“Yazmaq mənim üçün azadlıqdır”

31.08.2018 - 22:43

YEGANƏ BAĞİROVA: “İnsan yaradılmışların ən ağıllısıdır. Ona görə də qarşımıza nəyisə məqsəd qoyarıqsa mütləq ona çatarıq! Təki istək olsun, şübhə, qorxaqlıq, inamsızlıq olmasın”

“İnsanın ilk öncə özgüvəni olmalıdır. Bu hiss insanda olduqdan sonra, onun bacara bilməyəcəyi heç bir şey yoxdur”

“Mən yuxarıda da qeyd etdim ki, mən azadlığı yaşayan biriyəm. Mümkünsüzü mümkün edən biriyəm. Olduğum kimiyəm”

Yeganə Bağırova gənc şairələrimizdəndir. Müxtəlif mətbu orqanlarda imzası görünməkdədir. Şeirləri ilə oxucularının rəğbətini, sevgisini qazanıb. Bu müsahibəmiz bir yandan şairə xanımın Türkiyə istirahətini pozmaq idisə, bir tərəfdən də oxucularımıza səmimi söhbət istirahəti yaşatmağa xidmət edirdi.

Bəzən insan hər şeydən yorulanda təkliyə çəkilməlidir

-Xoş gördük Sizi, Yeganə xanım.Necəsiz?
– Xoş gördük.Həddən artıq çox yaxşıyam.Siz necəsiz?(gülümsəyir)
– Təşəkkür edirik. İlk öncə özünüz haqqında məlumat verərdiz. Yeganə xanım kimdir?
– Əvvəla, çox sağ olun ki, bu müsahibəyə qərar vermisiniz. Mən özüm haqqımda danışmağı heç vaxt xoşlamamışam. Çünkü mən daima istəmişəm ki,dostlarım, tanışlarım, ummiyyətlə məni tanıyan ve tanımıyan insanlar özləri məni kəşf etməsini istəmişəm.Özüm haqqımda yalnız bir şeyi deyə bilərəm ki, mənim hər kəsdən fərqli düşüncəm və həyat tərzim var!
– Elə buna görə də inanıram ki,söhbətimiz zamanı cavablarınızda səmimi olacaqsınız.Çünkü biz sizi səmimi,sözü əməli düz bir insan kimi tanıyırıq. Sizin üçün gözəllik nədir və ya nədədir?
– Mənə görə görə bildiyimiz,duya bildiyimiz,toxuna bildiyimiz hər şəy gözəllikdir. Gözəllik yaşadığımız həyatda könlünü oxşayan, ruhunu dincəldən nə varsa ondadır.

Sakitlik insana qəlb rahatlığı verir amma tənhalıq yox

– Deyirlər dəniz havası-günəş insan həyatında vacib faktorlardan biridir.Bu səbəbdənmi Günəş qəbul etmək üçün Qardaş ölkə olan Türkiyəyə üz tutmusunuz?
-Bəli haqlısız amma bir qələm sahibi, yaradıcı insan olaraq fikirlərdən, insanların problemlərindən beynim yorulduğu üçün, şəhər səs küyündən qaçıb uzaq dəniz sahilində bir neçə həftə istirahət etməyi qərara aldım. Bilirsinizmi bəzən insan hər şeydən yorulanda təkliyə çəkilməlidir. Öz səsini dinləməlidir, özünü sorğu sual etməlidir. Səssizliyin səsini dinləməyib ruhunu dinləndirməlidir.
-Qaçmaq yoxsa, gəzmək? Siz hansını etmisiz?
– Təbiət bizə tənhalıq, səssizlik, ümüd, xoşbəxtlik, güç bəxş etməyə qadirdir. Harda olmağımızdan aslı olmayaraq. Amma insan gedəcəyi-hüzur bulacağı məkanı özü üçün özü seçirsə demək ki,onun ruhu orda sakitləşir. Mən də həm ruhumu sakitləşdirmək üçün, həm gəzmək üçün Türkiyə-Altınkum Didimi seçdim.
– Sakitlik,tənhalıq sizə qəlb rahatlığı gətirə bilirmi?
– Təbii ki, sakitlik insana qəlb rahatlığı verir amma tənhalıq yox.Mən heç vaxt uzun müddətli sakitliyə çəkilib tənha qala bilmərəm. Məsələn mən rəngarəng həyata,insanlara alışdığım üçün reallıqlardan qaçıb barmaqla sayılacaq bir necə gündən artıq tək qala bilmərəm. Sadəcə öz düşüncələrimi sahmana sala bilərəm həmin müddətdə amma heç vaxt özüm üçün yalnızlığı yaratmaram. Toplum içində olmağı, işləməyi sevirəm. Mən ən çox da başımla işlədiyimdən tez-tez sakitliyə çəkilmək mənim üçün önəmlidir.

Mən hər zaman istəklərimə doğru addımlamışam

– Deyirlər həyat beş günlükdür.Siz bu prinsiplə yaşayırsız?
– Yooox həyat mənim üçün hər gündür. Mən günü,anı yaşayıram. Çünkü düşündüyümüz, ümüd etdiyimiz sabahlar bizdən nələrisə alıb aparır. (fikrə dalır…) Bağışlamağı, sevməyi, istəklərimizi gerçəkləşdirməyi… heç bir şeyi sabaha buraxmaq olmaz. Bəlkə bizim üçün bir daha sabah olmayacaq, nə bilmək olar, Allahın qismətidir. Bu gün üçün olan istəklərimizi,sabah üçün təxirə salmamalıyıq.
-Mümkünsüzü mümkün etməyə çalışan Yeganə xanım üçün mümkünsüz olan nədir bu həyatda?
– Həyatda mümkün ola biləcək şeylərlə yanaşi, mümkün olması mümkün olmayan şeylərdə var. Amma bunların arxasında insanın gücü və inamı durur. İnsan yaradılmışların ən ağıllısıdır. Ona görə də qarşımıza nəyisə məqsəd qoyarıqsa mütləq ona çatarıq! Təki istək olsun, şübhə, qorxaqlıq, inamsızlıq olmasın. Risk olsun. Mən hər zaman istəklərimə doğru addımlamışam. Allaha çox şükürlər olsun ki, hər şeyi mənim ürəyimə görə verib mənə.

