“Ağ Göl” Milli Parkı haqda qara piar kompaniyası: Yalanlar hər kəsi güldürür

11.04.2019 - 23:29

Son günlər bəzi media orqanlarında Ağ Göl milli parkı və onun rəhbəri Loğman Mehdiyev haqqında yazılar dərc olunub. Əlbəttə günümüzdə medianın ictimai nəzarəti aktual məsələdir. Amma bu ictimai nəzarət obyektivlikdən uzaq olanda və qərəzli tənqidlərə yol açanda nəticə etibarı ilə cəmiyyət əziyyət çəkir. Elə üzərində dayandığımız olayda da eyni hal baş verib. Belə ki, Ağ Göl milli parkı və onun rəhbəri haqqında yazılanlar nəinki həqiqətdən uzadır, həm də illər əvvəl həm hüquqi, həm də faktaloji baxımdan təkzib olunan yalanlardır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Ağ Göl” Milli Parkı və onun rəhbəri Loğman Mehdiyev üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur.Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən cuhuriyyət.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Ağ Göl Milli Parkı və onun rəhbəri Loğman Mehdiyev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da “Ağ Göl” milli parkı və bu qurumun rəhbəri Loğman Mehdiyev haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır.
Ağ Göl milli parkında görülən işlər və buradakı real vəziyyət isə bu bölgənin əhalisi və həmin ərazidə olanlar üçün tam aydındır. 17 924 hektara qədər ərazidə təbiətin keşiyində durmaq cəfakeş bir kollektivin zəhmətidir. Bunun təsdiqi üçün bir neçə fakta diqqət yetirmək kifayətdir. Məsələn, Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində Ağgöl Milli Parkının ərazisinə müxtəlif vaxtlarda 21 baş ceyran buraxılıb. Aparılan müşahidələr nəticəsində hazırda bu ərazidə ceyranların sayının 40-a yaxın olduğu müəyyənləşdirilib. Həyata keçirilən monitorinqlər, aparılan tədqiqatlar sübut edir ki, ceyranların bu əraziyə yayılması və iqlimləşməsi prosesi uğurla davam edir. Ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə 2 nəzarət məntəqəsi tikilib, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış maarifləndirici və qadağanedici lövhələr yerləşdirilib. Milli parkın yaxınlığında yerləşən yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri də aparılır. Görülən tədbirlər ceyranların sayının artmasına əlverişli şərait yaradır.
Bildirək ki, ğcabədidəki “Ağ göl” parkı Ordubad, Hirkan və Şirvandan sonra istifadəyə verilən dördüncü Milli Parkdır. “Ağ göl”də adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na, eləcə də respublikamızın “Qırmızı kitabı”na salınmış 20-yə yaxın quş növü, 40-a yaxın su-bataqlıq bitkisi vardır. Burada 15 növ məməli heyvan, 12 növ balıq, 200-ə yaxın quş növü mövcuddur. Hər il “Ağ göl”də 800 minə yaxın quş qışlayır. 9 min hektara yaxın sahəni əhatə edən ərazi 5 mühafizə zonasına ayrılmış, 3 yerdə müşahidə qülləsi yaradılmışdır. Milli Park 2002-ci ildə Su Bataqlıq Ərazilərinin Mühafizəsi üzrə Beynəlxalq Ramsar Konvensiyasının siyahısına daxil edilmişdir.
Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır.
Ağ göl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılmışdır.
Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.
Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır.
Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı, fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır.
Azərbaycanın nadir təbiət incisi olan Ağ Gölün qorunması və burda flora-fauna dünyasının vəhdətinin təşkili böyük bir zəhmət hesabına başa gəlmişdir. Belə bir zəhmətə qarşı qərəzçiliyi isə nə söz bağışlayar, nə də allah…
Ağ Göl parkının əsl simasını isə aşağıdakı filmdə təqdim edirik. Bir zamanlar kiçik bir ərazidə bağımsız görkəmdə olan bu sahənin dövlətin dəstəyi və park əməkdaşlarının zəhməti ilə əsl təbiət incisinə çevrildiyini hər kəs görə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=127823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930