Bizim üçün milli məsələ Azərbaycanın varlığı və yoxluğu məsələsidir

30.07.2020 - 20:35

Tənzilə Rüstəmxanlı: “Milli məsələlərlə məşğul olanlara dodaq büzənlərin mövqeyi Azərbaycan cəmiyyətini öz məhvərindən qopmuş, nihilist, yaddaşsız bir manqurt kütləyə çevirmək istəyənlərin mövqeyi ilə üst -üstə düşür”
Azərbaycanda milli məsələlərin təbliğində vətəndaş cəmiyyətinin rolu, milli davada QHT-lərin iştirakı mövzusunda Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının cumhuriyyet.az saytına müsahibəsini təqdim edirik .

– Tənzilə xanım, son proseslər – həm Tovuz döyüşləri ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, həm də bir çox xarici ölkələrdə erməni icmalarının soydaşlarımıza qarşı təxribatları yenidən bizim ölkəkənarı təbliğat işimizi və bu prosesdə QHT-lərin rolunu gündəmə gətirdi. Siz Azərbaycan-Türkiyə Evinin və Azərbaycan-Türk Qadınlar Birliyinin rəhbəri kimi bu haqda nə düşünürsünüz?
– Azərbaycanda bəzi insanlarda yanlış bir düşüncə var ki, QHT-lər yalnız ölkə daxilində fəaliyyət göstərib, ölkəiçi problemlərin həlli ilə məşğul olmalıdır. Şübhəsiz bu da vacıb və lazımlı bir istiqamətdir, amma vətəndaş cəmiyyətinin fəaliyyətini bununla məhdudlaşdırmaq olmaz. Bu gün dünyada ictimai-siyasi proseslər elə bir səviyyədədir ki, hər bir dövlət öz təbliğatını və milli maraqlarını digər ölkələrdə də yürütməyə məhkumdur. Həm də bu proses rəsmi dövlət xətti ilə yox, məhz QHT-lər vasitəsi ilə aparılanda daha effektli olur. Azərbaycan üçün isə bu xüsusilə vacibdir. Çünki bizim ümumi milli maraqlarımızın tərkib hissəsi kimi, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, dünya ictimaiyyətini Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı gerçəkliklərdən xəbərdar etmək kimi özəl bir məqsədimiz də var. Erməni diasporunun uzun illər ərzində qurduğu şəbəkəni yararaq bu işi həyata keçirmək asan deyil. Amma son hadisələrdən sonra xarici ölkələrdən gələn reaksiyalar, mətbuatdakı təhlillər onu göstərir ki, biz tədricən bu şəbəkənin müqavimətini qırırıq və dünya gerçəklikləri görməyə başlayır.
– Konkret olaraq Azərbaycan-Türkiyə Evinin və Azərbaycan -Türk Qadınlar Birliyinin bu istiqamətdə hansı fəaliyyəti olub?
– Azərbaycan-Türkiyə Evi, həmçinin Azərbaycan-Türk Qadınlar Birliyi olaraq əsasən Qarabağ problemini, torpaqlarımızın 20 faizinin işğal altında olmasını, azərbaycanlıların 31 mart və Xocali soyqırımı günlərini və Azərbaycanın başqa ağrılı, taleyüklü məsələlərini türk dünyasına çatdırmağa çalışmışıq və bu işə böyük əmək sərf etmişik. 20 ildən çoxdur ki, Birliyimiz qeydiyyatdan keçib. Həmçinin sözdə erməni soyqırımını ortaya atan ermənilərin Azərbaycan xalqını soyqırıma məruz qoymaları, uydurduqları yalanlar, tariximizi saxtalaşdırmaları, mədəniyyətimizin ayrı-ayrı nümunələrini oğurlayaraq öz adlarına yazmaları kimi məslələrlə bağlı elmi konfranslar keçirib Tükiyədə, Azərbaycanda, Avropada, Türk dilli dövlətlərdə müzakirələr aparır, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin genişlənməsində yaxından iştirak edirik. “Şah İsmayıl Xətai və Sultan Səlim”, “Atatürk və türk milləti” adlı Beynəlxalq simpozimların keçirilməsi, 3 May – Türkçülük Bayramının qeyd edilməsi, “Xocalıya ədalət” şüarı ilə tədbirlərimizin ənənəyə çevrilməsi gördüyümüz işlərin geniş miqyasını yaxşı göstərir… Bu tədbirlər yalnız Azərbaycan-Türkiyə sərhədləri ilə qapanmayıb, Türk Dünyasının və Avropanın ünlü şəxsləri tədbirlərimizə qatılıb və şübhəsiz ki, hər zaman da Azərbaycanın haqqı, erməni yalanlarının ifşası əsas mövzumuz olub.