Özümə inam bütün mümkünsüzləri mənim üçün mümkün edib

-Sözünüzdən belə başa düşdüm ki, riskli insansız?
– Risk etmək hər zaman bir addım öndə olmaq deməkdir. Mən də özümə riskli insan deyə bilərəm. Çünkü özümə güvənirəm. İnsanın ilk öncə özgüvəni olmalıdır. Bu hiss insanda olduqdan sonra, onun bacara bilməyəcəyi heç bir şey yoxdur. Risk etməsək, özümüzə inanmasaq istəklərimizə, arzularımıza necə çata bilərik? İnanın səmimiyyətimə ki, özümə inam bütün mümkünsüzləri mənim üçün mümkün edib.
– Bir Yaradıcı insan olaraq, gözəlliklərdən zövq almağı bacaran insan olaraq, ən əsası da pozitiv bir insan olaraq niyə öz instaqram və facebook hesablarınızda bəzən qəmli statuslar paylaşırsız?
-Bilirsiz necədir insan heç vaxt bir nÖqtədə sabit qala bilməz. Fikirlər düşüncələr əhvalımıza görə dəyişir. Təbii ki, mən də insanam və heç bir hiss də mənə yad deyil. Əhvalım hava ilə, hər hansısa bir insanın səhv düşüncəsi ilə, musiqi ilə də dəyişə bilər. Gün ərzində fərqli ola bilər əhvalım və bu səbəbdən də həmin anda nə hiss edərəmsə onu da yazaram. Çünkü yazmaq mənim üçün azadlıqdır.

Azadlıq insanın daxilində olmalıdır

-Yazılarınızda azadsız,bəs şəxsi həyatınızda da azadsınızmı?
-Azadlıq insanın heç bir şeydən asılı olmamasıdır. Özünün özü olmasıdır. Bu hər kəsə qismət olmur. Hər kəs azadlığın dadını dada bilmir. İlk öncə azadlıq insanın daxilində olmalıdır. İnsan öz həyatını yaşamalıdır. Başqalarının həyatına burnunu soxmadan, azadlığını başqalarına nümayiş etdirmədən öz azad həyatını, azad sevgisini, azad Sexini yaşamalıdır. Bu üçü insan həyatında varsa demək ki, o insan xoşbəxtdir. Sadəcə azadlığdan düzgün istifadə etmək lazımdır.Hər şey elə nizamlanmalı,düzülüb qoşulmalıdır ki, nə şiş yansın nə kabab.
– Nə vaxtsa kababla bərabər şişi də yandırmısız?
– Mən yuxarıda da qeyd etdim ki, mən azadlığı yaşayan biriyəm. Mümkünsüzü mümkün edən biriyəm. Olduğum kimiyəm. Nə heç vaxt maska taxmıram,nə də ki özümü yandırmıram. Mən sadəcə özüm üçün üzərlik yandırıram.(gülür.) Əməlimdə nə varsa dilimdə də odur və ya dilimdə nə varsa əməlimdə də odur. Etmək istədiyim hər şeyi edirəm, demək istədiyim hər şeyi deyirəm.

Şairlər öz romantik düşüncələrini fikirləri ilə ucaldır

Sizin fikrinizcə, əsl şair necə olmalıdır?
– “Əsil şair”sözü ilə mən razı deyiləm. Çünkü şairlər müxtəlif cür olur. Məsələn, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şairlərdə var,əsərləri gözəl şəxsiyəti isə qüsurlu olan şairlər dəvar. Şair var realistdir,şair var romantikdir,şair də var modernis-postmodernistdir. Şair var ki bütün həyatını ədəbiyyata həsir edir,şair var ki loyaldır.Bu səbəbdən də şair sözünü bir qəlibə yerləşdirmək olmaz. Mənimçün əsil şair obrazı yoxdur.
– Çox insan düşünür ki, şairlər öz düşüncələrində utopik fikirlər daşıyırlar nə dərəcədə doğrudur?
– Əlbətdə şairlər tamamilə rasional düşüncə tərəfdə ola bilməzlər. Şairlər öz romantik düşüncələrini fikirləri ilə ucaldır. Amma ki bir çox hallarda mütərəqqi ideaları elə şairlər özləri verir. Bu ideyalar sonrakı cəmiyyətin formalaşmasında böyük rol oynayır. Nizami Gəncəvinin bərabərlik ideyaları neçə əsr sonra həyatda öz təcəssümünü tapdı. Nizaminin “Sirlər xəzinəsi”poemasında səsləndirdiyi mütərəqqi fikirlər orta əsir insanlarının formalaşmasında böyük rol oynamışdır. “Kərpic kəsən kişinin dastanı”əsərin də də insanları əmək sevərliyə, başqasından asılı olmamağa çağırması da utopiya deyildiki?! Utopiyanın özündə də sonradan reallaşan ideyalar olur. Məsəl üçün xalçaların yerinə indi təyyarələr uçur,sim-sim qapıların yerinə indi pultla idarə olunan bəzi texnalogiyalar buna əyani sübutdur.

– Sizi yormadım ki?

– Xeyir, yormadınız. Çox xoş oldu sizinlə söhbət etmək.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122123

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930