Lakonik və dürüst izah: “Dövlətə pul lazımdır”

07.01.2021 - 10:38

Həmişə belə olur: istənilən əmtəənin, xidmətin qiyməti çox cüzi artırılanda bu, cəmiyyətdə şok yaradır – 12 voltluq elektrik cərəyanına qapılmaq kimi bir şey.

Bu, çox təbiidir. Çünki insanların hamısı artıq başmaqçıdır, başlarına gəlib, bilirlər ki, istənilən bahalaşma tendensiya xarakteri alır, yerdə qalan bütün əmtəələr və xidmətlər bahalaşmağa başlayır.

Xüsusilə enerji daşıyıcılarının qiymətinin artması, lap deyək ki, dəyişməsi “yıxılan domino daşları” effekti yaratmağa qadirdir. İqtisadiyyatı qeyri-sabit olan, valyuta axını təşkil edə bilməyən ölkələrdə bahalaşma və inflyasiya dairəsi qapanmır, vaxtaşırı ikinci, üçüncü dövrə başlayır, əhali hər gün kasıblayır, maddi sıxıntı çəkir.

Azərbaycan xalqı quduz inflyasiya dönəmlərini çoxdan geridə qoyub, amma 30-75 yaş aralığında olan insanların o illərdə aldığı psixoloji travma qalır və bu cür durumlarda panika ovqatı yaradır. 20-25 yaşlı gənclər də ağızdan-ağıza eşitdikləri üçün o günlərin atmosferini bilirlər.

Beləcə, hər dəfə yanacağın qiyməti artanda ictimaiyyətin diqqəti total şəkildə bu məsələyə yönəlir, söz-söhbət böyüyür, sonda ajiotaj doğurur.

Artım 1 qəpik də olsa, eyni şey olacaq. Hərçənd hamı bilir ki, 1 qəpiklik artma-azalma heç nəyi həll etmir. Bunu hamı bilir, fəqət hər kəs millətimizin möhtəkirlər və kəmfürsətlər kontingentinin tamahına, ehtirasına bələd olduğundan onların düzəni, sabitliyi pozacağından əndişə edirlər və haqlıdırlar.

Gerçəkdən də o tip adamları bir balaca özbaşına qoysalar, onlar, məsələn, adi yumurtanı süni şəkildə qıtlaşdırar, birini 1 manatdan satarlar. Eləcə də hər şeyi, bütün gündəlik tələbat mallarını.

Bu tip adamları millət, xalq, vətən, dövlət mənafeyi düşündürmür, yeganə istəkləri qısa müddətdə, fürsətdən istifadə edərək çoxlu pul qazanmaq, daha doğrusu, məngirləməkdir.

Ancaq bildiyimiz kimi, “millət necə tarac olur-olsun” devizi ilə yaşayan bu tip antipodlar xüsusi nəzarətdədirlər və onların əl-qol açaraq cari və bir rəqəmli inflyasiyanı süni şəkildə hiperinflyasiyaya çevirmək cəhdləri beşiyindəcə boğulur.

Bu üzdən benzinin və dizel yanacağının 10 və 20 qəpik həcmində artırılmasını fürsət bilərək, kəmfürsətlərin ölkədə bahalaşma dalğası yaradacaqları istisnadır. Hərçənd hər əmtəə və xidmət üçün cüzi bahalaşmaların olması da qaçılmazdır.

Bəs iqtidar komandası 44 günlük müharibənin ona qazandırdığı xalq rəğbətinin bu vaxtında nədən bu cür qeyri-populyar addım atdı?

Yanacağın qiymətinin artmasından danışan bir çox deputatlar üç gündür ərşdən-gürşdən danışırlar: “Dünyanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox aşağıdır”; “Qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının pərakəndə qiymətlərində demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahidə edilir”;  Ətraf ölkələrdə benzinin qiymətinin artması Azərbaycana süni axın yarada, itkilərimiz arta bilərdi”  və s.

Hələ bu artımın ekologiyaya faydalı olacağından danışanlar da var.

Əslində isə bu mövzuda uzun-uzadı şərhlər verməyə, bahalaşmanı əsaslandırmaq üçün çoxlu və fərqli versiyalar irəli sürməyə ehtiyac yoxdur. Heç bu barədə deputatlar da danışmalı deyil, dövlət strukturlarında çalışan iqtisadçıların əsaslandırması yetər.

Həmin əsaslandırma isə çox dürüst və lakonik olmalıdır: “Dövlətə pul lazımdır”.

Hamı anlayır ki, müharibə vaxt baxımından qısa çəksə də, maddi baxımdan xərclərimiz çox oldu. Düşmənin üzərinə çəyirtkə sürüsü kimi şığıyan dronların uçuşunu, mərmilərin erməni hərbçilərin başına dolu kimi tökülməsini göstərən videokadrlara baxanda hamı riqqətə gəlirdi, ancaq çox az adam hesablayırdı ki, bütün bunların hamısı qızıl pullara başa gəlib.

Hələ işğaldan azad olunan rayonların, kəndlərin 98 faizinin sıfırdan tikilib-qurulması kimi on milyardlarla maliyyə vəsaiti tələb edən işlər var. Bərdə, Tərtər və Gəncənin bombardmana məruz qalmış tikililəri bərpa olunmalıdır. Şəhid ailələrinə, qazilərə maddi məzminatlar ödənilməli, təqaüdlər kəsilməlidir. Ordunun təminatı, modern silahlarla təchizatı davam etməlidir.

Bir tərəfdən də pandemiya ilə bağlı təbii iqtisadi tənəzzül var. Bir sözlə, ziyanımız böyük, xərclərimiz çoxdur. Dövlət xalqından güc almadan bu işlərin altından qalxa bilməz. Ona görə də hər kəsin 3-5 manat ziyana düşməsi bir şey deyil. Yetər ki, möhtəkirlər və kəmfürsətlər milyon qazanmaq eşqinə düşməsinlər.

Bir də xalqın, dövlətin milyardlarını mənimsəyən, dövlət büdcəsinin gülünü dərən korrupsionerləri bu vətənin dar günlərində silkələmək lazımdır. Onlar da dövlətə babat kömək edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930