“Sülh BMT-nin “ədalətindən” yox, Azərbaycan əsgərinin rəşadətindən keçir” – Cəmil Həsənli

30.09.2020 - 15:12

“Dünən gec saatlarında BMT Təhlükəsizlik Şurasının Qarabağda vəziyyətlə bağlı növbədənkənar toplantısı keçirilib. Toplantı qapalı olsa da, müzakirənin əsas detalları artıq məlumdur. Yenə işğalçı ilə işğalın qurbanını eyniləşdirmək, ikili standartlar, işğalçının şirnikləşdirilməsi siyasəti”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri tarixçi professor Cəmil Həsənli BMT Təhlükəsizlik Şurasının Azərbaycan və Ermənistan arasında davam edən hərbi əməliyatlarla bağlı bəyanatını şərh edərkən bildirib.

Xatırladaq ki, Nigerin BMT-dəki daimi nümayəndəsi Abdou Abarrinin sədrlik etdiyi toplantıda Təhlükəsizlik Şurasının daimi və dəyişən üzvləri Dağlıq Qarabağ ətrafında genişmiqyaslı hərbi əməliyyatların başlanması barədə məlumatlardan ciddi rahatsızlıqlarını ifadə edib, hərbi əməliyyatların başlanmasını qınayıb, hərbi və mülki şəxslər də daxil olmaqla, insan tələfatından narahat olduqların bildiriblər. Müzakirənin gedişində BMT Baş Katibinin bir neçə gün əvvəl döyüşən tərəflərə hərbi əməliyyatların dərhal dayandırılması, gərginliyin azaldılması və təcili olaraq sülh danışıqlarının bərpa edilməsi üçün Azərbaycan və Ermənistan dövlət başçılarına müraciəti təqdir edilib. Təhlükəsizlik Şurası son olaraq hər iki ölkəyə hərbi əməliyyatları dərhal dayandırmağa, sülh danışıqlarını bərpa etməyə çağırış edib.

Cəmil Həsənli BMT-dən, onun Təhlükəsizlik Şurasından (TŞ) bu açıqlamanın gözlənilməz olduğunu deyir: “BMT vaxtilə sülh instrumenti kimi yaranıb, təcavüzkarın cilovlanması, təcavüzün qınanması onun siyasətinin başlıca istiqaməti olub. Amma nədənsə Azərbaycana münasibətdə Təhlükəsizlik Şurasının dünənki toplantısında bu prinsiplər yaddan çıxarılıb. Nədənsə toplantıda elə bu qurumun özünün 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğal edildiyini təsdiqləyən, işğal qüvvələrinin dərhal Azərbaycan ərazilərindən çəkilməsini tələb edən 822, 853, 874, 884 saylı qətnamələri yada düşməyib. 27 il ərzində bu 4 qətnamənin hansı səbəbdən icra olunmaması barədə bir kəlmə deyilməyib. Bu istiqamətdə Ermənistandan hesabat tələb edilməyib. İndi sual yaranır: 27 ildir TŞ-nın bu 4 qətnaməsinə əməl etmədiyi üçün kim Ermənistana “gözün üstə qaşın var” deyib? Yerevanın bu qətnamələri icra etməməsinin məsuliyyəti kimin üzərindədir? Doğrusu, BMT-nin öz qətnamələrinin icarasına belə etinasızlıqla yanaşması onu gözdən saldı, nüfuzuna ağır zərbə vurdu, təcavüz faktına adaptasiya meylini ortaya qoydu”.

Professorun sözlərinə görə, açıqca qeyd etmək lazımdır ki, BMT ilə yanaşı ATƏT-in Minsk Qrupu, onun həmsədrlik institutu da on illər böyu Azərbaycan torpaqlarının işğal altında qalmasına hədəflənmiş “barışdırıcı” imitasiya siyasəti ilə ona olan etimadı itirib: “Bu qurumun 30 illik “sülh” missiyasının başlıca hədəfi Azərbaycanı işğal vəziyyəti ilə barışdırmağa xidmət edib. Bu, özü-özlüyündə işğala göz yummaq, işğal faktının daimi prosesə çevrilməsinə diplomatik dəstək vermək, balanslı “sülhpərvərlik” adı altında işğalçını şirnikləşdirmək siyasətidir.

Sülh yaxşı şeydir, bütün xalqların sülhə ehtiyacı var. Lakin başqalarının ərazilərini işğal edib sülh arzulamaq, sülhə çağırış etmək sülh yox, müharibə siyasətidir. İşğalçı ilə işğalın qurbanın eyniləşdirmək sülhə deyil, işğalçının şirnikləşdirilməsinə xidmət edən siyasətdir. Görünən odur ki, 27 illik işğala son qoyulması, on illər boyu davam edən erməni təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, 30 ilə yaxındır qaçqın həyatı yaşayan yüz minlərlə insanın öz yurduna dönməsi BMT və onun TŞ-nın “ədalətindən”, Minsk Qrupunun 30 illik imitasiyasından deyil, Azərbaycan əsgərinin rəşadətindən keçir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155145

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930