“Rusiya ilə vuruşmalıyıq” – “AXCP və Müsavat siyasi səhnədən getməyincə…”

15.10.2019 - 13:16

“AzPolitika.info”-nun gündəmin aktual məsələlərinə dair suallarına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavab verib.

Onunla müsahibəni təqdim edirik:

– Sərdar bəy, Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar prosesi faktiki dayanıb və hazırda tərəflər, belə demək mümkünsə, bir-birinin əsəblərini sınağa çəkməklə məşğuldur. Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı verir, Azərbaycan Prezidenti İlham Əliiyev ona cavab olaraq “Qarabağ Azərbaycandır, nida” bəyanatı ilə onun ağzından vurur. Danışıqlar prosesinin yerini faktiki olaraq informasiya müharibəsi əvəz edib. Bu baxımdan, sizcə, hadisələrin inkişafı hansı ssenari üzrə gedə bilər?

– Əslində Paşinyanla bizim bəyanatımız arasında fərq var. Paşinyan ərazilərimizi işğal edib, indi isə onu ilhaq etməyə çalışır. Faktiki olaraq gəlib bizim torpaqlarda belə bəyanatlar səsləndirir. Düzdür, İlham Əliyev ona cavab verdi, amma faktiki olaraq Azərbaycan dövlətinin bu torpaqlar üzərində nəzarəti yoxdur. Və yaxud bu torpaqlara nəzarəti bərpa etmək üçün heç bir addım atmırıq.

Mən, danışıqlar prosesini, Minsk Qrupunun fəaliyyətini əslində böyük siyasətdə Qarabağın dinc yolla ermənilərə verilməsinin tərkib hissəsi kimi görürəm. İndi mənə tam aydındır ki, bu oyunlarda məqsəd Qarabağı bizdən alıb ermənilərə verməkdir. Bizim çıxış yolumuz Minsk Qrupunun fəaliyyətindən imtina etmək və Lissabon sammitinin nəticələrini tanımamaqdır. Lissabon sammitində Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasında mübahisəli torpaq kimi qəbul edilib. İlham Əliyev hakimiyyətə gələndə dedi ki, indiyə qədər Dağlıq Qarabağla bağlı atılan addımları bir kənara qoyub, biz sıfırdan başlayacağıq. İlham Əliyev hakimiyyətə gələndə hansı mövqeni ortaya qoyubsa, indi o mövqedən başlamaq lazımdır. Lissabon sammitinin nəticələrindən, Bişkek sazişindən, Minsk Qrupunun fəaliyyətindən imtina etməliyik.

– Bunlardan imtina etməklə Qarabağ bizim olacaq?…

– Bundan sonra, beynəlxalq hüquqdakı təcavüz haqqında qətnaməyə əsaslanaraq, sənin istənilən formada öz torpaqlarını azad etmək hüququn yaranır. Məsələn, bu gün Türkiyə Suriyaya daxil olub və hər addımda beynəlxalq hüququ əsas gətirir. Azərbaycan da işğal edilən ərazilərdə əməliyyat aparmaq üçün, torpaqlarının işğal edilməsi vəziyyətini yaratmalıdır. Bişkek sazişindən imtina etməliyik. Əgər etməsək, necə hərbi əməliyyatlara başlaya bilərik? Əvvəl imtina etməli, sonra hərbi əməliyyatlara başlamalıyıq. Lazım gələrsə Rusiya ilə vuruşmaq lazımdır. Əgər Rusiya Ermənistanın tərəfini saxlayacaqsa və ya erməni tərəfindən vuruşacaqsa, biz də tərəfimizi müəyyən edib Rusiya ilə vuruşmalıyıq. Əks halda torpaqlarımız əldən gedəcək. Başqa seçimimiz yoxdur. Bu necə ola bilər ki, Bakının əhalisinin yarısının yarısı qədər olan Ermənistan bizə qalib gəlib? Hətta erməni əhalisinin qadın və uşaqları da əlinə avtomat alsa, bizə qalib gələ bilməz. Bu baxımdan, mənə elə gəlir ki, hakimiyyət ciddi addımlar atmalıdır.

– Hakimiyyət komandasını və siyasətini kifayət qədər tənqid edirsiniz. Bəs müxalifət düşərgəsində vəziyyət necədir?

– Bu cür hakimiyyətin elə bu cür də müxalifəti olar. Xalq özü passivdir, fəal deyil. Bizim xalq elə bilir ki, Qarabağ üçüncü dövlətin ərazisidir, tamaşa edir görsün ki, Minsk Qrupu nə deyəcək, siyasətçilər hansı bəyanatı verəcək. Xalq da dövlətlə bərabər vətəni qorumalı, torpaqları işğaldan azad etməlidir. Qarabağ həm də cənubda yaşayan soydaşlarımızın vətənidir. Bu məsələni də gündəmə gətirmək lazımdır.

