Babacan Ərdoğana ciddi rəqib ola bilər, bir şərtlə…

18.07.2019 - 13:23

Ekspertlərə görə, onun Türkiyə siyasətində uğuru AKP hökumətinin qarşıdakı illərdə göstərdiyi fəaliyyətlə bağlı olacaq

23 iyun İstanbul təkrar bələdiyyə seçkisindən sonra Türkiyə daxili siyasətinin əsas gündəmi baş nazirin keçmiş müavini Əli Babacanın AKP-dən istefa verməsidir. 2001-ci ildə AKP-nin ilk qurucularından olan Əli Babacan son illərdə hökumətdə təmsil olunmayıb. İstanbul seçkilərindən bir qədər əvvəl isə mediada Babacanın AKP-dən istefa verib yeni partiya yaradacağı ilə bağlı xəbərlər dolaşmağa başlayıb.

İyulun 8-də isə Əli Babacan AKP-dən istefa verdiyini bəyan edib və yazılı açıqlama yayıb. Açıqlamada hazırkı şərtlərdə Türkiyə üçün yeni bir gələcək baxışına ehtiyac olduğunu qeyd edən Babacan Türkiyənin bu günü və gələcəyi üçün yeni bir fəaliyyət başlatmanın qaçılmaz hala gəldiyini bildirib. Və bu istiqamətdə yeni insanların olmasından məmnunluğunu qeyd edib. Və əlavə edib ki, bu mərhələdən sonra AKP-də üzv olaraq qalması mümkün olmadığı üçün istefa ərizəsini rəhbərliyə təqdim edib.

Babacan erdoğan ile ilgili görsel sonucu

Açıqlamada açıq şəkildə yeni partiya yaradılmasına da işarə edilib. Sitat: “Mən və bir çox dostum belə bir fəaliyyət üçün böyük və tarixi bir məsuliyyət hiss edir. Bu prosesdə eyni əxlaqi və ictimai məsuliyyəti hiss edən çox sayda insanla tanış olmaq bizim üçün çox sevindirici oldu. İnanıram ki, qarşı-qarşıya olduğumuz problemlərin həlli təmsil gücü yüksək və geniş bir komanda ilə mümkün olacaq. Bərabər çalışmaq və ortaq hədəf müəyyən etməliyik. Fəaliyyətimizin müstəqil və azad bir şəkildə aparılması böyük önəm daşıyır. Hər mövzuda yeni səhifələrlə işə başlamaq lazımdır”.

Mətbuatın yazdığına görə, Əli Babacan 31 mart bələdiyyə seçkilərindən dərhal sonra aprelin 18-də Türkiyə Patent və Marka Qurumuna müraciət edərək Huzur adlı partiya adını qeydiyyata aldırmaq istəyib. Mediadakı iddialara görə, Əli Babacan bu ilin payızında – sentyabrdan sonra yeni partiyasını elan edə bilər. Adı Babacanla birlikdə hallanan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlunun indiki mərhələdə yeni partiyaya qatılmayacağı, kənardan dəstək verəcəyi bildirilir. Hətta bəzi yazarlar Babacan və Davudoğlunun ayrı-ayrı partiyalar yaradacağı, yalnız gələcəkdə ittifaq qura biləcəklərini yazıb.

Ancaq mətbuatın iddiasına görə, hazırda AKP-də təmsil olunan, eləcə də parlamentdə fəaliyyət göstərən bir sıra şəxslər, həmçinin keçmişdə AKP-də yüksək postlarda olan, ancaq indi kənarda qalmış bir sıra nüfuzlu şəxslər də Babacanın yeni partiyasına qatıla bilər. İndi bir çoxları Babacanın quracağı partiyanın Türkiyə siyasətində tuta biləcəyi yer haqqında düşünür. Söhbət yeni partiyanın alacağı səslərdən gedir. Məsələ ondadır ki, iki il əvvəl MHP-dən ayrılan Meral Akşenerin qurduğu İyi Partiya ötən il seçkilərində “Millət İttiafaqı” koalisiyasına daxil olaraq parlamentə düşməyi bacardı. Bəs Babacanın partiyası bu qədər uğurlu ola biləcəkmi? AKP-dən ayrılan və özü ilə müəyyən bir siyasətçi ordusunu aparmağa iddialı olan Əli Babacanın yeni partiyası AKP-nin elektoratından nə qədər səs qopara bilər?

