Əhəd Abıyev Daşkəsənlə bağlı məqalə yazdı

22.09.2020 - 10:39

“Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır”

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi siyasət möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə uğurla davam etdirilir, ölkəmizdə məqsədyönlü islahatlar və müxtəlif sahələrdə irimiqyaslı kompleks layihələr həyata keçirilir.

Prezidentin birbaşa rəhbərliyi ilə Azərbaycanda artıq regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı icra olunur. Neft kapitalını insan kapitalına çevirmək məqsədi daşıyan bu proqramlar əsasında regionların mövcud təbii və iqtisadi potensialından səmərəli istifadə, aqrar-sənaye sektorunun inkişafı, müasir istehsalat müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması istiqamətlərində geniş miqyaslı işlər görülüb, onlar hazırda da davam etdirilir. Proqramlar çərçivəsində regionların  inkişafına 200 milyard manatdan yuxarı vəsait yatırılıb. Əldə olunan nəticələr Azərbaycanın  beynəlxalq reytinqlərdə sürətlə irəliləməsinə səbəb olub. Cənab Prezidentin də qeyd etdiyi kimi, Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik.

Möhtərəm cənab Prezidentin sərəncamı ilə mən 2011-ci ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra rayondakı mövcud vəziyyətin düzgün təhlilindən  sonra 53 bənddən ibarət “Yeni Daşkəsən” layihəsi hazırlandı. Rayonda həlli vacib olan bütün məsələləri özündə əks etdirən “Yeni Daşkəsən” layihəsi hazırlanarkən ayrı-ayrı məsələlərə dair aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun ziyalıları və ağsaqqalları müzakirələrə dəvət olundu və onların da fikirləri nəzərə alınaraq layihəyə daxil edildi. Layihədə Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonunun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli əsas vəzifə kimi qarşıya qoyuldu. Beləliklə, “Yeni Daşkəsən” layihəsi rayonun özünün yeni inkişaf mərhələsinə daxil olması üçün zəmin yaratdı, yaşayış məntəqələrinin simasını dəyişməklə insanların həyatına böyük rahatlıq gətirdi.

Belə ki, 2014-cü il oktyabrın 17-də hörmətli Prezidentimiz cənab İlham Əliyev hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə Daşkəsən rayonuna unudulmaz tarixi səfər etdilər. Həmin səfər çərçivəsində dövlət başçımız son illər ərzində rayonumuzda tikilmiş Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, avtovağzal kompleksinin, Gənclərin təlim və istirahət mərkəzinin açılışlarında iştirak etdi. Səfər bütün daşkəsənlilərin böyük sevincinə səbəb oldu, onların yaradıb-qurmaq əzmini daha da artırdı, insanlara ruh yüksəkliyi verdi.

Səfər zamanı çox hörmətli Prezidentimiz Daşkəsəndə görülən işləri yüksək qiymətləndirdi, öz tövsiyə və tapşırıqlarını verdi. Cənab Prezidentin bu tapşırıqları bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil etdi. Bu proqram əsasında son 10 ildə rayonumuzda genişmiqyaslı abadlıq-quruculuq, tikinti və yenidənqurma işləri həyata keçirilib. Bu dövrdə Daşkəsən rayon Mərkəzi Xəstəxanasının yeni inzibati binası istifadəyə  verilmiş, rayonun girəcəyində Bayraq meydanı və istirahət parkı yaradılmışdır.

Əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan binanın sakinləri üçün yeni yaşayış binası və fərdi yaşayış evləri tikilmişdir. Bayan kəndi ərazisində iki dəmir yolu körpüsü əsaslı təmir edilmiş, 2 körpü tikilmişdir. Daşkəsən şəhərinin bütün küçələrinə yeni asfalt örtüyü salınmış, istinad divarları və səkilər yenidən qurulmuş, bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri metal lövhələrlə əvəzlənərək dəyişdirilmişdir.

Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi ilə fasiləsiz təminatının yaxşılaşdırılması üçün ayrı-ayrı ünvanlarda yeni elektrik yarımstansiyaları tikilmiş, SİP-ləşmə aparılmış, müasir transformatorlar quraşdırılmışdır. Hazırda Xoşbulaq kəndi ərazisində yeni elektrik yarımstansiyasının tikintisinə başlanılmışdır.

Çoxsaylı ümumtəhsil müəssisələrində təmir-tikinti işləri aparılmış, o cümlədən 21 məktəb yenidən inşa olunmuş, uşaq bağçalarında əsaslı təmir-bərpa işləri görülmüşdür.