– Yeri gəlmişkən, bəziləri Türkiyədə Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin keçirilməsini gərəksiz sayır…
– Çox yanlış düşüncədir. Bunu deyənlər Türkiyə mühitindən xəbərsizdirlər.. Onlar bilmir ki, erməni lobbisi qardaş Türkiyədə də kök atıb. Türkiyə bizim canbir, qanbir qardaşımızdır, hər zaman Azərbaycanın yanındadır. Amma bilirsizmi bu ölkədə nə qədər erməni təşkilatları, qurumları, nəşriyyatlaı, qəzetləri, mətbəələri fəaliyyət göstərir? Onlar ciddi gücə və imkana malikdirlər. Məhz bu gücün təsiri ilə qardaş cumhuriyyətdə ara-sıra müəyyən olaylar yaşanır ki, bu da Azərbaycan ictimaiyyətində narazılıq yaradır. Erməni lobbisi burda sənət adamları, yazarlar, media vasitəsi ilə açıq və gizli fəaliyyətdədir. Buna görədə Türkiyədə keçirilən tədbirlərə “qardaş bacılarımıza Azərbaycan həqiqətləri çatdırılır” kimi baxmaq diletant yanaşmadır. Digər bir tərəfdən Türkiyə həm mediası, həm televiziyası, həm də siyasi mühiti ilə Avropanın , dünyanın diqqətində olan bir ölkədir. Türk mətbuatında dərc olunan bir yazı, Türkiyə telekanalında  edilən bir çıxış dünyanın bir çox siyasi mərkəzləri tərəfindən izlənilir. Buna görə də Türkiyə bizim təbliğat baxımdan həm də dünyaya çıxışımızdır.
– Yəni, demək istəyirsiniz ki, Türkiyədə bu təbliğat xüsisi önəm kəsb edir…
– Mən çox da uzaq olmayan bir tarixi yada salmaq istəyirəm. “Sürix pratakolları” və bununla bağlı yaranmış durum hər kəsin yadındadır. 2009-cu il oktyabrın ayının 10-da İsveçrənin Sürix şəhərində  Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair  “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu” imzalandı. Sənədləri Ermənistan və Türkiyənin xarici işlər nazirləri imzaladı. Sürix protokolları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tuturdu. Dünya erməni lobbisinin təsiri ilə Türkiyəni bir dalana dirəmişdilər və Türkiyə hökuməti təzyiqlər qarşısında belə bir sənədə imza atmışdı. O ərəfədə QHT- ə dəsdək Şurasının sədri Azay Quliyev və Azərbaycan- Türk Qadınlar Birliyi əvvəl Azərbaycan QHT rəhbərlərinin, daha sonra millət vəkillərinin Türkiyəyə səfərini təşkil etdik. Günlərlə Türkiyədə həm hökumət rəhbərləri, həm də siyasi partiya rəhbərləri ilə görüşlər keçirildi. Türkiyə gündəminin əsas mövzusu Qarabağ məsələsi oldu. Türk mediası bu mövzunu diqqətdə saxladı. Azərbaycan cəmiyyətinin belə bir mövqeyi və etirazı ortaya qoyulmasaydı protokolların icra məsələsinin necə olacağını bilmək olmazdı. Məhz milli mövqedə olan QHT rəhbərləri, ictimai-siyasi xadimlər bu məqamda qəti münasibət ortaya qoydular. Özü də bu prosesdə Azərbaycan dövlətinin yalnız mənəvi dəstəyi var idi. O zaman QHT-lərə dövlət tərəfindən bununla bağlı qrant ayrılmamışdı. Yəni fəaliyyət milli təəssübdən irəli  gəlirdi. Həmin dövrdə vətəndaş cəmiyyətinin bu