi dəyərləndirlməlidir. Bu, Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin etdi. Bu tarixi hadisədən 4 il öncə baş vermiş 2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyinə çevrilmişdi. Məhz həmin qələbə Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini ilk dəfə bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artırmalıdır və dövlətimiz bunun üçün bütün lazımi tədbirləri görür. Çünki məhz Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısıdır. Bu baxımdan ordumuzun qardaş Türkiyə və Pakistanın silahlı qüvvələri ilə keçirdiyi birgə hərbi təlimlərin də böyük əhəmiyyəti vardır.” Daha sonra Aqiyə Naxçıvanlı Azərbaycan Ordusunun yeni döyüş taktikasının müəllifi olduğunu da vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Əbəs yerə deyil ki, bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.”

Həmçinin millət vəkili Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq bildirib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın, hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır.”

Aqiyə Naxçıvanlı həmçinin Azərbaycanda hər bir şəhid ailəsinə, hər bir müharibə qazisinə və iştirakçısına göstərilən dövlət qayğısından da bəhs etmişdir. Millət vəkili bildirmişdir ki, bu gün ölkəmizdə həm dövlət, həm də cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən vətəndaşların müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti son dərəcə önəmli bir faktor olaraq diqqət mərkəzindədir: “Bu istiqamətdə ortaya çıxan bütün problemlərin öhdəsindən operativ şəkildə və yüksək effektivliklə gəlinməsi onu göstərir ki, Azərbaycan həqiqətən də bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini tutan dövlətdir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. “Mən hər zaman qazilərin yanında olacağam” – deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan “YAŞAT” Fondu yaradılmışdır. İndiyədək Fondda 62 milyon manatdan çox vəsait toplanmışdır. Azərbaycan Ordusu şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur. Dövlət başçısı tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş edir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam da şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür.”

AİA.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=166967

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031