Daşkəsən şəhərinin su-kanalizasiya sistemləri yenidən qurulmuş, Sukanal idarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.

Rayonda yol infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Prezident cənab İlham Əliyevin sərəncamları əsasında 47.4 km uzunluğu olan Gəncə-Daşkəsən-Xoşbulaq, 27.3 km uzunluğu olan Zağalı-Kollu-Çıraqlı, 25 km uzunluğu olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yollarının tikintisi başa çatdırılıb, hazırda 20 km uzunluğu olan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunda son tamamlanma işləri görülür.

Rayonda qazlaşdırma geniş vüsət almışdır. Rayonun 49 yaşayış məntəqəsindən şəhər mərkəzi daxil olmaqla, 5  qəsəbə və 7 kənd yaşayış məntəqəsi artıq qazlaşdırılmışdır. Hazırda rayonun ucqar dağlıq ərazisində yerləşən  Aşağı Daşkəsən və Kəmərqaya kəndlərinə təbii qaz xəttinin çəkilişləri davam etdirilir.

Prezident İlham Əliyevin qeyri-neft iqtisadiyyatının inkişafına dair qarşıya qoyduğu vəzifələrin uğurla icrası Daşkəsən rayonunda iki böyük sahənin tamamilə yenidənqurulmasına şərait yaradıb. Bunlardan birincisi  “Çovdar” filiz emalı sahəsidir ki, burada böyük uğurlar əldə olunmaqdadır.  İkinsci mühüm sahə isə qara metallurgiya sənayesidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda cənab Prezidentin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılmışdır.

Məlumat üçün bildirim ki, Daşkəsən rayonu ərazisində zəngin dəmir, alunit, mərmər, qızıl, gümüş, qranit, əhəng və s. bu kimi faydalı filiz yataqları vardır. Bu sırada dəmir filizi ehtiyatları, qara metallurgiya sənayesinin inkişafını xüsusi qeyd etməyə dəyər. Hələ sovet dövründə Daşkəsəndəki dəmir filizi yataqlarının işlənməsinə və buradan hasilata başlanıb. Elə Daşkəsən şəhərinin yaranması da 1954-cü ildən fəaliyyətə başlamış Daşkəsən Dağ-mədən Filizsaflaşdırma Kombinatı ilə bağlıdır.

Kombinatın Filizsaflaşdırma fabriki 1954-1970-ci illərdə, elektromaqnit üsulu ilə quru halda 53,5 faizli dəmir konsentratı istehsal etmişdir 1969-cu ildə yaş üsulla, 60 faizli dəmir filiz konsentratı almaq üçün filizsaflaşdırma fabrikində yenidənqurma işləri aparılmışdır. 1970-1972-ci illərdə həm quru , həm də yaş üsulla konsentrat istehsal olunmuşdur.

Həmin məhsul uzunluğu 4 km olan asma-hava kanat yolu ilə Quşçu qəsəbəsinə, oradan Gürcüstan Respublikasının Rustavi metallurgiya zavoduna, Qaradağ ağırlaşdırıcı məhlul zavoduna və Bolqarıstana daşınmışdır. Fabrikin su ehtiyacını ödəmək üçün Qoşqar çayı üzərində 4 milyon kub metr tutumu olan su anbarı və işlənmiş texnoloji sudan təkrar istifadə üçün qurğu tikilmişdir. Kombinat ildə 2,55 milyon ton dəmir filizi və həmin filizdən 1,15 milyon ton dəmir konsentratı istehsal etmək imkanına malik olmuşdur.

1957-ci ildə müəssisənin adı dəyişdirilərək “Azərbaycan Dağ-Mədən Kombinatı, 1959-cu ildən isə ”Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatı” adlandırılmışdır. Respublika Əmlak Nazirliyinin 30 aprel 2002-ci il tarixli, 219 saylı sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir.

“Daşkəsən Filizsaflaşdırma” ASC uzunmüddətli fasilədən sonra yenidən əsaslı təmir olunaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 31 oktyabr 2006-cı ildə yenidən işə salınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Polad İstehsalı Kompleksi yaradılmışdır. Sərəncama əsasən səhmləri dövlətə məxsus olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş və onun dövlətə məxsus səhmlərinin saxlanılması və idarə olunması hüquqları Azərbaycan Polad İstehsalı Kompleksinə verilmişdir.

“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamına əsasən Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan edilmiş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan

Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqə vasitəsilə özəlləşdirilməsi uzun illər ərzində baş tutmamışdır.

