1992-ci ildəki Ağdərə əməliyyatı ilə indikinin əsas fərqi

01.10.2020 - 09:52

Fərəc Quliyev: “Düşmən də, onun ağaları da zəifləyib, çünki…”

Sentyabrın 27-də səhər saatlarında Ermənistan tərəfin təxribatından sonra Azərbaycanın başlatdığı Vətən müharibəsi 1992-ci ilin yayında Qarabağ cəbhəsində həyata keçirdiyimiz uğurlu əməliyyatları gündəmə gətirib. O zaman iqtidarda olan Xalq Cəbhəsi geniş əməliyyatlara start vermişdi. Bu uğurların qarşısı daxili və xarici düşmənlərimizin Elçibəy iqtidarına qarşı birləşməsindən sonra alınmışdı.

Çoxları hesab edir ki, həmin döyüşlər zamanı Azərbaycan yeni müstəqillik qazanmış, dövlət tam olaraq möhkəmlənməmişdi, iqtidar başında olan qüvvənin təcrübəsi az idi. İndi isə tamam fərqli bir stuasiyanın yetişdiyi vurğulanır. İndi güclü Azərbaycan dövləti və ordusu və ona rəhbərlik edən qətiyyətli, təcrübəli prezident, daxildə isə milli vəhdət  var. Bu amillərin düşməni danışıqlar masasında oturmağa məcbur etməyə, işğal altındakı torpaqlarımızdan qovmağa bəs etdiyi qeyd olunur.

Elçibəy iqtidarında AXC İcraiyyə Komitəsinin sədri postunu tutmuş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev suallara bu cür şərh verdi: “Təbii ki, indi şərtlər çox dəyişib. Aradan uzun zaman keçib. Əslində məsələlərə müxtəlif istiqamətlərdən baxmaq lazımdır. Epizodik olaraq, bugünkü hadisələrin anatomiyasına baxanda görürük ki, ermənilər daha çox Azərbaycan tərəfi suçlamağa çalışırlar. Əslində 2019-cu ildə Ermənistanın müdafiə naziri bəyan etdi ki, biz yeni hərbi doktrina qəbul etmişik, yeni işğallar üçün müharibə edəcəyik. Ardınca Tovuzda hadisələr baş verdi. Bu, onu göstərir ki, Ermənistan tərəfi aradan nə qədər vaxt keçməsindən asılı olmayaraq, indiki status kvonun dəyişməsində maraqlı deyil. Onlar əvvəlcədən təcavüzü planlaşdıran siyasət həyata keçirirlər. Ermənilər ”Böyük Ermənistan” xülyası ilə planlarını həyata keçirməyə çalışırlar. Bunun üçün hər yerə əl atırlar.

Fərəc Quliyev parlamentdən kənarda qaldı - NƏTİCƏ - Sozcu.az

Bu, 30 il əvvəl də belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Böyük iddiaları hər zaman olacaq. Amma Azərbaycan əvvəlki Azərbaycan deyil. Həm öz gücü artıb, həm artıq çox oturuşmuş bir dövlətə çevrilmişik, həm də bölgənin ən güclü ordusuna malikik. Eyni zamanda ən yaxşı dost-müttəfiqlərimiz, Türkiyə və Pakistanın timsalında dünyada söz sahibi olan müttəfiqlərimiz var. Türkiyə əvvəlki zamanlardan fərqli olaraq, artıq bütün istiqamətlərdə Azərbaycanın yanında olduğunu hər addımbaşı bəyan edir, hər bir gücümüz Azərbaycanın əlindədir deyir. Ona görə hesab edirəm ki, şərtlər çox dəyişib. İndi 90-cı illərdəki vəziyyətlə müqayisə edilməli vəziyyət deyil.