fədakarlığı nəticəsində erməni lobbisinin planları pozuldu. Qarşılığında Soros fondu və onun nəzarətində olan qüvvələr hərəkətə keçdi və bizləri ən müxtəlif şəkildə ittiham etdilər. Hətta yadımdadı Türkiyə mətbuatında “Ergenekonun Azərbaycan qolu iş başında” başlıqlı yazılar dərc olundu. Hər çür əks fəaliyyətə keçdi. Amma Azərbaycan və Türkiyənin milli qüvvələrinin birliyi, ən başlıcası bu məsələdə Azərbaycan dövləti ilə ölkənin bütün sağlam ictimai-siyasi kəsiminin eyni mövqedə olması uğura səbəb oldu.Bu səfərin baş tutmasında Azay Quliyevin çox böyük əməyi vardır.
– Tənzilə xanım, bu kimi milli məsələlərin icrası üçün dövlət tərəfindən vəsait ayrılması da birmənalı qarşılanmır.
– Burda təəccüblü bir şey yoxdur. Uzun müddət Azərbaycanda vətəndaş cəmiyyəti sektorunda xarici donorlar hegemonluq edirdi və bu donorların təklif etdiyi layihələrin ölkəmizə qarşı gizli və uzunmüddətli bir siyasət olduğu hər kəsə bəlli idi. Bu gün Azərbaycan dövləti özü bu sahəni maliyyələşdirmək gücündədir. Sözsüz ki, milli məsələlərin təbliğində ən çox maraqlı tərəf elə Azərbaycan dövlətidir və bu istiqamətdə dövlətin maliyyə ayırması da çox təbiidir. Azərbaycanın milli məsələlərinə heç bir xarici donor təşkilatı qrant ayırmır. Bu işi yalnız öz dövlətimiz görür.  QHT-lərə yardım fondunun Azərbaycanda milli məsələlərlə bağlı layihələrə qrant ayırmasını dilə gətirənlər milli məsələlərə qıcıq olmaqla əslində antiazərbaycan yolu tutublar. Bizim üçün milli məsələ Azərbaycanın varlığı və yoxluğu məsələsidir. Milli məsələlərlə məşğul olanlara dodaq büzənlərin mövqeyi Azərbaycan cəmiyyətini öz məhvərindən qopmuş, nihilist, yaddaşsız bir manqurt kütləyə çevirmək istəyənlərin mövqeyi ilə üst üstə düşür. Bu prosesdən narahat olanlar zamanında xarici donorlardan axan vəsaitin də məbləğinə nəzər salsınlar, bu gün QHT-lərə ayrılan pullara da. Həmin şəxslər Azərbaycan əlehyinə fəaliyyət üçün gələn yüz minlərdən kənar qaldıqları üçün bu günkü prosesə qısqanc və qərəzli şəkildə yanaşırlar.
– Demək, bu gün də milli mövqedə olan QHT-lərin, QHT-lərə dəstək Şurasının fəaliyyətinin qərəzli təhlili eyni məqsəddən irəli gəlir?
– Bəli, tamamilə doğrudur. Məqsəd milli, dövlətçi qüvvələrin fəaliyyətini gözdən salmaq, onların enerjisini daxili qalmaqallara yönəltməkdir. Tovuz olaylarından sonra QHT-lər arasında yaranmış birlik, vətəndaş cəmiyyətinin dövlətin maraqlarını müdafiə edən vahid cəbhəyə çevrilməsi kimlərisə narahat edir və həmin qüvvələr özlərinin cılız təbliğatını işə salırlar. Erməni lobbisi Qarabağ məsələsinə milyonlar xərcləyir, Azərbaycan dövlətinin bu işə ayırdığı məbləğ isə kimlərisə narahat edir və bunun təftişini aparır. Əlbəttə, bu məsələrdə aşkarlıq qorunmalıdır. Amma həmin kəslər də bilsin ki, Azərbaycan davası, milli dava tək pula bağlı deyil, bu dava ilk növbədə vətən sevgisi istər. Bu millət Tovuz döyüşlərindən sonra heç bir inzibati təşkilatçılıq olmadan meydana çıxıb sözünü deməklə hər kəsə göstərdi ki, milli davadan bir addım da geri çəkilməyəcək.

Söhbətləşdi Nəsimi

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=151349

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930