Hazırda “AzerGold” QSC Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq “Daşkəsən” dəmir filizi yatağının yenidən istismara verilməsi üçün ilkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində geofiziki tədqiqatlar və geoloji kəşfiyyat işlərinin icrasına başlamışdır.

Məlumat üçün bildirim ki, proqram çərçivəsində kəşfiyyat işlərinin 2021-ci ilin birinci yarısında, araşdırma və ilkin qiymətləndirmə üzrə hesabatın həmin ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Sözügedən layihə ilə əlaqədar ilkin qiymətləndirmə sənədi hazırlandıqdan sonra dövlətə təqdim ediləcək.

Qeyd edək ki, dövlət başçısı tərəfindən “AzerGold” QSC-yə tədqiqat işlərinin qısa müddətdə nüfuzlu yerli və xarici məsləhətçilər cəlb edilməklə beynəlxalq standartlara uyğun aparılması tapşırılmış və cari ildə işlərin icrası üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.

Xatırladım ki, “Daşkəsən” dəmir filizi yatağı 1954-cü ildən 1994-cü ilədək fasiləsiz istismar edilib. 350 milyon ton filiz həcmində hesablanan yataq ehtiyatlarının 92 milyon tonu məhz bu illər ərzində hasil edilib.

Sovetlər dövründə Daşkəsən rayonu ərazisində 269 milyon ton dəmir filizi ehtiyatının olduğu göstərilsə də, hazırda 540 milyon tondan çox olduğu ehtimal edilir. Yeni yanaşma ilə ehtiyatların həcmi daha artıq olacaqdır.

Rayonumuzda 2012-ci ildə tikintisinə başlanmış “Çovdar” filiz emalı sahəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə biz tanışıq və hərtərəfli məlumatımız var.

Hazırda bu müəssisə ölkəyə böyük valyuta gətirməklə yanaşı, bölgənin inkişafına və işsizliyin aradan qaldırılmasına səbəb olmuşdur. Sevindirici haldır ki, rayon sakinləri orada işləyərək yüksək əmək haqqı alırlar. Bu gün “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin beynəlxalq dərəcəli mədənçilik şirkətinə çevrildiyini görürük. Qürur hissi ilə bütün görülən işlərə görə ölkə rəhbərinə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Bu müəssisələrdə görülən işlər və gələcək perspektivləri barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri hörmətli Zakir İbrahimovla tez-tez əlaqə saxlayırıq. Rayonda uzun müddət problemli olan məsələləri birgə həll edirik. Buna görə də hörmətli Zakir müəllimə təşəkkür edirik.

Birmənalı olaraq bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkliyi ilə Daşkəsənin dəmir filizi mədənləri də “Çovdar” qızıl mədəni kimi müasir bir istehsalat sahəsinə çevriləcəkdir.

Dəmir filizi yatağının yenidən istismarı yerləşdiyi bölgənin sosial-iqtisadi inkişafına müsbət təsir etməklə yanaşı, dağ-mədən sənayesinin, eləcə də metallurgiyanın ölkənin qeyri-neft sektorunda mövqeyinin güclənməsinə səbəb olacaq. Ölkəmizdə qara metallurgiyanın əsas sütunu sayılan dəmir filizi yatağının istismarının tezliklə işə başlaması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli olan bəzi məsələlər öz həllini taparaq Daşkəsən regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir. Biz də rayon ərazisində olan hər iki müəssisənin yenidən işə başlaması və fəaliyyəti üçün bütün imkanlarımızdan istifadə edəcəyik.

Prezident cənab İlham Əliyevin humanist  siyasətinə, atdığı addımlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsəndə birlik və həmrəyliyə çağıran müxtəlif sosial kampaniyalar təşkil olunaraq aztəminatlı ailələrə, ahıl sakinlərə maddi yardımlar edilir, ərzaq bağlamaları verilir, vətəndaşlara evlərdə sosial-məişət xidmətləri göstərilir, xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir. Demək olar ki, ərazidə yaşayan bütün aztəminatlı, tənha, köməyə ehtiyacı olan insanlara İcra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına ərzaq yardımları edilmiş, heç kim əliboş qaytarılmamışdır.

Görülən işlərin nəticəsinə görə çox sevindirici haldır ki,  sərt karantin rejimi tətbiq olunmuş Gəncə şəhəri və Göygöl rayonu ilə həmsərhəd, olmasına baxmayaraq bu gün Daşkəsəndə koronovirus xəstəliyinə yoluxmuş şəxs yoxdur.

Daşkəsənlilər hər zaman onların qayğısına qalaraq insanların rifahı üçün yorulmadan çalışdıqlarına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154704

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930