Amerikalı ekspertlər qısamüddətli atəşkəs və Gəncənin raketlə vurulması barədə rəylərini bildiriblər

12.10.2020 - 17:07

Vaşinqtondakı Xəzər Siyasi Mərkəzi ilə əməkdaşlıq edən beynəlxalq münasibətlər sahəsində amerikalı ekspertlər erməni təcavüzünün davam etməsi, Qarabağ münaqişəsində qısamüddətli atəşkəs və Gəncənin raket atəşinə tutulması barədə rəylərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda Ermənistanla Azərbaycan arasında döyüş əməliyyatları yenidən başlanandan sonra silahlı münaqişə geniş miqyas alıb, Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və işğal edilmiş daha yeddi rayonun hüdudlarından kənarda yerləşən yaşayış məntəqələrinə çoxsaylı hücumlar ediblər.

Məlum olduğu kimi, oktyabrın 4-də Ermənistan işğal edilmiş ərazilərdən kənarda yerləşən Azərbaycan şəhərlərinə hücuma başlayıb, Dağlıq Qarabağdan 100 kilometrdən artıq məsafədə yerləşən, əhalisinin sayına görə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə raketlər atıb.

Ermənistan silahlı qüvvələri Azərbaycanın Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinə də zərbə endiriblər. Boru kəmərindən 10 metrə qədər aralıda 300-dən çox kaset bombası düşüb. Bu boru kəmərinin səhmdarları sırasına “BP”, “ExxonMobil”, “Equinor”, “ENI”, “Total” və “TPAO” şirkətləri daxildir. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta qeyd edib ki, bu boru kəmərinin zədələnməsi həm strateji, həm də iqtisadi nəticələrə gətirib çıxara bilər.

ABŞ ordusunun istefada olan general-mayoru Maykl Repass qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinə raketlər atılması regionda güc tətbiqinin əhəmiyyətli dərəcədə genişlənməsi deməkdir. Məsələn, Ermənistanın münaqişə zonasından kənarda yerləşən şəhərləri bilərəkdən hədəfə almaqla bağlı hərəkətləri döyüş əməliyyatlarının intensivliyinin və miqyasının artması deməkdir. Bu, Ermənistanın mülki obyektlərə zərbələr endirməyə, habelə əhali arasında çoxsaylı tələfata potensial baxımdan hazır olmasını nümayiş etdirir. Münaqişənin şaquli intensivliyinin eskalasiyası ilə əlaqədar Ermənistan yeni və əsasən qeyri-hərbi hədəflərə hücum edib və bu məqsədlə ölümsaçan silahlardan istifadə edib.

Sentyabrın 27-nə qədər mövcud olmuş status-kvo vəziyyətinə qayıtma ehtimalı azdır. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, istefada olan səfir Riçard Hoqlandın fikrincə, beynəlxalq birliyin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəlmək və razılaşdırılmış nizamlamaya nail olmaq məqsədilə yenə də beynəlxalq birliyin dəstəyi ilə ciddi danışıqlara başlamaq ideal olardı. Lakin bu halda beynəlxalq birlik təkidlə tələb etməli olacaq ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Yerevanı işğal edilmiş ərazilərdən getməyə çağıran 4 qətnaməsini yerinə yetirməyi öhdəyə götürsün. Bundan əlavə, beynəlxalq birlik yekdillikdə təsdiq etməlidir ki, Azərbaycanın suveren ərazisinə soxulmuş və onu işğal etmiş Ermənistan postsovet məkanında ən sərt beynəlxalq standartlardan birini – dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini pozub. Nəhayət, bu məqam Avropada və dünyanın digər hissələrində sülhün bərqərar olmasına və qorunub saxlanmasına kömək etmiş qaydalara əsaslanan beynəlxalq münasibətlər sistemi üçün çox vacibdir. ABŞ-ın Postsovet məkanında əsas siyasəti keçmiş Sovet İttifaqı respublikaları müstəqillik əldə etdiyi andan etibarən heç vaxt dəyişməyib – Birləşmiş Ştatlar həmin ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və müdafiə edir. Eyni prinsiplər həm Ermənistanın, həm də Azərbaycanın müdafiəsi üçün tətbiq edilməlidir.

İstefada olan kontr-admiral Ron Maklaren qeyd edib ki, Birləşmiş Ştatlar bu böhranın həllində fəal rol oynamalıdır. Ona görə ki, söhbət həm ABŞ-ın iqtisadi maraqlarından, həm də onun dünya miqyasında reputasiyasından gedir. Bu səbəbdən, belə mübahisələrin həllinə kömək göstərmək üçün ABŞ-ın öz siyasəti olmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=155926

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031