– Müxalifətin vəziyyəti…

– Həddən artıq pis, dağınıq, gücsüz, ziddiyyətli və qarışıq bir vəziyyətdir. Bunun da başlıca səbəbi revanşist qüvvələrin siyasi səhnədə olmasıdır. Revanşist qüvvələr hakimiyyətlə normal siyasi mübarizə aparmağa imkan vermir. Bu iqtidar revanşist qüvvələri hakimiyyətdən salıb, bunlar yenidən hakimiyyəti ələ almaq istəyirlər. Revanşizmin tərifi politologiyada var. Məsələn, bizim iqtidarla müxalifətçiliyimizlə AXCP və Müsavatın müxalifətçiliyi arasında uyğunluq ola bilməz. Onlar devrilən hakimiyyətlərini geri qaytarmaq istəyirlər, biz isə öz hakimiyyətimiz uğrunda mübarizə aparırıq. Bunlar fərqli şeylərdir. Bu səbəbdən də revanşist qüvvələr ölkə siyasətində avanqard kimi çıxış edirlər. AXCP və Müsavat siyasi səhnədən getməyənə qədər Azərbaycanda normal iqtidar-müxalifət münasibətləri yaratmaq mümkün olmayacaq.

– Müsavatın qurultay prosesini izlədinizmi?

– İsa Qəmbər Müsavat rəhbərliyindən getdikdən sonra partiya gücünün 80 faizini itirdi. O zaman “Yeni Müsavat” Müsavatı gündəmdə saxlayırdı, İsa Qəmbərin böyük nüfuzu var idi. İsa Qəmbər getdi, “Yeni Müsavat” partiyadan ayrıldı və Müsavat gücünü itirdi. Mən bir neçə dəfə müxalifətin bir araya gətirilməsi haqda danışıqlar aparanda digər partiya sədrləri açıq deyiblər ki, Müsavata nə ehtiyac var.

– Yəni Müsavatda kimin başqan olmasının əhəmiyyəti qalmayıb?…

– Başqanın kim olması Müsavatı dirildə bilməyəcək. Niyə? Hətta İsa Qəmbərin özü geri qayıtsa belə, vaxtında onun tutduğu mövqeyə görə Müsavatdan gedənlər geri qayıtmayacaq. Müsavatın da gücü əsasən gedənlər, intellektuallar idi. Onlar da axıb getdi. Yerdə qalanlar nisbətən aşağı səviyyədə olan üzvlərdir. Bu güclə Müsavat bir iş görə bilməz. Arif Hacılının özünün xarakteri də imkan vermir ki, Müsavat inkişaf etsin. Açığı, başqanlığa namizədlərdən Yadigar Sadıqlının fikirləri diqqətimi cəlb edirdi. Onun savadı, xarizması var, həbs görmüş adamdır.

– Bəs AXCP-nin müxalifətdə, ümumiyyətlə siyasətdəki mövqeyi necədir?

– AXCP də revanşist qüvvədir. Hakimiyyətə gəlmək iddiasındadır, amma Əli Kərimli də gücünü itirib. İndi parlamentdə olan 5-6 deputat vaxtilə onun müavinləri olub. Hökumət də onu sıxır. Fikrimcə, Əli Kərimlinin Arif Hacılı kimi müxalifət düşərgəsində qeyri-konstruktiv mövqe tutması, digər qüvvələrə yaxınlaşmaq istəməməsi həm də onların nailiyyətsizliyi ilə bağlıdır. Bu qüvvələr uzun illər revanşist siyasət aparıblar, bunun da nəticəsi olmayıb. İndi də nailiyyətsizliyin günahını başqa partiyaların üzərinə atırlar. Əslində buna məcburdurlar. Odur ki, AXCP və Müsavatın ritorikasında bütün partiyalar satqın və xəyanətkar elan olunur, nailiyyətsizliyin səbəbləri onların üzərinə atılır. Halbuki, onların özləri zamanında satqınlıq ediblər. Bu partiyaların ayrı-ayrı dövrlərdə parlamentdə təmsil olunması, MSK üzvü olan nümayəndələrinin fəaliyyəti ortadadır. Ən qəribəsi budur ki, bunlar bir-biri ilə yaxınlaşa bilmir və bir-birini ittiham edirlər. Həm də ziyanlı siyasət aparırlar. Xalq onsuz da onların ətrafına toplaşmır. Amma onlar da xalqın başqa qüvvələrin ətrafına toplaşmasına imkan vermirlər.

– AXCP-nin Bakı meriyası qarşısındakı piketinin nəticələrini necə qiymətləndirirsiniz?

– Heç kəsin küçəyə çıxmadığı indiki dövrdə 50 nəfərin küçəyə çıxması bir hadisədir. Amma piketin təşkilatçılarının əvvəl mitinq keçirmək iddiası və sonradan piketə razılaşması da ironiyadır. Bakı meriyasının verdiyi qərara etiraz edərək Lökbatana getmirsən, amma sonra onun verdiyi qərara əsasən piket keçirirsən. Bu Azərbaycanda sərbəst toplaşmaq azadlığını dəyərdən salan addımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134589

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930