Ermənilər ağıllarına heç nə gətirməsinlər. O vaxt tutaq ki, daxildə “sapı özümüzdən olan baltalar” var idisə, bu gün şərtlər bu mənada da dəyişib. 50 siyasi partiya bəyanat qəbul edib və Ali Baş Komandanın yanında olduğunu bəyan edib. Biz də o partiyalara qoşulmuşuq. Əlavə olaraq da bəyanat vermişik. Hər kəs döyüşə hazırdır. Bütün mediamız, diasporamız, 500-dən artıq QHT-miz mövqeyini bildirib. Azərbaycan küçələrində əsgərlərimizi salamlayaraq, onun yanında olduğunu nümayiş etdirən şüarlar səsləndirilir. Artıq bu sosial sifarişdir, milli iradədir. Prezident milli iradəni ifadə edir. Bu iradənin qarşısında heç kim dayana bilməz. İstər BMT yığışıb bir iclas keçirsin, istərsə də Rusiya Duması toplanıb bir iclas eləsin. 30 ildir qətnamə qəbul ediblər, bu qətnamənin həyata keçməməsini müzakirə etsinlər. Daxildəki “5-ci kolon”u heç sayan yoxdur, səsləri də çıxmır. Onlar da heç nə edə bilməzlər. İran və Rusiyanın buradakı adamlarını nə qədər fəallaşdırmağa çalışsalar da, əllərindən bir şey gəlməz. Hesab edirəm ki, bu gün əlimizdə kifayət qədər ciddi imkanlar var.

Bu, bizim millət olaraq şansımızdır. Bunu ciddi dəyərləndirmək lazımdır. Prezidentin atdığı addımlar çox doğrudur. Çox doğru zamanlama oldu, düzgün iradə ortalığa qoyuldu. Prezident açıq şəkildə ifadə etdi ki, məsələ Azərbaycan xalqını qane edən səviyyədə həll olunmalıdır. Bir daha onu da qeyd etdi ki, bu məsələnin yarımçıq həlli yoxdur. Düşünürəm ki, bu məsələdə dayanmağımız yoxdur. Hətta Azərbaycan xalqı sona qədər şəhid olmaq dərəcəsinə çatsa belə, bu məsələ köklü şəkildə birdəfəlik həll olunmalıdır. Ortada böyük iradə var. Azərbaycan dövləti 90-cı illərdəki dövlət deyil, ordumuz o zamankı dövrdəki ordu da deyil, müttəfiqlərimiz də həmçinin. Biz kifayət qədər güclüyük. Kim qarşımızda açıq və ya gizli dərəcədə olursa-olsun, bu milli iradə qalib gələcək. Başqa heç bir şey ola bilməz”.

Partiya sədri hakimiyyətdə olduqları vaxtkı əməliyyatla indiki əməliyyatın zaman cəhətdən müqayisəsinə də aydınlıq gətirdi: “Burada söhbət 1992-ci ildəki əməliyyatdan getməməlidir. Yaxınları götürək. 2016-cı ildə də əməliyyat keçirdik. Bizi o zaman yarımçıq saxlaya bildilər. Bizə təsir, təzyiq etdilər və dedilər ki, məsələni dinc yolla həll edəcəyik. Biz də dayandıq. Amma bu gün də bizə təzyiqlər, təsirlər etməyə çalışırlar, amma dayanmırıq. Üstündən cəmi dörd il keçib. Təbii ki, 90-cı illərdəki resurslarla indiki eyni deyil. O vaxt ordu yaranmamışdı. Biz quş tüfəngləri ilə savaşırdıq. Yeni-yeni ərsəyə gələn bir dövlət idik. Bu dövlət pillə-pillə yaranıb, bunu ayrı-ayrı fazalara bölmək olmaz. Azərbaycan dövlətçiliyinin min illərlə tarixi var. Zaman-zaman torpaq itirdiyimiz də, qazandığımız vaxt da olub. İndi şansımız var. 90-cı illərdən, hətta 2016-cı ildən fərqli durumumuz var. Beynəlxalq şərtlər də dəyişib. Düşmən tərəf də, onun ağaları da zəifləyib. Ona görə də düşünürəm ki, Prezident düzgün zamanlama edib. Bu şansı dəyərləndirməyimiz lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155157

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930