Babacan erdoğan ile ilgili görsel sonucu

Türkiyədə fəaliyyət göstərən ANAR Sosial Araşdırma şirkətinin rəhbəri İbrahim Uslu “İndependent” qəzetinə verdiyi açıqlamada Babacanın yeni partiyasının AKP-dən ciddi sayıla biləcək səviyyədə səs qopara biləcəyini düşündüyünü deyib. Onun fikrincə, yeni partiya əsasən sağ cinahdan 12 faizə qədər səs ala biləcək. Söhbət əsasən AKP-nin elektoratı hesab olunan mühafizəkar qrupdan gedir. İ.Usluya görə, əsasən AKP seçicisi olan dindar-mühafizəkar, təhsilli, orta və yüksək gəlirli qrup Babacanın partiyasına dəstək verə bilər. Bu isə təxminən 10-12 faiz səs deməkdir. Eyni zamanda bu qrafaya uyğun gələn və öz partiyalarından razı olmayan CHP, MHP və İyi Partiyadan olan seçicilər də Babacana dəstək verə bilər. Ekspertə görə, əgər Babacan uğurlu kadr seçimi edərsə, daha əvvəl könülsüz olaraq HDP-yə səs verən dindar-mühafizəkar kürd seçicilərin bir qismi də Babacanı seçə bilər. Çünki son illərdə daha sərt siyasi xətt tutan AKP mühafizəkar kürd qrupunun səsini itirib.

“A&G” Araşdırma Şirkətinin müdiri Adil Gür isə qəzetə açıqlamasında deyib ki, AKP seçicilərinin böyük hissəsi AKP-yə deyil, məhz partiya lideri Rəcəb Tayyib Ərdoğana səs verir. Eyni zamanda Adil Gürə görə, Babacanın partiyasının gücü yeni partiya qurulub qeydiyyata alındıqdan sonra bilinəcək. Bu səbəbdən də hazırkı şərtlərdə AKP seçicilərinin məhz Ərdoğana görə bu partiyaya səs verdiyini xatırladan Gürün fikrincə, Babacanın partiyasının uğuru iqtisadi vəziyyətdən asılı olacaq. Çünki AKP komandasında uğurlu iqtisadi sahədə uğur qazanmış və hazırda da uğurlu bir iqtisadiyyatçı kimi yadda qalan Babacanın siyasi karyerası hazırkı AKP iqtidarının qarşıdakı dövrdə iqtisadi sahədə uğur və ya uğursuzluğuna bağlı olacaq.

Ancaq Adil Gür Babacan və Gülün birgə layihəsinin AKP-ni ikiyə böləcəyinə inanmır. Yeni partiyanın AKP-dən ciddi sayda səs qoparacağını isə təxmin edir. Xüsusən də əgər qarşıdakı illərdə AKP-nin iqtisadi siyasəti uğursuz olarsa, o zaman Babacan və partiyasının şansı daha da arta bilər. Eyni zamanda Gür yeni partiyanın lider ətrafında yaranan partiya olmayacağı və bu səbəbdən də yalnız AKP deyil, digər partiyalardan da narazı elektoratı cəlb edə biləcəyini ehtimal edir.

Beləliklə, fövqəladə hadisə yaşanmasa, yaxın dövrdə Türkiyə siyasətinin yeni sağ-mühafizəkar partiyası ortaya çıxa bilər. Babacanın ikinci bir Ərdoğan olması ehtimalı az olsa da, istənilən halda ekspertlərin bugünkü dəyərləndirmələri belə AKP-nin, ümumilikdə Türkiyə siyasətinin ciddi bir dəyişiklik prosesində olduğunu söyləməyə əsas verir.(Yeni Musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031