Biz igidləri tapır, xalqa tanıdırıq, ermənilər satqın və fərari axtarır

17.11.2020 - 10:28

Bu ilin sentyabr ayının 27-dən bəri ölkədə hərbi-siyasi planda hadisələr elə cərəyan edir ki, vətənpərvər insanlar, ölkənin, ailəsinin, özünün gələcəyini düşünən aktiv şəxslər haldan-hala düşür, gah nikbinliyin zirvəsində olur, gah da bədbinlik girdabına yuvarlanırlar.

Ancaq bu xüsusda bir çıxış yolu var. İndiyədək əldə etdiyimiz uğurların memarlarına – Ali Baş Komandana, Ordumuza və qardaş Türkiyə dövlətinin rəhbərlərinin prinsipiallıq və qətiyyətinə güvənmək, səbrlə gözləmək lazımdır.

Çünki təcrübə göstərir ki, bu boyda hərbi-siyasi prosesi başladan şəxslər imza qoyduqları “ölkənin ərazi bütövlüyü” layihəsinin sona qədər gerçəkləşdirilməsində hamımızdan artıq əzmlə maraqlıdırlar.

Əslində qanlı-qadalı, odlu müharibənin əvvəl-axır danışıqlar və diplomatiya fazasına keçəcəyi ilk gündən gözlənilirdi. Hətta hamı elə oktyabrın ilk günlərində Rusiyanın prosesə müdaxilə edəcəyini düşünürdü. Ancaq bu, olmadı, iş işğal altında olan Qarabağın yarısının azad olunmasına qədər böyüdü. Buna qədər neçə dəfə haldan-hala düşdük, neçə dəfə coşduq, neçə dəfə məyus olduq, amma proses əsasən məmnun edə-edə irəlilədi. Nəhayət, müharibə umduğumuz kimi – düşmənin kapitulyasiyası ilə başa çatdı və bizi… bir qədər məmnun etmədi. Çünki biz düşmənin son əsgərə qədər məhv olmasını, sonuncu postu, axırıncı yolu tərk etməsini istəyirdik.

Başqa sözlə, hərb meydanındakı ardıcıl qələbələr, Prezidentin diplomatiya sahəsindəki uğurlu de-marşı və dirənişi hamımızı maksimalist edib. Ona görə də bu günlərdə Kəlbəcərin təhvil alınmasının 10 gün uzadılması əhalimizin bəzi qismində narahatlıq və gərginlik yaradıb. Düzdür, yayılan videolardan da görünür ki, ermənilər Kəlbəcəri, torpağımıza, infrastrukturlarımıza, təbiətimizə ziyan verə-verə olsa da, tərk edirlər, amma bizdə bir əndişə var ki, onlar yenə bir təxribat törədəcək, müqavimət göstərəcək, işi uzadacaqlar.

Hərb meydanında uduzmuş ermənilər başqa müstəvilərdə mübarizəni davam etdirir, dinc durmurlar. Onlar və içimizdəki bədxahlar əllərindən gələni edirlər ki, ictimai narahatlıq məyusluğa səbəb olsun, mümkün qədər çox vətəndaşın inamı sarsılsın. Ancaq biz, yuxarıda dediyim kimi, vətən müharibəsini uğurla aparanlara güvənməliyik, birliyimizi qorumalıyıq, dekabrın 1-ni kefikök halda, əndişəsiz-filansız gözləməliyik. Ondan sonra yol görünəcək, yeni seçim qarşısında qalsaq, mühüm qərarlar qəbul etməyə vaxt olacaq.

Fakt budur ki, düşmən ölkə 44 günlük müharibədəki məğlubiyyətinin acısını hələ indi-indi tam ağrı-acısı ilə dərk edir. İsti-isti bunun nə demək olduğunu elə də bilmirdilər, sadəcə, burnunun üstünə yumruq zərbəsi almış boksçu kimi hiddətliydilər, son günlər isə ermənilər həmin zərbənin onları nokauta saldığını anlayıblar. İndi düşməni dərin depressiya mərhələsi gözləyir. Bu durumu el dilində ifadə etsək, “düşmənin gözünün odunu almışıq”, qarşımızda darmadağın vəziyyətə düşüblər. Hələ görək, bütün Ermənistanı çulğamış intriqalar, qarşıdurmalar, etiraz mitinqləri, ittiham və istefalar ölkəni daha hansı hallara qoyacaq.

Bir özümüzə baxaq, bir də onlara. Ölkəmiz bayram, qələbə ovqatındadır, İnsanlar bir-birini təbrik edir, müharibədə qələbə qazanan əsgərlərin, şəhid və qazilərin adını anır, onlara qayğı və diqqət göstərilməsi üçün yeni-yeni təşəbbüslər qaldırır, qəhrəmanların adlarını xalqa duyurur. Ermənistanda isə “satqın”, “agent”, “xain”, “fərari” axtarır və ən yaxşısı odur ki, tapırlar da.

Biz qalib tövrümüzü pozmalı deyilik, heç bir halda təxribatlara uymamalıyıq. 2 min “sülhməramlı” olmur, 20 min olsun, durumumuz 1993-94-cü idəkinin eynisi deyil, hətta çox fərqlidir – yaxşlığıa doğru.

27 sentyabrdan sonra ölkəmizdə heç vaxt olmadığı qədər dövlət-millət birliyi yarandı, bütün siyasi qüvvələr (xırda istisnalarla) çəkici bir sindana vurdu. Ən çətin olan şey məhz milli birliyə nail olmaq idi. Bu, başa gəldisə, bundan sonrası daha asan olacaq. Elə olmalıdır. Qarşımızda sarsıtdığımız, diz çökdürdüyümüz, acı-acı ağlatdığımız Ermənistanı artıq heç bir qüvvə, hətta Rusiya da xilas edə bilməz.

Ötən illərdə Şuşanın Türkiyənin Qars şəhəri kimi 40 il işğalda qalsa da, bir gün azad olunacağını dəfələrlə əminliklə yazmış müəllif olaraq, yenə əminəm, yaxın vaxtlarda bütün torpaqlarımızda milli bayrağımız dalğalanacaq, suveren haqlarımız bərpa olunacaq, gediş-gəlişimiz, yaşayışımız təmin ediləcək. Başqa variant yoxdur. Bundan ötrü sadəcə həmişə güclü və monolit olmaq lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157337

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930